ÖMRÜN QANADLARI Yeni nəşrlər 10 марта 2021 Şirinxanım Kərimbəyli ŞADİMANın "Ömür yükü” adlı kitabına yazdığı ÖN SÖZ ƏVƏZİÖmrün qanadları üstündə uçuruq, bizlər elə zənn edirik ki, qanadlarımız yoxdur, hərdən quşlara qibtə hissiylə baxırıq. Əslində, biz də qanadlıyıq. Bu qanadlar ömür qanadlarıdır, bizi bir ömür boyu uçurur. Bir də gözümüzü açıb-yumub görürük ki, artıq ömrün payızındayıq...Ömür ağacının yarpaqları bir-bir tökülməyə başlayır. Saralan yarpaqlar bizi tərk edən acılı-şirinli həyat dolu günlərimizdir.Ümid edirəm ki, ötən illərimi boşuna keçirmədim. Yazdıqlarımın ağrısını dada-dada, ünyetməz boşluqlar içində çox çırpındım. Hər baxışdan, hər yerişdən, hər pıçıltıdan misralar axdı doldu könlümə, gah məhəbbət nəğməsi oldu, gah ilahi sevgisi, gah da günümüzün gerçəklikləri...Hər dəfə yeni kitabımı araya-ərsəyə gətirəndə çox sevinmişəm sağlığıma, yazdıqlarımın kitab içində özünə yuva tapmasından böyük xoşbəxtlik nə ola bilər ki...Şükür Yaradana indi bu xoşbəxtliyin şirinliyin dada-dada barmaqlarımı bilgisayağın düymələri üsütündə gəzdirirəm, sanki piano dilləri kimi...Bilsəniz bu anlar necə mənim üçün valehedicidir və ürək ovundurucudur. Sözlər könlümdə çağladıqca mən də ana dilimin şirinliyindən doğan cümlələrə, misralara sarılıram. Onları bənd-bənd söz ovqatıma kökləyirəm.Həyatdan bir ömür nə daddımsa sözlərimin boyuna biçildi, əynində allı-güllü don oldu. Bayatı, dördlük, heca, əruz məni ağuşuna aldı, ana körpəsinə sarılan kimi sarıldam gecə-gündüz yazdıqlarıma. Dərdimi bölüşdüm onlarla! Ətrafdan gördüyüm biganəlik, soyuqluq, görməməzlik məni yazmaqdan uzaqlaşdırmadı, əksinə cuşa gətirdi, çünki, gənclik çağlarımdan qələm mənə, mən qələmə vuruldum, hər ikimiz sözün aşiqi olduq! Bu aşiqlik bugünə kimi mənimlə yol yoldaşı oldu, nə yorulmadı, nə təntimədi...Uzun yolların eniş-yoxuşunu birgə adladıq, bir-birini sevə-sevə. Bu Məcnun sevgisi bir an belə bizi tərk etmədi.Hələ də söz məni sevir, mən sözü...Bir də yazdıqlarımın ağrı-acısını mənimlə birgə çəkən ömür-gün yoldaşım Əli Abdulla var həyatımda. Kitabın redaktə və korrektə işini, necə deyərlər mənəvi və maddi yükünü o çəkir. Allah hamının sevdiklərini qorsun. Kitabda bayatılar, dördlüklər, qəzəllər, poemalar, dediklərim, fecebookda paylaşdıqlarım, ədəbi və günümzü əks etdirən məqalələr toplanmışdır.Dəyərli oxucu, “Ömür yükü” kitabımla görüşünüzə gəlirəm, ömrün elə bir çağındayam ki, bəlkə də bu görüş sizinlə son görüş oldu. Qismət İlahidəndir deyirlər, mən də İlahi eşqə tapınıb bənd-bənd, misra-misra boylanacam yollarınıza, göyərçintək uçub qonacam çiyninizə, əllərinizin hərarətində, gözlərinizin nurda qalacam. “Ömür yükü”mü götürüb söz karvanımla yola çıxmışam. O yolun enişinə, yoxuşuna bələdəm, özüm-özümə bələdçiyəm bir ömür boyu...Rica edirəm, “Ömür yükü” tutmuş bələdçinizə azacıq da olsa nəfəslik açın. O nəfəslikdən misralarım ruhunuza axsın dağ çeşməsi təki, acışan könlünüzə bir damla ümid, bir içim su olum... islansın çatlamış dodaqlarınız misralarımın yağmuruna...Çünki hər bir yazarın ruhunun dairəsi oxucu gerçəkliyi, oxucu baxışıdır. Baxışlarınız yazılan kitablara yönəlsin, mütaliyə eşqiniz günbəgün artsın. Özümüzün, sözümüzün dəyəri azalmasın, diqqətimiz yadlara yönəlməsin, ruhumuz ucalıqdan enməsin.Bir siz olun, bir yazan əlimiz, bir parlayan elimiz, bir də sözümüzə misra tutan dilimiz... Sözə gəlin... 13.04.2020 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.