FAXRALI KƏNDİ - 3

FAXRALI KƏNDİNİN ALİMLƏRİ:

ELMLƏR NAMİZƏDLƏR:



FAXRALI KƏNDİ - 3 PƏNAH MAHMUDOV

Pənah Hüseyn oğlu Mahmudov 1919-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Bolus nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. İlk təhsilini 1927-ci ildə Faxralı yeddiillik məktəbində almışdır. 1934-cü ildə məktəbi bitirib Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuşdur. Texnikumu 1937-ci ildə bitirib müəllimliyə başlamışdır. Borçalının Baydar, Qasımlı, Aşağı Saral kənd məktəblərində dərs hissə müdiri, məktəb direktoru vəzifələrində çalışmışdır. 1944-cü ildə rayonun partiya komitəsinə işə qəbul olunan gənc Pənah Mahmudov 1947-ci ildə Tiflisdəki ikiillik partiya məktəbinə göndərilmişdir. Partiya məktəbini bitirdikdən sonra o, 1949-cu ildə Marneuli rayonunun maarif şö’bəsinə müdir tə’yin edilmişdir. 1951-ci ildə ali təhsil almaq məqsədilə Bakıya gələn Pənah Mahmudov rayondakı maarif işindən ayrılmış, Azərbaycan Dövlət Universitetinin fəlsəfə bölməsinə daxil olmuşdur. ADU-nu bitirib fəlsəfə kafedrasında saxlanılmış, kafedrada laborant, müəllim işləməklə yanaşı, din sahəsində araşdırmalar aparmışdır. 1964-cü ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Pənah Mahmudovun "Elm dini mö’cüzələri rədd edir" adlı kitabı nəşr olunmuşdur. Onun "Marksist Ateizm və humanizm", "Kommunist tərbiyəsində ateizm təbliğatı", "Elmi ateizm üzrə ixtisasa giriş" (metodik göstəriş), "Dini mö’cüzələr varmı?" kitabları da çap olunmuşdur. Bu tədqiqatlarda dinin elmi şərhi sahəsindəki səmərəli ideya xətti əsas olmuşdur. Bütün bu müddət ərzində Pənah Mahmudov pedaqoji fəaliyyətini də gücləndirib dosent elmi dərəcəsini qazanmışdır. Pənah Mahmudovun son tədqiqatı fəlsəfə alimləri Mikayıl Məmmədov və Maqsud Cəlilovla birgə yazdıqları "Cəmiyyət, din və ateizm" kitabıdır. Pedaqoq alimin tədqiqatçılıq fəaliyyətinin bir qismi elmi məqalələr şəklində ifadə edilmiş, yüzdən çox elmi məqalə yazmışdır. Respublikada və keçmiş ittifaq miqyasında elmi konfranslarda, simpoziumlarda məruzələrlə çıxış etmişdir. Pənah Mahmudov xalqımızın folklor yaradıcılığına xüsusi maraq göstərən ziyalılarımızdan olmuşdur. Xüsusilə Borçalının saz, söz ustadları Aşıq Əmrahın, Aşıq Kamandarın sənəti barədə məqalələr yazaraq onların Azərbaycanda tanınmasına kömək etmişdir. Pənah Mahmudov 2000-ci ilin oktyab ayında Bakıda vəfat etmişdir.


FAXRALI KƏNDİ - 3MÜRSƏL BUDAQOV

Mürsəl Qərib oğlu Budaqov 1920-ci ildə Bolnisi rayonundakı Faxralı kəndində kəndli ailəsində anadan olmuşdur. Doğma kəndində natamam orta təhsil aldıqdan sonra, Borçalı Türk Pedaqoji məktəbinə daxil olmuş və 1940-cı ildə həmin məktəbi bitirmiş və cəmi bir il Faxralı kəndindəki Şahbuz ibtidai məktəbində müəllim işləmişdir. 1941-ci ildə müharibəyə səfərbər olunmuşdur. 1943-cü ilin aprelində müharibə əlili kimi ordudan tərxis olunmuşdur. M. Budaqov I və II dərəcəli Böyük Vətən Müharibəsi ordenləri və başqa medallarla təltif olunmuşdur. Ordudan tərxis edildikdən sonra üç ilə yaxın kənd məktəbində müəllim işləmiş və 1946-cı ildə Azərbaycan Dövlət Universitetinə qəbul olunmuşdur. 1951-ci ildə Azərbaycan Dövlət Universitetini müvəffəqiyyətlə bitirib "marksizm-leninizm və marksist-leninçi fəlsəfə" müəllimi ixtisası üzrə diplom almışdır. Mürsəl Budaqov 1951-ci ilin iyulundan 1952-ci ilədək Azərbaycan Elmlər Akademiyası Tarix və Fəlsəfə İnstitutunda kiçik elmi işçi, 1952-ci ildən 1955-ci ilədək "Stalin adına Azərbaycan partiya təşkilatı muzeyində" (sonra V.İ. Lenin adına Mərkəzi Muzeyin Bakı filialı adlandırılmışdır) mühazirəçi işləmişdir. 1963-cü ildən Mürsəl Budaqov öz taleyini ali məktəblə - Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu ilə bağlamışdır. O, ömrünün axırınadək 30 il institutun fəlsəfə kafedrasında baş müəllim, dosent vəzifələrində işləmişdir. 1973-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsi almış, 1976-cı ildə isə dosent seçilmişdir. Mürsəl Budaqov tədris işini elmi işlə üzvi surətdə əlaqələndirərək insan şəxsiyyətinin formalaşmasına dair onlarca elmi məqalə dərc etdirmiş, metodiki vəsaitlər yazmışdır. M. Budaqov 1994-cü ildə vəfat etmişdir.


FAXRALI KƏNDİ - 3HƏSƏNƏLİ ƏLİZADƏ

Həsənəli Əli oğlu Əlizadə 1922-ci ildə Borçalı mahalının Bolus nümayəndəliyinin Faxralı kəndində anadan olmuşdur. 1931-1941-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1941-ci ildə hərbi xidmətə çağırılmış, 1942-ci ildə cəbhədə yaralanıb və həmin ilin sonunda ordudan tərxis olunmuşdur. 1943-1945-ci illərdə kolxozda mühasib işləmişdir. 1945-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1949-cu ildə həmin institutu bitirmişdir. 1949-1950-ci illərdə Mərkəzi Statistika İdarəsinin Tovuz rayon şö’bəsində müfəttiş, 1950-1952-ci illərdə mühasib, 1952-1955-ci illərdə Gəncə vilayət maliyyə şö’bəsində vergi üzrə baş müfəttiş vəzifələrində çalışmışdır. 1955-ci ildən ömrünün sonunadək Azərbaycan kənd təsərrüfatı Akademiyasının mühasibat uçotu və statistika kafedrasında dosent vəzifəsində çalışmışdır. 1971-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş və iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 40-dan çox elmi, elmi-metodik göstərişin müəllifidir. Bir neçə dəfə keçmiş ittifaq və respublika konfranslarının iştirakçısı olmuş, məqalələr çap etdirmişdir.


FAXRALI KƏNDİ - 3YOLÇU ƏLİZADƏ

Yolçu Əhməd oğlu Əlizadə 1922-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1946-cı ildə Faxralı orta məktəbini qızıl madalla bitirmiş, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısıdlr. Müharibədə orden və medallarla təltif edilmişdir. Müharibədən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1956-cı ildə oranı bitirmişdir. 1946 - 1968-ci illərdə Bolnisi rayonunun bir sıra kəndlərində kolxoz və sovxozların baş mühasibi vəzifəsində işləmişdir. 1964-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsinə aspiranturaya daxil olmuş, 1968-ci ildə isə aspiranturanı bitirmişdir. Sonra Gürcüstan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda dissertasiya müdafiə edib iqtisad elmlər namizədi elmi dərəcəsi almışdır. 1968 - 1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun mühasibat uçotu kafedrasında dosent vəzifəsində işləmişdir. 1969-1974-cü illərdə həmin ali məktəbin "Mühasibat uçotu və maliyyə-kredit" fakültəsində dekan müavini və dekan vəzifələrində işləmişdir. Mühasibat uçotuna və onun təkmilləşməsinə aid 35 elmi məqalənin və 3 dərs vəsaitinin müəllifidir. Bu sahə üzrə elmi konfranslarda fəal iştirak etmiş, məqalələr çap etdirmişdir. 1985-1990-cı illərdə Azərbaycan Ali məhkəməsinin iclasçısı olmuşdur. II dərəcəli müharibə əlilidir.


FAXRALI KƏNDİ - 3ƏLİ ƏLİYEV

Əli Bayram oğlu Əliyev 1923-cü il mayın 28-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1941-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1943-cü ildə Hərbi Topçuluq məktəbini bitirmiş, zabit rütbəsi almış və 1945-ci ilədək İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşmuşdur.
Əli Əliyev 1945-ci ildən başlayaraq Faxralı kəndindəki "Qələbə" kolxozunda mühasib köməkçisi, baş mühasib, ilk partiya təşkilatının katibi və kolxoz idarə heyətinin sədri vəzifələrində çalışmışdır .
Əli Əliyev 1955-ci ildə Tbilisi Dövlət Universitetinə (indiki TDU) daxil olmuş, 1960-cı ildə bitirmişdir. Təhsilini Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (Gəncə şəhər) aspiranturasında davam etdirmiş və "Azərbaycan SSR-nin Şəki-Zaqatala zonasında ipəkçiliyin müasir vəziyyəti və inkişaf prespektivləri" mövzusunda namizədlik dissertasiyası yazmış və 1964-cü ildə həmin dissertasiyanı müdafiə edib elmlər namizədi olmuşdur.
Əli Əliyev 1964-cü ildə Bolnisi rayon Sovet İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkilmiş, bu vəzifədə 1972-ci ilədək işləmişdir. 1972-ci ildən ömrünün sonuna kimi Bolnisi rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsinə başçılıq etmişdir.
Əli Əliyev Qırmızı Əmək Bayrağı ordeni, "Əməkdə fərqlənməyə görə", "İgidliyə görə", "Stalinqrad müdafiəsi uğrunda", "Alamaniya üzərində qəlbəyə görə" və s. medallarla təltif edilmişdir.
Əli Əliyev 1945-ci ildən Sov.İKP-nın üzvü olmuşdur. O, Gürcüstan KP MK üzvülüyünə namizəd seçilmiş, dəfələrlə Bolnisi rayon partiya komitəsinin üzvü və rayon sovetinin deputatı olmuşdur. Əli Əliyevin elmi-pedaqoji fəaliyyəti 10 məqalədə öz əksini tapmışdr.
Əli Əliyev 1973-cü ildə vəfat etmişdir.


FAXRALI KƏNDİ - 3KƏRİM KƏRİMOV

Kərim Məmmədəli oğlu Kərimov 1929-cu ildə Bolnisi rayonunun (həmin vaxt Borçalı mahalının Çürük Qəmərli nümayəndəliyi adlanırdı) Faxralı kəndində anadan olmuşdur. 1937 - 1948-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1949-cu ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun zootexnik fakültəsinə daxil olmuş, 1954-cü ildə həmin fakültəni bitirib zootexnik ixtisasına yiyələnmişdir. 1955-ci ildə Faxralı kəndinə qayıtmış və "Qələbə" kolxozunun baş zootexniki vəzifəsini icra etmişdir. 1967-ci ildə Kərim Kərimov həmin kolxozun partiya təşkilatının katibi işləmişdir. 1968-ci ildən 1973-cü ilədək həmin kolxozun sədri olmuşdur. Kərim Kərimov əmək fəaliyyəti ilə yanaşı, eyni zamanda elmi işlə də məşğul olmuşdur. 1968-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda qiyabi aspiranturada oxumuşdur. 1974-cü ildə namizədlik dissertasiyası müdafiə edib kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır. Kərim Kərimovun elmi və əmək fəaliyyəti 5 elmi əsərdə və 10-a yaxın elmi-praktiki məqalədə öz əksini tapmışdır. O, əməkdə qazandığı nailiyyətə görə "Qırmızı Əmək Bayrağı" ordeni və bir neçə əmək rəşadəti medalları ilə təltif olunmuşdur. Kərim Kərimov öz doğma elində səxavətli və xeyirxah eloğlu kimi də ad-san qazanmışdır. 1970-ci illərin əvvələrində kəndə ətraf bölgədən içməli su çəkdirmişdir.


