Təhsilimizin pərvanəsi Səməndər

Təhsilimizin pərvanəsi Səməndər
“Təhsilimizin, maarifimizin, seirmizin, sazımızın, sözümüzün səməndəri, pərvanəsi qardaşım.”
Zəlimxan YAQUB.

Yer üzünə zaman-zaman peyğəmbərlər gəlmiş, insanları haqqa çağırmışlar. Zaman göstərmiş ki, peyğəmbərlərin söylədikləri ideyaları xalqa çatdırmaq, öyrətmək üçün peyğəmbərlərə bənzər qeyri-adi istedada malik insanlar da olmalıdır. Onlar xalqın içindən çıxan, xalqın hörmətini qazanmış, xalqın istəyini xalqın dilində xalqa çatdırmağı bacaran insanlar olmalı idi. Öyrətmək üçün seçilmış bu insanlara təlimləri rahat təbliğ etmələri məqsədilə ayrıca xüsusi yerlər ayırıb, binalar-məktəblər, mədrəsələr, tikmişlər. Bu insanlara böyük diqqət və qayğı göstərilmiş, tənzim edilmiş, müraciət edəndə isə hörmət və məhəbbət əlaməti olaraq adlarını “müəllim”, “xoca”, “ustad”... deyə çağırmışlar. Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun fikrincə “Məktəb Məkkə, müəllim isə peyğəmbərdir”. Bu qədim, çətin və şərəfli peşə-müəllimlik haqqında dünya xalqlarının sonsuz sayda bir-birinə bənzər, fərqli və dəyərli fikirləri mövcuddur. Bütün bunlara baxmayaraq yeniləşən zamanda müəllim peşəsinin fəlsəfi dərki özünə məxsus dəyər-qiymətini daha da artır və öz möhtəşəmliyi ilə zamana hökm edir. Təhsil və məktəb zamanın tələbləri ilə hər an dəyişdiyindən, yeniləşdiyindən müasir müəllimdən tələb olunan bilik və bacarıqlar sistemi də bu yeniliklərə uyğun hər saniyə durmadan uyğunlaşmağa can atır. İndi inkişaf etmış ölkələr müəllim hazırlığı məsələlərini hər bir dövlətin, daha çox hər bir millətin gələcək taleyi ilə bağlı strateji məsələsi kimi qəbul edir, ən çox yatırımları da bu sahəyə qoyurlar. Dahi Üzeyir Hacıbəyovun fikrincə söyləsək: “Müəllim millətin xeyri üçün iş görən şəxsdir”. Belə şəxslər bütün dövrlərdə seçilmiş, onların adları millətin, dünya mədəniyyətinin tarixinə qızıl hərflərlə yazılıb. Bəli, qədim tarixə və mədəniyyətə malik xalqımızın düşuncəsində də müəllimlər bütün dövrlərdə harada olmalarından aslı olmayaraq uzaqdan barmaqla göstərilən, sayılıb-seçilən, işıq-nur, hörmət sahibləri olmuşlar.

Belə şəxsiyyətlərdən biri də uzun illərdir ki, yaxşı tanıdığım, bütün ömrünü müəllimliyə həsr etmiş,
ağıllı, biliyi və bacarığı, cəmiyyətdə tutduğu ali mövqeyi ilə bu peşəyə şərəf gətirən,
Bakı şəhəri
Sabunçu rayonu 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov
dur.


