Sosialist realizmindən milli istiqlaladək

Sosialist realizmindən milli istiqlaladək Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkədə ədəbiyyatın xarakteri dəyişməyə başlamış, bədii düşüncədəki milli və maarifçi idealları, demokratik baxışları tədricən sosializm ideyaları əvəz etmişdir.

Ədəbiyyatda qüvvətlənməkdə olan proletar əhvali-ruhiyyəsi özünün yeni tipli ədəbiyyatını formalaşdırmağa səy göstərmişdir. Ədəbi gedişatda meydana çıxan bolşevik ruhu “ələmdən nəşəyə” motivi kimi yeni quruluşu tərənnüm edən əsərləri ön sıraya çəkmişdir.


Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə dəyişən cəmiyyət ədəbiyyatın da istiqamətinə öz təsirini göstərmişdir. Başlanğıc mərhələdə, yəni 1920-1930-cu illərdə yeni ideologiya ilə klassik realist və romantik ənənə yanaşı fəaliyyət göstərmişdir. Klassik yazıçılar yeni dövrün tələblərinə uyğunlaşa bilmədikləri və ya bir çox hallarda uyğunlaşmaqda maraqlı olmadıqları üçün onların XX əsrin əvvəllərində yüksələn xətlə inkişaf etmiş yaradıcılığında 20-30-cu illərdə nəzərəçarpacaq bir durğunluq, gözləmə mövqeyi, ümidsizlik, bədbinlik kimi motivlər nəzərə çarpmışdır. Fikrimizcə, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin məşhur “Bəlkə də qaytardılar” hekayəsi dərsliklərdə, ədəbiyyatşünaslıq əsərlərində yazıldığı kimi heç də sovet hökumətinin gələcəyinə bəslənən inam hisslərini yox, tam əksinə, yeni qurulmuş cəmiyyətin yaşaya biləcəyinə ümidsizlik ideyasını diqqət mərkəzinə çəkmişdir. Sovet cəmiyyətinin meydana çıxardığı yeni “nikbin” ədəbi nəsil isə hələlik gənc və təcrübəsiz olduqlarına görə həmin boşluğu dərhal doldura bilməmişdir. Beləliklə, sovet hakimiyyətinin başlanğıc dövründə - 20-30-cu illərin Azərbaycan ədəbiyyatında dekadentizm təzahürləri müşahidə olunur. Xüsusən, Sovetlər İttifaqı miqyasında dövlət səviyyəsində icra olunmuş qanlı 1937-ci il repressiyası hələ də ədəbi mühitdə xüsusi çəkiyə malik olan “klassiklərin” axırına çıxmaq baxımından həlledici aksiya olmuş, mövcud boşluğu daha da dərinləşdirmişdir. Buna baxmayaraq, sovet dövlətinin həyata keçirdiyi proletkultçuluq kampaniyası tədricən sosializm ruhunda yazan cavan nəslin ön mövqeyə çıxarılmasına yol açmışdır. Bu yolla ədəbiyyatda “ələmdən nəşəyə” prosesinə tam üstünlük qazandırılmışdır. Həmin proses bütün sovet xalqlarının ədəbiyyatında, o cümlədən də Azərbaycan ədəbiyyatında yaşanmışdır. Beləliklə, Azərbaycanda sovet ədəbiyyatı mərhələsi formalaşdırılmışdır.

Doğrudur, konkret olaraq sovet ədəbiyyatının əsas yaradıcılıq metodu olan sosialist realizmi anlayışı rəsmi şəkildə 1934-cü ildə bəyan edilmişdir. Sosialist realizmi yaradıcılıq metodu haqqında təşəbbüsü Sovet Yazıçılarının Birinci Qurultayında Maksim Qorki irəli sürmüşdür. Proletar yazıçılarının ağsaqqalı hesab edilən Maksim Qorki sosialist realizmini yeni quruluşun ədəbiyyatının vahid yaradıcılıq metodu, romantikanı isə onun tərkib hissəsi və ləqəbi adlandırmışdır. Bu çağırışdakı “vahid yaradıcılıq metodu” anlayışı təkpartiyalı sistem olan sovet cəmiyyətinin xarakterindən doğub, yazıçıların əsas diqqətini sosializmin inkişafını, “vüsətini”, təntənəsini təsvir və tərənnüm etməyə istiqamətləndirmək məqsədini daşımışdır. XX əsrin otuzuncu illərinədək hələ də ədəbiyyatda yaşamaqda olan milli təmayülçülük ölkədə proletar hegemoniyasının qüvvətləndirilməsi üsulu ilə aradan qaldırılmışdır. “Bu dövrdə dövlət səviyyəsində “milli təmayülçülük”, “millətçilik”, “cümhuriyyətçilik” birmənalı şəkildə düşmənçilik donunda qələmə verilir, yeni bir millətlərarası münasibətlər sistemi - beynəlmiləlçilik ortaya atılırdı” (Bədirxan Əhmədov). Və həmin yolla bədii yaradıcılıqda sosializm ideyalarının tərənnümü genişləndirilmiş, ədəbiyyat birbaşa sovet ideologiyasının təbliğatını həyata keçirməyə istiqamətləndirilmişdir. Böyük istedad sahibləri olan yazıçı və şairlər istər-istəməz sovet rejiminin təbliğatında iştirak etmək funksiyasını icra etmişlər. Siyasi rejim mümkün olan bütün tədbirləri tətbiq etməklə öz ədəbiyyatını yaratmaq işini həyata keçirmişdir. Kommunist Partiyasının Mərkəzi Komitəsi sovet dövlətinin ədəbiyyat siyasətinin inkişaf etdirilməsi haqqında vaxtaşırı olaraq qəbul etdiyi qərarlarla ədəbiyyat üzərində mövcud rejimin təsirini gücləndirmiş, rolunu möhkəmləndirmişdir. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin “Bədii ədəbiyyat sahəsində partiyanın siyasəti haqqında” (1925), “Ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında” (1932), “Zvezda” və “Leninqrad” məcmuələri haqqında (1946), “Sovet uşaq ədəbiyyatını daha da inkişaf etdirmək tədbirləri haqqında” (1969), “Ədəbi-bədii tənqid haqqında” (1972), “Yaradıcı gənclərlə aparılan iş haqqında” (1976) “Ədəbi-bədii jurnalların kommunizm quruculuğu təcrübəsi ilə yaradıcılıq əlaqələri haqqında” (1982) qəbul etdiyi qərarlar ədəbiyyatın partiyalılığı prinsipinin dönmədən həyata keçirilməsini, bədii yaradıcılıq işinin sistemin ideoloji silahına çevrilməsini təmin etməyə xidmət etmişdir. Bütün bunlar sovet ədəbiyyatı deyilən xüsusi bir mərhələni formalaşdırmışdır. Artıq sosialist realizmi sovet ədəbiyyatının vahid yaradıcılıq metodu kimi oturuşmuş bir sistemə çevrilmiş, ədəbi-ictimai fikirdə hakim mövqe qazanmışdır. Ona görə də uzun dövr ərzində, xüsusən 30-50-ci illərdə partiyanın ədəbiyyat siyasətini həyata keçirən Sovet Yazıçılar İttifaqının “sosrealizm nazirliyi” (Elçin) adlandırılması təbii olub, ədəbi prosesin ideoloji baxımdan idarə olunmasında bu təşkilatın rolunu obyektiv şəkildə ifadə etmişdir.

