AzTU-da 31 Mart Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib Təhsil » AzTU 31 марта 2017 2017-ci il Martın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım mərasimi keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.ZiM.Az bildirir ki, toplantını AzTU-nun rektor əvəzi Xalıq Yahudov açaraq qeyd edib ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcək. Xalıq Yahudov bildirib ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmayıb. Yalnız müstəqillik dövründə, yəni 1998-ci il martın 26-da Azərbaycanın ümummilli lideri Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib.Universitetin "İctimai fənlər" kafedrasının müdiri, professor Şikar Qasımov və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Akif Cahangirov tarixi faktlarla çıxış edərək bildiriblər ki, XX əsrin əvvəllərində ermənilər ilk dəfə Azərbaycanın tarixi torpaqlarında yerli əhalini sıxışdırıb çıxarmağa başlayıblar. Bu məqsədlə ermənilərin Azərbaycanda fəaliyyət göstərən terror təşkilatları 1905-ci ildə Bakıda, İrəvanda, Zəngəzurda, Qarabağda və digər yerlərdə kütləvi qırğınlar törədiblər. 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam edib. Bu qırğınlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb. Təkcə Qarabağ və Zəngəzurda iki yüzdən artıq kənd yandırılaraq məhv edilib. Ermənilərin azərbaycanlılara qarşı soyqırımı sonrakı illərdə də davam edib və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnaq erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı cinayətini törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.Sonda “Radiotexnika və rabitə” fakültəsinin tələbəsi, THİK-nin fəal üzvü Elnarə Əkbərzadə tələbələr adından çıxış edərək vurğulayıb ki, “indi biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaqdan, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir. Bu qırğın xalqımızın tarixindən silinməyəcək.”Daha sonra mərasim iştirakçıları universitetin kitabxanasında təşkil olunan 31 Mart soyqırımı qurbanlarına həsr olunmuş foto-stendlə tanış olublar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.