İmdad Tağıyev: "QARAYAZINAMƏ" - 1

İmdad Tağıyev: "QARAYAZINAMƏ" - 1
İmdad Tağıyev


"Qarayazınamə"


Bakı - 1994


Naşiri,
ön sözün müəllifi
və redaktoru:

Müşfiq BORÇALI.



İmdad Tağıyev: "QARAYAZINAMƏ" - 1Görkəmli ziyalı, Azərbaycan Respublikası
“Təhsil” Cəmiyyətinin yaradıcılarından biri,
AzTU-nun dosenti, tanınmış alim,
fizika-riyaziyyat elmləri namizədi
İmdad Hüseyn oğlu Tağıyevin (1938-1997)
doğulub boya-başa çatdığı qədim
Azərbaycan diyarı Borçalı barədə
yazdığı “Qarayazınamə” poeması
müəllifin sağlığında “Təhsil” Cəmiyyətinin
nəşriyyatında “Təhsil” qəzetinin
baş redaktoru Müşfiq Çobanlının (Borçalı)
yaxından köməyi ilə, o dövrün imkanları
daxilində, 1000 nüsxə tirajla
kitabça şəklində nəşr olunmuşdur.
İmdad Tağıyevə Allahdan rəhmət diləyir və
aşağıda həmin kitabçanı oxucularımıza
ərmağan edirik.


REDAKTORDAN


Gürcüstanlı ziyalılarımız arasında İmdad müəllimin adı həmişə hörmətlə çəkilir. İmdad Hüseyn oğlu Tağıyev 1938-ci il iyulun 10-da qədim Qarayazı diyarında dünyaya göz açıb və 1958-ci ilə kimi ömrünü-gününü bu doğma diyarda keçirmişdir. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuş və 1963-cü ildə oranı bitirmişdir. 1966-1969-cu illərdə keçmiş SSRİ EA-nın Yarımkeçiricilər İnstitutunun (indiki Rusiya EA-nın A.F.İoffe adına S-Peterburq Fizika-Texnika İnstitutu) aspiranturasında oxumuş, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəçəsi adı almaq üçün dissertasiya müdafiə etmişdir. Bir çox tanınmış alimlər onun elmi-tədqiqatının nəticələrinə yüksək qiymət vermişlər. İmdad müəllim hazırda Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. İmdad müəllim 30-dan çox elmi məqalənin, o çümlədən 10 kitabın və onlarla publisistik yazının müəllifidir. Onun zəngin elmi kitabxanası və çoxlu xatirələr arxivi vardır. Öz arxivi ilə bizi tanış etdikdə, onun çoxlu əlyazmaları arasında diqqətimizi cəlb edənlərdən biri də özünün “QARAYAZINAMƏ” adlandırdığı xatirə-yazısı oldu. “Qarayazınamə”ni diqqətlə oxuduq. Məmnuniyyətlə qeyd edirik ki, onun bir çox bəndləri tarixilik, folklorşünaslıq və dialektologiya baxımından böyük marağımıza səbəb oldu. Elə buna görə də “Qarayazınamə”ni cüzi redaktə etsək də, müəllifin üslubuna toxunmadıq və əlyazmanın demək olar ki, olduğu kimi nəşr olunmasını, üstün tutduq.
Budur, İmdad müəllimin özünün geniş müqəddiməsi və bəzi qeydləri ilə “Qarayazınamə”nin bir hissəsi sizin sərəncamınızdadır. “Qarayazınamə”yə qiymət verməyi isə, əziz oxucular, Sizin öhdənizə buraxırıq.

M. M. ÇOBANLI,
“Təhsil” qəzetinin baş redaktoru
Bakı, 5 fevral 1994.



BİR DİYAR VAR, QARAYAZI

Tarixin üzümüzə gülməz dönərgəsində Ana Vətənimiz Azərbaycanın indiki sərhədləri hüdudlarından kənarda qalmış doğma guşələrindən biri də ulu türk torpağı qədim Qarayazıdır! Hazırdz Qarayazı Gürcüstan Respublikasının daxilində Qardabani adı ilə məlum olan ən böyük rayonlardan biridir. Heç vaxt vətənimizin bir guşəsini o birindən üstün və ya əskik tutmamışam. Lakin 1938-1958-ci illər arasında 20 illik bir müddətdə bu doğma diyarda böyüyüb boya-başa çatdığımdan bu yerlərin təbiəti, ümumi mənzərəsi və xüsusilə zəhmətlə məşğul olan xeyirxah sakinləri ilə yaxındaş olduğumdan acılı-şirinli çoxlu xatirələr toplamışdım. Yeri düşdükcə bunları dostlara və tanışlara danışırdım. Amma bunları çap etdirmək fikrim yox idi. Aradan illər keçdikçə, məni yaxından tanıyan qarayazılı sakinlərdən, görüşüb hal-əhval tutanlardan, evimizə qonaq gələnlərdən və nəhayət, qohum-qardaşlardan iradlar və giley-güzarlar eşidirdim ki, yaxşı, sən qarayazılısan, bu diyarın çörəyini yeyib, suyunu içmisən. Allaha şükür, müdafiə də edib alimlik dərəcəsi almısan. Bəs, niyə Qarayazı haqqında yazmırsan. Radiodan və ya televiziyadan səsini eşitmirik. Qarayazıya da gec-gec gəlirsən... Dostlarımın iltiması həm də ondan ibarət idi ki, bütün olub keçmişləri şeirlə qələmə alım. Deyilən iradlara, giley-güzarlara ciddi etiraz etməsəm də dönə-dönə üzrxahlıq etdim ki, bu işlər mənim imkanlarım xaricindədir. Yaxşı olar ki, bu barədə başqa yoldaşlar yazsınlar. Etirazlarım fayda vermədi, hiss etdim ki, dostlarım etirazlarımı ürəkdən qəbul etmirlər. Çarəsiz qalıb uzun illər ərzində doğma Qarayazıda öz gözlərimlə gördüklərimi, ağsaqqallardan eşitdiklərimi ifçin-ifçin düzməyə başladım. 20 il müddətində (1938-1958) və sonralar bu doğma diyara gəlib getdikcə, gördüklərimi, öyrəndiklərimi, eşitdiklərimi və bildiklərimi, nəhayət, 1988-ci ildə tamamladım və 1993-cü ildə bir sıra əlavələr etdim. Beləliklə də, saysız təkidlərdən sonra, topladığım bütün xatirələri “Qarayazınamə” adı ilə əziz oxucuların sərəncamına verirəm.
Öncə onu qeyd edək ki, “Qarayazınamə”yə hər hansı səpkili dolğun bir əsər kimi baxılmamalıdır. Bu yalnız və yalnız mənim o doğma diyarda yaşadığım dövrdəki şəxsi müşahidələrimin və sonralar buraya gəldikcə gördüklərimin və eşitdiklərimin təsviridir.
Məqsəd isə tanıdığım, gördüyüm və həm-söhbət olduğum cəfakeş Qarayazı sakinlərinin unudulmaz xatirələrini yad etməkdən, onların hələ ki qiyməti verilməyən zəhməti, halallığı, paklığı və görünməmiş əziyyətlərinin ayrı-ayrı məqamlarından türk gənclərinə ötəri də olsa məlumat verməkdir. Qarayazı rayonu öz ərazisinə və əhalisinin sayına görə Gürcüstan Respublikasının soydaşlarımızın yığcam halda yaşadıqları ən böyük rayonlarından biridir. Tarixi mənbələrdən məlum olur ki, bu ərazidə türklər çox-çox qədimlərdən məskunlaşmışlar. Hazırkı Qarayazı şəhəri və rayonu haqqında bəzi məlumatları nəzərinizə çatdırmaq istəyirik.
Sovetləşmədən əvvəl və keçmiş Sovet hökumətinin ilk 10-13 ili ərzində buranın rayon statusu olmamışdır. Rayonun indiki mərkəzinin ərazisində Qaratəpə kəndi və ətrafda bəzi başqa kəndlər vardı.
Qaratəpə toponimi iki komponentdən ibarətdir, qara və təpə. Qədim türk dilində qara böyük, geniş deməkdir. Təpə isə müasir mənasında hündür yer, təpə kimi işlənmişdir. Bu ərazi düzənlik, çöllük yerdir. Ərazinin təqribən tən ortası hündür bir təpəlikdir. Çox-çox qədimlərdə buraya gələn insanlar bu təpəni uzaqlardan bir nişangah kimi seçmiş, sonralar bu təpənin üstündə kənd salmış və məskunlaşmışlar. Beləliklə, böyük, geniş təpə mənası verən Qaratəpə yaranmışdır...
1917-ci il oktyabr hadisələrindən sonra bütün imperiyada olduğu kimi, ümumiyyətlə, Zaqafqaziyada da çox ziddiyyətli bir vəziyyət mövcud idi. İlk vaxtlar Zaqafqaziyada, o cümlədən Gürcüstanda da rəsmi surətdə müvəqqəti hökumətin strukturu saxlanılırdı. Noyabr 1917 - mart 1918-ci illər arasında isə Gürcüstanın paytaxtı Tbilisidə Y.P.Qeqeçkorinin başçılığı ilə Zaqafqaziya Komissarlığı adlanan hökumət qurumu yaradıldı. 22 aprel 1918-ci ildə Zaqafqaziya Komissarlığı başqa bir orqanı - Zaqafqaziya Seymini yaratdı. Zaqafqaziya Seymi rəsmi orqan kimi 1918-ci il 10 fevraldan 1918-ci il 25 marta kimi fəaliyyət göstərdi. 22 aprel 1918-ci ildə isə Zaqafqaziya Seymi Sovet Rusiyasından ayrılmış müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradılmasını elan etdi. Lakin məlum olduğu kimi, çox qısa bir müddətdən sonra bu federasiya ləğv edildi və Qafqazda üç müstəqil Respublika yaradıldı. Bu respublikaların da ömrü gödək oldu. Hər üç respublikada sovetləşmə başladı. 1922-ci ildə SSRİ yaradıldı. 1936-cı ildən etibarən isə Zaqafqaziya respublikaları keçmiş SSRİ-nin tərkibində “müstəqil” surətdə fəaliyyətlərini davam etdirmişlər.
Təəssüflər olsun ki, tarixçilərimiz nəinki 1917-ci ildən əvvəl, hətta yuxarıda göstərilən ayrı-ayrı mərhələlərdə Gürcüstanda (eləcə də həmçinin daşnak yuvası Ermənistanda və bütünlüklə keçmiş SSRİ imperiyası hüdudları daxilində) soydaşlarımızın, o cümlədən Qarayazı bölgəsinin sakinlərinin başlarına gətirilən müsibətlərin mənzərəsini bütün genişliyi ilə ictimaiyyətə çatdırmamışlar. Bu müsibətlər isə görünməmiş dərəcədə çox olmuşdur.
Keçmiş Sovet hökumətinin ilk 10-13 ili ərzində Qarayazının ərazisində Ağ Təhlə və Qara Təhlə nahiyələri varıydı. Hər iki nahiyənin partiya təşkilatları Qaratəpə partiya təşkilatları kimi birgə fəaliyyətdə idi. Bunlar da öz növbəsində Tbilisi partiya təşkilatının tabeliyində idi. İlk vaxtlardan Qarayazının zəhmətkeş sakinləri sosialist tədbirlərinin həyata keçirilməsində çox böyük zəhmət çəkmiş və sədaqətlə Sovet hökumətinə (həmçinin Gürcüstan hökumətinə) xidmət etmişlər. Onlar bütün ədalətsizliklərə baxmayaraq bu sədaqətlərinə daim sadiq qaldılar. Elə buradaca əsas sualımızı verək. Bəs bu sədaqətin əvəzində onlar nə görmüşlər? Bədbəxtlik orasıdır ki, bu cür sədaqətlik tuthatutla, sürgünlə, açıq-aşkar ayrıseçkiliklə və başqa ədalətsizliklərlə qiymətləndirilmişdir.
1930-cu ildə Qaratəpə bölgəsində Qaratəpə rayonu təşkil edildi. Rayonun mərkəzi Qaratəpə kəndi oldu. 1932-ci ildə isə rayonun və onun mərkəzinin adı dəyişdirilib Qarayazı edildi və bu da 1947-ci ilə kimi rəsmən “yaşadı”. (Qaratəpə sözü kimi Qarayazı da qədim türk sözüdür. Qeyd edildiyi kimi “qara” sözü qədim türk dilində böyük, geniş deməkdir, “yazı” sözü isə qədim türk dilində çöl deməkdir. Beləliklə, Qarayazı böyük çöl mənasını verir.)
Yüz dəfələrlə danışdırdığım, sual verib cavab aldığım yaşlı və savadlı Qarayazı sakinləri deyirdilər ki, onlar hökumət uğrunda sözün əsil mənasında böyük fədakarlıqla çalışmışlar. 20-30-cu illərdə Qarayazının azərbaycanlı (türk) təsərrüfat bilicilərinin gərgin əməyi nəticəsində burada kolxoz hərəkatı geniş vüsət aldı, maşın, traktor stansiyaları tikilməyə başladı, pambıqçılıq zavodu, cins atçılıq sovxozu və başqa əmək sahələri təşkil edildi. Çox böyük ərazilərdə əkin sahələrini suvarmaq üçün Rustavi şəhərinin Kürlə birləşdiyi hissədən kanallar qazıldı, arxlar çəkildi. Küllü miqdarda idarə binaları inşa edilib istifadəyə verildi. Hökumətə tabe olmayan qaçaqlara və başqa qüvvələrə qarşı ölüm-dirim mübarizəsi aparıldı. Bu yolda Qarayazı kişilərinin bir çoxu öz canlarından keçdi. Sakinlərin qabar-qabar olmuş əlləri ilə məhsullar vaxtı-vaxtında yığıldı və hökumət fonduna verildi. Gözü tox sakinlər isə bir dənə də artıq meyvə qurusu, pamidor, badımcan, qarğıdalı dənəsi də özlərinin torbalarına qoyub evlərinə aparmırdılar. Bunlar olmuş hadisələrdir və bunlardan imtina edilə bilməz. Bəs, bu zəhmətdən sonra necə oldu? Necə deyərlər, hər şey hazır olandan sonra bu zəhmətkeş insanların əməyi, qədir-qiyməti heçə endirildi. 1937-1938-ci illərdə donosçuluq təşkil edildi. Tuthatut və gedərgəlməz yolları başladı. Dost-dostun, qardaş-qardaşın, ata-oğulun zorla üzünə durduruldu. Onlarla Qarayazı sakininin qara damlarının işığı söndürüldü, çırağı keçirildi. Gül kimi körpələr yetimlik dövrünə başladı. Camaat arasından say-seçmə oğullar seçilib Sibir vilayətlərinə sürgün edildi. Bir havadar, qahmar çıxıb hökumət səviyyəsində soruşa bilmədi ki, Hüseynov qardaşlarının Məhəmməd, Əlixan və İsmayıl), Sultanəlinin, Qulamın, Qafarın, Muxtarın, Əlinin, Səfərin, Bayramın, Ələsgərin, həsənqalalı İsmayılın, Qasımın, Xocayev Usubun, Məhəmmədağanın və onlarca başqa dinc Allah bəndəsinin nə idi sovet hökuməti yolunda təqsiri? Yaşlı nəslin nümayəndələri qeyd edirlər ki, tuthatut ilində ana və bacıların, qız və gəlinlərin ah-naləsindən qulaq tutulurdu. Müxtəlif bəhanələrlə, üzə durdurulmaqla bacarıqlı azərbaycanlılar tutuldu. Bir çoxu güllələndi. Digərləri 20-25 ilə didərgin edildi. Sahibsiz qalan qadınlar, uşaqlar və dövranı keçmiş ahıllar tut, yemlik, pərpətöyün, göyqulançar, əvəlik, ispanaq və b. təbiət bitki və meyvəsinin ümidinə qapıldılar. Gedənlərin bir çoxu bir daha öz doğma yurdlarına qayıtmadı. Qayıdanların isə danışdıqları əhvalatlardan insan vahiməyə gəlirdi. Gözləri yollarda qalan analar ərsiz, bakirə qızlar nişanlısız yol gözləməklə öz sındırılmış həyatlarını başa vururdular. Hələ bunlar azmış kimi 1941-ci ildə qanlı-qadalı müharibə illərinin elə ilk bir neçə günü ərzində beş yüzdən çox qarayazılı igid yeniyətmə səfərbər edilib davaya göndərildi. Ailələr yenə də qəmə batdı. Gedənlərin əksəriyyəti geri qayıtmadı. Çoxlarının qara kağızı gəldi. Lakin bütün bunlara baxmayaraq, Qarayazının əli iştutan, ayağı yeriyə bilən bütün sakinləri böyük şücaət göstərdilər. Olduqca ağır işlərdə qadınlar öz həyat yoldaşlarını və qardaşlarını əvəz etdilər. Onlar bütün rayon ərazisində ağır zəhmətli işlər gördülər. Gecələri-gündüzlərə qatıb hökumət yolunda cəsarətlə çalışdılar. Qələbəyə bircə an da ümidlərini itirməyən cəfakeş Qarayazı qadınları və qızları sırasından heç də Bəstidən, Şamamadan, Surəyyadan geri qalmayan əmək qəhrəmanları yetişdi. Onlar həm də dəhşətli müharibənin dəhşətli günlərində özləri bir qarına ac, bir qarına tox isti nəfəsləri ilə biz tifilləri böyüdüb boya-başa çatdırdılar. Belə ağır bir zamanda gənc müəlliməmiz Səmayə Bəxtiyarlı əsl müəllimlik nümunəsi nümayiş etdirdi. Qarda, boranda, şaxtada, uşaqlara həyan oldu. Qara peçlərdə qarğıdalı qovurub şagirdlərə verdi, onlara yorulmadan dərs öyrətdi. Evlərə gedib uşaqlara baş çəkdi. Bütün şagirdlərin əsil anası Səmayə müəllimə sayılırdı. Bəs, həmin illər (eləcə də sonralar) bu qəhrəman qadınların adları bir mötəbər məclisdən çəkildimi? Əsla yox. Əksinə, açıq-aşkar ayrı seçkilik edildi. Heç biri yüksək hökumət mükafatı ilə mükafatlandırılmadı. Birinə də əmək qəhrəmanı adı verilmədi, yüksək səviyyədə deputat seçilmədi. Bütün irəliçəkmələr yalnız gürcülərə aid idi. Bir nəfər gürcü hökumətindən soruşan olmadı ki, bu zəhmətin müqabilində bu ayrı-seçkilikdən məqsəd nədir?