Sovet ədəbiyyatı anlayışı nə vaxtdan etibarən yaranmışdır? Mövcud ədəbiyyatlarda bunu XIX əsrin sonlarında Avropada marksizm təliminin yaranması, yaxud XX əsrin əvvəllərində Azərbaycanda bolşevizmin meydana çıxması ilə əlaqələndirən məqamlar mövcuddur. Konkret olaraq sovet dövründə yazılmış ədəbiyyat tarixlərində sovet ədəbiyyatı mərhələsi Rusiyada çar Rusiyasının devrildiyi 1917-ci ildən hesab olunmuşdur. Bəzi mənbələrdə isə sovet ədəbiyyatı Azərbaycanda sosialist həyat tərzinin başlandığı 1920-ci ildən sonrakı dövrə aid edilir. Rəsmi partiya mətbuatında bu anlayış 1923-cü ildən işlədilmişdir. Sovet ədəbiyyatı anlayışının 1925-ci ildə Proletar Yazıçılarının Birinci Ümumittifaq Konfransının çağırılması və Rusiya Proletar Yazıçıları Assosiasiyasının yaradılması ilə meydana atıldığı da nəzərə çarpdırılır. Əlbəttə, bu mülahizələrin hər birində müəyyən həqiqət vardır. Lakin sosialist məfkurəli ədəbiyyatla sovet ədəbiyyatı anlayışını eyniləşdirmək olmaz. Dünyanın müxtəlif ölkələrində indi də sosialist görüşlü yazıçılar yaşayıb-yaradırlar. Fikrimizcə, dövrləşmə baxımından sovet ədəbiyyatının mərhələsini Sovetlər İttifaqının yaradılmasından əvvəlki illərə çəkmək doğru deyildir. Ədəbiyyat tarixçiliyi baxımından sovet ədəbiyyatı mərhələsini ölkədə sovet quruluşunun yaranmasından sonrakı illərə aid etmək daha məqbul yoldur. Sovet hakimiyyəti elan olunan kimi qüvvətli və ya zəif olmasından asılı olmayaraq, dərhal onu vəsf və təbliğ edən ədəbiyyat da yaranmağa başlamışdır. Sovet rejimi öz ədəbiyyat siyasətini formalaşdırmaq üçün ciddi tədbirlər həyata keçirmişdir. Sovet hakimiyyətindən əvvəl yaradıcılığa başlamış sənətkarların əksəriyyətinin yeni rejimi açıq şəkildə təbliğ edən əsərlər yazmaqdan uzaqda dayanmalarına baxmayaraq, sovet ədəbiyyatı tədricən formalaşaraq 1934-cü ildə Sovet Yazıçılarının Birinci Qurultayı ilə oturuşmuş bir sistem qazanmışdır. Deməli, sovet ədəbiyyatı sosialist realizmi konkret bir yaradıcılıq metodu kimi meydana gəlməmişdən əvvəl yaranmağa başlamış və Sovetlər İttifaqının rəhbəri İosif Stalinin vəfatına qədər zaman-zaman bu ölkədə ədəbiyyatın və incəsənətin əsasən birtipli inkişafını şərtləndirmişdir. Lakin sosialist realizmi anlayışı göydəndüşmə olmayıb, sovet hakimiyyətinin ilk günlərindən, əsasən iyirminci illərdə və otuzuncu illərin əvvəllərində formalaşdırılmış ədəbiyyatın zəminində yaranmış təlim idi. Kommunist partiyasının müdafiə etdiyi sosialist realizmi yaradıcılıq metodu formaca milli, məzmunca sosialist, sinfilik və nikbinlik, proletar beynəlmiləlçiliyi rolunda olan ədəbiyyatın yaranmasına nail olmuşdur. Azərbaycan ədəbiyyatı da konkret bir mərhələdə bu yaradıcılıq metodunun dəmir pəncəsi altında sovet gerçəkliyini və onun üstünlüklərini əks etdirməkdən kənarda qala bilməmişdir. Əslində, sərt stalinizm rejimi şəraitində bundan başqa bir mövqe haqqında fikirləşmək yazıçıların “başını baltanın altına qoymaq”dan başqa bir şey ola bilməzdi. Mənfur 37-ci ilin qanlı vahiməsi rejimlə nəinki üz-üzə durmağın, hətta ona loyal və ya neytral münasibətdə dayanmağın faciəsini bəri başdan göz önünə gətirməyin reallığını qəbul etmək demək idi.

Sovet cəmiyyətinin “Xruşov mərhələsində” şəxsiyyətə pərəstişin aradan qaldırılması, “istiləşmə” dalğasının yaranması ilə əlaqədar olaraq ədəbiyyata müəyyən səviyyədə həyat materialı və təbii insan obrazları daxil ola bilmişdir. Cəmiyyət hadisələrinə həssas münasibət bəsləyən ədəbiyyat yaranmış fürsətdən istifadə edərək həyata doğru addımlar atmışdır. Lakin bu illərdə sovet həqiqətlərini bir qədər dərindən və açıq şəkildə təsvir etməyə cəhd göstərən, əsərlərində azacıq tənqid ruhu hiss edilən ədəbiyyatdan xaricdə dərhal sosializm əleyhinə mübarizə silahı kimi istifadə edildiyi üçün həmin mərhələ də keçici xarakter daşımışdır. Bu qəbildən olan yazıçıların “antisovetçi” kimi Qərbin diqqətini cəlb etməsi ölkə miqyasında ciddi gərginliklərə də gətirib çıxarmışdır. Həmin səbəbdən Nobel mükafatına layiq görülmüş sənət adamları, məsələn, Boris Pasternak ciddi təqiblərə məruz qalmış, Aleksandr Soljenitsınİosif Brodski isə Sovetlər İttifaqını tərk etməli olmuşdular. Beləliklə, 1937-ci ildəki Sibirə sürgün cəzasını və ya ölüm hökmünü bu mərhələdə yazıçıların Qərbə mühacirət etməyə məcbur qalmaları əvəz etmişdir.

