
Adını Kubra qoyub, “Qismətini Allah versin!” - deyirlər.
Kubra böyüyür və böyüdükcə öz müşahidəçilik qabiliyyəti, nənəsi Sehran müəllimənin əbədiyyata olan marağı sayəsində olub keçənləri yazıya çevirib dünyaya baxışlarını hekayələrdə ifadə etməyə ehtiyacı olduğunu hiss edir.
Beləcə başlanır kiçik Kubranın hekayə dünyası.
O ətrafında olanları qələmə alıb kiçik hekayələr yazmağa başlayır.
Onun düşüncələri bəzən kövrək hislərə, bəzən möhkəm qəzəbə, bəzən də mübariz bir qəhrəmana çevrilib onun yaradıcı dünyasını formalaşdırır.
Nənəsinin xatirələri, atasının Vətən müharibəsində iştirakı və qəhrəmanlıqları Kubranın duyğu dünyasının nağılına çevrilir.
Və bu kiçik qız nağıllı və eyni zamanda da ağıllı dünyasının hekayələrini yazmağa başlayır.
Və günü-gündən öz düşüncələrini daha dolğun şəkildə ifadə etməyə çalışır.



Kubranın hekayələri dövrü mətbuatda, antologiyalarda mütəmadi çap olunur.
Ona bu işdə dəstək olan nənəsi, “Nur ocağı” ədəbi-bədii məclisinin yaradıcısı və rəhbəri Sehran Süleymanova anasının adını daşıyan nəvəsinin uğurlarına daim sevinir və onu gələcəkdə daha yüksək zirvələrdə görmək arzusundadır.

Yeri gəlmişkən, Müşfiq müəllimə yaradıcı insanlara yaşından, mövqeyindən asılı olmayaraq hər zaman diqqət və qayğı göstərdiyinə görə öz dərin təşəkkürümüzü bildiririk.
Vətənimizin köksündə boy atan kiçik, zərif bir çiçəkdir Kubra.
Özündə tarix yaşadan və tarix yaşadanların zamanında boy atan bu balaca qızımıza duyğu və düşüncələrini ruhunun dili və qəlbinin sevgisi ilə qələmə alıb oxucularına çatdıra bilməsi istiqamətində müvəffəqiyyətlər arzu edirəm.

Köksündə döyünən ürəyin və səni sabahkı uğurlara səsləyən düşüncələrin heç vaxt susmasın.
Yaz, yarat! Daha böyük uğurlara imza at!
Və sonda Kubranı doğum günü münasibətilə ürəkdən təbrik edir və ona nənəsinin diliylə ünvanladığım şeirimi təqdim edirəm:
KUBRAMA SEVGİLƏRLƏ
Gözəl qızım, mələyim,
Saf arzum, xoş diləyim.
O şirin baxışına necə,
Qurban deməyim?
Sən anamın adaşı,
Sən könlümün sirdaşı.
Sənə olan dəyəri,
Hər an qürurla, daşı!
Kubram, qəlbin şad olsun,
Kədər sənə yad olsun.
Sevincin aşsın, daşsın,
Qoy, könlün abad olsun.
RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
"NUR OCAĞI" Ədəbi Məclisinin mətbuat katibi,
“Zirvə” və “Zəfər” mükafatlarıı laureatı
ZiM.Az