AzTU-ya yeni prorektor təyin olunub Təhsil » AzTU 24 июня 2021 TƏBRİK EDİRİK!.. Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Kamran Rəsulov Azərbaycan Texniki Universitetində (AzTU) Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsinə təyin olunub. Rektor Vilayət Vəliyev yeni prorektoru kollektivə təqdim edib. Rektor bildirib ki, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsi AzTU-da yeni təsis olunub. Bu vəzifəyə Kamran Rəsulovun təyin olunması təqdirəlayiqdir. Kamran Rəsulov uzun illər AzTU-da bir sıra vəzifələrdə çalışıb, həmçinin ictimaiyyətlə əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Rektor yeni prorektora uğurlar arzu edib. AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunan Kamran Rəsulov ona göstərilən etimada görə təhsil naziri Emin Əmrullayevə təşəkkür edib. O, bu etimadı doğruldacağını və AzTU-nun regionun aparıcı universitetlərindən biri olması istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Qeyd edək ki, Kamran Rəsulov - 2005-2010-cu illərdə Türkiyənin Hacettepe Universitetini biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat, 2010-2012-ci illərdə isə maliyyə ixtisası üzrə magistratura səviyyəsində bitirib. Əmək fəaliyyətinə AzTU-da başlayıb. 2012-ci ildən AzTU-nun İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb. Hazırda həmin kafedranın dosent əvəzi işləyir.2016-cı ildən indiyə kimi Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin böyük məsləhətçisi və baş məsləhətçisi vəzifələrində çalışıb. Təhsil Nazirliyində işlədiyi müddətdə ali və orta ixtisas təhsili müəssisələri üçün tədris-metodiki və hüquqi sənədlərin hazırlanmasında iştirak edib. Həmçinin Azərbaycanda keçirilən müxtəlif sosialyönümlü beynəlxalq və yerli tədbirlərdə ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinin və könüllü tələbələrinin iştirakının təmin olunmasında, onların ölkəmizin adının beynəlxalq arenaya çıxarılmasına yönələn tanıtım proqramlarına cəlb edilməsində qurumlararası koordinasiyanı həyata keçirib.Kamran Rəsulov iqtisad üzrə fəlsəfə doktorudur. 20 elmi məqalənin, 1 dərs vəsaitinin və magistratura səviyyəsində 1 fənn proqramının müəllifidir.Biz də Kamran müəllimi AzTU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.