Azərbaycan Texniki Universitetində Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib Təhsil, AzTU 1 апреля 2015 Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizlənmə hər il 31 Mart günü Azərbaycan xalqı tərəfindən xatırlanır. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri qanlı faciələrin ən dəhşətlisi 31 mart 1918-ci il tarixində törədilən soyqırımı hadisələridir. Həmin gündə təkcə Bakıda 12 min, ətraf kəndlərdə isə 30 minə yaxın azərbaycanlı xüsusu qəddarlıqla öldürülmüşdür.Martın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib. Tədbir soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlanıb. Toplantını AzTU-nun rektoru, professor Havar Məmmədov açaraq qeyd etmişdir ki, son iki əsrdə xalqımıza qarşı törədilmiş qanlı cinayətlərlə dolu hadisələr soydaşlarımızın xatirəsindən heç vaxt silinməyəcəkdir. Rektor bildirmişdir ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, törədilmiş faciələrə obyektiv qiymət vermək mümkün olmamışdır.Yalnız müstəqillik dövründə, yəni 1998-ci il martın 26-da Azərbaycan prezidenti ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbayacanlıların Soyqırımı Günü elan edilmiş və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilmişdir.Professor Havar Məmmədov bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlar, vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və onun ətraflarında minlərlə dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib.Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini vurğulayan H.Məmmədov 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd edib.Digər çıxış edənlər də ermənilərin zaman-zaman xalqımıza qarşı törədikləri dəhşətli hadisələrdən danışıblar.Universitetin tarix kafedrasının müdiri, professor Şikar Qasımov çıxış etmiş və tarixi faktları söyləyərək bildirmişdir ki, 1905-ci ilin fevralında Bakıda başlayan qırğınlar 1906-cı ilə qədər davam etmişdir.Ermənilərin azərbaycanlılara qarşı soyqırımı sonrakı illərdə də davam etmiş və 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnaq erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırım cinayətlərini törətmişlər.“Avtomatika və kompyuter texnikası” fakültəsinin ikinci kurs tələbəsi Nərmin Əsgərzadə tələbələr adından çıxış edərək bildirmişdir ki,indi biz gənclərin vəzifəsi xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ibarətdir.Bu qırğın xalqımızın tarixindən silinməyəcək. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.