Həkim ŞAMİL ƏLİYEV (1936) Səhiyyə, Başkeçid, Darvaz 3 февраля 2016 672 ELİMİN-OBAMIN DƏYƏRLİ ZİYALISI, TANINMIŞ HƏKİM ŞAMİL ƏLİYEV ÖMRÜNÜN 80-ci ilini ŞƏRƏFLƏ YAŞAYIR... GÜN O GÜN OLSUN Kİ, ONU 100 İLLLİK YUBİLEYİNDƏ TƏBRİK EDƏK...Müşfiq BORÇALI.ŞAMİL ƏLİYEV(1936)Yay fəsli yenicə başlamışdır. Səhər həyətə çıxıb təbiətə nəzər saldıqda, istər-istəməz ilk növbədə, insanın gözü kəndin Güneyindəki - öndəki qalın meşələrlə örtülü olan Koxa Alının qoruğu, Qoşa armudlar, Tək palıd, Ətəkli alma, Qatar zoğallar, Yumuru qaya; kəndin şərqində düzənliklər, əkin sahələri, Qayıtmazlı, Qaraağacın düzü; Qərb tərəfdən isə, başı göylərə ucalan Şindi dağı, Böyük qaya, Boyalı kilsənin şişi (qədim Alban kilsəsi), onun Quzeyində Karxana və Gədələr qırılan qaya; kəndin arxa tərəfində - Quzeyində isə Ağbaba dağı, Gilli bulaq, Yəhər yal göz önündə canlanır...5 iyun 1936-cı il... Elə təbiətin bu gözəl çağında, hər yerdə olduğu kimi, Ulu Borçalımızın qədim tarixə malik olan adlı-sanlı ağır elli Darvaz kəndində də həyatın qaynayıb-daşdığı günlərin birində, Günəşin parlaq şəfəqi ətrafa yayıldığı sübh çağı el-obaya şad bir xəbər yayıldı... Dedilər ki, kəndin ən böyük nəsillərindən biri olan Mehdiöyğndə dünyaya bir körpə oğlan uşağı gəlib... Bu xəbər hamının - bütün nəslin sevincinə səbəb oldu. Lakin hamıdan çox körpənin anası Simi xanım da, atası Həsən kişi də (onların hər ikisi xalam uşaqlarıdır), nənə-babaları da, qohum-qonşular da, el-oba da, bütün kənd əhli də sevindi... Sanki xalq ovsunlamış kimi körpə uşağın gələcəyini qabaqcadan görürlərmiş...Körpə uşağın qığıltı səsi, sanki, ailədə bir musiqi səsini andırırdı. Aradan bir neçə gün keçmişdi. Qohum-qonşuya sevindirici yeni bir xəbər yayıldı ki, Mehdiöyünün körpə uşağına "Şamil" adı qoyublar. Uşağa bu adın qoyulmasını kim təklif edibsə, onu bilmirəm. Amma həmin adam da, ailə də bu körpə uşağa "Şamil" adının qoyulmasında yanılmayıblar... Elə buradaca, xalqımızın yaratdığı bir kəlam yadıma düşdü: "Elin gözü tərəzidir"... Bu "tərəzi" isə hər şeyi düz çəkir... Bəlkə, körpəyə ad qoyulması zamanı ailədə "Yüz ölçüb, bir biçmişlər" - buna görə də körpə uşağa "Şamil" adını qoymuşlar...Yeri gəlmişkən, elə buradaca, "Şamil" adının mənasını qeyd etmək də maraqlı olardı. "Şamil" sözü ərəb dilində "çatan, yetişən; əhatə edən, aid olan, ümumi" mənalarını bildirir. Başqa sözlə desək, "Şamil" sözünün ümumilikdə mənası “məqsədinə və arzusuna çatan; həyatın enişli-yoxuşlu yolları ilə asta-asta addımlayaraq qarşısına qoyduğu mənzil başına yetişən: insanın həyatda yaşaması üçün zəruri olan hər şeyə-insanlıq etikasına, əxlaqına və cəmiyyətdə davranış qaydalarına tam mənası ilə nail olan; insan həyatının ən başlıca sahəsi olan əməksevərlik və işgüzarlığa qürurla yanaşan; həmçinin, insanlıq əhatəsində sadəlik, səmimilik, mehribanlıq, təvazökarlıq anlayışlarına sadiq olan; hamı ilə - özündən böyüklə də, kiçiklə də səmimi davranan; insanlıq müqəddəs sayılan həqiqət, düzlük, obyektivlik, ədalətlilik devizi ilə yaşayan" mənalarını ifadə edir...Şamil Həsən oğlu Əliyev 5 iyun 1936-cı ildə qədim Borçalının Bağ bölgəsinin Bolulus nahiyəsinin (indiki Bolnisi rayonunun) Darvaz kəndində dünyaya göz açmışdır. Günlər, həftələr, aylar, illər bir-birini əvəz etmiş... Nəhayət, Şamil böyümüş, yeddi yaşına çatmış, 1943-ü ilin 1 sentyabrında bütün məktəblilər kimi çantasını götürüb məktəbə yollanmışdır... İlk dərslər başlanmış... Şamil, artıq, birinci sinif şagirdi olmuş... Günlər, həftələr bir-birini əvəz etmiş... Şamil sinifdə sakit təbiəti, müəllimini diqqətlə dinləməsi, müəlliminin hər bir tapşırığına "Bəli", "Xeyr" sözləri ilə cavab verməsi, hər gün dərslərə hazır gəlməsi diqqətdən yayınmır. Müəlliminin jurnalda hər gün "Əla" qiymət yazması Şamili daha da ruhlandırır... O, hər şeyi öyrənməyə çalışır... Beləcə də, Şamil məktəbdə həm müəllimlərinin, həm də sinif yoldaşlarının sevimli dostu oldu...