Şəhid ELŞƏN MƏMMƏDOV (1992-2015) ŞƏHİDLƏRİMİZ, Qarabağ, Bolus, UNUTSAQ, UNUDULARIQ!.... 11 февраля 2019 Azərbaycan torpaqlarının bütövlüyü naminə qəhrəmanlıqla döyüşən, canlarını belə qurban verməkdən çəkinməyən, ULİ BORÇALImızın ŞƏHİDLİK ZİRVƏSİnə şərəflə yüksələn onlarla, yüzlərlə İGİD ÖVLADLARIndan biri də Məmmədov Elşən Vaqif oğludur. O, 3 iyul 1992-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolinisi rayonunda doğulub. Bakı şəhərindəki 115 saylı orta məktəbi bitirib. 2010-cu ildə 659 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) Kommersiya fakültəsinə daxil olub. 2014-cü ildə ali təhsilini başa vurub hərbi xidmətə yollanıb. 25 sentyabr 2015-ci ildə cəbhənin Tərtər rayonu ərazisində qoşunların təmas xəttində döyüş növbətçiliyinə çıxan Elşən Məmmədov posta çıxdıqdan bir neçə dəqiqə sonra düşmənin Azərbaycan mövqelərinə basqın etməyə cəhd göstərməsi nəticəsində düşmən gülləsinə tuş gəlib və qəhrəmancasına şəhid olub. Şəhid olarkən Elşənin hərbi xidmətini başa vurmasına cəmi 5-cə günü qalmışdı.Elşən Məmmədov 2015-ci il sentyabrın 29-da Gürcüstanın Bolnisi rayonundakı Zol Göyəc kənd qəbiristanlığında dəfn olunub.Dəfn mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, ziyalılar, jurnalistlər və kənd sakinləri iştirak ediblər. Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşesi, polkovnik Xəzər Abbasov Azərbaycan Müdafiə Nazirliyi adından başsağlığı verib.Din xadimləri şəhid Elşən Məmmədovun ruhuna “Quran” ayələri və dualar oxuyublar.Şəhidin atası, Bolnisinin Zol-Güvəc kəndində yaşayan Vaqif Məmmədov ZiM.Az-a açıqlamasında oğlunun əsgəri xidməti başa vurmasına cəmi 5-cə gün qaldığını bildirib: “Elşən 659 balla daxil olduğu Azərbaycan Dövlət İqtisad Universitetini keçən il bitirmişdi. Əsgəri xidmətə yola düşəndə anasına demişdi ki, bu yolda ölüm-itim var, şəhid olmaq var. Xidmət etdiyi hissənin komandirləri ondan həmişə razı idilər. Mən dəfələrlə Elşənin görüşünə getmişdim. Qurban bayramı günlərində mənə zəng vurub bayramımızı da təbrik etmişdi. Sentyabrın 25-də isə zəngi gəldi və dedilər ki, oğlunuz şəhid olub. Allah cəmi şəhidlərə rəhmət eləsin, Vətən sağ olsun".Amin!..Ruhun şad olsun, igid qardaşımız Elşən Məmmədov!.. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.