Səməndər müəllimlə tanışlığımız olsa da münasibətlərimiz bir o qədər də dərin deyildi. Münasibətimizin bir-birinə daha da yaxın və səmimi olmasına Xalq şairi Zəlimxan Yaqubun böyük təsiri oldu. Ümumiyyətlə, Səməndər müəllimlə ilk tanışlıqdan yaranan təsəvvürlər Z.Yaqubun söylədiyi kimi belədir: “Ortaboylu, tökməbədənli, düz qamətli, böyük ürəkli, şair qəlbli, şirin ləhcəli...”. O, danışmağa başlayanda isə istər-istəməz poetik ruhunun böyük gücü öz təsirini göstərir, səni bütün söhbət boyu özün də bilmədən ovsunlayır, əsarətə alır, yerindən qoparıb aranlı-dağlı Azərbaycanımızı, turk dünyasını ruhunu incitmədən gəzdirir və onları sevməyi Səməndər ucalığına qaldırır. Bu cazibə qüvvəsi daha da artdıqca, qəribə hallar baş verir. İllərdir yaşadığın Vətənə, insanlara, gözəlliklərə Səməndər müəllimin gözü ilə baxdıqdan sonra, onu yenidən sevib, ona yenidən vurulursan. Söz açdığı hikmətlərlə dolu, qərinələrə hökm edən xalqımızın sevə-sevə qoruyub yaşatdığı milli mənəvi dəyərlərimiz, böyük ədiblərin əmanətləri, dadlı-duzlu lətifələr, bir də özünün dilindən qopan, hikmətlər axan və incilər saçan həyat eşqli, müdrik və poetik kəlamlarıdır. Onun qəm-qüssəni dağıdan, mənəvi dünyamızı təmizləyən, şəfa gətirən işıqlı, nurlu poeziyası, idrakımıza şəfqət, könlümüzə mərhəmət və məhəbbət bəxş etməklə bizi daha da böyük edir. Yunus Əmrə kimi: “Həqq bir könül verdi bana, hə demədin heyran olur” deyən Səməndər müəllimin poeziyasının yaratdığı sehrlənmiş mənzərəsini, elm və helmlə dolu bir könül dünyasını anlamaq, təsvir etmək üçün: “Mən ruh ilə can, can mənəm mən! “... “mən bu cahanə sığmazam” deyən, İmadəddin Nəsiminin ruhuna bürünmüş dərin hikmət və sevgi dolu kəlamları dadımıza çatır, bu möcüzəyə bir aydınlıq gətirir:

“Hər kişinin sorman əslin, izzətindən bəllidir,
Söhbəti-irfan görənlər xidmətindən bəllidir.
Həq təala elm içində çünki simahun dedi,
Hər kişinin üzünə bax, surətindən bəllidir.”


Səhər tezdən dərslərin başlamasına xeyli vaxtın qalmasına baxmayaraq, Səməndər müəllim məktəbin həyətində və ya dəhlizində var-gəl edərək, karvan-karvan məktəbə gələn müəllim və şagirdləri göz altından seyr edir. Fürsətdən istifadə edərək yeri gəldikcə ayaq saxlayır, kiminsə hal-əhvalını soruşur, ya tövsiyə verir, bəzən söhbət daha ciddi xarakter, bəzən də özünə məxsus gülüş dolu, insana qanad verən bir mənzərəyə çevrilir.

Məktəbin öz daxili qanunları və gözə görünməyən, hamının hiss etdiyi qarşılıqlı münasibətlər kompleksi vardır. Bu münasibətlərin düzgün qurulması, tənzimlənməsi və bunlara əməl olunması işində məktəb rəhbərinin şəxsi nümunəsi, xarakteri həlledicidir. Ümumiyyətlə hansı müəssisə olmasından aşlı olmayaraq rəhbər, daha çox da məktəb rəhbəri həmişə haqqın tərəfində olmalıdır. Səməndər müəllimə hörmət və məhəbbət qazandıran bu keyfiyyəti o, təkcə özündən, bölmə rəhbərlərindən deyil, hər kəsdən tələb edir. Onun bu tələbi məktəbi hərəkətə gətirən, bütün məsələləri-münasibətləri haqla tənzimləyən, hər kəsə inam və güvənc verən aparıcı qüvvəyə çevrilir. Hamı öz yerini və işini bilir: “Öz işini düzgün quranlara maneə yox, dəstək olmalı”, “Müəllim öz ixtisasını dərindən bilməli”, ”Görülən iş vicdanla görülməli” -bunlar Səməndər müəllimin əsas iş prinsipləridir.

