HALAY YUSUBOV (1936-2017) "XXI əsrin Ziyalıları", Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 9 октября 2024 373 0 1 2 3 4 5 Yusubov Halay İsmayıl oğlu - 1936-cı il mayın 10-da qədim Borçalı mahalının Başkeçid elində, indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Səfərli kəndində anadan olmuşdur. Səfərli kənd 8 illik məktəbini bitirmişdir. 18 yaşına çatanda əsgərliyə getmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, 1956-cı ildə Qızıl-Kilsə kənd orta məktəbində təhsilini davam etdirmiş, kamal attestatı almışdır. Halay İsmayıl oğlu, daha sonra Bakı şəhərində 1 nömrəli texniki peşə məktəbində çilingər ixtisasına yiyələnmiş, çilingər işləyə-işləyə əvvəlcə Bakı Neft Texnikumunun qiyabi şöbəsində təhsil alaraq, əvvəlcə texnik-texnoloq, daha sonra isə inşaatçı-mühəndis ixtisasına yiyələnmişdir.İxtisası üzrə müxtəlif şəhərlərdə, müxtəlif vəzifələrdə çalışmışdır. Qərib ellər könlünə yatmadığı üçün yenidən doğma kəndinə qayıtmış, Dmanisinin Birləşmiş Vake sovxozunda işə başlamış, sonra isə Hamamlı sovxozunda inşaat üzrə mühəndis işləmişdir. Şəhər-şəhər, el-el dünyanı gəzib, dolanan Halay Yu-subov təqaüdçü olandan sonra özü üçün rahat həyat yaşamağa başlamışdır. Halay əfəndi həm də gözəl ailə başçısı olmuşdur. Ömür-gün yoldaşı Qumaş xanımla birlikdə beş övlad böyüdüb boya-başa çatdırmışdır: Oğlanları - Cavan Halay oğlu - (Bakı İnşaat İnstitutunu bitirib), Sabit Halay oğlu, Sakit Halay oğlu, Şaiq Halay oğlu - özəl sektorda çalışırlar, qızları Günəş Halay qızı isə evdar xanımdır.Rahatlıq içində ömür sürən 70 yaşlı qocaman mühəndis Yusubov Halay ömrünün müdriklik çağında dəyərli, qiymətli bir işin ağır məsuliyyətini özünə borc bilmiş, dünya ölkələrində özünə yurd-yuva quran qohum-əqrabasının qərib ellərdə dünyaya gələn, böyüyən gəncləri üçün öz Ağacanlı nəslinin, kökünün kimliklərini onlara tanıtmaq üçün əlinə qələm almışdır.Halay Yusubov mühəndis olsa da qarşısına qoyduğu hədəfi özəlliklə həyata keçirə bilmişdir. Nəslinin gəncləri üçün həqiqətən qiymətli bir kitab yazmışdır. Yorulmadan, Ağır elli Sadaxlıdan belə gəzib, dolanıb məlumatlar toplamışdır. Ürəklə başladığı bu işi müvəffəqiyyətlə başa çatdıra bilmişdir. Nəsil və kökünün kimliyini möhtəşəm səviyyədə nəsil arxivi formatında tarixləşdirmişdir. Müxtəlif illərdə olmuş əhvalatları da öz duyğuları əsasında yazıb araya-ərsəyə gətirdiyi dəyərli kitabını "Yadımda qalan illərin izləri, Əsil və Nəsillər" adlandırmışdır.P.S.: Halay əmimin qoca vaxtında yazdığı kitaba, bu yolda çəkdiyi əməyə, zəhmətə çox böyük qiymət verərək, ağır bir məqsədin öhdəsindən gəldiyi üçün ona dərin-dərin təşəkkür edirik. Hesab edirik ki, yazdığı kitab onun ən gözəl ehsanı oldu. Halay əmi bu kitabın II hissəsini də yazmağa başlamışdı. Həmin ərəfədə xəstəliyi şiddətlənmişdi, amma yenə də yazırdı. Lakin təəssüflər olsun ki, amansız ölüm imkan vermədi. Halay əmi ikinci kitabını yekunlaşdırana qədər 2017-ci ilin mart ayında dünyasını dəyişdi. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Amin.Sevgül SƏFƏRLİ,“Borçalı” qəzetininBaş redaktor müavini,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.