AzTU-da Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələri ilə tələbələrin görüşü keçirilib Təhsil » AzTU 3 марта 2017 2017-ci il martın 3-də Azərbaycan Texniki Universitetində Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin nümayəndələrinin qeydiyyatdan keçən tələbələrlə görüşü keçirilib.Tədbirdə AzTU-nun prorektoru İsa Xəlilov Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının açılış-bağlanış mərasimlərində iştiraklarına görə qeydiyyatdan keçən tələbələrə universitetin rektor əvəzi Xalıq Yahudovun təşəkkürünü çatdırıb. Prorektor bildirib ki, seçilmiş bu gənclər ölkəmizin güzgüsü olacaq və Bakı şəhərinə gələn qonaqlar üçün fərqli bir mühitin yaradılmasına kömək edəcəklər. AzTU-nun 420-dən çox tələbəsi könüllü olaraq qeydiyyatdan keçib. Ölkəmizi təmsil edən bu tələbələr martın 7-dən açılış və bağlanış mərasimlərində iştirak etmək üçün təlimlərə başlayacaqlar. Çıxışının sonunda prorektor seçilmiş tələbələrə təlimlərdə iştiraklarına məsuliyyətlə yanaşmalarını tövsiyə edib.Qeyd edək ki, belə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi zamanı qonaqların qəbul olunması, idman sahəsində işlərin görülməsi və fəxri qonaqlara köməklik göstərilməsi kimi müxtəlif vəzifələri icra etmək üçün səmimi, mehriban könüllü tələbələrə ehtiyac var. Bu məqsədlə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan “Bir tələbə könüllü” proqramına Azərbaycanın ən layiqli gəncləri toplanaraq ölkəmizi təmsil edirlər.Respublika üzrə “Bir tələbə könüllü” proqramının nümayəndələri sonda çıxış edərək ötən illərin genişmiqyaslı tədbirlərində AzTU tələbələrinin uğurlu iştiraklarına görə universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib və həmin tələbələrə Təhsil Nazirliyi tərəfindən sertifikatlar təqdim ediblər.Tədbirdə Azərbaycan Texniki Universiteti Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin direktoru Vüqar Əliyev 2017 İslam Həmrəylik Oyunlarının AzTU üzrə məsul nümayəndəsi kimi könüllülərə təqdim olunub.Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.