FAXRALI KƏNDİ - 3ƏLİ ƏLİZADƏ

Əli Mahmud oğlu Əlizadə 1933-cü ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1941- 1952-ci illərdə Faxralı orta məktəbini, 1953 -1958-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdir.
1958 - 1962-ci illərdə Faxralı kəndindəki "Qələbə" kolxozunda baş baytar həkimi işləmişdir.
1962-ci ildə mərhum professor Məhəmməd Əsəd oğlu Mehtiyevin rəhbərliyi altında tədqiqat aparmış, 1965-ci ildə namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.
1965-ci ildə Kənd Təsərrüfatı Akademiyasında assistent, 1968-ci ildə isə dosent olmuşdur. 1979 - 1984-cü illərdə "Yoluxmayan xəstəliklər və klinik diaqnostika" kafedrasının müdiri, 1984 - 1987-ci illərdə institutun hazırlıq şöbəsinin müdiri, 1987 - 1989-cu illərdə isə baytarlıq fakültəsinin dekanı olmuşdur.
Əli Əlizadə 60-a yaxın elmi əsərin, o cümlədən 5 dərs vəsaitinin müəllifidir.
O, 1965-ci ildən 2000-ci ilədək 20 ittifaq və respublika səviyyəli elmi konfranslarda çıxış edib, məqalələr çap etdirmişdir.


FAXRALI KƏNDİ - 3ƏLƏDDİN İMANOV

Ələddin Bayraməli oğlu İmanov 1938-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1946 - 1957-ci illərdə Faxralı orta məktəbini bitirmişdir. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə təyinatla Moskva şəhərindəki Qapalı Ümumittifaq Elmi Tədqiqat Elektromexanika institutuna göndərilmişdir. O, burada elmi işlə məşğul olmuş, 1972-ci ildə dissertasiya işini müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.
Ələddin İmanov elmin və texnikanın elə bir ixtisasına yiyələnmişdir ki, onun elmi əsərləri də qapalı jurnal və elmi kitablarda nəşr olunmuşdur. Onun işıq üzü görmüş əsərləri əsasən Moskva şəhərinin qapalı materiallar məcmuəsində çap olunmuşdur.
İşlədiyi bu müddətdə 4 ittifaq əhəmiyyətli ixtiranın və müəlliflik şəhadətnaməsinin müəllifi olmuşdur. O, bu şəhadətnamələri 1970,1978, 1980 və 1981-ci illərdə almışdır. Ələddin İmanovun ixtiraları SSRİ Kosmik Tədqiqatlar sahəsində istifadə edilmişdir.
Ələddin İmanov 1993-cü il yanvar ayında Bakı şəhərində vəfat etmişdir.


FAXRALI KƏNDİ - 3ASLAN POLADOV

Aslan Nəbi oğlu Poladov 1939-cu il yanvarın 2-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1959-1961-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. 1961-ci ildə BDU-nun əmtəəşünaslıq fakültəsinə qəbul olunmuş və 1966-cı ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir.
A.Poladov əmtəəşünas kimi Azərbaycan Dəmir Yolu İdarəsində əmək fəaliyyətinə başlamışdır. Lakin elmə olan həvəsi onu 1967-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində ETİİ-nin aspirantı olmuşdur. Aspiranturanı bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna kiçtk elmi işçi vəzifəsinə dəvət olunmuşdur.
A. Poladolv 1972-ci ildə "Azərbaycan SSR-də şəxsi yardımçı və ev təsərrüfatında məşğul olan əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi məsələləri" mövzusunda iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və 1977-ci ildə həmin institutda baş elmi işçi vəzifəsinə irəli çəkilmişdir.
Aslan Poladov 1983-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Bədən Tərbiysi İnstitutunda dosent vəzifəsində işləmişdir.
Aslan Poladovun elmi və pedaqoji fəalliyyəti bir monoqrafiyada, 50-dən çox elmi məqalələrdə öz əksini tapmışdır.
O, 2001-ci ildə vəfat etmişdir.


FAXRALI KƏNDİ - 3İSA BABAŞOV

İsa Səməd oğlu Babaşov 1939-cu il avqust ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1958-ci ildə Faxralı orta məktəbini bitirdikdən sonra AzPİ-nin mexanika fakültəsinə daxil olmuşdur. 1963-cü ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1965-ci illərdə orduda xidmət etmiş, tərxis olunduqdan sonra Azərbaycan Politexnik İnstitutunun metallurgiya kafedrasında müəllim işləmişdir. 1968-1971-ci illərdə Moskva Polad və Ərintilər İnstitutunda aspiranturada oxumuş və "Dəmir-kükürd sisteminin təzyiq-temperatur-tərkib koordinatlarındakı diaqramının tədqiqi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Sonra Azərbaycan Politexnik İnstitutunda müəllimlik fəaliyyətini davam etdirmişdir. 1973-cü ildə İsa Babaşov Moskva şəhərində yerləşən "Vsesoyuznıy Nauçno-İssledovatelskiy İnstitut Neorqoaniçeskix Materialov (VNİİNM)" institutuna işə də’vət olunmuş və həmin institutda 1985-ci ilin sentyabr ayına qədər baş elmi işçi və elmi qrupun rəhbəri vəzifəsində çalışmışdır. Sonrakı illərdə pedaqoji və elmi fəaliyyətini Azərbaycan Politexnik İnstitutunda və "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin Azərbaycan Elmi-Tədqiqat Elektrotexnika İnstitutunda davam etdirmişdir. İsa Babaşov 40 elmi əsərin müəllifidir. Elmi-tədqiqat işlərinin nəticələri haqqında Moskva, Leninqrad, Sverdlovsk və Bakı şəhərində keçirilən elmi konfranslarda çıxış etmişdir. Onun məqalələri Moskvada Bakıda çıxan jurnal və məcmuələrdə nəşr olunmuşdur. İsa Babaşov öz tədqiqatlarında metallurji proseslərin nəzəri və praktiki məsələlərin həllinə, riyazi üsulların elmi-tədqiqat işlərində tətbiq olunmasına geniş yer vermişdir. O, "Riyazi üsulların elmi-tədqiqat işlərinə tətbiqi" adlı kitabın müəlliflərindən biridir.


FAXRALI KƏNDİ - 3QULU BƏDƏLOV

Qulu Əhməd oğlu Bədəlov 1939-cu il avqust ayının 15-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1957-ci ildə Faxralı orta məktəbini, 1962-ci ildə isə Azərbaycan Dövlət Universitetinin iqtisad fakültəsini bitirmişdir. 1963-1965-ci illərdə Elmi Tədqiqat Kənd Təsərrüfatı İqtisadiyyatı İnstitutunda elmi işçi, 1965-1969-cu illərdə Dövlət Statistika Komitəsində şöbə rəisi, 1970-1982-ci illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda kiçik və baş elmi işçi vəzifələrində işləmişdir. 1973-cü ildə dissertasiya müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır. 1982-ci ildən Azərbaycan Politexnik İnstitutunun (Texniki Universitet) siyasi iqtisad (iqtisadi nəzəriyyə) kafedrasında dosent vəzifəsində işləmiş, 90-cı illərin əvvəllərindən isə həmin kafedraya rəhbərlik etmişdir. 80-dən çox elmi əsərin, o cümlədən bir çox monoqrafiya və kitabçanın, dərs vəsaitlərinin və tədris metodiki işlərin müəllifidir. Ümumi iqtisadi nəzəriyyə dərsliyinin müəlliflərindən biridir. 10-dan çox namizədlik dissertasiyasının rəsmi opponenti olmuş, çox sayda avtoreferata rə’y vermişdir. Bir çox respublika səviyyəli, eləcə də respublikadan kənar elmi-praktik konfranslarda mə’ruzələrlə çıxış etmişdir. Uzun müddət Respublika Təhsil Nazirliyinin elmi-metodik şurasının "İqtisadiyyat və idarəetmə" bölməsinin üzvü olaraq dərslik və dərs vəsaitlərinə, tədris proqramlarına rə’y verilməsində yaxından iştirak etmişdir. Qulu Bədəlov Azərbaycan Texniki Universitetinin iqtisadi nəzəriyyə kafedrasının müdiri vəzifəsinədək yüksəlmişdir.


FAXRALI KƏNDİ - 3 ADİL HÜSEYNOV

Adil İsa oğlu Hüseynov 1942-ci il oktyabr ayının 16-da Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1949 - 1959-cu illərdə Faxralı orta məktəbini, 1959 - 1965-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1965-ci ildə təyinatla Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunun yeraltı hidrodinamika laboratoriyasına göndərilmişdir. Bu laboratoriyada 1971-ci ilədək mühəndis vəzifəsində işləməklə bərabər, Universitetin rəyi əsasında 1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunda hidroaerodinamika və qazodinamika ixtisası üzrə aspiranturaya qəbul olunmuş və oranı 1969-cu ildə müvəffəqiyyətlə bitirmişdir. 1971-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün BDU-nun mexanika-riyaziyyat fakültəsinin elmi şurasında "Hissə-hissə bircins məsaməli mühitdə süzülmənin fəza məsələlərinin hidrodinamika tədqiqi" mövzusunda dissertasiya müdafiə etmişdir. Adil Hüseynov 1971-1973-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Layihə institutunda kiçik elmi işçi, 1973-1980-ci illərdə isə baş elmi işçi vəzifəsində işləmişdir. 1980-ci ildən isə Azərbaycan Texniki Universitetinin riyaziyyat-2 kafedrasında dosent vəzifəsində çalışır. 25-dək elmi məqalənin və 2 metodik vəsaitin müəllifidir.


FAXRALI KƏNDİ - 3ELXAN MƏMMƏDLİ

Elxan Hüseynqulu oğlu Məmmədli 1946-cı il yanvar ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1963-cü ildə Bakının 23 saylı orta məktəbini bitirmişdir. 1965-ci ildə ADU-nun (indiki BDU-nun) filologiya fakültəsinə daxil olmuş, 1971-ci ildə ali təhsilini uğurla başa vurmuşdur . Elmi fəaliyyətə "Şair Nəbinin həyat və yaradıcılığı"na həsr etdiyi diplom işi ilə başlamışdır. 1969-cu ildən folklorumuzun toplanması və təbliği ilə bağlı geniş fəaliyyət göstərir. Həmin ildən e’tibarən Azərbaycan radiosunda fəaliyyət göstərən "Bulaq" verlişinin aparıcı müəlliflərindən biri kimi tanınmışdır. Yaradıcı ömrünün on ildən çoxunu "Bulağ"a həsr edən Elxan Məmmədli 80-ci illərin əvvəlindən başlayaraq Azərbaycan televiziyasında saz-söz sənətkarlarına həsr etdiyi bir sıra verilişləri ilə də yadda qalmışdır. 1979-cu ildən öz taleyini Nizami adına Ədəbiyyat İnstitutunun folklor şöbəsi ilə bağlayan tədqiqatçı-alim bu illər ərzində bir sıra folklor kitablarının işıq üzü görməsində əlindən gələni əsirgəməmişdir. Belə ki, iki cilddən ibarət "Azərbaycan aşıqları və el şairləri" (1984-cü il), "Azərbaycan bayatıları" (1984-cü il), "Cinaslar" (1985-ci il), "Bayatı, qoşma, təcnis" (1988-ci il), "Borçalı şair Nəbi" (1991-ci il) kimi kitabların tərtib və toplanması məhz Elxan Məmmədlinin yorulmaz əməyinin məhsuludur. Filologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı "Təcnis sənətkarlığı" dissertasiyası nəzəri baxımdan kamil poetika əsəri kimi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 50-dən çox elmi məqalənin və bir sıra monoqrafiyanın müəllifidir. 1992-ci ildən bu günə kimi Azərbaycan radiosunda "Sarıtel" və "Gözəlləmə" həftəlik musiqili verilişlərin aparıcısı kimi sazın-sözün təbliği işində əvəzsiz xidmət göstərir. Elxan Məmmədov üç cildlik "Borçalı folkloru" kitabının müəllifidir.


