Bu günün istedadlı şagirdləri Məktəblər, Gənc istedadlar 23 февраля 2017 Ölkəmizin hörmətli prezidenti İlham Əliyev və respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Millət vəkili Mehriban xanım Əliyeva gənc istedadları aşkarlayıb, onları dəyərləndirmək istiqamətində misilsiz işlər görməkdədir. Düşünürük ki, “Elm və Təhsil” qəzetinin oxuculara təqdim etdiyi bu rubrikanı da həmin işin davamı kimi qiymətləndirmək yerinə düşərdi. Belə ki, dərgimizin əməkdaşları zəhmətə qatlaşaraq köprə fidanlarımızın ən layiqlilərini mütəmadi olaraq üzə çıxarmağa çalışırlar. Ümidlərinik ki, bu istedadlar işıqlı sabahlarımızın – Xəqani, Nizami, Nəsimi, Tusi, Seyid Əzim, Səməd, Sabir, Hadi, Səhhət və Cavidləridirlər. Biz bunların qeyri-adi bacarığını, qabiliyyətini gördükcə - sanki, ədəbiyyat, incəsənət, mədəniyyət sahəsində zaman-zaman adları tarixin səhifələrinə qızıl hərflərlə yazılmışların uşaqlığını da gözümüzün önünə gətiririk. Və inanırıq ki, ilk insanın Azıx mağarasından, Qobustan qayalarından ayaq açıb qitə-qitə yayıldığı, dünyanın sinəsinə insanlıq və mədəniyyət qaydaları yazan, bəşəriyyətin formalaşmasında əvəzsiz, təkrarolunmaz xidmətləri olan Vətənimiz, xalqımız yaxın və uzaq gələcəyin də sükançısı olacaqdır.Əlbəttə, bu gün bizim dərgimizin hər nömrəsində əks olunanlar bizi fərəhləndirən uşaqların hamısı deyildir. Əminik ki, üzə çıxara bilmədiyimiz minlərlə istedadlarımız var. İnanırıq ki, bu kiçik yazılarımız zaman ötdükcə bəşərin sabahına böyük bir hədiyyə olacaqdır. Adına layiq olmaq diləyi iləHər bir insanın düşüncəsi onun dünyasıdır. Hikmətli sözlər. Bu ağıllı oğlan, Həzrəti Əlinin (ə.s) kəlamlarını dərindən öyrənir və buradakı fikirləri yüksək dəyərləndirir. Bu kəlamların içindən biri Ramazanlı Ağanın könlünü xüsusilə oxşamışdır: “Bütün dünyanı versələr və buna qarşılıq bir qarışqanın ağzındakı dəni almağımı istəsələr, bu zülmü etmərəm”. Hələ erkən yaşlarında sakit uşaq olmuş Ağa hər şeyə diqqət yetirər və həssaslığı ilə diqqəti çəkərdi. O, məktəbəqədərki dövründə yazmağı, saymağı öyrənmiş və eyni zamanda yaşına uyğun tərzdə riyazi hesablamalar aparmağı bacarmışdı. Ağa Elmir oğlu Ramazanlı 2010-cu il iyunun 12-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, hazırda Bakı şəhəri 158 nömrəli tam orta məktəbin I “a” sinfində təhsil alır. İntellektli ailədə böyüyən Ağanın atası Elmir bəy hazırda İTV-nın əməkdaşıdır. Anası Nərmin xanım isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Universitetin mətbuat və ictimaiyyətlə əlaqalər şöbəsinin müdiridir. Ağanın qardaşları Adnan və Arif hələ azyaşlıdırlar. Məktəbli oğlanın sevimli fənləri ana dili, riyaziyyat, həyat bilgisi və ingilis dilidir. Bütün fənləri eyni həvəslə oxumaqla elmin sirlərinə yiyələnən Ağa yaxşı bilir ki, bu gün öyrəndiyi biliklər, aldığı təhsil