Göründüyü kimi, qəbul etmək lazımdır ki, ölkədə yeni sistemin yaranması və inkişafı necə deyərlər, xoş-naxoş onu təbliğ və müdafiə edən ədəbiyyatı da doğurmuşdur. İyirminci illərin mətbuatında bu cür təbliğat və tərənnüm şeirləri kifayət qədərdir. Ciddi ədəbiyyat mənasında olmasa da, təbliğat xarakteri daşısa da, sovet ədəbiyyatının ilk nümunələri artıq bu rejimin doğuluşu ilə yaranmağa başlamışdır. İstər-istəməz ölkədə ədəbiyyat təfəkküründə dəyişiklik prosesi getmiş, yaradıcılıq istiqamətinin qütbü yeni səmtə doğru dönmüşdür. Ona görə də fikrimizcə, ədəbiyyat tarixçiliyi baxımından Azərbaycan sovet ədəbiyyatı mərhələsini 1920-ci ildən başlamaq məqsədəuyğun sayılmalıdır.

Sovet ədəbiyyatı, soasialist realizmi məfkurəsi nə vaxta qədər davam etmişdir sualı da eyni dərəcədə maraq doğurur. Haqlı olaraq deyildiyi kimi, “yetmiş illik sovet ədəbiyyatını heç bir tarixdən çıxarıb atmaq mümkün deyildir” (Dmitri Bıkov). Əslində, Azərbaycan ədəbiyyatında “altmışıncılar” adlanan yeni ədəbi nəsilin ədəbiyyat meydanına gəlişindən sonra ölkədə sovet ədəbiyyatının mövqeyində eniş dövrü başlanmışdır. Ədəbiyyata gələn yeni dalğanın təsiri ilə yaradıcılıq ab-havası dəyişmişdir. Bu vaxtdan etibarən nəinki yeni nəsil yazıçıların, hətta klassik nəsli təmsil edən sənətkarların da yaradıcılığında xalq həyatına, milli-mənəvi dəyərlərə, insan mənəviyyatının təqdimatına doğru ciddi dönüş baş vermişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi XX əsrin 70-80-ci illərində Azərbaycan cəmiyyətində gedən milliləşmə prosesləri yeni ədəbiyyat təfəkkürünün formalaşmasında mühüm rol oynamışdır. Dinc yanaşı olsa da, bir müddət ədəbiyyatda sosialist təfəkkürü ilə milli düşüncə əsasında yaranan ədəbiyyat yanaşı addımlamışdır. Bununla belə, sosialist realizmi bir yaradıcılıq metodu kimi XX əsrin yetmişinci illərindən arxa plana keçmiş, ədəbiyyatda sovet gerçəkliyinin vəsf edilməsi süni görüntü xarakteri almışdır. Bədii əsərlərdə insan və zaman problemi ön mövqeyə çıxmış, milli-mənəvi özünüdərk və istiqlalçılıq ideyaları qüvvətlənmişdir.

Beləliklə, sovet hakimiyyəti illərində yaranan, ümumi şəkildə sovet ədəbiyyatı adlandırılan ədəbiyyatı dövrləşmə baxımından aşağıdakı iki mərhələyə ayırmaq lazım gəlir:

1. Azərbaycan ədəbiyyatında sosialist realizmi dövrü (1920-1969-cu illər).

2. Azərbaycan ədəbiyyatında milli özünüdərkə qayıdış və istiqlal uğrunda mübarizə mərhələsi (1970-1991)

Məlum olduğu kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi 1969-1982-ci illərdə ölkədə milli-mənəvi dəyərlərə, böyük ədəbi-tarixi şəxsiyyətlərin ideallarının təbliğinə, özünüdərk proseslərinin dərinləşdirilməsinə, vətənpərvərlik ideyalarının genişləndirilməsinə böyük qayıdış mərhələsi yaşanmışdır. Azərbaycan dili respublikanın konstitusiyasında dövlət dili statusu qazanmışdır. Milli ziyalılıq müdafiə olunmuş, dövlət səviyyəsində dəstək əldə etmişdir. Bu da öz növbəsində ədəbiyyat və incəsənətdə yeni mərhələnin formalaşdırılması ilə nəticələnmişdir. XX əsrin yetmişinci illərində bir qədər əvvəl özünü bəyan etmiş “altmışıncılar” artıq yeni dalğanı daha inamla davam etdirmək və genişləndirmək imkanı qazanmışlar. Hətta əllinci illərdə bədii yaradıcılığa başlamış Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Məmməd Araz, Xəlil Rza Ulutürk və başqaları 70-80-ci illərdə özlərinin ən cəsarətli fikirlərini əks etdirən ciddi sənət nümunələrini yazmışdılar. Üstəgəl, Sabir Rüstəmxanlı, Çingiz Abdullayev, Hidayət, Zəlimxan Yaqub, Çingiz Əlioğlu və başqaları kimi “yetmişincilər” ədəbi nəsli ədəbiyyatın vətəndaşlıq ruhunu daha da qüvvətləndirmişlər. Artıq bu zəmində XX əsrin səksəninci illərində Azərbaycan ədəbiyyatı milli istiqlal davası mərhələsinə qədəm qoymuşdur. Ədəbiyyatda tam yeni olan səksənincilər ədəbi nəsli böyük cəsarətlə milli istiqlal meydanında söz sahiblərinə çevrilmişlər. Azərbaycan Yazıçılar Birliyinin də təkcə adı yox, ideya-siyasi xətti yeniləşmiş, yaradıcılıq məsələlərinin inkişaf etdirilməsi vəzifələrinin həlli diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan Yazıçılar Birliyinin X qurultayındakı məruzəsində Xalq yazıçısı Anarın ifadə etdiyi kimi, yaradıcı qüvvələri öz ətrafında birləşdirən bu yaradıcılıq təşkilatı “Ana dilinin, mənəvi dəyərlərin milli özünəməxsusluğu keşiyində dayanmışdır”.

