AzTU-nun alimləri Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub Təhsil » AzTU 20 сентября 2021 TƏBRİK EDİRİK!Müsahibimiz həmin layihənin elmi rəhbəri, materiallar texnologiyası və elektrometallurgiya üzrə tanınmış mütəxəssis, 400-dən çox elmi əsərin müəllifi, AzTU-nun professoru, texnika üzrə elmlər doktoru Arif Məmmədovdur. M.B. – Arif müəllim, Sizi redaksiyamızda salamlayırıq. Bu günlərdə məlumat aldıq ki, Sizin rəhbərlik etdiyiniz yaradıcı qrup Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun qrant müsabiqəsinin qalibi olub. Xahiş edirik ki, bu layihə barədə, layihənin ideyası və məqsədi barədə oxucularımıza ətraflı məlumat verəsiniz. A.M. - Bəli, keçən ilin avqustunda Elmin İnkişaf Fondu “Elm-Təhsil-Sənaye” qrant müsahibəsi elan etmişdi. Bizim yaradıcı qrup müsabiyəqə “İnnovativ metallurji texnologiyalar əsasında neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalının mənimsənilməsi” adlı layihə təqdim etdi. Elmin İnkişaf Fondu layihələrin ciddi ekspertizasını keçirir. 2021-ci ilin əvvəlində məlumat verildi ki, layihəmiz qrant müsabiqəsində qalib olub. Əlbəttə, bu sevindirici, qürurverici hadisədir, eyni zamanda üzərimizə böyük məsuliyyət qoyur. Layihə Bakı Polad Şirkətində xüsusi xassəli neft-qaz təyinatlı boruların istehsalının mənimsənilməsi məsələsinə həsr olunub. Layihənin ideyası innovativ metallurji proseslər tətbiq etməklə ölkəmizdə neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalını mənimsəməyin mümkünlüyünü elmi və texnoloji cəhətdən əsaslandırmaqdan ibarətdir.Layihənin məqsədi əritmə və fasiləsiz tökmə proseslərinə fiziki-kimyəvi təsir metodları tətbiq etməklə xüsusi xassəli neft-qaz təyinatlı polad boruların istehsalının mənimsənilməsidir. Bu məqsədə nail olmaq üçün bir sıra elmi və təcrübi məsələlərin həllini nəzərdə tutmuşuq: - innovativ fiziki-kimyəvi təsir metodları əsasında maye poladın sobada emal proseslərini təkmilləşdirmək;- sobadankənar emal proseslərinin kompleks texnologiyaları və meyarlarının seçilməsi əsasında xüsusi xassəli boru poladlarının legirləmə və saflaşdırılmasını təkmilləşdirmək;- fasiləsiz tökmə istehsalında aşağı təzyiq və vakuumda emal proseslərinin tətbiqi imkanlarını araşdırmaq və əməli təkliflər irəli sürmək;- neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə borularının istehsalını mənimsəmək.M.B. – Arif müəllim, layihədən hansı elmi və təcrübi nəticələr gözlənilir? A.M. – Layihə çərçivəsində aşağıdakı nəticələrin əldə olunması nəzərdə tutulur:- elektrik poladının keyfiyyətinin yüksəldilməsi;- neft-qaz təyinatlı xüsusi xassəli fasiləsiz tökmə boruları istehsalının mənimsənilməsi;- fasiləsiz tökmə istehsalında innovativ texnologiyaların tətbiqi.M.B. – Arif müəllim, artıq layihənin 2 rübü geridə qalıb. Bu müddətdə görülən işlər barədə nə deyə bilərsiniz?A.M. – Bəli, layihənin iki rübü üzrə Elmin İnkişaf Fonduna təfərrüatlı hesabat təqdim etmişik. Sizin oxucular üçün qısa məlumat verə bilərik. Birinci rübdə elektrometallurgiya və fasiləsiz tökmə istehsalında innovativ texnologiyaların tətbiqi inkanları araşdırılmışdır. Metal tullantılarından poladəritmə prosesinin intensivləşdirilməsi yolları müəyyənləşdirilmişdir. Elektrik poladının keyfiyyətinin yüksəldilməsi üçün maye metala fiziki-kimyəvi təsir metodlarının tətbiqinin zəruriliyi əsaslandırılmışdır.İkinci rübdə elektrik poladının sobada emal proseslərinin təkmilləşdirilməsi üzrə tədqiqatlar aparılmışdır. Elektroqövs sobasına metal qırıntıları ilə yanaşı metallaşdırılmış yuvarların əlavə olunması məqsədəuyğun hesab edilmişdir. Bu halda əritmə prosesinin intensivliyi 20-25% yüksəlir. Poladəritməyə enerji sərfinin azaldılması üçün qeyri-səlis məntiq nəzəriyyəsi əsasında proqram təminatının istifadə edilməsi təklif olunmuşdur. M.B. - Arif müəllim, layihənin Elm, Təhsil və Sənayeyə verəcəyi töhfə nədən ibarət olacaq? A.M. – Layihə innovasiya və multidissiplinar xarakterlidir. Elmi töhfə mütərəqqi metallurji texnologiyaların nəzəri əsaslandırılmasını nəzərdə tutur. Təhsilə töhfə isə innovativ fiziki-kimyəvi təsir metodlarının tədris prosesində istifadə edilməsi ilə nəticələnməlidir. Sənaye töhfəsi ölkənin ən böyük metallurgiya müəssisəsində yeni məhsulun – neft-qaz borularının istehsalının mənimsənilməsini nəzərdə tutur. M.B. – Arif müəllim, xahiş edirik, yaradıcı qrupu – layihənin icraçılarını səciyyələndirin. A.M. – Layihənin icraçıları “Metallurgiya və Materialşunaslıq” kafedrası və Bakı Polad Şirkətinin əməkdaşları - metallurgiya sahəsində tanınmış mütəxəssislərdir. Elmi rəhbəri olduğum layihənin məsul icraçısı Nizami İsmayılov texnika üzrə elmlər doktoru, professordur. Tökmə istehsalı üzrə tanınmış mütəxəssisdir, 200-dək elmi əsərin müəllifidir. İcraçılar Muxtar Hüseynov və Faiq Quliyev texnika elmləri namizədi, dosentdirlər. Elektrometallurgiya üzrə mütəxəssislərdir, 100-dən çox elmi əsərin müəllifləridir. İcraçılar Hikmət Babayev və Rəmalə Əliyeva -mühəndis-metallurq və elektrometallurgiya üzrə mütəxəssislərdir.M.B. – Arif müəllim, layihə mövzusunda dərc olunmuş nüfuzlu elmi əsərləriniz barədə məlumat verməyinizi xahiş edirik. A.M. – Layihənin ideyasının reallaşdırılması iki il müddətində nəzərdə tutulur. Son altı ayda dərc olunmuş nüfuzlu əsərlərimiz bunlardır: İri həcmli iki monoqrafiya çap olunmuşdur: 1. Внепечная оброботка при производстве высококачественных сталей, 470с. 2. Основы технической эксплуатации металлургического оборудования, 589с. Avroasiya patentinə müsbət qərar alınmışdır: Легированный материал для получения износостойких и коррозионностойких деталей. Scopus və Web of science bazasına daxil olan “Materials Science and Engineering”, “Вестник машиностроения” və “Металлург” jurnallarında “Specifics of Obtaining Powdered Die Steel Alloys for Cold Forming and Higher Mouldability”, “Аналитическое решение уравнения диффузии в многокомпонентных системах” və “Features of obtaining special - characteristic of oil and gas drilling pipes” adlı məqalələr dərc olunmuşdur. M.B. – Arif müəllim, çox əhəmiyyətli işlər görürsünüz. Sizi təbrik edir və bu çətin, məsul, həm də şərəfli işinizdə Sizə yeni-yeni uğurlar diləyirik. A.M. – Təşəkkür edirəm. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq. Elm, Təhsil və Sənayenin inteqrasiyasına layiqli töhfə verək. Azərbaycan Texniki Universitetinin elmi və təcrübi nailiyyətlərini daha da artıraq.Müsahibəni hazırladı:Müşfiq BORÇALI,“Ziya” qəzetinin və ZiM.Az-ın Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoruZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.