Səməndər müəllim rəhbər kimi istedadı təkcə tədris prosesinin təşkili və idarə olunması işində deyil, eyni zamanda kollektivdə sağlam pedaqoji mühitin formalaşması, bütün münasibətlərdə pedaqoji yanaşmaların üstünlüyünün qorunub saxlanması və məktəbin əsas keyfiyyət göstəricisi olan-“doğmalıq” və ya “vahid ailə” modelinin formalaşması kimi qlobal pedaqoji problemin həllində də özünü nümunə kimi göstərir. O, məktəbdə çalısan hər bir kəsə diqqət və göstərməklə yanaşı, hamıdan, burada baş verən hadisələrdən də tam halıdır. Kimin hansı işlə məşğul olması, hətta bu işin hansı etapda olması da ona bəllidir. Görülən hər bir işə lazımınca dəyər və qiymət vermək, xırdalıqlara kimi onu təhlil etmək də Səməndər müəllimin iş qaydasıdır. Məktəbin idarə olunmasında formalaşmış şəliqə-səhman, ciddi əmək intizamı, onun bir çox nailiyyətlərinin əsasıdır. Şəhər və rayon məktəbləri arasında bu məktəbin müəllim, şagird və məzunlarının qazandıqları uğurların sayı daha çoxdur. Səməndər müəllim kollektivin hər bir üzvünün uğuruna öz uğuru kimi sevinir, qüsurlarını isə öz qüsuru kimi qəbul edir, onunla nəfəs alır.

Mövcud reallıq bundan ibarətdir ki, pedaqoji ali təhsil müəssisələrinin məzunları yeni iş yerində bir sıra problemlərlə üzləşirlər. Bu baxımdan ali məktəbdən sonra gənc müəllimin düşdüyü pedaqoji kollektivdən, mühitdən çox şey asılıdır. Səməndər müəllimin rəhbərlik etdiyi bu müəssisədə gənc müəllimlərə xüsusi diqqət və qayğı göstərilir. Onlara təcrübəli müəllimlərin dəstək olması ilə yanaşı, düşdükləri kollektivə isinməkdə də xüsusi diqqət və qayğı göstərilir. Taleyin hökmü ilə mən də bir vaxt Səməndər müəllimin rəhbər olduğu məktəbdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika və texnologiya” fakültəsinin “Fizika müəllimliyi” ixtisası üzrə əyani şöbəsinin IV kurs tələbələrinin təcrübəsinin təşkili və keçirilməsi işinə rəhbər oldum. Dəfələrlə gənc müəllimlərə təlim texnologiyalarının düzgün seçilməsi, nəticəyönümlü olması ilə bağlı Rabindranat Taqorun; “Təhsil, mümkün qədər, gərək insanın yediyi qidaya oxşasın. Əgər yediyiniz qida lap birinci tikəni ağzınıza alan dəqiqədən sizə ləzzətli görünürsə, mədəniz ağzınızdan da əvvəl oyanıb açılır” fikrini onun özünəməxsus tərzdə şərh etməsi və ya ilk növbədə şagirdi sevməli, bu sevgidə də sərhədli, pərdəli bir barmaq da uca olmaqla bağlı öz təcrübəsini bölüşdüyünün şahidi olmuşam. Xüsusi vurğularla müəllimin ən böyük vəzifəsinin Vətənin, Millətin və Dövlətin gələcəyi naminə onu sevən vətəndaşlar tərbiyə etmək və bu işdə əsl müəllim, əsl ziyalı kimi şəxsi nümunə göstərməsinin əsas şərt olduğunun xatırlatdığını dəfələrlə görmüşəm. Səməndər müəllimin dediklərindən-“ Vətən sevgisi iki cür olur, birisi ailədən, kökdən, nəsildən miras olaraq qanla gəlir, digəri isə Vətənə olan sonsuz sevgi və məhəbbətin şüurlu dərkinin bəhrəsi kimi, ilahi sevgiyə yüksəliş yolunda mükəmməl bir məqam olaraq üzə çıxır. İkincisi daha əzəmətli olur, bizim müqəddəs borcumuz bunu tərbiyə etməkdir.”