İllər ötüb keçdi, Şamil Həsən oğlu 1954-cü ildə doğma Darvaz kənd orta məktəbini "Əla" qiymətlərlə bitirdi... O, ilk dəfə Azərbaycana-Bakıya gəlib, ali təhsil almaq üçün sənədlərini Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna verdi... Bütün abituriyentlər kimi Şamilin də intizarlı və sevincli günləri başlandı... Nəhayət, isti avqust günləri... Şamil hər iki gündən bir qəbul imtahanı verir - "Əla" qiymətlər, sanki, bir-birinin arxasınca növbəyə düzülür... Şamil Azərbaycan Tibb İnstitutunun müalicə işi fakültəsinə qəbul olunur... Ali məktəb tələbəsi olur...1954-cü ilin ilk sentyabr gününü Şamil də sevinclə, həm də intizarla gözləyir. Nəhayət, 1 sentyabr günü bütün tələbələr kimi, Şamil də tələbə kimi dərsə gedir... İlk zəng çalınır, tələbə yoldaşları kimi, o, da sinifə daxil olub, birinci partada özünə yer tutur... Şamilin həyatında yeni həyat, yeni sevincli günlər başlanır, onun qəlbində yeni məqsəd və yeni arzular baş qaldırır... İlk məqsədi ali məktəbi "əla" qiymətlərlə bitirmək, tibb elminin sirlərinə dərindən bələd olmaq, əsl mənada, həkim olmaq olur... Semestrlər - imtahanlar, ilbəil, dalbadal elə sürətlə gəlib-keçir ki, Şamil bir də gözünü açıb həyata boylanır ki, o, artıq, həkimdir. Onu da qeyd edək ki, Şamil kəndimizdən olan ilk həkim idi... 1960-cı ilin isti yay günlərinin birində Şamil həkim kimi, doğma Darvaz kəndinə qayıtdı. Bu xəbər yalnız Şamilin özünü və ya qohumlarını yox, bütün kənd əhlini, hətta, qonşu kəndlərin (o vaxtlar Darvaz kənd sovetliyində 5 kənd birləşdirilmişdir) əhalisinin də sevincinə səbəb oldu... Beləcə də, Şamil həkimlik peşəsinə öz doğma kəndlərində başladı. Bu başlanğıc həm Şamil həkim üçün, həm də xalq üçün böyük bir sevincə çevrildi...Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Şamil həkim elə ilk gündən xəstələri qəbul edir, onları müayinə edərək, ali məktəbdə öyrəndiyi nəzəri biliklərini təcrübədə tətbiq etməyi, tibbi metodikanı, mənəvi-psixoloji müalicəni, xəstələrə həkim kimi yanaşma münasibətləri barədə müəllimlərindən öyrəndiklərini göz önünə gətirir və öz həkimlik təcrübəsində tətbiq edir... Bu da, Şamil həkimin həm həkim kimi, həm də vətəndaş - layiqli, incə qəlbli insan kimi nüfuzunun el arasında gündən-günə artmasına səbəb oldu... Az bir müddət ərzində Şamilin həkim kimi, səsi-sorağı doğma kənddən qonşu kəndlərə, sonra isə rayonun və Borçalı bölgəsinin kəndlərinə, hətta, qonşu Qərbi Azərbaycanın (indiki Ermənistanın) yaxın rayonlarına da yayıldı... Şamil həkim ixtisasını daha da artırmaq və təkmilləşmək məqsədilə Tiflis şəhərində Tibbi İnternaturanı bitirdi... 1965-ci ildə Şamil həkimi Borçalının Dağ bölgəsinin ən gözəl güşəsi olan Başkeçid (indiki Dmanisi) rayonunun Xəstəxanasına Terapiya şöbəsinə müdir-həkim təyin etdilər... Şamil həkim indi də Başkeçid (Dmanisi) rayonunun Xəstəxanasında şərəflə işləməkdədir... Şamil həkim peşəkar, təcrübəli həkim kimi də Gürcüstanın tanınmış həkim-alimləri arasında da böyük nüfuz qazanmışdır. Onun xalq qarşısındakı tibbi xidmətləri Gürcüstan dövləti tərəfindən də layiqli qiymətləndirilmişdir. O, "Səhiyyə əlaçısı"dır. Onlarla "Fəxri Fərman"lara layiq görülüb, fəal ictimaiyyətçidir... Eyni zamanda Dmanisi Bələdiyyəsinin səhiyyə komissiyasının sədridir... Şamil həkim həm də gözəl ailə başçısı, qayğıkeş ata və sevimli babadır. 3 oğlu var. Oğlanları Fuad və Farmiz həkimdirlər, atalarının sənət yolunu şərəflə davam etdirirlər. Nəhayət, Şamil həkimi anadan olmasının 75 illik Yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!.. “Şərqin səsi” qəzeti, iyun, 2011.Müşfiq BORÇALI. “Borçalı Ensiklopediyası”, IV cild, B., 2002, səh.70.(Bax: Müşfiq BORÇALI. "Sazlı-Sözlü Başkeçid", III cild, Bakı, 2015, səh.334-337).. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.