AzTU-da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Təhsil » AzTU 22 февраля 2019 2019-cu il Fevralın 22-də Azərbaycan Texniki Universitetində (AzTU) Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Professor Xalıq Yahudov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayın hərbiçiləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insan olmaqla, 613 nəfər Xocalı sakininin vəhşicəsinə qətlə yetirdiklərini deyib. Rektor əvəzi, böyük və qəddar silahlı birləşməyə qarşı çıxaraq Xocalını və şəhərin strateji əhəmiyyətə malik olan aeroportunu müdafiə edən və bu qeyri-bərabər döyüşdə igidliklə həlak olan Şəhidlərimizdən Milli Qəhrəman Hikmət Nəzərli və Elçin Quliyev Azərbaycan Texniki Universitetinin məzunları olduğunu diqqətə çatdırıb.Professor Xalıq Yahudov dünyanın bir çox ölkəsində bu faciənin soyqırımı kimi tanındığını qeyd edərək, ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində faciəyə zamanında hüquqi-siyasi qiymət verildiyini, Prezident İlham Əliyevin qətilyamın soyqırımı kimi tanınması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atdığını bildirib. AzTU-nun İctimai fənlər kafedrasının professoru Qabil Hüseynli faciənin tarixi və siyasi aspektlərinə diqqət çəkərək, Xocalı soyqırımının törədilməsində ermənilərin mənfur maraqlarından danışıb. Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaşar Əliməmmədov və Xocalı sakini Mürvət Məmmədov XX əsrin ən dəhşətli faciələrindən olan bu insanlıq dramının canlı şahidi kimi həmin gecə baş verən zorakılıqlardan, cinayətlərdən danışıblar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.