Azərbaycan ədəbiyyatı ölkənin və xalqın səsinin-sözünün bədii ifadəsinə doğru böyük dönüşə nail olmuşdur.

lll

Sovet hakimiyyəti illərində yaranan bədii əsərlərdə qələm sahibləri mövcud ideoloji tələblərə uyğun olaraq sinfilik prinsipinə daha çox əməl etməli olmuşdur. Çünki sinfilik prinsipi ədəbiyyatda proseslərin marksist-leninçi ideologiya işığında təqdim olunmasına geniş şərait yaradırdı. Bu yolla tarixi keçmişdən bəhs edən bədii əsərlərdə əksər hallarda bəy-xan nəsillərinin nümayəndələri düşmən obrazı kimi göstərilir, sovet dövlətinin əsas dayağı sayılan fəhlə-kəndli sinfi ədəbiyyatın əsas qəhrəmanı səviyyəsində təqdim edilirdi. Azərbaycan yazıçılarının 1934-cü ildə keçirilmiş I qurultayında “Azərbaycan sovet nəsrinin vəzifələri” mövzusunda məruzə ilə çıxış edən gənc yazıçı və tənqidçi Mehdi Hüseynin ədəbiyyatda sinfilik prinsipi haqqında aşağıdakı fikirləri konkret bir yazıçının ürək sözlərini yox, sosializm quruluşunun ideoloji tələblərindən irəli gələn direktivlərin ifadəsi idi: “Mən bu məsələni birinci sırada aydınlaşdırmaq istəyirəm. Çünki hər bir sinfin yazıçısı öz dövrünün müsbət tiplərini, qəhrəmanlarını yaratmaq vəzifəsini birinci sırada ifa etmişdir. İşçi sinfi öz həqiqi qəhrəmanlarının dürüst, canlı və eyni zamanda, yüksək bədii şəkildə göstərilməsini tələb etmək haqqında bütün başqa siniflərdən daha çox üstünlüyə malikdir”.

Partiya təbliğatının işığında sovet ədəbiyyatında, o cümlədən, 1920-1950-ci illər Azərbaycan ədəbiyyatında müxtəlif janrlarda siniflərin mübarizəsinə həsr olunmuş çoxsaylı “formaca milli, məzmunca sosialist” məfkurəli bədii əsərlər yazılıb nəşr olunmuşdur. Lakin zaman göstərdi ki, sinfilik prinsipi ədəbiyyatın mövzu dairəsini xeyli dərəcədə daraltmışdır. Fəhlə-kəndli mövzularında yazılmış əsərlərlə geniş mənada xalq həyatını tam əks etdirmək mümkün olmurdu. Eyni zamanda, sinfilik adı altında xalqın ayrı-ayrı təbəqələrini bir-birinə qarşı qoymaq da sxematik olmaqla bərabər, həm də oxucu kütləsi tərəfindən heç də həmişə birmənalı qarşılanmamışdı. Sovet ədəbiyyatşünaslığının əsas götürdüyü xəlqilik prinsipi də millilik anlayışını geniş mənada ifadə edə bilmirdi. Xəlqilik dedikdə ədəbiyyatda daha çox zəhmətkeş sinfin həyatı və əmək fəaliyyətinin təsvir edilməsi nəzərdə tutulurdu. Sovet ideologiyasının tələb etdiyi zəhmətkeş xalq isə geniş mənada milləti təmsil edən sadə, adi adam, sıravi ziyalı, yaxud Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsində təsvir etdiyi Novruzəli kimi “kiçik adam” demək deyildi. Bu, sosialist təsərrüfat sistemində - fabrik və zavodlarda, kolxoz və sovxozlarda çalışıb, sosializm quruluşu yollarında fəaliyyət göstərən və mütləq nikbin ruhda təqdim olunan sovet fəhlə və kəndlisi idi. Bununla belə, sovet ədəbiyyatı çərçivəsində nə qədər çətin olsa da, normal zəhmətkeş obrazı, zəhmət mövzusu yeni ədəbiyyatda yaranmaqda idi. XX əsrin 50-ci illərində ədəbiyyata gələn Çingiz Aytmatov sovet ədəbiyyatında sosialist realizmi qəlibindən kənarda öz qəhrəmanlarını təkcə mənsub olduqları sinif etibarilə deyil, tale, düşüncə, təfəkkür mənasında bütün adilikləri və dərinlikləri ilə təsvir etmişdir. Sonralar Çingiz Aytmatov özünün “Gün var əsrə bərabər” romanındakı Yedigey obrazı haqqında yazırdı: “Boranlı Yedigey təkcə öz təbiəti və məşğuliyyət tərzinə görə zəhmətkeş adam olaraq qalmır. O, ruhən zəhmətkeşdir. Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir. ...Qəlbən zəhmətsevər adamları elə qardaşlığa bənzər bir hiss birləşdirir ki, onlar həmişə bir-birini tapıb seçə bilir, bir-birini başa düşür, başa düşməyəndə də bunun səbəbi barədə düşünürlər”.

Sosialist realizmi yaradıcılıq metodunun müəyyən etdiyi tarixi nikbinlik prinsipi ilə xəlqilik anlayışındakı sinfiliklə əlaqədar məqamlar bir-birini tamamlayırdı. Hətta klassik ədəbi irsdən bəhs edəndə də bu meyarları nəzərə almaq əsas meyar hesab edilirdi. Buna görə də Nizami Gəncəvinin ölməz “Xəmsə”sinə daxil olan əsərlərdə əməkçi insan obrazları - kərpickəsən kişi, Fərhad, Fitnə, çoban surətləri ideal qəhrəmanlar olaraq diqqət mərkəzinə çəkilirdi. Beləliklə, Nizami Gəncəvinin əsərlərinin əsas mahiyyəti, böyük idealları, humanizmi, ədalətli hökmdar axtarışları arxa plana keçirilirdi. Dahi şairin “İskəndərnamə” poemasında təsvir etdiyi xəyali ideal cəmiyyət elmi-ideoloji fikirdə utopik sosializmin ilk addımları, yaxud da kommunizm quruluşu kimi qabardılaraq xalqa çatdırılırdı. Azərbaycan ədəbiyyatı klassiklərindən bəhs ediləndə bədii əsərlərə sosialist realizmi meyarları ilə yanaşılır, əsasən sinfilik gözü ilə araşdırmalar aparılır, üstəgəl, ədəbiyyatda ateizm əlamətləri axtarılıb qabardılırdı. Bu proses bir müddət ümumən keçmiş sovet ədəbiyyatında, o cümlədən, Azərbaycan sovet ədəbiyyatında təsərrüfat və istehsalat mövzusunu ədəbi fikrin baş mövzusu səviyyəsinə gətirmişdi. Doğrudur, yazıçı və şairlər istehsalat, yaxud təsərrüfat mövzularında əsərlər yazarkən imkan daxilində qəhrəmanlarının iş şəraiti və zəhməti ilə yanaşı, onların mənəvi-insani münasibətlərinə, məhəbbət və dostluq motivlərinə də müəyyən yer ayırırdılar. Bu isə əksər hallarda ədəbiyyat üzərində partiya nəzarəti missiyasını həyata keçirən ədəbi tənqidin sərt münasibəti ilə qarşılanırdı. XX əsrin altmışıncı illərindən sonra ədəbi mühitdə yeni nəsil artıq sovet ədəbiyyatında önə çəkilmiş istehsalat mövzusuna ehtiyatla da olsa müəyyən səviyyədə tənqidi yanaşmalı olurdu. Xalq şairi Məmməd Arazın 1964-cü ildə yazdığı aşağıdakı şeiri bir sənətkarın deyil, bütövlükdə ədəbi mühitin ədəbiyyatla ideologiya arasındakı yaradıcılıq qayğılarını dolğun şəkildə ifadə edirdi:

Qaytardı redaktor lirik şeirimi,
Qaytardı fəhlə yox, zavod yox - deyə.
Zavoddan yazdığım kiçik şeirimi,
Oxudum bir axşam qonşum fəhləyə.

Fəhlə də gileyə tutdu ki məni:
- Bəs hanı məhəbbət, lirika hanı?
Gəl indi inandır çap eliyəni,
Gəl indi sevindir sən oxuyanı


Göründüyü kimi, sovet dövrünün bütün çətinliklərinə baxmayaraq, Azərbaycan yazıçıları müxtəlif bədii vasitələrlə öz sözlərini deməyə, vətəndaşlıq mövqelərini ifadə etməyə ciddi səy göstərmişlər. Bir çox sənətkarlar ölkəsinin və xalqının azadlığından söz açmaq üçün xarici ölkələrin, daha çox da Afrika xalqlarının həyatından bəhs edən, onların haqlarını müdafiə edən əsərlər yazmaqla dolayısı ilə mənsub olduqları ölkənin gələcəyinə işıq salırdılar.

Sosialist realizmi ədəbiyyatda sovet gerçəkliyinin təbliğat metodu kimi XX əsrin altmışıncı illərinə qədər aparıcı mövqeyə malik olmuşdur. 1930-1950-ci illərə qədərki dövr Azərbaycan sovet ədəbiyyatında sosialist realizminin üstünlük qazandığı mərhələdir. Doğrudur, sovet ədəbiyyatının başlanğıc dövrlərində də sərt ideoloji tələblərin olmasına baxmayaraq, xalqın milli maraqlarını və real həyatını əks etdirən ədəbiyyat da yaranmışdır. Məsələn, yeni cəmiyyətin irəli sürdüyü sovet vətənpərvərliyi ideyası yazıçı və şairlərə siyasi motivlərə toxunmadan vətən haqqında yüksək bədii söz deməyə meydan açırdı. Ən istedadlı sənətkarlar bu imkandan yararlanıb ölkələri haqqında, bu coğrafiyanın təbiət gözəllikləri, bəzən də tarixi ənənələri barədə ciddi əsərlər yaza bilirdilər. Səməd Vurğunun məşhur “Azərbaycan” şeiri 1935-ci ildə yazılmışdır. Yaxud da yazıçılar əsərin görünən tərəfində ideoloji əlamətləri zahirən nəzərə çatdırıb, dərin qatlarda həyatı və insanı realistcəsinə əks etdirirdilər. Məhəbbət mövzusuna geniş yer ayrılması da çıxış yollarından biri idi. Lakin ümumi və aparıcı tendensiya sovet hakimiyyətinin təntənəsini, fəhlə-kəndli sinfinin nailiyyətlərini, beynəlmiləlçiliyi ədəbiyyatın aparıcı ideyasına çevirməkdən ibarət idi. XX əsrin altmışıncı illərindən sonra ölkədə siyasi mühit bir qədər dəyişmiş, sosialist realizmi yaradıcılıq metodu inkar edilməsə də, nəhayət, gerçək ədəbiyyat üstünlük qazana bilmişdir. Yetmiş-səksəninci illərdə Azərbaycan ədəbiyyatında sosialist realizmi formal ad olaraq nəzərə çarpır. Bu dövrün ədəbiyyatında açıq etiraf olunmasa da, tənqidi realizm və romantizm axınları ön mövqeyə çıxmışdır. Anar, Elçin, Yusif Səmədoğlu, Sabir Əhmədov, İsi Məlikzadə, Mövlud Süleymanlı və başqalarının yaradıcılığı yeni tipli tənqidi realizmin canlı təzahürləridir. Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Əli Kərim və başqalarının əsərlərində real düşüncəni tamamlayan romantik ruh mövcuddur. XX əsrin 70-80-ci illərinin ədəbiyyatında istiqlal ruhlu bəyannamələri meydana çıxmışdır. Böyük ədəbiyyatın ana dili uğrunda mübarizəsi geniş mənada Ana Vətənin milli istiqlalı mövzusu səviyyəsində səslənmişdir. Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Sabir Rüstəmxanlının, Rüstəm Behrudinin şeirlərinin meydanlarda mübarizə şüarları kimi səslənməsi istiqlal ədəbiyyatının qələbəsi idi.

Beləliklə, Sovet dövrü Azərbaycan ədəbiyyatını aşağıdakı iki istiqamətə ayırmaq olar:


1. Azərbaycan sovet ədəbiyyatı, yəni sovet ideologiyası əsasında yaranmış Azərbaycan ədəbiyyatı

2. Sovet dövrü Azərbaycan ədəbiyyatı, yəni sovet dövründə yaranan, lakin Azərbaycan gerçəkliyini əks etdirməyə üstünlük verən Azərbaycan ədəbiyyatı

Etiraf etmək lazımdır ki, sovet dövründə Azərbaycan ədəbiyyatında bütün janrlarda kommunist partiyasını, oktyabr ideallarını, sosializm quruluşunu vəsf edən kifayət qədər bədii əsərlər yaradılmışdır. SSRİ kimi güclü bir imperiyanın tərkibində yaşayıb-yaradan yazıçı və şairlər üçün bu hal tədricən təbii bir proses halını almışdı. Ona görə də bu gün partiyalı ədəbiyyata görə yazıçıları tənqid etmək, onlara qara yaxmaq zamanı obyektiv dərk etməmək deməkdir.