onun gələcəyi üçün ən möhkəm zəmindir. Sinif müəlliməsi Mahizər xanım da Ağanın əlaçı və nizam-intizamlı şagird olduğunu, dərslərdə yüksək fəallıq göstərdiyini qeyd edir: “O çox ağıllı, sakit təbiətli, çalışqan və məsuliyyətli oğlandır. Məntiqi təfəkkürü genişdir, qavrama qabiliyyəti, fantaziyası güclüdür. Xarakterindəki səmimilik ona ətrafındakılarla rahat ünsiyyət qurmağa imkan verir. Ağa kimi onlarla sağlam ruhlu, sağlam əqidəli şagirdlərim olduğuna görə özümü xoşbəxt hesab edirəm. Və sevimli şagirdimin parlaq gələcəyinə böyük ümid bəsləyirəm”. Məktəbli oğlan asudə vaxtlarında əlavə kitablar oxumağı, zehni qabiliyyətini inkişaf etdirərək riyazi məsələ-misal həll etməyi və bir də, şahmat oynamağı çox sevir. İstedadlı və bacarıqlı şagirdimiz Ağa şahmatı hələ kiçik yaşlarından sevmişdir. O, 2016-cı ildə şahmat üzrə keçirilən yarışda öz bacarığını nümayiş etdirərək, uğurlu nəticə ilə I yeri qazanmışdır. Bunun özü kiçik məktəblimizin ilk böyük uğurları sırasıındadır. Gələcəkdə onun belə uğurlarının saysız-hesabsız olacağına inanırıq. Onu da qeyd edək ki, bütün bunlarla bərabər Ağa dərsdənkənar vaxtlarında şəkil çəkməyi, tenis oynamağı və üzgücülüklə məşğul olmağı da çox sevir. Onun milli muğamlarımıza, xalq mahnılarımıza və bütünlükdə musiqi xəzinəmizə də marağı böyükdür. Bəlkə də bu maraq genetikdir. O, gələcəkdə polis işçisi olmaq arzusundadır. Vətənə xidmət etməyi özünə borc bilən Ağa bu borcu xalqın, millətin təhlükəsizliyini təmin etməklə yerinə yetirəcəyini indidən düşünür. Onun bir pöhrə arzusu da gələcəkdə milyoncu olmaqdır. Şirkət sahibi olmaq, imkansızlara, ata-ana himayəsindən məhrum olan uşaqlara və qocalara imkanı çatan qədər maddi yardım göstərməkdir. Və bu ali dəyərlərlə ürəyində mənəvi rahatlıq tapmaqdır.Biz də, öz növbəmizdə nə qədər kiçik olsa da, bu cür kövrək hisslərə və dərin düşüncəyə malik olan Ağaya gələcəkdə həyata keçirmək istədiyi bütün işlərdə, eləcə də, atacağı addımlarda yalnız uğurlar arzulayırıq. Arzu edirik ki, Ağanı böyüyəndə tanınmış Şirkət rəhbəri kimi görək və onun uğurlarına valideynləri, müəllimləri eləcə də əl tutduğu, yardım etdiyi insanlarla birgə biz də sevinək!Böyük ümidləri doğrultmağa qadirdirOlma qane elmdə hər rütbəyə çatsan da bil, Səyin artdıqca bu yolda artacaqdır qiymətin.M.Füzuli.Elm və kamal əldə etmək üçün daha çox çalışmaq lazımdır. Çünki insanın həyatı boyu qazanacağı bütün uğurlar yalnız elmin, kamalın köməyi ilə əldə edilir. Əminik ki, haqqında söz açdığımız kiçik Fatimə də elmi və biliyi sayəsində gələcəkdə böyük nailiyyətlər qazanacaqdır.Fatimə Şamil qızı Məmmədli 2010-cu il yanvarın 22-də Goranboy rayonunda ziyalı ailəsində dünyaya gəlib. O, körpəlikdə sakit uşaq olmuşdur. Kiçik yaşlarında gəlinciklərlə oynamağı, evcik düzəltməyi xoşlayırdı. Məktəbə gedənə qədər kiçik şeir parçaları öyrənmişdi. Rəqəmləri saymağı, şəkil çəkməyi, plastilindən müxtəlif fiqurlar düzəltməyi də bacarırdı.Fatimə hal-hazırda Bakı şəhəri 158 nömrəli tam orta məktəbin I “a” sinfində təhsil alır. Həyatının ən uğurlu günü əlinə çanta alıb məktəbə qədəm qoyduğu gün olmuşdur. Sanki həmin gün onun ömrünün yeni mərhələsi açılmışdır. Fatimə intellektli ailədə böyüyür. Atası hərbi sahədə - Azərbayacn Respublikası Müdafiə Nazirliyində çalışır. Anası Günel xanım isə ixtisasca müəllimədir. Onun özündən böyük qardaşı Murad da bu məktəbdə VI sinifdə təhsil alır.Sevindirici haldır ki, ailənin hər 2 övladı dərslərini əla qiymətlərlə oxuyurlar.Fatimənin nəyə qadir olduğunu ibtidai sinif müəlliməsi Mahizər xanım Əliyeva belə qeyd edir: “Fatimə çox ağıllı, tərbiyəli, istedadlı və qabiliyyətli qızdır. Sinfimizin fəxridir. Məntiqi təfəkkürü yüksəkdir, fikrini aydın və anlaşıqlı şəkildə izah etməyi bacarır. Verilən tapşırıqları mükəmməl yerinə yetirməyə çalışır. Açıq dərslərdə xüsusi fəallıq göstərir. Yoldaşları ilə mehriban davranır, onlara yardım etməyi əsirgəmir. O, yalnız birinciliyi, sinifdə lider olmağı sevir. Bir müəllim kimi, mən onun parlaq gələcəyinə, əsl vətəndaş kimi yetişəcəyinə böyük ümid bəsləyirəm”.Fatimə təhsildənkənar vaxtlarında əlavə məsələ-misal həll etməyi, nağıllar, hekayələr oxumağı, rəqs etməyi, musiqi dinləməyi, müxtəlif rəsmlər çəkməyi çox xoşlayır. Hətta, o, ev işlərində anasına kömək etməyi də unutmur. Həyatda bütün uşaqlar özlərinə ideal seçirlər. Fatimənin də idealı sevimli müəlliməsidir. Elə bu səbəbdən də o, gələcəkdə ingilis dili müəllimi olmaq arzusundadır. Anası Günel xanım söyləyir ki: “Fatimənin əla qiymətlərlə oxumasında sinif müəlliməsi Mahizər xanım Əliyevanın əməyi böyükdür. Bir valideyn kimi xoşbəxtəm ki, övladım bu cür elmli, bilikli, tələbkar, uşaq psixologiyasına dərindən bələd olan, səbirli və təmkinli bir müəllimənin sinfində təhsil alır”. Yeri gəlmişkən qeyd edək ki, Mahizər Əliyeva 2013-cü ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olubdur. Müəllimənin hal-hazırda dərs dediyi I “a” sinfinin şagirdləri bir neçə ildən sonra artıq,onun V buraxılış sinifi olacaqdır. Biz də, öz növbəmizdə inanırıq ki, kiçik Fatimə gələcəkdə öz arzularına çatacaq və xalqımıza, doğma yurdumuza layiqli, yararlı bir vətəndaş kimi yetişəcəkdir. Məktəbli qıza bu yolda böyük uğurlar diləyirik! Asayişin pozulmasının qarşısını alan polisimiz. Çalışmaq, elmi biliklərə yiyələnmək insan üçün ən böyük sərvətdir. M.Qorki. Hər bir uşağın həyata baxışı müxtəlifdir. Biz çalışmalıyıq ki, uşaqları elmə həvəsli, həyata məhəbbət hissi ilə böyüdək. Və onların sayəsində gələcəyimiz parlaq və etibarlı əllərdə olsun. Bu gün barəsində danışacağımız kiçik qəhrəmanımızın adı Salehdir. Saleh Rövşən oğlu Şükürov 2010-cu il mayın 18-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Məktəbəqədərki dövrü bağça həyatından keçib. Bu dövr ərzində Saleh yazmağı, saymağı öyrənmiş və kiçik şeir parçaları da əzbərləmişdi. Onu da qeyd edək ki, Saleh valideynlərinin yeganə övladıdır. İntellektli ailədə böyüyür. Atası Rövşən bəy ixtisasça hüquqşünasdır. Anası Günay xanım isə elm adamıdır. Hazırda Sumqayıt Dövlət Universitetində çalışır. Tarix üzrə fəlsəfə doktorudur. Saleh hazırda Bakı şəhəri 158 nömrəli tam orta məktəbin I “a” sinfində təhsil alır. Dərslərini əla qiymətlərlə oxuyur. Bütün fənləri eyni həvəslə öyrənir. Məktəbli oğlan qeyri-adi istedada malikdir. Bunu onun sinif müəlliməsi Mahizər xanım Əliyeva da təsdiqləyir: “Saleh məktəbə gəldiyi gündən sinifdə ağılı, tərbiyəsi, nizam-intizamı və çalışqanlığı ilə fərqlənib. Hazırcavabdır, məsuliyyətlidir. Verilən tapşırıqları dəqiq və tez yerinə yetirir. Açıq dərslərdə yüksək fəallıq göstərir. Düşünürəm ki, o, sinifdən-sinifə keçdikcə, keçilən fənlər üzrə illərə qabaqlamağa nail olacaqdır. Saleh hər bir sahədə birinciliyi, liderliyi sevir. Onun gələcəkdə fitri istedadı ilə yüksək zirvələrdə olacaqğına indidən inanıram”.Saleh dərsdənkənar vaxtlarını da səmərəli keçirməyə çalışır. Onun 2017-cu ilin fevralında “Zəfər” kurslarında keçirilən bilik yarışmasında I yeri qazanıb, “Tərifnamə” və pul mükafatı ilə mükafatlandırılması olduqca sevindiricidir. Bununla yanaşı o, asüdə vaxtlarında yeni bilgilər əldə etmək üçün hekayələr, nağıllar, uşaq ensiklopediyası oxuyur, rəqs dərnəyinə gedir, idmanın üzgücülük növü ilə məşğul olur və bir də, rus dilini daha mükəmməl bilmək üçün əlavə dərslər keçir. Onun sevimli məşğuliyyətlərindən biri də, riyazi məsələ-misal həll etməkdir. Salehin arzusu məktəbi əla qiymətlərlə başa vurub, yüksək balla Prezident təqaüdünə layiq görülməkdir. O, gələcəkdə polis işçisi olmaq arzusundadır. Bəzən isə ürəyində anası Günay xanımın davamçısı kimi alim olmaq istəyi də yaşadır. Gördüyümüz kimi bu kiçik qəlbdə böyük arzular kök atıbdır. İnanırıq ki, bir gün gələcək, böyük amallarla yaşayan bu məktəbli oğlanın pöhrə arzuları-istəkləri çin olacaqdır.Biz də, öz növbəmizdə Salehə yalnız uğurlar arzulayırıq!Müəlliməsinin davamçısı olacaqdır.Müəllimlik sənəti insana hər kəsin fikrini gözündən oxumağı öyrədir. O.Balzak.Ümimiyyətlə, müəllim ömrünü əsl bağban ömrünə bənzədirlər. Deyərdik ki, müəllim Tanrı ilə valideynin arasında dayanan müqəddəs bir varlıqdır. Onun özü kimi (müəllimin) xeyir-duası da müqəddəsdir. Bu baxımdan bu peşəyə yiyələnmək istəyənlər öz yerlərini və müqəddəsliklərini bilməlidirlər. Yüksək biliyə və hərtərəfli təcrübəyə malik olmalıdırlar ki, şagirdlərinin də qarşısında qürurla dayana bilsinlər. Sevimli müəlliməsinin simasında bu müqəddəs peşəni sevənlərdən və onun layiqli davamçısı olmaq istəyənlərdən biri də kiçik şahzadəmiz Fatimədir. Fatimə Qabil qızı Abbasova 2010-cu il sentyabrın 7-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. Hazırda o, Bakı şəhəri 158 nömrəli tam orta məktəbin I “a” sinfində təhsil alır. Valideynləri ona bu adı çox sevdikləri üçün veriblər: Bu barədə qızcığaz lap körpəlikdən hər kəsin diqqətini cəlb etməyi bacarırdı. Gördükləri ilə maraqlanar, o barədə suallar verər, aldığı cavab onu qane etməyəndə sakitləşməzdi. Şəkilli plakatlar, albomlar, kitablar, eləcə də rəngli karandaşlar onu daha çox sevindirər və maraqlandırardı. Məktəbəqədərki dövrdə yazmağı, saymağı, kiçik şeir parçaları əzbərləməyi və bir də rəsm çəkməyi bacarırdı. Bu gün o, dərs əlaçısıdır. Keçilən bütün fənləri böyük həvəslə öyrənir. Lakin onun ən sevimli fənni riyaziyyatdır. Bu fənni ona ilk müəlliməsi Mahizər xanım sevdirmişdir. Yeri gəlmişkən, qeyd edək ki, Mahizər müəllimə sevimli şagirdi haqqında bu cür rəy bildirdi: “İnsan üçün həyatda ən böyük dövlət ağıldır, kamaldır. Bu meyarlara malik olan insan həyatda öz mövqeyini müəyyənləşdirməyi də yaxşı bacarır. Fatimə Abbasova da belə şagirdlərdən biridir. O, çox ağıllı, istedadlı, nizam-intizamlı və çalışqan qızdır. Güclü məntiqi təfəkkürə malikdir. Verilən tapşırıqları düzgün və vaxtında yerinə yetirir. Açıq dərslərdə yüksək fəallıq gösdərir. Zəif oxuyanlara yoldaşlıq köməyini əsirgəmir. Ən böyük istəyi dərslərindən əla qiymətlər almaq və əlaçılığı əlində saxlamaqdır. Sevimli şagirdimin uğurlu gələcəyinə inamım böyükdür”.Fatimə ailəsinin son beşiyidir, sevimlisidir. Onun özündən böyük qardaşları – Kamran, Rəsul artıq ali məktəbi bitiriblər. Məktəbli qız dərsdənkənar vaxtlarında rəqs dərnəyinə gedir. O 2016-cı ildə Heydər Əliyev adına Sarayda keçirilən Rəqs Festivalında iştirak etmişdir. Onu da qeyd edək ki, Fatimə boş vaxtlarında əlavə nağıllar, hekayələr oxumağı, riyazi hesablamaları yerinə yetirməyi, musiqi dinləməyi də çox sevir. O, yaz, yay fəslində üzgücülüklə məşğul olmağı da xoşlayır. Hətta, kiçik Fatimə imkan olan qədər Minəxanım nənəsinin qayğısını çəkməyi, ev işlərində anası Tünzalə xanıma yaxından kömək etməyi də unutmur. Tətil günlərində valideynləri ilə birlikdə şəhərə gəzintiyə çıxır. Isti yay günlərini isə əsasən Şirvan şəhərində doğmaları ilə birgə keçirir. Fatimə deyir ki: “Gələcəkdə müəllimlik ixtisasına yiyələnmək arzusundayam. Bunun üçün mən daim çalışmalı, oxumalı və yüksək səviyyədə təhsil almalıyam”.Sonda biz də, öz növbəmizdə Vətənini, valideynlərini, sevimli müəllimlərini sevən və bu sevgini var-gücü ilə qorumağa çalışan kiçik Fatimənin arzularına qoşuluruq. Və bu yolda ona böyük uğurlar arzulayırıq!Müəllim şərəfli addırHər cür bilik müşahidələrə və təcrübəyə əsaslanır. M.Əhvədi.Dahi rus yazıçısı L.Tolstoy yazır ki: “Söz ürəyin çırpıntısından doğan qığılcımdır”.Bu qığılcımı alovlandıran, məşələ çevirən əsas qüvvə təbii ki, müəllimdir. İnsan həyatda hansı sənətin sahibi olursa olsun, ilk növbədə öz müəllimləri kimi sadə olmalı və sənətini ürəkdən sevməlidir. Qəhrəmanımız Leyla Həsənzadə də ilk müəllimi kimi şərəfli müəllim peşəsinə yiyələnmək isdəyir. Leyla Bəxtiyar qızı Həsənzadə 2010-cu il sentyabrın 5-də Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlib. O, körpəlikdə çox sakit, bir kənarda nağıl dolu oyuncaqları ilə oynayan, xüsusən də, təbiəti seyr etməyi xoşlayan bir qız olub. Gördüyü şeylər barədə suallar verirdi və çalışırdı ki, suallarına ətraflı cavablar alsın. Məktəbəqədərki dövrdə rəsm çəkməyi və şəkilləri rəngləməyi çox xoşlayırdı. Plastilindən müxtəlif fiqurlar düzəldirdi. Leyla məktəbə gedənə qədər hərfləri tanıyırdı, saymağı da öyrənmişdi. O, nümunəvi ailədə böyüyür. Atası Bəxtiyar bəy ixtisasca mühəndisdir. Anası Sevda xanım isə ali təhsilli mütəxəssisdir. Leylanın özündən kiçik qardaşı Həsənin hələ 5 yaşı var. Hazırda bağçaya gedir. Hal-hazırda Leyla Bakı şəhəri 158 nömrəli tam orta məktəbin I “a” sinfində təhsil alır. Dərs əlaçısıdır. Bütün fənlərə eyni həvəslə yanaşır. Ancaq buna baxmayaraq Azərbaycan, rus və ingilis dillərini daha çox sevir. Sinif müəlliməsi Mahizər xanım Əliyevanın şagirdi haqqında dediklərindən: “Leyla dərs ili başlayandan bu günədək sinfimizdə çox ağıllı, tərbiyəli, öz üzərində çalışan və dərslərinə məsuliyyətlə yanaşan bir şagird kimi tanınmışdır. İstedadlıdır, sərbəst işləməyi sevir, riyazi qavraması yüksəkdir. Verilən tapşırıqları düzgün yerinə yetirir. Aydın olmayan tapşırığı müəlliməsindən yerindəcə soruşmağı bacarır. Qiymətləri əladır. Açıq dərslərdə fəaldır. Yoldaşları ilə səmimi davranır. Mən fəxr edirəm ki, mənim Leyla kimi şagirdlərim var və mən onların gələcəkdə yüksək karyeraya nail olacaqlarına indidən inanıram”. Məktəbli qız asudə vaxtlarını da əlavə nağıllar, hekayələr oxumağa, riyazi məsələ-misal həll etməyə, dil öyrənməyə, rəngarəng rəsmlər çəkməyə və televiziyada məktəblilərə aid olan intellektual verilişlərə baxmağa sərf edir. Leyla gələcəkdə müəlliməsinə bənzəmək istəyir. Belə ki, onun gələcək arzusu müəllim olmaqdır. Şərəfli peşənin şərəfli daşıyıcısı kimi hər zaman xalqın balalarına xidmət etməyini arzulayır. Müdriklərimiz gözəl deyiblər: “Qarşına qoyduğun məqsədi azad seçib, ona nail ola bilirsənsə, deməli xoşbəxtsən”. Leyla da qarşıdan gələn illərdə məqsədlərinə, istəklərinə çatacağına əmindir. Bu gün fəxr ediləsidir ki, Azərbaycanın belə gözəl düşüncəli, istedadlı, elmi-biliyi həyatının işığı, məşəli sayan övladları var. Biz də, öz növbəmizdə təhsil yolların işıqlı, arzuların çin olsun deyirik, Leyla bala!Xanın Bilalqızı,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.