FAXRALI KƏNDİ - 3ƏMİRXAN BABAŞOV

Əmirxan Mehralı oğlu Babaşov 1947-ci il fevralın 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.
1954 - 1965-ci illərdə Faxralı orta məktəbini, 1965 - 1969-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq və ticarətin təşkili fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1969 - 1971-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisad İnstitutunda (ETİİ) kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1972-1975-ci illərdə əvvəlcə Bakı şəhərində, sonra isə Moskva şəhərində SSRİ Dövlət Plan Komitəsi yanında İqtisadiyyat Elmi-Tədqiqat İnstitutunda əyani aspiranturada oxumuş, "Azərbaycan SSR əhalinin sosial qruplarının həyat səviyyəsinin yaxşılaşdırılması problemləri (iqtisadi təhlil və planlaşdırma məsələləri)" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1975 - 1994-cü illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin ETİİ-də kiçik elmi işçi vəzifəsindən şöbə müdiri vəzifəsinədək yüksəlmiş, 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi qanunvericilik şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. Bazar iqtisadiyyatının tələblərinə uyğun iqtisadi qanunvericilik bazasının yaradılmasında fəal iştirak edir.
Əmirxan Babaşov "1976-1990-cı illərdə Azərbaycan SSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinin əsas istiqamətləri" (Bakı, 1978), "2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi" (Bakı, 1982), "1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı" (Moskva, 1983), "1991-2010-cu illərdə SSRİ-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (Regional bölmə)" (Moskva, 1989) fundamental sənədlərin müəlliflərindən biri olmuşdur.
Ə. Babaşov Bakı, Moskva, Kiyev, Minsk, Tbilisi və digər şəhərlərdə keçirilən simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş və həmin şəhərlərdə 50-dən çox elmi əsəri çap olunmuşdur. O, 3 kitabçanın və 20-yə qədər elmi məqalənin müəllifidir. O, "İqtisadiyyat və həyat" jurnalında və bir çox kitabların nəşrində elmi redaktor olmuşdur.
Ə. Babaşov elmi və qanunvericilik bazasının yaradılması ilə yanaşı Neft Akademiyasında, İnşaat Mühəndisləri Universitetində, Əmtəəşünaslıq-Kommersiya İnstitutunda, Təfəkkür Universitetində iqtisadçı bakalavr və magistrantlara iqtisad elminin aktual problemlərindən mühazirə oxuyur, elmi işçi, aspirant və magistrantlara elmi rəhbərlik edir.


FAXRALI KƏNDİ - 3ELDAR MƏMMƏDOV

Eldar Hüseynqulu oğlu Məmmədov 1949-cu il may ayının 5-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1955 - 1965-ci illərdə orta məktəbi bitirmişdir. 1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki ADNA) qəbul olmuş, 1969-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1969-1991-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, qrup rəhbəri, bölmə və şöbə müdiri vəzifəsində işləmişdir. 1987-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almaq üçün "Pedaqoji kadrların hazırlanmasının, planlaşdırılmasının və istifadəsinin təkmilləşdirilməsi məsələləri" mövzusunda dissertasiya müdafiə etmişdir. Eldar Məmmədov "2000-ci ilə qədər Azərbaycan SSR-nin məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi" iki cildliyinin (Bakı 1982), "1985-2005-ci illərdə Azərbaycan SSR-də elmi-texniki tərəqqinin Kompleks Proqramı (regional bölmə)" (Moskva 1989) və s. Dövlət əhəmiyyətli fundamental elmi-tədqiqatların müəlliflərindən biri olmuşdur. Eldar Məmmədov Bakı, Moskva, Kiyev, Minsk, Alma-Ata, Tbilisi, Yerevan, Riqa şəhərlərində keçirilən simpozium və konfranslarda elmi mə’ruzələrlə çıxış etmişdir. Azərbaycan, rus, ingilis və erməni dillərində 80 elmi əsərin (o cümlədən bir kitab) müəllifidir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir.



FAXRALI KƏNDİ - 3DÜNYAMALI ŞƏRİFOV

Dünyamalı İsa oğlu Şərifov 1957-ci il dekabr ayının 1-də Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. O, 1975-ci ildə Faxralı orta məktəbini bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olmuş, 1981-ci ildə həmin fakültədə təhsilini fərqlənmə diplomu ilə başa vurmuşdur . İnstitutun göndərişi ilə 1982-1985-ci illərdə Moskvada əyani aspiranturaya qəbul olmuş və 1985-ci ildə Ümumittifaq Tərəvəz Təsərrüfatı İnstitutunda "Tərəvəz bitkilərinin sənaye texnologiyası ilə becərilməsinin əsasları" mövzusunda dissertasiya müdafiə etmişdir. 1985-1990-cı illərdə Respublika Aqrar Sənaye Komitəsinin ET Tərəvəzçilik İnstitutunda elmi işçi, aparıcı elmi işçi və şöbə müdiri işləmişdir. 1991-1993-cü illərdə Səhiyyə Nazirliyinin "Farmakologiya və Xalq Təbabəti" EİB-də şöbə rəisi vəzifəsində, 1993-1996-cı illərdə "Azəriqaz" Dövlət Şirkətində baş mütəxəssis kimi işləmişdir. 1997-ci ildən indiyə qədər Dövlət Neft Şirkətinin Quruda Neft və Qazçıxarma İstehsalat Birliyinin tabeliyində olan yardımçı təsərrüfat idarəsinin rəisi vəzifəsində işləyir. Dünyamalı Şərifovun elmi fəaliyyəti 18 elmi əsərdə öz əksini tapmışdır. O, bir neçə beynəlxalq və respublika səviyyəli konfransların iştirakçısı olmuş, elmi məqalələr çap etdirmişdir.



FAXRALI KƏNDİ - 3ARİF BƏDƏLOV

Arif Bayraməli oğlu Bədəlov 1959-cu ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. 1976-cı ildə Faxralı kənd orta məktəbini bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə qəbul olmuşdur. 1981-ci ildə Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının "Bioloji Tədqiqatlar Mərkəzində" əmək fəaliyyətinə başlamışdır. 1983-1985-ci illərdə SSRİ Elmlər Akademiyasının Biokimya İnstitutunda (Moskva şəhər) tədqiqat işi aparmış, 1985-ci ildə həmin İnstitutun biokimya ixtisası üzrə məqsədli aspiranturasına qəbul olmuşdur. 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edib kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
Arif Bədəlov müdafiədən sonra bir müddət Azərbaycan Elmlər Akademiyasında elmi fəaliyyətini davam etdirmiş, sonra isə orta məktəblərdə kimyadan dərs demişdir. Hal-hazırda orta məktəbdə, "Zəngi" litseyində kimya müəllimi kimi fəaliyyət göstərir.
Arif Bədəlovun elmi və pedaqoji fəaliyyəti 12 elmi məqalədə öz əksini tapmışdır.


Mənbə: faxralı.com
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

İbrahim İsmayıl oğlu Güləhmədzadə (1942-1998)

Darvaz
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!..

Bolus, Nekroloqlar
Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Sergey Xıdırnəbi oğlu Əhmədov (1941-1981)

Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Avropa, Rusiya
Professor  FAİQ MƏMMƏDOV (1929-1987)

Professor FAİQ MƏMMƏDOV (1929-1987)

Başkeçid
İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

İqtisadçı alim Afət HƏSƏNOVA (1973)

Digər ali məktəblər, "XXI əsrin Ziyalıları", Bolus, İqtisadiyyat
FAXRALI KƏNDİ - 4

FAXRALI KƏNDİ - 4

"XXI əsrin Ziyalıları", Bolus
Professor CEYHUN NAZIYEV (1965)

Professor CEYHUN NAZIYEV (1965)

Bolus
Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu

Unudulan alimimiz Paşa Cəfərov haqq dünyasına qovuşdu

Regionlar, Nekroloqlar
SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB

Bolus, Təbriklər
YADİGAR HÜSEYNOV (1955-2016)

YADİGAR HÜSEYNOV (1955-2016)

"XXI əsrin Ziyalıları", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ZiM.Az/Tv-nin qonağı ADPU-nun dosenti Vaqif İsrafilovdur

ADPU, Tv, Təbriklər
Tibb elmləri namizədi NAMAZ MUSAYEV  (1958-2017)

Tibb elmləri namizədi NAMAZ MUSAYEV (1958-2017)

Səhiyyə, Sağlamlıq, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
FAXRALI KƏNDİ - 2

FAXRALI KƏNDİ - 2

"XXI əsrin Ziyalıları", Bolus
Ppofessor İLHAM ASLANZADƏ - 55

Ppofessor İLHAM ASLANZADƏ - 55

AzTU, İqtisadiyyat, Təbriklər
Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Mayor Oqtay Bədəl oğlu NƏBİZADƏ (1947-2019)

Darvaz, Nekroloqlar
ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

ŞƏMİSTAN MÜƏLLİMİ, AD GÜNU MÜNASİBƏTİLƏ TƏBRİK EDİRİK!..

Bolus, Təbriklər
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

Bolus, Hüquq, UNUTSAQ, UNUDULARIQ!....
VƏLİ PAŞAYEV (1940)

VƏLİ PAŞAYEV (1940)

AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər
Rəy yazın: