AzTU-ya bu il qəbul olunan tələbələr universitetlə yaxından tanış olublar Təhsil » AzTU 24 сентября 2018 Azərbaycan Texniki Universitetinin (AzTU) “Xüsusi texnika və texnologiya” fakültəsinə bu il qəbul olunan tələbələri bu günlərdə AzTU ilə, eləcə də AzTU-nun nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Mərkəzi”, “Milli qəhrəmanlar və Şəhidlər” muzeyi ilə yaxından tanış olublar. Onlara vətənpərvərlik və dövlətçilik ruhunun aşılanması məqsədilə ayrıca tədbir də keçirilib. AzTU-nun prorektoru, professor İsa Xəlilov tələbələrlə birlikdə bu muzeyləri gəzib, onlara ulu öndər Heydər Əliyevin fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra universitetin tələbə və məzunlarının torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan danışıb, onlardan 10 nəfərinin Azərbaycanın ən yüksək fəxri adına Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməsini qeyd edib. Prorektor xüsusilə olaraq vurğulayıb ki, 2016-ci ilin aprel döyüşlərində 4 nəfər tələbə-məzunumuz - Əbdülməcid Axundov, Mahir Quliyev, Elvin Mirzəyev və Müşfiq Orucov böyük şücaət göstərərək şəhid olub. Elə həmin ilin dekabr döyüşlərində qəhrəmancasına şəhid olmuş və ölümündən sonra sonuncu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüş Çingiz Qurbanov məhz elə “Xüsusi texnika və texnologiya” fakültəsinin məzunudur. Professor İsa Xəlilov sonda AzTU-da şəhidlərimizin xatirələrinin hər zaman əziz tutulduğunu, bu mövzuda tez-tez müxtəlif tədbirlərin keçirildiyini, universitetin həyətində şəhidlərin xatirələrinə möhtəşəm abidə ucaldıldığını, müntəzəm olaraq şəhidlərin məzarlarının ziyarət olunduğunu, onların ailələrinə baş çəkildiyini və s. diqqətə çatdırıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.