Doğrudur, Süleyman Rəhimovun (1900-1983), Əli Vəliyevin (1901-1983), Əbülhəsənin (1904-1986), Süleyman Rüstəmin (1906-1989), Məmməd Rahimin (1907-1977) və başqalarının əsərlərində sovet həyat tərzi, sosializm uğrunda mübarizə əsas məsələ idi. Lakin böyük istedad sahibi olan bu yazıçı və şairlər öz əsərlərində sosializm ideyalarının fonunda həyatın dərin qatlarına da enə bilirdilər. Xalq yazıçısı Süleyman Rəhimovun “Saçlı” romanı, “Mehman” povesti, Əli Vəliyevin “Budağın xatirələri” romanı, Əbülhəsənin “Yoxuşlar” romanı, Mehdi Hüseynin “Abşeron” romanı sosializm quruluşunun ayrı-ayrı mərhələlərinin hadisələrinə və proseslərinə həsr edilsə də, həm də həmin dövrün ruhunu, koloritini, dramatizmini, realizmini və maraqlı insan talelərini dərindən təsvir edən əsərlər idi. Xalq şairi Səməd Vurğunun (1906-1956), Rəsul Rzanın (1910-1981) və Mikayıl Müşfiqin (1908-1938) yaradıcılığındakı bədiiliyin vüsəti və onların yaradıcılığındakı millilik amili bu şairlərin ədəbiyyatda ideologiyanın baryerini qat-qat ötüb keçə bilmələrinə imkan yaratmışdır. Xalq şairi Süleyman Rüstəmin məhəbbət lirikası və Cənub şeirləri böyük sənət nümunələridir. Mirzə İbrahimov (1911-1993), Mir Cəlal (1908-1978), Əliağa Vahid (1895-1965), Ənvər Məmmədxanlı (1913-1990), İlyas Əfəndiyev (1914-1996), İsa Hüseynov (1928-1914), Hüseyn İbrahimov (1919-2008), Manaf Süleymanov (1912-2001) və başqalarının yaradıcılığında isə həyat həqiqəti ideologiyanı üstələmişdir.

Qeyd olunduğu kimi, Sovet cəmiyyətində Stalinizmin iflasından və “Xruşov istiləşməsi mərhələsi”ndən etibarən ədəbiyyatda reallıqların təsviri və tərənnümünə münasibət dəyişmişdir. Azərbaycan ədəbiyyatında bu proses keçən yüzilliyin əllinci illərindən başlamış, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsa Hüseynov, Nəbi Xəzri, Hüseyn Arif, Tofiq Bayram, Cabir Novruz, Salam Qədirzadə və başqaları kimi istedadlı ədəbi qüvvələri meydana çıxarmışdır. Xüsusən, Azərbaycan ədəbiyyatında “altmışıncılar” adlanan yeni ədəbi nəsil 70-80-ci illərdə XX əsrin əvvəlləri ədəbiyyatının “kiçik adam” konsepsiyasını yeni tarixi şəraitə uyğun şəkildə, müasirlik işığında yenidən dirçəltmək və daha da inkişaf etdirməklə ədəbi fikrə təzə nəfəs gətirmişlər. Məhz “altmışıncılar” ədəbi nəsli Azərbaycan ədəbiyyatında açıq şəkildə mövcud ideologiyaya qarşı çıxmadan ədəbiyyatda insanı onun mənəviyyatı, düşüncəsi, qayğıları, ağrıları və sevgisi ilə birlikdə əks etdirməklə tədricən mövcud ab-havanı dəyişdirə bilmişlər. Xalq yazıçısı Elçinin haqlı olaraq yazdığı kimi, sözün həqiqi mənasında “altmışıncılar” ədəbi nəsli sosrealizmin əsas prinsiplərindən biri, hətta birincisi olan “formaca milli, məzmunca sosialist” anlayışını söz ilə yox, əsərləri ilə rədd etdi və “formaca da milli, məzmunca da milli” ədəbiyyat yaratdı. ... Bu bədii-estetik (həm də dövrün kontekstində ictimai-siyasi) hadisə, yəni altmışıncıların ədəbiyyata gəlməsi Azərbaycan ədəbiyyatında bir küll halında keyfiyyət dəyişikliyinə səbəb oldu”.

Ona görə də Azərbaycan sovet ədəbiyyatını yalnız ideoloji mahiyyət daşıyan ədəbiyyat kimi təsəvvür etmək birtərəfli olardı. Məlum olduğu kimi, bütün maneələrə və çətinliklərə baxmayaraq, sovet dövründə əsl ədəbiyyat nümunələri də yaradılmışdır. Bu dövrdə Zamanı dərindən qavrayan ədəbiyyat sinfi mübarizələrin, beynəlmiləlçi mühitin fonunda mövcud ideologiyaya münasibətdə qarşıdurma nümayiş etdirmədən həyati prosesləri, sadə adamların mənəvi aləmini, gələcəyə olan ümidləri də təsvir etməyi bacarmışdır. Böyük ədəbiyyat nümunələri olan bir çox məhəbbət şeirləri, cənub mövzusuna həsr edilmiş əsl lirika nümunələri bu dövrdə yaradılmışdır. Hətta sovet dövrü ədəbiyyatında müxtəlif bədii vasitələrlə mövcud ideologiyaya qarşı müqavimət notları ifadə edən ədəbiyyat da yaradılmışdır. Səməd Vurğunun “Komsomol poeması”nda, Mirzə İbrahimovun “Gələcək gün”, Mir Cəlalın “Bir gəncin manifesti”, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” romanlarında, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” dramında, İsmayıl Şıxlının “Dəli Kür”ündəki milli xarakteri ifadə edən obrazlarda və ya təlqin edilən ideyalarda sosializm cizgiləri tapmaq mümkün deyildir. Azərbaycan altmışıncıları da düşünülmüş bədii vasitələrlə mövcud cəmiyyətin qadağalarından qabağa gedərək həyati prosesin ziddiyyətlərini də açıb göstərməyə nail olmuşdular. Bundan başqa, müasir meyarlar mövqeyindən yanaşdıqda XX əsrin 30-50-ci illərinin sinfi mübarizə dövrü ədəbiyyatı bu gün üçün həmin tarixi mərhələdə sosializm quruluşunun mahiyyətinə aydınlıq gətirən ədəbiyyat kimi müəyyən maraq doğurur. Xüsusən, dövrün ədəbiyyatında ictimai-siyasi proseslərin təqdimatı zamanı müşahidə olunan həyatilik meylləri həm də o mərhələnin gerçək simasının bütün yönləri ilə əks etdirilməsinə şərait yaradır. Ona görə də Azərbaycan sovet ədəbiyyatının bir çox nümunələrində həyati proseslərin real axarını da görmək mümkündür.

Xalq yazıçısı Elçinin sovet dövrü ədəbiyyatına dair aşağıdakı fikirləri məsələyə dair aydın baxışı və kompleks münasibəti ifadə etmək baxımından obyektiv, düşündürücü və əhəmiyyətlidir: “Beləliklə, biz sosrealizmin XX əsr Azərbaycan ədəbiyyatının inkişafına vurduğu zərərdən qətiyyən sərf-nəzər etməməli, həmin ədəbi zərərin nəticəsində itirdiklərimizi müəyyənləşdirməli və bu boşluqları doldurmağa çalışmalıyıq. Eyni zamanda, sosrealizm dövründə Azərbaycan ədəbiyyatının inkişafı da bu ədəbiyyatın tarixində çox mühüm və prinsipial mərhələ təşkil edir və biz bunu da görməli, tədqiq etməli, elmi-nəzəri təsnifatını verməli, əldə edilmiş bədii-estetik dəyərləri qiymətləndirməyi bacarmalıyıq”.

lll

XX əsrin sovet dövrü adlanan mərhələsində İranda yaşayıb-yaradan Cənubi Azərbaycan yazıçıları ilə əlaqələrin yaranması Sovetlər İttifaqı ilə qonşu dövlət arasındakı münasibətlərə uyğun olaraq çətinliklərlə üz-üzə gəlmişdir. Keçən əsrin 1920-1940-cı illərində Cənubi Azərbaycanla ədəbi əlaqələr demək olar ki, çox zəif şəkildə inkişaf etmişdir. 1945-1946-cı illərdə Azərbaycan Demokratik Firqəsinin yaranması və fəaliyyəti ilə İrandakı azərbaycanlı yaradıcı qüvvələrlə, ziyalılarla əlaqələr qurulsa da, həmin proses qısa müddətli bir dövrü əhatə etmişdir. Bu zaman ədəbiyyat və incəsənət sahəsində yaranan əlaqələr, çap olunan birgə mətbu orqanlar, kollektiv ədəbi nəşrlər mövcud hökumətin süqutu ilə işini dayandırmalı olmuşdur. Bundan sonra taleyin hökmü ilə İrandan Azərbaycana gəlib, burada yaşamalı olan qələm sahibləri Şimalda yaradıcılıq fəaliyyətlərini davam etdirmişlər. Beləliklə, Azərbaycan yazıçılarının Cənub qrupu formalaşmışdır. Məhəmməd Biriya, Balaş Azəroğlu, Söhrab Tahir, Əli Tudə, Mədinə Gülgün, Hökumə Billuri və başqaları şimallı həmkarları ilə birlikdə yazıb-yaratmış, qiymətli əsərlər meydana qoymuşlar. Azərbaycan Yazıçılar İttifaqında keçən əsrin yetmişinci illərində yaradılan Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Sovet Azərbaycanında yazıb-yaradan cənublu yazıçı və şairlərin əsərlərinin nəşri, yubileylərinin keçirilməsi və digər yaradıcılıq qayğıları ilə məşğul olmuşdur.

İranda yaşayıb-yaradan görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarla Süleyman RüstəmMəmməd Rahimin məktublaşması, Nəbi Xəzri və Bəxtiyar Vahabzadənin telefon danışıqları dövrün qeyri-adi ədəbi hadisəsi kimi böyük əks-səda doğurmuşdur.

XX əsrin səksəninci illərindən etibarən İranda yaşayıb-yaradan Azərbaycan yazıçı və şairləri ilə əlaqələrin qurulmasında və inkişafında dünya şöhrətli cərrah və tanınmış ədəbiyyatçı Cavad Heyətin və onun nəşr etdiyi “Varlıq” jurnalının xüsusi rolu və xidmətləri ayrıca qeyd edilməlidir. “Varlıq” jurnalında çap olunan məqalələr və jurnalın hər iki tərəfdə geniş yayılması qarşılıqlı ədəbi-elmi əlaqələrin inkişafında mühüm rol oynamışdır. Lakin Sovet dövləti İranla Azərbaycan arasında münasibətlərin genişlənməsində maraqlı olmadığı üçün ədəbi-mədəni əlaqələr normal inkişaf edə bilməmişdir.

Eyni zamanda, dünyanın ayrı-ayrı ölkələrində mühacirətdə yaşayan azərbaycanlı yazıçı və şairlərlə də bəzi təsadüfləri nəzərə almasaq, demək olar ki, əhəmiyyətli bir əlaqə mövcud olmamışdır. Əksəriyyəti sovet rejiminin siyasi təzyiqləri nəticəsində ölkədən getməyə məcbur olmuş yazıçıların adlarını çəkmək uzun zaman qadağan edilmişdir. Dövri mətbuatda və ya elmi nəşrlərdə mühacirət ədəbiyyatının tanınmış yaradıcılarından yalnız onların adlarının əvvəlinə “mürtəce burjua yazıçısı” sözləri yazılmaqla söz açmaq mümkün idi. XX əsrin səksəninci illərində xaricdə yaşayan həmvətənlərlə bağlı “Vətən” cəmiyyətinin yaradılmasından sonra mühacirət ədəbiyyatı dünyasına müəyyən işıq salmaq, ilkin əlaqələr qurmaq mümkün olmuşdur. Və yalnız Sovet dövlətinin süqutu ilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun 1991-ci ildə keçirdiyi Azərbaycan mühacirət ədəbiyyatına həsr olunmuş I Beynəlxalq Simpoziumdan sonra ölkəmizdə mühacirət irsinin sistemli öyrənilməsinə və mühacirətdə yaşayan yazıçılarla əlaqələrin bərpa edilməsinə başlanılmışdır.

lll

Göründüyü kimi, sovet sistemi dövründə bədii yaradıcılıq işi, ədəbi əlaqələr əsasən hakim ideologiyanın siyasətinə və mənafeyinə tabe etdirilmişdir. Lakin ədəbi prosesdə nə qədər çətin olsa da, ideologiyaya xidmət edən ədəbiyyatla yanaşı, əsl bədii yaradıcılıq nümunələri də yaradılmışdır. Bütün bunlara görə, Azərbaycan Sovet ədəbiyyatı mərhələsinin ədəbiyyatına birmənalı şəkildə yanaşılmamalıdır. Azərbaycan sovet ədəbiyyatı geniş anlayış olub, özündə sosializm ideyasına üstünlük verən ədəbiyyatla bərabər, böyük ədəbiyyat nümunələri sayıla biləcək, ədəbiyyat tarixində daim yaşayacaq qiymətli sənət örnəkləri də meydana çıxarmışdır.

Əslində, çox diqqətlə nəzər salsaq, Azərbaycan ədəbiyyatında bütünlüklə xalis sovet ideologiyasına xidmət etmiş əsərlər o qədər də çox deyildir. Xüsusən, İosif Stalinin vəfatından sonra siyasi iqlimdə baş vermiş dəyişikliklər ədəbiyyatda ideologiyanın rolunu xeyli dərəcədə sındırmışdır. Yazıçı və şairlər çox vaxt ideoloji yönlü bədii nümunələri ciddi bədii əsərlər yazmaq naminə özlərinə yol açmaq üçün yazmışlar. Ona görə də sovet dövründə yazılan əsərlərdə mövzunun sosializm quruluşu həyatından alınması ilə əsərdə təsvir olunan həyat materialını, fərqli insan talelərinin təsvirini eyniləşdirmək olmaz. Azərbaycan sovet ədəbiyyatı təhlil və tədqiq edilərkən problemə və ədəbi şəxsiyyətlərə tarixilik baxımından yanaşılmalı, mövzu ilə zəngin həyat materialı arasındakı fərq nəzərə alınmalıdır.

Göründüyü kimi, bütün çətinlikləri və mürəkkəbliyi ilə bir yerdə sovet dövrü Azərbaycan ədəbiyyatının ayrıca mərhələsi olmuşdur. XX əsrin 70-80-ci illəri isə Azərbaycan ədəbiyyatının milli özünüdərkə qayıdış və istiqlalçılıq mərhələsidir. Səksəninci illərin sonları və doxsanıncı illərin başlanğıcının istiqlalçı ədəbiyyatı milli özünüdərkə qayıdış mərhələsi ilə müstəqillik dövrü ədəbiyyatı arasında körpü funksiyasını yerinə yetirmişdir. Qısa olmasına baxmayaraq, milli özünüdərkə qayıdış proseslərini tamamlayan bu mərhələ keçid dövrü kimi səciyyələnir. Azərbaycan ədəbiyyatında XX əsrin 70-80-ci illərində ədəbiyyatdakı millilik və ictimai-tarixi dərk ideyalarını keçid dövründə milli istiqlal ədəbiyyatı əvəz etmişdir. Bu mərhələnin ədəbiyyatındakı milli istiqlalçılıq ideyaları Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizəsinin ideallarına çevrilmiş, azadlıq mübarizəsi meydanlarının hərəkətverici qüvvəsi olmaq səviyyəsinə çatmışdır. Məhz bütün tarixi ərzində bu dövrdə Azərbaycan ədəbiyyatı milli istiqlal uğrunda mübarizədə heç nədən çəkinməyərək qətiyyətlə “Salam, dar ağacı” nidası ilə çıxış etməyi bacarmışdır. Azərbaycanın dövlət müstəqilliyi istiqlal ədəbiyyatının çiyinləri üstündən keçib gəlmək dövrün reallığına imza atmışdır. Milli-mənəvi özünüdərkə qayıdış və istiqlal uğrunda mübarizə dövrünün ədəbiyyatı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının baş məşqi və proloqudur.

İsa Həbibbəyli
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Yeni dövrləşdirmə konsepsiyası

Yeni dövrləşdirmə konsepsiyası

Yeni nəşrlər, Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"
“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

“Ədəbi proses-2017” elmi yaradıcılıq müşavirəsi keçirilib

"Zirvə"
Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Salidə Şərifova: «XX əsr Azərbaycan ədəbiyyatı»na baxış

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

PROFESSOR BƏDİRXAN ƏHMƏDLİNİN 3 CİLDLİK FUNDAMENTAL DƏRSLİYİ ÇAP OLUNUB

Yeni nəşrlər, Humanitar elmlər
Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

Ədəbiyyat İnstitutunda “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşa ...

"Zirvə"
“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

“Azərbaycan” jurnalında publisistika məsələləri (1953-2010)”

Yeni nəşrlər, Humanitar elmlər, "Elm və Təhsil"
Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı

Ədəbiyyatda azərbaycançılıq konsepsiyası və dövrləşmə təsnifatı

Humanitar elmlər, "Zirvə"
VAQİF SULTANLININ AZƏRBAYCAN  MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

VAQİF SULTANLININ AZƏRBAYCAN MÜHACİRƏT ƏDƏBİYYATI İLƏ BAĞLI KİTABI YAYINLA ...

Yeni nəşrlər, BDU
“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

“Azərbaycan ədəbiyyatı və ədəbiyyatşünaslığının aktual problemləri” mövzusu ...

ADPU
Ədəbiyyat tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri - Solt ...

Ədəbiyyat tarixinin dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri - Solt ...

Humanitar elmlər, ADPU
Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Akademik İsa Həbibbəylinin elmi tədqiqatlarının əsas istiqamətləri (II hiss ...

Humanitar elmlər, Elmi Məqalələr, "Zirvə"
“Milli ədəbiyyat tarixində  M.P.Vaqif irsinin öyrənilməsi”

“Milli ədəbiyyat tarixində M.P.Vaqif irsinin öyrənilməsi”

Elmi Məqalələr
AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

AZƏRBAYCAN DRAMATURGİYASINDA “ATALAR VƏ OĞULLAR” PROBLEMİ İLƏ BAĞLI MONOQRA ...

Yeni nəşrlər, BDU
Heydər Əliyev dühası: Dahilik, zaman və müasirlik

Heydər Əliyev dühası: Dahilik, zaman və müasirlik

Əsas xəbər, Azərbaycan, "Zirvə"
Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Naxçıvanın tarixindən bəhs edən yeni kitab işıq üzü görüb

Yeni nəşrlər, Naxçıvan, Təbriklər
TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

TƏBRİK EDİRİK!... Qurban Bayramov-70

"Zirvə"
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi

Humanitar elmlər, "Zirvə", "Elm və Təhsil"

"Nəriman Nərimanov - milli təmayüllü kommunist"

Yeni nəşrlər
TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

TƏBRİK EDİRİK!... Bu gün məşhur ədəbiyyatşünas-alim ŞİRİNDİL ALIŞANLInın do ...

"Zirvə", Təbriklər
Ədəbiyyatın yüksək amalı və böyük borcu

Ədəbiyyatın yüksək amalı və böyük borcu

"Zirvə"
Rəy yazın: