Erməni məkri və acı nəticələr AzTU, Tarix 2 апреля 2018 Şikar QASIMOV,Azərbaycan Texniki Universitetinin "İctimai fənlər" kafedrasının müdiri, tarix elmləri doktoru, professorZiM.Az 1998-ci ildən başlayaraq, hər il Azərbaycan Respublikasında 31 Mart - Azərbaycanlıların Soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, anım tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti bu məsələyə cəlb edilir. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayaraq ona ilk dəfə əsl hüquqi-siyasi qiymət vermişdi. Ermənilərin 1918-ci ilə qədər müstəqil dövlətçiliyi olmayıb. Onlar “böyük Ermənistan” yaratmaq xülyası ilə XVII əsrdən başlayaraq dünyanın iri dövlətlərinə müraciət etmişlər. Rusiya və Qərbin bəzi iri dövlətləri yaxın Şərqdə hökmranlıq etmək, İran və Türkiyəni zəiflətmək məqsədilə erməniləri dəstəkləmişlər. 1721-ci ildə Qafqaza yürüşə çıxan və 1723-cü ildə Azərbaycanın Xəzəryanı ərazilərini, Bakını işğal edən I Pyotr sentyabrın 3-də qələbə bayramı edir. Bakı şəhəri rus komendantı Knyaz Bryatinskinin idarəsinə verilir. 1724-cü il noyabrın 10-da I Pyotr 3 erməni katalikosunu qəbul edir, onların Xəzəryanı vilayətlərə köçürülmələri barədə xahişlərini dinləyir. I Pyotr yerli əhalinin sərt müqavimətini gördükdə, “erməni kartını” işə salır və azərbaycanlıların tarixi torpaqlarında, xüsusilə Gilanda, Mazandaranda, Bakı və Dərbənddə ermənilərin məskunlaşdırılması barədə göstəriş verir. I Pyotrun xələflərinə ünvanladığı tarixi vəsiyyət təkcə Rusiya imperiyasının deyil, nəticə etibarilə bolşevik Rusiyasının da Cənubi Qafqaz siyasətinin əsasını təşkil edir. Həmin vəsiyyətə əməl edən II Yekaterina 1768-ci ildə imperiyanın ermənilərə məxsusi hamiliyi barədə fərman imzalayır. 1802-ci ildə Çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərir: “Ermənilər nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunmalıdır”. Bu, Azərbaycan torpaqlarının işğalına başlandığı dövr idi. Türkmənçay müqaviləsindən dərhal sonra - 1828-ci il martın 21-də I Nikolayın fərmanı ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” təşkil edilir. Bu, tarixi Azərbaycan torpaqlarında yaradılacaq gələcək Ermənistanın təməli idi. Həmin vaxtın rəsmi statistikasına görə, “Erməni vilayəti”nin mərkəzi olan İrəvan şəhərində 7331 azərbaycanlı, 2369 erməni yaşayırdı. Ümumilikdə 1828-ci ilə qədər İrəvan xanlığında 22500 erməni, Naxçıvan xanlığında 2150, Ordubad mahalında 1880 nəfər erməni vardı. Buna paralel olaraq Türkmənçay müqaviləsinin 15-ci bəndinə əsasən, İrandan 40 min erməni İrəvan, Qarabağ və Naxçıvana köçürüldü. Analoji proses XIX əsrdəki Rusiya-Türkiyə müharibələrinin yekununda da (1829, 1878) özünü göstərdi. Türkiyə ərazisindən təxminən 84 min erməni köçürülərək sözügedən bölgələrdə məskunlaşdırıldı. Çarizmin köçürmə siyasəti Qarabağda və İrəvanda demoqrafik tərkibi dəyişdi. 1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdi. 20.546 ailədən 13.965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8 faizə endi, ermənilərin faizi isə 43,8 faizə qalxdı. XIX əsrin sonunda İrəvan quberniyası azərbaycanlıların sayına görə Bakı və Yelizavetpol quberniyalarından sonra Qafqazda üçüncü yeri tuturdu. Rusiya imperiyasında ilk dəfə olaraq əhalinin siyahıya alınmasında əldə olunan göstəricilərə görə 1897-ci ildə İrəvan quberniyasında 313 min 178 azərbaycanlı yaşayıb. Sonralar müəyyən olub ki, 1914-cü ilə qədər İrəvan quberniyasının əhalisi 40 dəfə artaraq 570 min nəfər təşkil edib. Azərbaycanlıların sayı isə cəmi 4,6 dəfə artmışdı. Hətta bu qədər sıxışdırma və deportasiya müqabilində yenə 1916-cı ildə İrəvan əhalisinin təxminən 45 faizi, yəni, 247 min nəfəri azərbaycanlılar idi. 1886-cı ildə Zəngəzur qəzasında 326 kəndin 149-da azərbaycanlılar, 91 kəndində kürdlər, 81-ində isə ermənilər yaşayırdılar. Tarixən milli tərkibin göstərilən formada olmasına baxmayaraq ermənilər Azərbaycan, Türkiyə və Gürcüstan ərazisində “böyük Ermənistan” qurmağa niyyətlənmişdilər. Qərbin hakim dairələri tərəfindən şirnikləndirilən erməni separatçıları Türkiyənin Zeytun (1862, 1878, 1884-cü illər), Sasun (1880-ci il), Van (1884-cü il) vilayətlərində qanlı faciələr və qırğınlar törətmişlər. Bundan sonra erməni millətçiləri mübarizəni Qafqaza keçirmişlər. 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə Tiflisdə “Daşnaksütyun”, 1895-ci ildə Nyu Yorkda “Erməni Vətənpərvərləri İttifaqı” kimi siyasi terror təşkilatlarını yaratmışdılar. Bu təşkilatların fəaliyyət proqramında türklərə, azərbaycanlılara qarşı terror və qırğın törətmək əsas yer tuturdu. 1896-cı ildə ermənilər İstanbul poçtxanasını partlatdılar. Neçə-neçə günahsızı qanına qəltan etdilər. Son iki yüzillikdə xalqımız məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı siyasəti nəticəsində böyük faciələrlə üzləşmişdir. Mərhələ-mərhələ gerçəkləşdirilən siyasət nəticəsində azərbaycanlılar qətl və qırğınlara məruz qalmış, yaşayış məskənləri viran edilmişdir. Ermənilər 1905-ci il rus inqilabının başlanması ilə ölkədə yaranmış hərc-mərclikdən istifadə edərək İrəvanda, Bakıda, Şuşada, Gəncədə, Qazaxda və digər yerlərdə milli qırğınlar törətmişlər. 1905-ci il fevralın 6-9-da və avqustun 20-25-də minlərlə azərbaycanlını qətlə yetirmişlər, kəndləri talan etmişlər. 1905-1907-ci illər inqilabından sonra azərbaycanlıların soyqırımı örtülü şəkildə davam edirdi. Bunu statistik məlumatlar da təsdiqləyir. 1914-cü ildə başlanan I Dünya müharibəsi və 1917-ci il inqilabları isə ermənilərin “böyük Ermənistan” iddiası üçün əlverişli şərait yaratdı. 1915-ci ilin əvvəlində Türkiyənin şimali-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Erməni dönüklüyünü zərərsizləşdirmək üçün Osmanlı dövləti onları Ərzurum, Qars, Van və digər yerlərdən cənuba - Suriya sərhədlərinə köçürməyə məcbur oldu. Erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük sayda erməni əhalisi də köçüb gəlmişdi. Onlar bu ərazilərdə azərbaycanlılara divan tutmağa başlamışdılar. Nəticədə hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Həmin ərazidə yaşayan 135 min azərbaycanlının bir hissəsi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşdular. Xain xislətli ermənilər sonralar, o zamankı hadisələrdən “erməni soyqırımı”nın törədilməsi adı altında öz məqsədləri üçün istifadə etmişdilər və indi də istifadə etməkdədirlər. Onların iddiasına görə, o zaman türklər tərəfindən Şərqi Türkiyədə guya 1,5 milyon (indi bu say 3 milyona çatdırılmışdır) erməni qətlə yetirilmişdir. Tarixi faktlar sübut edir ki, o zaman Şərqi Türkiyədə cəmi 1,2 milyona qədər erməni yaşamışdı. İkinci tərəfdən, həmin vaxtda türklər tərəfindən ermənilərə qarşı heç bir soyqırımı törədilməmişdi. Yalnız köçürmə zamanı ölənlər və itkin düşənlər olmuşdu. Bax, bu, indi geniş miqyasda “erməni soyqırımı” kimi təbliğ olunur. Əslində, Türkiyə vətəndaşı olan ermənilər xainlik edərək ruslar tərəfindən türklərə qarşı vuruşmuşdular. Bu məqsədlə, hətta könüllü dəstələr yaratmışdılar.1917-ci ilin fevral inqilabı siyasi partiyaların leqal fəaliyyətinə də imkan yaratmışdı. Digərlərindən fərqli olaraq “Daşnaksütyun” partiyası başda olmaqla erməni millətçiləri düşünürdülər ki, “böyük Ermənistan” xülyasının reallaşmaq məqamı yetişibdir. Zaqafqaziyanın gələcək inzibati bölgüsü, erməni xalqının payına düşə biləcək torpaqlar onları xüsusilə maraqlandırırdı. Millətçi şovinistlərin gözü ən çox Azərbaycan torpaqlarına dikilmişdi. Moskva təkcə Azərbaycanı parçalamaqla kifayətlənmirdi. 1917-ci il dekabrın 30-da Lenin və Stalinin imzaladıqları 13 saylı dekretə əsasən, Türkiyənin şərq vilayətləri ermənilərə vəd edilmişdi. Məqsəd Türkiyəni federasiya halına salmaqdan ibarət idi. Bakıda sovet hakimiyyətini möhkəmləndirmək üçün mərkəzdən hərbi güc xahiş olunurdu. Bu, əvvəlcədən düşünülmüş və 1918-ci ildə Bakıda baş vermiş mart hadisələri ərəfəsində hazırlanmış məqsədyönlü siyasətdən irəli gəlirdi. Mart hadisələri ərəfəsində Bakıda sovet hərbi hissələri ilə yanaşı, xeyli silahlı erməni əsgərləri də var idi. Şaumyanın özünün qeyd etdiyi kimi, 10.000-nə qədər (6.000 sovet, 4.000 daşnak) silahlı qüvvə toplanmışdı. Demək olar ki, bu qüvvənin qarşısında azərbaycanlılar silahsız idilər. Başda Şaumyan olmaqla Bakı Sovetinin rəhbərliyi “müsəlman əksinqilabçı ünsürlər” deyə adlandırdıqları şəhərin azərbaycanlı əhalisini milli münaqişəyə cəlb etmək üçün bəhanə axtarırdı. Tezliklə belə bir imkan tapıldı. 30 mart 1918-ci ildə bolşevik-daşnak rəhbərliyi şayiə yaydı ki, “Evelina” gəmisi ilə Bakıdan Lənkərana gedən müsəlman zabitləri guya Muğanda rus-molokan kəndlərini məhv etmək tapşırığı almışlar. Bu təxribat nəticəsində qeyri azərbaycanlı qüvvələr “Evelina” gəmisinin tərksilah edilməsinə tərəfdar çıxdılar. Həmin gün İnqilabi müdafiə komitəsinin köməyi ilə bir neçə yüz nəfər müsəlman diviziyanın zabit və əsgərlərinin tərksilah edilməsi, buna etiraz əlaməti olaraq azərbaycanlıların kortəbii mitinqlərinin keçirilməsi və ən nəhayət, sovet hərbi hissələrinin atlı dəstəsinə təxribat məqsədi ilə atəş açılması bolşeviklərə fürsət vermiş oldu. 1918-ci ilin martında Bakıda Qafqaz cəbhəsindən qayıtmış bir neçə min rus və erməni əsgəri öz evlərinə getməli idi. Onlar silahlarını dəyər-dəyməzinə Şaumyan güruhuna satdılar, hətta onun təşkil etdiyi “Qırmızı qvardiya” ordusuna daxil oldular. 12 minlik ordunun 75 faizi ermənilərdən ibarət idi. Martın 30-da döyüşlərə rəhbərlik etmək üçün Şaumyanın başçılığı ilə müdafiə komitəsi yaradıldı. Bura Caparidze, Korqanov, Saakyan, Yolçiyan və b. daxil idilər. Üç gün ərzində Bakı talan edildi, qan dəryasında boğuldu. N.Nərimanov həmin günləri belə təsvir edir: “Müsəlman hətta bolşevik olsaydı, ona aman vermirdilər. Daşnaklar deyirdilər: “Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olması kifayətdir”. Aprelin 1-də qırğının dayandırılması barədə sənədin qəbul edilməsinə baxmayaraq bu cinayət aksiyası aprelin 2-i axşama qədər davam etdi. Bakıda 12-14 min nəfər günahsız qanına qəltan edildi. A.Mikoyanın başçılıq etdiyi “Qırmızı qvardiya” dəstələri də bu soyqırımında fəal iştirak etmişlər. Azərbaycanın Şamaxı, Quba, Göyçay, Lənkəran, Qarabağ, Naxçıvan bölgələrində də milli qırğınlar törədilmişdi. Faktlar göstərir ki, Şamaxıda 8-12 min, bütövlükdə qəzanın 72 kəndində 40 minə qədər insan qətlə yetirilmiş, 13 məhəllə məscidi və 800 il yaşı olan Cümə məscidi dağıdılmışdı. 1918-ci ilin aprel-may aylarında Qubada dəhşətli kütləvi qırğınlar törədilib. Elə birinci gün ermənilər 1000-ə qədər adamı məhv ediblər. Deyilənə görə, Qubada 16 min nəfər insan qırılmışdır. Ancaq təəssüf ki, burada da ölənlərin sayı 7-8 min nəfər göstərilir. Həmin vaxt Quba şəhər qlavası Hamazapsın yanına gedərək öldürülənlərin dəfn olunmasına icazə istəyir. O, rədd edərək deyir ki, mən bura gəlməmişəm ki, sovet hakimiyyətini möhkəmləndirəm, gəlmişəm ki, sizdən öldürülən ermənilərin intiqamını alam. Erməni daşnak hərbi dəstələrinin törətdikləri milli qırğın uzun bir dövr ərzində sovet hakimiyyətinin möhkəmləndirilməsi və əks-inqilab üzərində böyük qələbə kimi qələmə verilmişdir. Lakin həqiqəti söyləyənlər, həmin faciəni sovet hakimiyyəti üçün qara ləkə hesab edənlər də olmuşdur. Şaumyan Lənkəran, Salyan, Hacıqabul, Göyçay və digər rayonlarda sovet hakimiyyəti qurmaq bəhanəsi ilə bu yerlərə xeyli sayda daşnak qüvvələri göndərmişdi. Lənkəranda adamları məsciddə ibadət zamanı qətlə yetirmişlər. 1918-ci ilin mart - aprelində İrəvan quberniyasında 211 kənd, Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali qətlə yetirilmişdir. 1918-ci ilin yayından daşnaklar İrəvan quberniyasında da azərbaycanlıları qırmışlar. Zəngibasar, Qəmərli, Vedibasardan tutmuş Şərur və Naxçıvana qədər qırğın törətmək Andronikə həvalə edilmişdir. General Dro Dərələyəz elində, general Sirkov Göyçə mahalında, general Njde Zəngəzurda əhalini öldürmüş, yurdlarını viran edib, etnik təmizləmə siyasəti aparmışlar. 1918-ci ilin yazında 15 min nəfərlik qoşunla Andronik Naxçıvana soxulmuş, təkcə Culfanın Yayıcı kəndindən 700 nəfəri qıraraq Araz çayına tökmüşdür. Sonra Naxçıvandan Zəngəzura keçmiş, orada da kütləvi qırğınlar törətmişdir. Daha sonra isə Qarabağa keçməyə cəhd etmiş, lakin bu hücumun qarşısı laçınlı Sultan bəy və Qarabağın general-qubernatoru olan Xosrov bəy Sultanov tərəfindən alınmışdır. Qoşun darmadağın edilmişdir. Bu hadisələr zamanı təkcə Zəngəzurda minlərlə müsəlman qətlə yetirilmiş, 50 min nəfərdən çox insan qaçqın düşmüşdür.Birinci Dünya müharibəsinin gedişində - 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində Qafqaz cəbhəsində vəziyyət kəskin şəkildə dəyişir, üstünlük “Dördlər ittifaqı”na keçir. 1917-ci il dekabrın sonunda Ərzincan müqaviləsi imzalanır və rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarından geri çəkilir. Rusiyada yenicə hakimiyyətə gələn bolşeviklərlə 1918-ci ilin martında Almaniya və onun müttəfiqləri (“Dördlər ittifaqı”) arasında (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) Brest sülh müqaviləsi imzalanır. Müqaviləyə görə, Rusiya cəbhə xəttinə qədərki əraziləri itirir, Qars, Ərdəhan və Batum Osmanlı dövlətinə qaytarılır. Rus qoşunları Şərqi Anadoludan çıxsa da, erməni silahlı birləşmələri bu əraziləri nəzarətdə saxlamağa çalışırlar. Bu zaman osmanlılar məcbur olur ki, Sarıqamışı, Ərzurumu və Qarsı döyüş yolu ilə erməni silahlı birləşmələrindən azad etsinlər. Həmin dövrdə Cənubi Qafqaz cəbhəsində Almaniya və Osmanlı dövləti əsas rol oynayırdı. Bu ərəfədə - may ayının 11-dən iyunun 4-ü 1918-ci il tarixlərinədək Osmanlı və Zaqafqaziya seymi nümayəndələrinin iştirakı ilə Batum konfransı keçirilir. Konfransda Zaqafqaziya seymi ilə Osmanlı dövləti arasında münasibətlər danışıqlar mövzusu olur. Son nəticədə gürcülər almanların himayəsində ayrıca gürcü dövləti yaratmaq qənaətinə gəlirlər. Bu da Zaqafqaziya seymi və hökumətinin dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaranması ilə nəticələnir. Belə ki, mayın 26-da gürcülər seymdən çıxaraq müstəqilliklərini elan edirlər. Bunun ardınca isə mayın 28-də Azərbaycan Milli Şurası müstəqilliyini bəyan edir. O dövrdə danışıqların əsas mövzularından biri də həmin dövlətlərin sərhəd məsələsi idi. Sərhəd məsələsi müəyyən olunarkən keçmiş Tiflis və Kutaisi quberniyalarının ərazilərində Gürcüstan dövləti yaranır. Azərbaycanın vəziyyəti isə belə idi ki, Bakıda bolşeviklər oturmuşdu və Bakı quberniyası onların nəzarəti altında idi. O zaman hərbi blokların hər ikisinin, həm Antantanın (Rusiya, İngiltərə, Fransa, ABŞ), həm də Almaniya-Türkiyə blokunun üzvləri arasında ermənilərə də dövlət yaratmaq barədə fikir formalaşmışdı. Elə bu baxımdan da Batum konfransının yekununda qərara alınır ki, kiçik də olsa, bir erməni ocağı yaradılsın. Bu ondan irəli gəlirdi ki, həmin dövlətlər suverenliklərini mühafizə etmək şərtiylə, ortaq və məhdud mənfəətlərinin təminatı üçün konfederasiya şəklində qurulsunlar. Onu da qeyd edək ki, Batum danışıqları zamanı Azərbaycan ərazisində dövlət yaratmaq, ermənilərə torpaq veriləcəyi halda, onların da Azərbaycan və Türkiyə qarşısında bir sıra öhdəlikləri vardı. Öhdəliklər bundan ibarət idi ki, ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi S.Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla, azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış “Sülh və dostluq” müqaviləsində təsbit olunurdu. Batum müqaviləsinin 6-ci maddəsinə əsasən, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürürdü. Ermənilərin qəbul etdikləri bu öhdəlik həm də müqaviləni tamamlayan III əlavədə təsbit olunurdu. Bunlara əsasən yeni yaradılan Ermənistan Respublikasında türk-müsəlman əhali bütün yuxarıda göstərilən sahələrdə ermənilərlə eyni hüquqa malik olmalı idi. Bir faktı da qeyd edək ki, İrəvan paytaxt kimi ermənilərə verilərkən səsvermədə Azərbaycan Milli Şurasının 44 deputatından 28-i iştirak edirdi. Onlardan yalnız 20-sinin səsi ilə İrəvanın paytaxt kimi ermənilərə verilməsi göstərilir. Beləliklə, Batum danışıqlarında yuxarıdakı məsələlərlə bağlı ilkin razılaşma əldə olunduqdan dərhal sonra mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan paytaxt kimi Ermənistana o şərtlə güzəşt edilir ki, ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsinə olan iddialarından əl çəksinlər. İstanbulda sülh konfransında iştirak etmək üçün 1918-ci ilin iyununda Azərbaycan hökuməti öz nümayəndə heyətini ora göndərir. Nümayəndə heyətinə Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi. Sonradan hökumət üzvü Əlimərdan bəy Topçubaşov da onlara qoşulur. İstanbul konfransında sərhəd məsələsi yenidən müzakirə mövzusuna çevrilir. Məlumdur ki, ermənilər İrəvanı paytaxt kimi əldə etdikdən sonra Dağlıq Qarabağa və ondan da geniş ərazilərə iddialarını davam etdirirlər. Hətta Fətəli xan Xoyski 1918-ci il iyulun 31-də İstanbulda olan nümayəndə heyətinin başçısı Məhəmməd Əmin Rəsulzadəyə göndərdiyi məktubunda yazır ki, əgər ermənilər Qarabağın dağlıq hissəsinə iddialarından əl çəkməsələr, onda biz İrəvan şəhərini onlara güzəştə getməkdən imtina edəcəyik. Lakin bildiyiniz kimi, cəbhədə vəziyyət dəyişir, xüsusilə 1918-ci ilin sentyabr-oktyabr aylarında “Dördlər ittifaqı”, yəni, Osmanlı dövləti və müttəfiqləri Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan döyüş cəbhələrində ağır məğlubiyyətlərə uğrayaraq geri çəkilirlər və cəbhədə üstünlük Antanta ölkələrinin tərəfinə keçir. Beləliklə, 1918-ci ilin noyabrında Almaniya təslim olur və müharibə ittifaq dövlətlərinin məğlubiyyəti ilə başa çatır. Nəticədə, Osmanlı imperiyası ilə Antanta dövlətləri arasında 1918-ci oktyabrın 30-da Mudros müqaviləsi bağlanır. Müqavilənin şərtlərinə görə, Osmanlı dövləti Birinci Dünya müharibəsi zamanı ələ keçirdiyi ərazilərdən geri çəkilməli olur, eyni zamanda, Brest və Batum müqavilələrindən imtina edir. Ondan sonra ermənilər də Batum müqaviləsində üzərlərinə götürdükləri öhdəliklərdən imtina edərək Azərbaycana qarşı ərazi iddialarını irəli sürməyə başlayırlar.Həmin dövrdə Bakıda və Azərbaycanın müxtəlif bölgələrində daşnak və bolşevik qüvvələri hökmranlığı tam əllərinə almışdı. Doğrudur, Azərbaycan Milli Şurası seymin tərkibindən çıxaraq müstəqilliyini elan edir, lakin mayın 28-dəki “Müstəqillik haqqında bəyannamədə” göstərilən ərazilərə nəzarət olunmurdu. Belə olan təqdirdə, Azərbaycanın yeni hökuməti Türkiyə hökumətinə müraciət edir. Azərbaycanda kütləvi qırğınların törədildiyini eşidən Türkiyənin müdafiə naziri Ənvər paşa kiçik qardaşı Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusunu Azərbaycana göndərir. Nuru paşanın qoşunları 1918-ci il iyunun əvvəllərində Gəncəyə gəlir. Bundan sonra, yəni, iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür. Sonrakı aparılan hərbi əməliyyatlarda türk komandanlığının böyük rolu olur. Çünki həmin dövrdə Azərbaycan milli ordusu yeni yaradılırdı və türk ordusunun köməyi olmadan iyun ayında çoxsaylı bolşevik-daşnak qoşunlarının Gəncə istiqamətindəki hücumunun qarşısını ala bilmək gücü yox idi. Və bundan sonra əks-hücuma keçərək, Kürdəmiri, Şamaxını və Bakını azad etmək mümkün olmazdı.Görülən tədbirlər nəticəsində, iyunun sonlarında başlanan döyüşlərdə bolşevik-daşnak qüvvələri darmadağın edilir və Qafqaz İslam Ordusu Bakıya tərəf hərəkət edərək 1918-ci ilin sentyabr ayının 15-də şəhərə daxil olur və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxta köçməsi üçün şərait yaradır. Şəhər daşnaklardan, eserlərdən və ingilislərdən təmizlənir, Bakı Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi paytaxtına çevrilir. Bununla da Azərbaycan təhlükədən xilas edilir və bütün ölkəyə nəzarət hökumətin sərəncamına verilir.Türklərin Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana köməyinin qarşısını almaq üçün rus bolşevik hökuməti Almaniya vasitəsi ilə Türkiyəyə təsir edir. Mudros sülhünə görə Qara Bəkir paşa Naxçıvandan çıxmalı olur. 1918-ci ilin 3 noyabrında Naxçıvan Araz-Türk respublikası yaradılır. Bununla razılaşmayan əks-qüvvələr 1919-cu ildə ingilislərin əli ilə Naxçıvanda Erməni qubernatorluğu yaradılır. Lakin yerli sakinlər tərəfindən bu qəbul edilmir və müqavimətlə qarşılanır. Naxçıvanı Cəfərqulu xan idarə edir.Bir faktı da qeyd edək ki, öz havadarlarından kömək almalarına baxmayaraq ermənilərə lazımınca müqavimət göstərilmişdir. 1919-cu ildə yenidən Vediyə hücuma keçərkən Abbasqulu bəy Şadlinskinin başçılığı altında azərbaycanlılar 200 erməni əsgərini, 10 zabitini məhv etmişlər. Dronun dördüncü dəfə basqını zamanı Şadlinskinin dəstəsi 1500 erməni əsgərini əlbəyaxa döyüşdə məğlubiyyətə uğratmışdı. Laçınlı Sultan bəy quldur Andronikin çoxminlik qoşununu Zabux dərəsində məhv etmişdi. 1919-cu ildə türk alimi Ziya Göyalp İstanbulda ingilislər tərəfindən tutulur. Məhkəmədə ondan soruşurlar: - Siz erməni qırğınına görə tutulmusunuz? Bu barədə nə deyə bilərsiniz? Z.Göyalp onların üzərinə qışqıraraq deyir: - Mənim məmləkətimə böhtan atmayın. Bizdə erməni qırğını olmayıb, erməni türk vuruşması olub. Ermənilər bizi arxadan vururdular, biz də qayıdıb cavablarını verirdik. Hətta ermənilər dəstək aldıqları ölkələr tərəfindən də qan tökən xalq olduqları üçün ifşa olunmuşlar. İngiltərənin xarici işlər naziri Kerzon 1920-ci ilin əvvəlində İngiltərə parlamentində erməni canilərini ifşa edərək bildirmişdi: “Mənə elə gəlir ki, siz erməniləri 8 yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız. Halbuki ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qan tökən bir xalq olduqlarını büsbütün isbat etmişlər”.Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlərinə əsasən, Bakıda 11 min nəfər türk-müsəlman öldürülmüşdür. FTK-nın üzvləri tərəfindən Şamaxı şəhəri və qəzası üzrə 7 cild 925 vərəqdən ibarət araşdırma materialları toplanmışdı. Komissiyanın sənədlərində məscidlərin, evlərin və mağazaların xarabalıqlarını, habelə insan cəsədlərini təsvir edən 45 fotoşəkil vardır. Bəzi kəndlərdə ölənlərin sayı belə verilmişdir: Nəvahidə 555 kişi, 260 qadın, 140 uşaq, Yəhyalıda 360 kişi, 412 qadın, 150 uşaq, Qubalıbaloğlanda 250 kişi, 150 qadın, 135 uşaq, Kalvada 250 kişi, 150 qadın, 100 uşaq, Ağsuda 200 kişi, 300 qadın, Tircanda 300 kişi, 40 qadın, 20 uşaq, Bağırlıda 80 kişi, 150 qadın, 140 uşaq və s.Qubada FTK 3 cilddən ibarət 451 vərəq material toplamışdır. Orada göstərilir ki, Qubaya gələn Amazasp hirsli halda və eyni zamanda, yerli əhalinin müqavimətindən ehtiyat edərək deyir: “Mən minlərlə türkün başını kəsən Ərzurum ermənisiyəm. 200-dən artıq türk kəndini xaraba qoymuşam, erməni xalqının mənafeyini müdafiə etmişəm. Bura da ona görə gəlmişəm. Əgər müqavimət göstərsəniz, hamınızı bir nəfər kimi qıracağam.” 5 ay ərzində Quba qəzasında üst-üstə 16 min insan məhv edilmişdi. Bu dövrdə təxminən qəzada 10-12 min ləzgi, 4 min azərbaycanlı və 3 min yəhudi həyatını itirmişdi. Quba məzarlığı bu deyilənlərin sübutudur. Ümumilikdə, cildlərlə toplanmış materiallarla birlikdə Paris konfransına 103 fotosənəd də göndərilmişdir. Fotolarda erməni uşaqları əllərində nizə qocaları nizələyir və xorla deyirlər: Bir-iki bizimki, bəs siz deyirdiniz, Bakı bizimki?!Nə yaxşı ki, təhqiqat komissiyasının topladığı materiallar əlimizdə idi, yoxsa bütün olanları elə bizim adımıza yazarmışlar. Necə ki, Xocalıda və başqa bölgələrimizdə etdikləri cinayətləri tərsinə dünyaya çatdırmaq istədikləri kimi. Bütün bunlar oradan qidalanırdı ki, Türkiyə ərazisində Van erməni dövlətinin yaradılmasına artıq icazə verilmişdi. Bismarkın Almaniyada hakimiyyətə gəlməsi və Berlin konqresindən sonra bu plan pozulmuşdu. Ermənilər yenə də əl çəkməyərək tarixi hiyləgərliklərini işə salmışdılar. Erməni katolikosunu Berlin konqresinə - Bismarkla görüşə göndərmişdilər. Keşişdən soruşurlar sən dil bilmirsən, Bismarkla nə dilində danışacaqsan? O deyir ki, dünyada bir dil var o da göz yaşlarıdır. Bu onların əməllərini ört-basdır etməyin və özlərini yazıq göstərməyin yoludur. Qırğınlardan sonra erməni keşişi əvvəlcə Tiflisə, sonra isə Bakıya gəlir. Qayıdarkən deyir: “Mən Bakıya bir batman dərdlə gəldim, amma oradan 10 batman dərdlə qayıdıram. Ona görə ki, Bakının türk-islam şəhəri olduğunu gördüm.”Təəssüflər olsun ki, bolşevik işğalından sonra bu faciə nəinki unuduldu, hətta ona vətəndaş müharibəsi damğası vuruldu. Əsl günahkarlar kimi milli qüvvələr təqsirləndirildi. Ermənilər öz bədnam niyyətlərini sonralar da davam etdirmişlər. 1920-ci il avqustun 10-da İrəvan şəhərində sovet Rusiyası ilə Ermənistan arasında müqavilə imzalanarkən Azərbaycanın milli dövlət mənafelərinə qəsdlər edilərək Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. İrəvandakı danışıqların protokolu tərəfləri gələcəkdə sülh müqaviləsini imzalamağa məcbur etdi. Bu sazişlə Ermənistan Qarabağdan imtina etməli, Zəngəzuru almalı idi, əslində, torpaqların Ermənistana verilməsi razılığını Lenin təsdiqləmiş, Stalin tərəfindən həyata keçirilmişdir. 1920-ci il noyabrın 4-də Stalin, Orjonikidze, Qabrelyan, Leqan, Ə.Qarayev və başqalarının iştirakı ilə keçirilən iclasda qəbul edilən qərar Azərbaycan torpaqlarının hərraca qoyulması demək idi. Hətta Lenindən sonra Stalinin “Mən Azərbaycan torpaqlarının müstəqilliyinin tərəfdarı deyiləm” - deməsi düşmən münasibətin təzahürü idi. Zəngəzurun ermənilərə verilməsi istiqamətində daha bir addım 1920-ci il dekabrın 1-də atıldı. “İ.V.Stalin Bakı Sovetinin 1 dekabrda qəbul etdiyi qərara münasibətini belə bildirmişdir. Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir, Zəngəzur, Naxçıvan və Dağlıq Qarabağın Sovet Ermənistanına verilməsini elan edir”. Göründüyü kimi, Azərbaycanı işğal etmək üçün XI Qızıl Ordunu A.Mikoyan dəvət etmişdirsə, bundan sonra onun torpaqlarını siyasi hərraca qoyan İ.Stalin olmuşdur. N.Nərimanov Leninə yazdığı məktubda “Azərbaycanın tamamilə mübahisəsiz ərazilərinin Ermənistana güzəştə gedilməsi mümkün olmayan səhvdir” - deyə etiraz etmişdir. Ermənistan Zəngəzurun ələ keçirilməsini asanlaşdırmaq və sürətləndirmək üçün onun bir hissəsində Kürdüstan qəzası yaratmaq iddiasını irəli sürmüşdür. Əslində, əsas məqsəd Azərbaycanı parçalamaq, Rusiyanın mövqeyini möhkəmlətmək və işğalı asanlaşdırmaq idi. 1921-ci il yanvarın 12-də Az. KP MK siyasi və təşkilat bürolarının iclasında Zəngəzurun müsəlman hissəsinin inzibati cəhətdən təşkili haqqında qərar çıxarıldı. Uzun müzakirədən sonra Zəngəzurun könüllü inzibati sərhədlərdə saxlanması irəli sürüldü. Bu ərazi ilə bağlı qeyri-müəyyənlik 1927-ci ilə qədər davam etdi. Sonralar ermənilər bir sıra əraziləri də ələ keçirdilər. Belə ki, Zaqafqaziya MİK Rəyasət Heyətinin 1927-ci il 1 yanvar tarixli iclasında Mehri-Cəbrayıl qəzasında 24 kəndin, 1927-ci ilin 20 iyun tarixli iclasında isə Zəngəzur-Kürdüstan qəzasının 1.065 desyatin ərazisinin bu və ya digər qəzalara aid edilməsi məsələləri müzakirə edildi. 1929-cu il fevralın 18-də Saakyanın sədrliyi, D.Bünyatzadə, M.Bağırov və S.Yaqubovun iştirakı ilə keçirilən iclasda Mehridə erməni rayonu yaratmaq adı altında Zəngilan rayonunun Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verildi. 1938-1939-cu illərdə isə Nüvədi Ernəzirə, Tuğut isə Astazura birləşdirildi. Beləliklə, Zəngəzurun cənub-qərb hissəsindəki torpaqlar da ermənilərə bağışlandı. Mehri rayonunun təşkili ilə Azərbaycanın tərkib hissəsi olan Naxçıvan ayrı salındı. Qars müqaviləsinə məhəl qoyulmayaraq Zaqafqaziya Sovetləri MİK Rəyasət Heyətinin 1929-cu il 18 fevral tarixli qərarı ilə Naxçıvanın 657 kvadratkilometr sahəsi Ermənistana verildi. Bu orqanın 5 mart 1938-ci il tarixli qərarına əsasən isə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı bəzi ərazilər də Ermənistana birləşdirildi. Sonralar ermənilərin patriarx-katolikosu Stalinə məktub yazaraq dünya ermənilərinin sovet Ermənistanına gəlmək istədiklərini bildirmişdir. Stalin bu məktubun üzərinə 1945-ci il aprelin 19-da öz dəst-xətti ilə yazmışdır: “Razıyam. SSRİ XKS sədri Stalin”. Ermənilər bundan şirniklənmişdilər. Ermənistan KP MK-nın birinci katibi Arutyunov məktubla Stalinə müraciətində Qarabağın da Ermənistana verilməsini xahiş edir. Lakin M.C.Bağırovun əzəli Azərbaycan torpağı olan Borçalı, Göyçə, Dərbəndin Azərbaycana verilməsi məsələsini qaldırması bu fikri arxa plana salır. Bunu görən ermənilər azərbaycanlıların deportasiya edilməsi üzərində dayanırlar. 1947-ci il dekabrın 23-də ermənilər Stalinin imzası ilə qanun çıxarılmasına nail olurlar. 1948-ci il martın 10-da isə bu qanuna əlavə edilir. Beləliklə, 1948-ci ildə 10.000, 1949-ci ildə 40.000, 1950-ci ildə 50.000 nəfər azərbaycanlı “könüllü” olaraq Kür-Araz ovalığına köçürülür. 70 illik sovet rejimi bizi gerçək tariximizdən uzaq saldı. Hətta genosid qurbanı olmuş soydaşlarımızın uyuduğu qəbiristanlığın üstünü betonlayaraq üzərində Kirovun heykəlini qurdular, ətrafda isə istirahət parkı saldılar. 1980-ci illərin ortalarından etibarən Mixail Qorbaçovun bədnam yenidənqurma siyasəti başladı. Həmin siyasət Azərbaycana qan-qada gətirdi. Millətçilik toxumu yenidən cücərdi. Ermənilər bundan istifadə etdilər - Dağlıq Qarabağ problemini ortaya atdılar. 1988-ci ildən başlayaraq azərbaycanlılar Ermənistandan - ata-baba torpaqlarından qovuldular. Üstəlik, Qarabağdan və ətraf 7 rayondan da didərgin salındılar. Törədilən cinayətlər bir daha göstərir ki, tariximizin ən faciəli səhifəsi olan bu təcavüzdə ermənilər təkcə insanlığa qarşı deyil, Azərbaycan mədəniyyətinə, incəsənətinə və elminə qarşı da soyqırımı siyasəti aparıblar."Azərbaycan" qəzeti, 01 aprel, 2018-ci il, səh. 15.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.