Səməndər müəllimə görə məktəb şagirdlərin təkcə təsil aldıqıqları, ictimai fəaliyyəti göstərdikləri yer deyil, ilk öncə onların əsas ailəsi olmalıdır. İllərin təcrübəsi göstərir ki, şagirdlər məktəbə gələndə təkcə təhsil almaq üçün gəlmirlər. Eyni zamanda özünün, ailəsinin sosial-psixoloji durumu ilə bağlı cavab tapa bilmədikləri bir çox suallara da aydınlıq gətirmək, cavab almaq üçün onları da özləri ilə məktəbə gətirirlər. Onlar bu problemləri hər gün məktəbə daşısalar da, bəzən illərlə cəsarətləri çatıb dillərinə belə gətirə bilmirlər. Vaxtında cavab tapmayan bu suallar illər keçdikcə ağır yükə çevrilərək onları əyir, sındırır, sonrakı talelərində öz mənfi təsirini göstərir. Bu baxımdan Səməndər müəllimin illərlə qazandırdığı təcrübəsindən, diqqət və qayğıkeş baxışlarından, şair qəlbinin hərarətindən heç bir şagird və ya müəllim yan keçə biməz. Onun hər kəsin gözlərinə baxıb ürəyindən keçəni oxumaq bacarığı, hər bir şagird və müəllimin iç dünyasının rahatlıq tapmasında bir məlhəmə, işığa çevrilir. Səməndər müəllim deyir ki, hər bir şagirdi şəxsən tanımaq, yeri gələndə onunla əsl doğması kimi səmimi hal-əhval tutmaq, müəllim qayğısı-nəvazişi göstərmək, humanist xarakterli müəllimlərə mənsub olan müsbət insani dəyərlər olmaqla yanaşı, həm də şagirdlərin həyata və insanlara baxışını, özünə və Allaha inamın köklü surətdə dəyişməsinə güclü təsir göstərən pedaqoji təlim texnologiyalarından biridir.

Bu gün pedaqogika elminin cavab axtardığı suallardan ən önəmlisi “Müasir müəllim necə olmalıdır?” sualıdır. Bununla bağlı dünyada çoxlu sayda bir-birinə bənzər və fərqli modellər vardır. Təəssüflə qeyd etməliyik ki, müasir müəllimdə görmək istədiyimiz dəyərlərin çoxunun onun fərdi keyfiyyətləri ilə bağlı olduğu üçün bu modellərin heç biri tam tətbiqini tapa bilmir, özünü doğrultmur. Təcrübə göstərir ki, müəllim üçün vacib olan bilik-bacarıqlar sistemi hər zaman həll edici rol oynamır, daha önəmli olanı onun fərdi-Allah-təalanın bəxş etdiyi keyfiyyətləridir. Bu baxımdan Böyük yaradan öz ruhundan Səməndər müəllimə verdiyi insani gözəllikləri əsirgəməmiş, bol və mükəmməl verərək onu şərəfləndirmişdir.

Səməndər müəllim tərbiyədə çətinliklə başa düşülən, həll olunan bir çox məsələni mahir ustalıqla, anlaşılan bir dildə şərh etmə qabiliyyətinə malikdir. Bu metod təcrübədə sınaqdan çıxmış və ən geniş yayılmış metodlardan birisidir. Burada şagird və müəllim arasında münasibət sünilikdən uzaq olmaqla, daha böyük təsir gücünə malik olan səmimiyyətə çevrilir. Vaxtilə yunan filosofu Platon da tələbələri ilə öz apalarında yaranmış səmimi və təbii münasibətə daha çox üstünlük vermişdir. Onun bu təcrübəsi pedaqogika elmində “Platon məhəbbəti” adı ilə əbədiləşmişdir.
Səməndər müəllim bəzi məktəb rəhbərləri kimi, istər uşaqlara, istərsə də müəllimlərə ümumi baxmır, “hamınızı eyni dərəcədə sevirəm” demir, kimi nəyə görə sevdiyini tam dəqiqliklə deməklə, qarşılıqlı münasibətlərin düzgün qurulması və inkişafına aydınlıq gətirir. Səməndər müəllimlə olan söhbətdən sonra istər şagird, istərsə də müəllim özündə yeni bir güc, cəsarət və ideya tapır, yaxşı mənada çevrilib başqa bir adam olur. Bu baxımdan arxada qalan ilin bəhrələri hər yerdə onu-Səməndər müəllimi sevinclə, sevgilərlə qarşılayır, hər kəs “kiçicik bir xatirənin-hadisənin” onun taleyində həlledici, yadda qalan həyat və ustad dərsi olması barədə öz nağılını kövrəkliklə və minnətdarlıqla özünə danışırlar. Belə anlarda həm öz peşəsi ilə fəxr eyləyən, bir az da kövrələn Səməndər müəllim qürrələnərək yazır:

“Müəllim şərəfini qoruyub saxlar
Dəniz tək çağlayar, bulaq tək çağlar...
...Ondakı bu eşqə, həvəsə bir bax
Vətənə nur yayan çıraqdır, çıraq...”


İnsan həyatının mənası onun hansı məqsədə xidmət etməsi ilə müəyyənləşir. Bəli, Vətənə nur yayan bu çırağın-Səməndər müəllimin bircə məqsədi var, şagirdləri həyatda gərəkli və dəyərli insanlar olsunlar. O hamıya sübut etməyə, öyrətməyə çalışır ki, Vətənin ön sərhədi məktəbdən başlayır, millət və dövlətin mənəviyyat əsgəri olan müəllim ön cərgədə möhkəm dayanmalıdır, məktəb sabahımız olmaqla yanaşı, bu günümüzün də aynasıdır.
Millətin milli mənəvi dəyərlərinə və tarixinə varis çıxmağı bacaran rəhbər işçi, ona qismət olmuş fürsəti lazımınca dəyər verməli, milli ruhun inkişafına yardımçı olan incə mətləbləri daima gündəmdə saxlamağı bacarmalı, onun daşıyıcısı olan ziyalılara qayğı göstərməlidir. Bakı şəhər Sabunçu rayonunun İcra başçısı Adil Vəliyevin bacarıqlı, qabaqcıl, təşəbbüskar və yenilikçi bir rəhbər olması respublikamızda hamıya bəllidir. Bir də onu rəhbər kimi insanlara daha çox sevdirən, hamının duyduğu səviyyədə sadə və səmimi olması ilə yanaşı, çoxundan fərqli olaraq milli ruhun üstün daşıyıcısı, həm də onun təəssübkeşi olmasıdır. Səməndər müəllimin istedadlı və millət sevdalı ziyalı olmasını duyan və buna dəyər verən Adil müəllim, rayonda keçirilən tədbirlərin daha da təbii alınması üçün mütləq ona söz verir... Səməndər müəllim də öz növbəsində ona göstərilən bu etimadı əsl müəllim-ziyalı kimi qəbul edir. Uca dağların ətəkləri belə təpələrin zirvəsindən daha uca göründüyü kimi, Səməndər müəllimin hər çıxışı, kiçicik bir cümləsi də böyük sevgilərin fəlsəfəsinə bürünərək həmişə olduğu kimi ətirli, dadlı-duzlu, dahiyanə olur. Hamını Dövlətimizin inkişafına xidmət göstərməyə və Milli mücahiddə bir bayraq altında birləşməyə səsləyərək, elmi dəyərlərə söykənən işıqlı fikirləri ilə hər kəsin qəlbində bu sevgilərin çiçəklənməsi üçün bir bahar abı –havası yaradır.
Səməndər müəllimi digər müəllimlərdən fərqli bir cəhəti də onun yaradıcı-dolu adam, ruhumuzu oxşayan söz sahibi olmasıdır. Onun Vətən, torpaq, çiçək ətirli hər bir fikri şeirə çevrilərək bahar qızı kimi min bir donda çölə-çəmənə səpələnərək, min bir rəngli çiçəklər kimi göz və könülləri oxşar, hər kəsin qəlbinə bayramsayağı sevinc bəxş edər. Onun ürfan əhli müəllim-şairliyinə sübut, yaradıcılığı və əməllərində Allah eşqinə, Vətənə, millətə və Azərbaycan dövlətinə olan ilahi sevgilərinin böyük, söz-söhbətinin isə dillər əzbəri, aşıqların dilində olmasıdır. Bu məqamda maraqlı bir sual meydana çıxır, görən Səməndər müəllimdə haradandır bu güc? Cavab çox gecikmir, öz şerləri əsl ünvana çevrilib, bu sirrin gizləndiyi məkana aparır.

Axa-axa durulmuşam,
Qucağında özüm, dağlar.
Çeşmən üstə diz çökmüşəm,
Güc alıbdı dizim, dağlar.


Güc aldığı torpaqla qürrələnən Səməndər müəllim, “Faxralı tək ağır elim var mənim”, “Od tutub odunda yanım, Faxralı” deyərək onu canından əziz, dil-imanı bilir. Zaman-zaman Türk, eləcə də Azərbaycan, Gürcüstan Respublikalarının tarix və mədəniyyətinə görkəmli şəxslər bəxş etmiş, Ulu Borçalıda ağır bir el hesab olunan Faxralıya oğul məhəbbətini bildirərək onun şərəfinə qoşmalar qoşub, dastanlar yazır:
Vurğun könlüm pərvanədir başında,
Canımdan da əziz canım, Faxralı.
Həyatım, varlığım, zövqüm, kamalım,
Səcdəgahım, din-imanım Faxralı.
Göz açıb, ayaq tutub yeridikcə, bu torpağı gəzdikcə, onun hər qarışının tarix, bu torpaqda şərəflə ömür sürənlərlə bağlı xatirələrlə dolu canlı və sirli kitab olduğunu bilən Səməndər müəllim, ona qucaq açan bu yerlərin hər künc-bucağı ilə “Anası kimi”, “Vətən kimi” bayatı dilində danışır:

Göy qaya,
Hər yanı gömgöy qaya.
Yağılara dirsəkdi,
El-elata öy qaya.

Qarabulaqdı,
Dərdə çara bulaqdı.
Gözəllərə seyrangah,
İgidlərə oylaqdı.

Kəmər qaya,
Buludu əmər qaya.
Mehribandı insana,
Söz desən, dinər qaya.

Boz qılıcdı,
Əhdinə düz qılıcdı.
Nakəsə bu torpağın,
Hər sözü bir qılıncdı.


Hər bir qələm əhlinin yaşam fəlsəfəsini özündə əks etdirən dahiyanə poetik fikirləri vardır. Məsələn, xalq şairi Məmməd Araz: “Bir xatirəm köçəcəkmi xatirələrə? Min xatirə köçəcəkdir mənimlə, əfsus!” və ya xalq şairi Zəlimxan Yaqub: “Ölərəmmi, məni duysan mən kimi, Bir ömür də borc alaram fələkdən!” deyərək bu həyatla bağlı istəklərini bildirmişlər. Milli ədəbiyyatımızın həm dərin bilicisi, həm də onun vurğunu və təbliğatçısı olan Səməndər müəllim də ustadları kimi bu məsələyə: “Səməndər, dünyanın nuru insandır, Mən insan ömrünü bahar istərəm” deyə dünyanın bir çox ədibləri-romantikləri kimi insan ömrünü həmişə bahar görmək istəyir. Bu dahiyanə arzular, fikirlər onun iç dünyasının, həyat eşqinin nə qədər gözəl, möhtəşəm və humanist olmasına bir işarədir.
Sokrat söyləyir ki, poeziya sirdir, ovsundur, hər kəsə qəlbini açmır. Qəlbini Səməndər müəllimə geniş açan bu sirli –ovsunlu poeziya dünyasını nə gəzməklə doymaq olur, nə də onun ovsunundan qurtulmaq. Nəfəsini dərib sakitcə qərar qəbul etmək istəyirsən, görən kimdir bu Səməndər? Fikirləşincə xəyal-fikir dünyası ağuşuna alıb məni özümdən qoparır, fikirlərim dünyanı dolaşır, bir-birinə qarışır.. .heç nə fikirləşə bilmirəm, sükut hökm edir...

Yuxuda doğma bir səs, nurlu bir sima dadıma çatır... hər ikimizin könül Sultanı, Azərbaycanın xalq şairi Zəlimxan Yaqub: “Təhsilimizin, maarifimizin, seirimizin, sazımızın, sözümüzün səməndəri, pərvanəsi qardaşım.”

VİDADİ ÖMƏR OĞLU ORUCOV
Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktoru,
Pedaqogika üzrə elmlər doktoru


ZiM.Az



.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Müəllim adını, müəllim şərəfini qorumaq hamımızın borcumuzdur!

Regionlar, Köşə yazılar
Peşəsini sevən müəllimə

Peşəsini sevən müəllimə

Məktəblər
Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Müəllim sözü: Uşaqları olduqları kimi anlayaq...

Məktəblər, "Elm və Təhsil"
İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

İZİ, SÖZÜ VƏ ƏMƏLLƏRİ İLƏ YAŞAYAN MÜƏLLİM - ƏBDÜL BAYRAMOV

Darvaz
İlham Mustafayev - 70

İlham Mustafayev - 70

Nazirlik, Qarayazı, Təbriklər
Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Ekstermal situasiyalarda müəllim nə etməlidir? – ekspertlər yol göstərir

Köşə yazılar
Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək  tələbələrlə görüşdü

Qafqaz Universitetinin rektoru, təcürbə keçəcək tələbələrlə görüşdü

BMU
Dolu ziyalı - VİDADİ ORUCOV (1956)

Dolu ziyalı - VİDADİ ORUCOV (1956)

Kolleclər, Məktəblər, Başkeçid
Hər kəsə öz qədərində dəyər verək

Hər kəsə öz qədərində dəyər verək

Məktəblər, Köşə yazılar
ŞİRVANIN QABAQCIL  MÜƏLLİMLƏRİ

ŞİRVANIN QABAQCIL MÜƏLLİMLƏRİ

Məktəblər, "Mən Şirvanın səsiyəm"
Ruhun şad olsun, İmran müəllim!..

Ruhun şad olsun, İmran müəllim!..

Qarabağ, Gəncə, UNUTSAQ, UNUDULARIQ!....
Müəllim ömrü

Müəllim ömrü

Məktəblər, Təbriklər
Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Müəllimlik şərəfli, müqəddəs və bir o qədər də çətin peşədir!..

Regionlar, Məktəblər
Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Əsil pedaqoq: Ənənə və novatorluğun birləşməsi

Məktəblər
TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

TƏHSİLDƏ İNFORMASİYA VASİTƏSİ

Regionlar, Elmi Məqalələr
32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il!

Regionlar, Məktəblər
XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

XƏYALLARINIZDAKI MƏKTƏB BUDUR

Məktəblər
TƏHSİL ORDUMUZUN ŞƏRƏFLİ ƏSGƏRLƏRİ, DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ, PEDAQOQLARIMIZ

TƏHSİL ORDUMUZUN ŞƏRƏFLİ ƏSGƏRLƏRİ, DƏYƏRLİ MÜƏLLİMLƏRİMİZ, PEDAQOQLARIMIZ

Məktəblər, "Elm və Təhsil", Köşə yazılar
Onda peşəsinə məhəbbət çox güclüdür

Onda peşəsinə məhəbbət çox güclüdür

Məktəblər, "Şərqin səsi", "XXI əsrin Ziyalıları"
MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

MAYA RÜSTƏM QIZI HACIYEVA (1959)

"Elm və Təhsil", "XXI əsrin Ziyalıları", Başkeçid
Rəy yazın: