5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!..

5 oktyabr - Beynəlxalq müəllimlər günüdür!.. Əziz müƏllimlər, Bayramınız Mübarək!..

“Müəllim vəzifəsi ona görə şərəflidir ki,
o, cəmiyyət üçün ən dəyərli, ən bilikli,
zəkalı, tərbiyəli vətənpərvər vətəndaşlar yetirir”.
“Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən də,
fədəkar, Vətəninə, xalqına sədaqətli və eyni zamanda,
qəhrəmanlıq göstərən insanlardır”.
“Hər birimizdə müəllimin hərarətli qəlbinin
bir zərrəciyi vardır”.

Heydər Əliyev


Ulu Öndərimizin müəllim haqqında söylədiyi hikmətli kəlamlar bu şərəfli, çətin və məsuliyyətli peşə sahiblərinə verdiyi qiymətdir, ən böyük mükafatdır.
Əlbəttə ki... Həyatda hər kəsə bir ömür verilir.
Və hərə bir cür yaşayır bu ömrü. Mənalı, şərəfli ömür ifadələri də buradan yaranıb. Bizim işıqlı, faydalı, xeyirxah, peşəsinə sədaqətli, zəhmətli ömür yolu keçən müəllimlərimiz yüzlərlədir, minlərlədir...

Çalışdığım illər ərzində böyük hörmət və ehtiramla haqqında yazdığım sevimli müəllimlərimizin qarşısında çox vaxt özümü bir məzuna, bir tələbəyə bənzətmişəm. Hətta... Dərin biliyə, təcrübəyə zəngin mənəviyyata malik olan bu böyük insanlardan ehtiyatlanmışam da...
Şübhəsiz ki, bizim hər birimiz ayrı-ayrılıqda xırdaca əllərimizdən tutub yazmağı-oxumağı öyrədən, dərin bilik verən, bizə insanlıq məktəbi keçən, gənc nəslin hərtərəfli inkişafı naminə illər ötdükcə sağlamlığını, gözünün nurunu belə itirən, həmişə narahat, qayğılı görünən müəllimlərimizin qarşısında baş əyməliyik...
Ona görə ki... Onlar bir-birinə bənzəməyən lakin arzularına, amallarına, məqsədlərinə görə eyni dərəcədə ali hisslər keçirən böyük insanlardır, fədailərdir. Onların hamısının istəyi, gələcəyə baxışı, faydalılıq mövqeyi birdir, eynidir.
İllərlə cəfa çəkib həyata vəsiqə verdiyi yetirmələrini yüksək biliyə, intellektə, fəallığa, müstəqillik, prinsipiallıq, təşəbbüskarlıq və insanpərvərlik kimi ali dəyərlərə yiyələndirməkdir.
Əziz və hörmətli müəllimlər!
Əslində Müəllimlər Günü - bütün bəşəriyyətin, bütün xalqların, peşəsindən, vəzifəsindən asılı olmayaraq bütün insanların bayramıdır. Bizim hamımız həyatımızın cığırını, yolunu, axarını sevimli müəllimlərimizin ağıllı, uzaqgörən, ibrətamiz kəlamları, nəsihətləri sayəsində tapmışıq. Onlardan zaman-zaman öyrənmişik, bəhrələnmişik. Onların hər kəlməsi həmişə bizə örnəkdir.
Sizin həyatdakı, təhsilimizdə xidmətləriniz böyük, fəaliyyətiniz geniş, ləyaqətiniz yüksəkdir. Müəllim adı hamımıza əziz olan bir addır.
Sizi Müəllimlər Günü münasibəti ilə qəzetimizin yaradıcı heyəti adından böyük səmimiyyətlə,
sonsuz hörmət və məhəbbətlə təbrik edirik. Sizə şəxsi həyatınızda möhkəm cansağlığı və
müqəddəs peşənizdə isə yeni-yeni uğurlar arzulayırıq.
Arzu edirik ki, Tanrı Sizi daxili əzəmətdən və mənəvi ucalıqdan heç vaxt məhrum etməsin.


Bizim təhsil fədailərimiz

Sevda Hacıbala qızı Əliyeva
Bakı şəhəri 115 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Ağabacı Qurban qızı Abbasova
Bakı şəhəri 115 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Gülnarə Ağalar qızı Bədəlova
Bakı şəhəri 158 nömrəli tam orta məktəbin rus bölməsində ibtidai sinif müəllimi

Aynurə Bəhruz qızı Balayeva
Bakı şəhəri Pirallahi rayonu 168 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

Məleykə Ələkbər qızı Ələkbərova
Bakı şəhəri 27 nömrəli ingilis dilini dərindən öyrədən tam orta məktəbin ibtidai sinif müəllimi

Xanım BİLALQIZI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: