ALMANİYADA YAŞAYAN DƏYƏRLİ SOYDAŞIMIZ PƏRVİZ ƏMİRASLAN AzTU, "Şərqin səsi", "XXI əsrin Ziyalıları", Avropa, Diaspora 30 декабря 2018 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür!.. Dəyərli izləyicilərimiz!.. Biz bu gün sizlərə hazırda Almaniyada yaşayan və hər zaman qürur duya biləcəyimiz həmyerlilərimizdən olan çox hörmətli Pərviz Əmiraslan haqqında məlumat vermək, onun şərəfli ömür yolu ilə məhz sizləri də tanış etmək istəyirik.Haqqında böyük məmnunluqla danışmaq istədiyimiz dəyərli soydaşımızı, buyurun, siz də tanıyın:Pərviz Əmiraslanov texnika elmləri doktorudur. Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür. 70-dən çox elmi və metodik işin müəllifidir və 5 patent alıb.1998-ci ilin iyul ayında Azərbaycan Texniki Universitetində çalışarkən Alman Akademik Mübadilə Xidmətinin elmi təqaüdünə layiq görülüb. Təqaüd proqramına uyğun olaraq 10 aylıq Almaniyanın Braunşvayq Texniki Universitetinə elmi araşdırma üçün gedib. Tale elə gətirib ki, elmi təqaüd müddəti başa çatdıqdan sonra da Almaniyada qalıb. 1999-cu il avqust ayından 2000-ci il yanvar ayının sonuna kimi Alman Akademik Mübadilə Xidmətinin və Almaniya Aşağı Saksoniya əyalətinin dəstəyi ilə Braunşvayq Texniki Universiteti üçün böyük elmi layihədə iştirakçı və sonralar layihə rəhbəri olub. Daha sonra isə Braunşvayq Texniki Universiteti tərəfindən iş müqaviləsi təklifi alıb. Həmin vaxtdan ailəsi ilə birlikdə Almaniyada yaşayır və işləyir. Əmiraslanov Pərviz Arzuman oğlu 1971-ci il iyulun 28-də Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1978-ci ildə Sarıtala kənd orta məktəbinə gedib və 1988-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Sonra Qovlar qəsəbəsindəki 98 nömrəli Orta Texniki Peşə Məktəbinə daxil olub və 1989-cu ildə buranı fərqlənmə diplomu ilə bitirib. Oxuduğu müddətdə dəfələrlə fənn olimpiadalarında fəal iştirak edib. 1989-cu ildə Azərbaycan Texniki Universitetinin maşınqayırma fakültəsinə daxil olub. Tələbəlik illərində də biliyi ilə fərqlənib, dəfələrlə olimpiada qalibi olub. Tələbə ikən 2 elmi məqaləsi çap olunub. 1994-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib.Azərbaycan Texniki Universitetinin Maşınqayırmada avtomatlaşdırılmış layihələndirmə kafedrasında tədqiqatçı-mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1995-ci ilin oktyabrında həmin kafedrada laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1996-cı ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olub. İşlədiyi müddətdə universitet və respublika konfranslarında iştirak edib, məqalələri çap olunub. "Metalkəsən dəzgahların mexaniki otürmə mexanizmlərinin avtomatlaşdırılmış layihələndirilməsi" adlı metodik vəsaitin (1997) və Azərbaycan dilində ilk dəfə olaraq "Maşınqayırmada riyazi modelləşdirmə" adlı kitabın (1998) müəllifidir.1999-cu ildə Almaniya Federativ Respublikasına getdikdən sonra qazandığı təqaüd proqramı çərçivəsində Hannover şəhərində Lazer Mərkəzi və digər sənaye profilli elmi-tədqiqat işlərində əvvəl yardımçı, kiçik və daha sonra isə böyük elmi işçi işləyib. Bu işlərin elmi nəticələrinə əsasən Braunşvayq Texniki Universitetində elmi işçi olaraq işə götürülüb. 2001-ci ilin aprelində Braunşvayq Texniki Universitetinin maşınqayırma fakültəsində "Avtomobil hissələrində lazerlə pardaxlama prosesinin modelləşdirilməsi" mövzusunda dissertasiya müdafiə edərək doktor tituluna layiq görülüb. 2002-ci ilin mart ayında Braunşvayq Texniki Universitetinin təhsil şöbəsinin və Almaniya Aşağı Saksoniya əyalətinin Təhsil Nazirliyinin birgə qərarı ilə dosent olaraq dərs deməyə başlayıb. Dərs dediyi müddətdə dəfələrlə universitet tərəfindən müxtəlif diplomlara layiq görülüb. 2003-cü ilin dekabrından Almaniya Mühəndislər Birliyinin həqiqi üzvüdür.Sənaye profilli elmi-tədqiqat işlərinə Almaniya Dövlət Patent İdarəsi tərəfindən yüksək dəyər verildiyi üçün "Siemens VDO Automotive AG" firmasının təklifi ilə 2005-ci ilin yanvarında firmada ali məktəblərlə elmi iş üzrə şöbənin rəisi vəzifəsinə işə götürülüb. Eyni zamanda Braunşvayq Texniki Universitetində mühazirə oxumaqda davam edib. 2007-ci ilin sentyabr ayından "DaimlerChrysler AG" (Mercedes) firmasında elmi tədqiqat və inkişaf departamentində qrup rəhbəri vəzifəsinə qəbul edilib. Burada üçillik əmək fəaliyyətindən sonra 2010-cu ildən etibarən Almaniyanın digər avtomobil şirkəti olan "Volkswagen AG" şirkətinin elmi-tədqiqat və texniki inkişaf idarəsində mütəxəssislər qrupunun rəhbəri olub. 2012-ci il yanvar ayından bu günə qədər isə həmin idarədə şöbə müdiri vəzifəsində çalışır. Onun rəhbərlik etdiyi şöbədə yeni avtomobillər üçün intellektual və innovativ texnologiyalar nəzəri cəhətdən araşdırılır və praktik sınaqdan keçirilir. Eyni zamanda, Braunşvayq, Klausthal Texniki universitetlərində və Wolfenbüttel Ali Texniki Məktəbində saathesablı mühazirələr oxuyur və bu məktəblər üzrə işçi qupunun rəhbəridir.Pərviz Əmiraslanın həm də gözəl ailəsi var. Ömür-gün yoldaşı Şəfəq Azər xanımla birlikdə iki ləyaqətli övlad - vətənpərvər və qeyrətli bir oğul və namus və ismətli bir qız böyüdürlər.Biz də dəyərli soydaşımız Almaniya Mühəndislər Birliyinin həqiqi üzvü, texnika elmləri doktoru, çox hörmətli Pərviz Əmiraslanı və onun sevimli ailəsini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il Bayramı münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, şərəfli fəaliyyətində və elmi yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.