Müharibə qurtarmağa yaxınlaşırdı. Qələbəyə ümid daha da artmışdı. O vaxtlar Cənubi-qərbi Gürcüstanda olduğu kimi Qarayazıda da Məhsəti türkləri yaşayırdı. 1944-cü ildə onları bircə gecənin içində ilim-ilim elə itirdilər ki, indi də gördüm deyən yoxdur. Siyasi ambisyalardan, bic ermənilər kimi min cür hiylədən çox-çox uzaq olan aydan-arı, sudan-duru soydaşlarımız haradan biləydilər ki, bu ayrı-seçkiliyin, qəddarcasına həyata keçirilən şübhəli tədbirlərin arxasında daha müdhiş fikirlər durur. Müharibə qurtaranda sevindik. Sakinlər yenidən zəhmətli günlərini davam etdirdilər. 1947-ci ildə Gürcüstan hökumətinin qərarı ilə rayonun adı “sürgün” edildi. Qədim türk QARAYAZI sözü “Qardabani” gürcü sözü ilə əvəz edildi. Elə həmin ərəfədə rayon mərkəzində fəaliyyət göstərən yeganə köhnə məscid binası uçuruldu. Lakin bu dediklərimiz Qarayazı camaatının son ağrısı-acısı deyilmiş. Görəcəkli qara günlərimiz hələ sən demə irəlidəymiş. 1940-ci ilin soyuq fevral günlərində, daha doğrusu fevralın 14-dən 15-ə keçən kecə saat 1-2 radələrində daha müsibətli hadisə baş verdi. Fevralın 13 idi. Axşam saat 17-18 radələri idi. Məktəbdən evimizə qayıdırdım. Həmin vaxt rayon mərkəzinin tən ortasından keçən şosse yolunun kənarı ilə onlarla hərbi sudabekr maşınları dayandı. Sudabekrlərdən düşənlərin əynində boz şinel, başlarında şikarı və cüy papaqlar vardı. Camaat onlara çapayevski papaqlar deyirdi. Qorxu hələ güclü olduğundan heç kəs heç kəsdən soruşa bilmirdi ki, kimdir bu çağırılmamışlar? Kim bunları rayona çağırıb? Nə məqsədlə çağırıblar? Camaatı vahimə bürümüşdü. Hamının qanı qaralmışdı. Ürəklərə dammışdı ki, nəsə bir bədbəxt hadisə baş verəcəkdir. Elə də oldu. İki günə yaxın maşınlar və onları idarə edənlər əllərində və çiyinlərində avtomat rayon mərkəzindən uzaqlaşmadılar. Həmin vaxt rayon partiya komitəsinin binasında isə “uzki kruqda” fasiləsiz surətdə siyahılar tutulur, gedər-gəlməzə göndərilənlərin adları müəyyənləşdirilirdi. Fevralın 14-də gecədən xeyli keçmiş tərtib edilmiş xüsusi siyahılar üzrə hər qapıya bir qara maşın yaxınlaşdı. Faraların yandırılıb - söndürülən uzüntülü işığında zorakılıqla həyətlərə daxil olan maşınlardan əli avtomatlılar düşdülər. Siyahılar üzrə evlərə istiqamət götürən sudabekrləri Qoçaryan, Minasyan, Mirzoyan, Kakayan və b. kimi hiyləgər ermənilər, həmçinin Tulçin, Ravva kimi başqa “aktivistlər” müşaiyyət edirdilər.
Qəfil gəlişdən sarsılan zavallı azərbaycanlı ailələrini yarımca saatın ərzində avtomatların qundaqları ilə vəhşicəsinə maşınlara doldurdular. Onlara ev əşyalarından lazım olanları götürmək imkanı da verilmədi. Evlərin işıqları (neft lampaları) söndürülmüşdü. Zil qaranlıqda heç nəyi görməyən sakinlər, götürüləcək bərxanadan daha çox öz ailə üzvlərinin haraylarına qalmışdı. Gecədən xeyli keçməsinə baxmayaraq bəzi evlərdə ailə üzvlərindən olmayanlar da var idi. Odur ki, olmazın dəhşətlər baş verdi. Hərbçilərin tələbləri isə qəti idi və müzakirə edilə bilməzdi. Sürgün edilənlərin demək olar ki, bütün ev əşyaları, xalça-palazı, məhsulu (qarğıdalı, badbudu, və s.) malqarası sahibsiz qaldı. Sürülənləri maşınlara doldurub soyuq qış gecəsində naməlum səmtə apardılar. Səhər açılar-açılmaz hələlik sürülməyən sakinlər küçələrə axışdı. Qohum-əqrəbanı, qonum-qonşunu, tanış-bilişi soruşmağa başladılar. Camaat öyrəndi ki, sürülənləri Tbilisi dəmiryol vağzalına gətirib, orada olduqca narahat vaqonlara dolduraraq Qazaxıstana aparıblar. Camaatın o zamankı ah-naləsi indi də yadımdan çıxmır. Soruşuram, nə idi o əlləri qabarlı yazıqların günahı? Heç nə! Səbəb onda idi ki, onlar azərbaycanlılar (türklər) idi.
Çox qısa bir müddətdə Gürcüstan azərbaycanlılardan təmizlənməli idi. Gürcüstanın başında duranların və onların Kremldə əyləşən havadarlarının əlinə tarixi girəvə düşmüşdü. Bu deyilənlər qətiyyən zəhmətkeş gürcü xalqının adı ilə bağlanmamalıdır. Zəhmətkeş gürcülər və azərbaycanlılar arasında dostluq həmişə olmuş və olacaqdır. Söhbət bu bəlanın təşkilatçılarından gedir. 1937-1938-ci illərin dəhşəti, 1944-cü ildə Gürcüstandan məhsəti türklərinin axırıncı nəfərinə kimi sürülməsi, Şimali Qafqazdan və digər yerlərdən müsəlmanların sürülməsi, 1947- 1948-ci illərdə Ermənistanda yaşayan soydaşlarımızın köçürülməsi və b. qeyri-insani münasibətlər cəzasız qalmışdı. Ümid edilirdi ki, bu da cəzasız qalmayacaq. Sürgün gecəsinin səhəri rayonun mərkəzində yaşayan bəzi erməni sakinləri də gözə dəymədi. Qalan ermənilər isə şaiyə buraxmışdılar ki, guya ermənilərdən də sürülüblər. Amma hadisədən bircə həftə keçməmiş onların hamısı bir nəfər kimi rayonda peyda oldular. Məlum oldu ki, həmin bic ermənilər əvvəlcədən Yerevana və başqa yerlərə gedərək orada qalmışlar. Demək olar ki, sürgün aksiyalarından onlar əvvəlcədən xəbərdar idilər.
Səhər məktəbə gəldim. Məktəbdə müəllimlər və şagirdlər qəmli idilər. Öyrəndim ki, onlardan da bir çoxu sürülüb. Çoxlarının təhsili, nişanları və b. arzu-kamı ürəyindən qaldı: Tağar, Yaşar, Firudin, Nəsrulla, Rəsul, Cavad, Əli, Əsəd, Həsən Cavadi, Mərdan, Yetər (qızı Gündüz mənimlə bir sinifdə oxuyurdu) İbad, Sayalı, Seyid, Həsən, İman, Fatma, İsmayıl, Həsən Şirməmmədoğlu, Xəlil, Tomayev İsmayıl (oğlanları Tebo və Tabo bizim məktəbdə oxuyurdular), Məcid, Ələkbər və onlarla başqa ailə başçıları zor gücünə qədim Qarayazı yurdlarından didərgin salındılar.
Bu dəfə də məsələnin qoyuluşunu, onun siyasi mahiyyətini tam mənası ilə başa düşməyən namuslu azərbaycanlı ailələr dərindən köks ötürdülər, Allaha dua etdilər. Yenə də səbrlə, təmkinlə, sədaqətlə öz iş-güclərini davam etdirdilər. Hökumət yolunda sidq ürəklə çalışdılar. İnam qorxu şəklində də olsa hələ çox güclü idi. Bununla yanaşı biz elə bilirdik ki, bu son müsibətimizdir. Qara maşınlar və əli avtomatlılar 25 dekabr 1951-ci ildə gecədən xeyli keçmiş şığıyaraq yenə azərbaycanlı ailələrin həyətlərinə daxil oldular. Yenə də həmin dəhşətlər, həmin zorakılıqlar. Bu dəfə başqa azərbaycanlılar: o cümlədən V.Q.Tomayev, müəllimlərdən Dilara, Laləzar, Hümbət, təsərrüfatçılardan Məşədi, Kazım və onlarca başqaları həmin vəhşiliklə yenə də uzaq Qazaxıstana sürüldülər. Əziz müəllimimiz Hümbət müəllimin son yarımçıq dərsi indi də yadımdan çıxmayıb. Sürgün illəri Gürcüstan K(b) P MK-nin katibi Çarkviani, Qardabani rayon partiya komitəsinin I katibi isə Sirikdze idi. Hökm elə yerinə yetirilmişdi ki, 1950-1952-ci illər ərzində bir dənə də səhih məlumat əldə edilməmişdi. Əksinə, söz-söhbət gedirdi ki, qısa zamanda qalan sakinlər də bütünlüklə sürüləcəklər.
Qapı-qapı Şərif nalox yığırdı. Yerli ziyalılar indi də əmindirlər ki, belə bir plan mövcud imiş. Amma sən saydığını say, gör fələk nə sayır. 1953-cü ildə əzrayıl Stalini diri gözlü caynağına saldı. İkinci cəllad Beriya gor-bagor edildi. Bu dəfə isə başqalarının istəyi ürəyində qaldı. Rayonun üstündən qaranlıq pərdəsi çəkilməyə başladı. Rəhimov Ə. A. və başqa yerli ziyalılar məsələ qaldırdılar. Yazdılar. Tələb etdilər. Tədricən sürülən həmyerlilərimizdən məktublar almağa başladıq. Sürülənlərin bəziləri qayıtmağa başladılar. Unudulmaz şairimiz V.Q.Tomayev qayıdanda isə rayonda toy-bayram oldu. Aradan çox illər keçib. Amma nəcib və mərd insanlar yaşayan Qarayazıda pərən-pərən olmuş soydaşlarımızın faciəsini heç cürə unuda bilmərəm. Yenə də soruşuram. Nə idi o dinc haqpərvər və hökumətə sədaqətli camaatın təqsiri? Hələ indiyə kimi bəzi fərdi hallardan başqa rəsmi səviyyədə o camaatın sağ qalanlarından (bir çoxu dünyasını dəyişib, Allah onlara min rəhmət etsin!) bir dəfə də olsun üzr istənilməyib. Bütün dəhşətlərə baxmayaraq həyat davam edirdi. 1947-ci ildə məktəbə getdim. 11 il oxuduqdan sonra 1958-ci ildə Qardabani Azərbaycan orta məktəbini bitirdim və Bakıya gələrək indiki M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil oldum. Ali təhsil aldığım illərdə və ondan sonralar da (indi də) doğma və əziz Qarayazı diyarı ilə heç vaxt əlaqəm kəsilmədi.
Beləliklə, həyatımın ilk 20 ili fasiləsiz olaraq bu diyarda keçdi. Bu müddət ərzində Qarayazıda baş verən bir çox hadisələr gözlərim qarşısında cərəyan etdi. Uşaqların, tay-tuşlarımın, qoca və cavanların, ağbirçəklərin nəcib-nəcib işlərinin, gözəl xasiyyətlərinin, xeyirxahlıq və əliaçıqlıqlarının, ağır zəhmətlərinin, sevincli və qəmli günlərinin canlı şahidi oldum. 1963-cü ildə Qardabani kəndinə (rayon mərkəzinə) Qardabani qəsəbəsi, 1969-cu ildə isə Qardabani qəsəbəsinə Qardabani şəhəri statusu verildi. 60-cı illərin əvvəllərində Qardabani rayonunun mərkəzi Samqori kəndinə köçürüldü və bütün rayon Samqori rayonu adlandırıldı. Şübhəsiz ki, bunun müəyyən məqsədi və səbəbi var idi. Lakin az sonra Gürcüstan hökuməti bu qərarı ləğv etdi. Ötən illər ərzində Qarayazının torpaqlarından bir neçə dəfə kəsilərək Tbilisi, Rustavi şəhərlərinə və başqa rayonlara birləşdirilmişdir. Bununla da rayonun ərazisi xeyli azaldılmışdır. Uzun illər ərzində rayon ərazisində bir çox tarixi yerlərin adları dəyişdirilərək gürcüləşdirilmişdir. Digər tərəfdən 60-cı illərin əvvəllərindən başlayaraq həyətləri olan şəhər sakinlərinin xüsusi evləri kütləvi şəkildə uçurularaq 5-9 mərtəbəli binalardan verilən mənzillərlə əvəz edilmişdir. Bu vaxtlar həmin binalara olduqca çoxlu miqdarda müxtəlif regionlardan gürcü və svan ailələri köçürülmüşdür. Bundan məqsəd rayon ərazisində, xüsusilə onun mərkəzində gürcü əhalisinin sayını artırmaq idi. 80-ci illərin axırlarından başlayaraq rayon mərkəzinə və kəndlərə xeyli gürcü ailələri köçürülmüşdür. Bundan başqa müxtəlif kəndlər arasında yeni-yeni kəndlər və qəsəbələr salınaraq oralara da küllü miqdarda svan ailələri köçürülmüşdür. Bunun nəticəsində rayonda azərbaycanlıların sayı ilə gürcülərin sayı arasında fərq azaldılmağa başlamışdır. Hazırda Qarayazı rayonunun tərkibində aşağıdakı kəndlər var: Soğanlıq (Poniçala), Qaracalar, Ağ Təhlə, Qara Təhlə, Birlik, Təzəkənd, Ulukişili (Kəpənəkçi), Kosalı, Nazarlı, Candar, Birlik, Təzəkənd, Ulyanovka, Qocori, Telet, Martkobi, Vaziani, Sərtcala, Qamarcveba, Lilo, Axali Samqori, Didi Lilo, Naqebi, Tabaxmela və b. adlar özləri hər şeyi deyir. Qarayazıda yaşadığım illərdə rayonun sosial vəziyyətində böyük çətinliklər var idi. İçməli suyun, mavi qazın olmaması, yolların pis vəziyyətdə olması və onlarca başqa çətinliklər.
Sakinlər hər cür əziyyətə dözməyi bacarırdılar. Dəhşətli bürküdə və şaxtada onların müxtəlif əkin-tikin və ev işlərində ruh yüksəkliyi ilə çalışdıqlarını gözlərimlə çox görmüşəm. Uzun illər ərzində əlləri qabar-qabar olmuş, nurüzlü sakinlər evlərində, həyətlərində və bizim evdə, həyətdə, küçədə, məclislərdə dəfələrlə görüşüb söhbət etmişəm. Çoxları ilə qohum əqrəbam və özüm duz-çörək kəsmişik. Salamımız olub. Bir çoxunun da şəxsən mənim boynumda unudulmaz minnəti vardır. Heç birinin ağrısı-acısı, mərifətli işi, hər cür zəhmətə qatlaşması heç vaxt yadımdan çıxa bilməz. Səd heyf ki, mən gördüyüm ötkəm sözlü, nurüzlü ağ-saqqalların və ağbirçəklərin bir çoxu mən rayondan oxumağa gedəndən sonra öz dünyalarını dəyişib, axirət dünyalarına qovuşmuşlar. Allahtaala öz calalı xatirinə onlara qəni-qəni rəhmət etsin, pak məzarlarını nurla doldursun! Sağ və salamat yaşayan sakinlər isə əmin-amanlıqda yaşasınlar və min qadadan və bəladan uzaq olsunlar. Hazırda sağ və salamat yaşayan Qarayazı sakinlərinin, həmçinin cavan nəslin öhdəsinə xüsusi bir borc düşür. Onlar ötənləri və keçənləri heç vaxt unutmamalıdırlar! Öz övladlarına və onların övladlarına keçmiş ağsaqqallar və ağ birçəklər kimi qeyrətli və namuslu, halal və pak, xeyirxah və zəhmətsevər olmağı öyrətməlidir. Öyrətməlidirlər ki, heç bir şey zəhmətdən, elmdən üstün ola bilməz. Ən böyük bərəkət torpaqdır. Öyrətsinlər ki, nahaqqa dözmək olmaz. Haramla millət irəli gedə bilməz. Biz bilməliyik ki, nəyə görə ingilis, alman, fransız məktəbləri və gəncləri elmdə bizimkiləri ötüblər. Mübarizəmiz də bu səmtə yönəldilməlidir.
Nəhayət, qeyd edək ki, başqa on illiklərə baxanda 60-80-ci illərdə dolanışığı pis olmayan Qarayazı sakinlərinin 80-ci illərin ortalarından, xüsusilə axırlarından başlayaraq bütün keçmiş - SSRİ Respublikalarında olduğu kimi Gürcüstandada ab- havanın yenidən xarab olması ilə əlaqədar vəziyyətləri yenə pisləşdi. Başqa yerlərdə olduğu kimi Qarayazıda da çətinliklər baş alıb gedir. Namuslu soydaşlarımız süni və bezikdirici manelərlə qarşılaşırlar. Hər yerdə özbaşnalıq, ədalətsizlik. Belə bir ağır zamanda, başqa gənclər kimi, bəzi Qarayazı gəncləri də eli-obanı atıb pul, maşın dalınca başqa şəhərlərə gedirlər. Bu isə arzulanmaz hadisədir və bunun cəzasını çəkməli oluruq. Buna görə də “herti-perti” başa düşməyənlər yerli camaatın üstünə ayaq açırlar. Bu proseslər getdikcə şiddətlənə bilər. Elə-obaya, xalqa möhkəm tellərlə bağlılıq məhz indi olmalıdır! Əslən Gürcüstanlı olan ziyalıların və başqa imkanlıların da öhdələrinə indi daha böyük məsuliyyət düşür. hamılıqla birləşib sözün həqiqi mənasında möhkəm birliyimizi yaratmalıyıq və ümumən millətimizlə bir olmalıyıq, onlara da dayaq durmalıyıq! Əbəs yerə deməmişlər ki, el bir olsa, zərbi kərən sındırar.
Mənə elə gəlir ki, sayıb-sadaladıqca ayrı-ayrı məqamlar ötərgi də olsa “Qarayazınamə”də verilir. Burada gördüyümüz qəmli-kədərli və xoş xatirəli günlərin, xüsusən uşaqlıq çağlarımızın, cəfakeş insanların həyatlarının müxtəlif məqamları yad edilir. Burada deyiləsi çox məqamlar mövcuddur. Lakin fikrimizcə bütün bunları əziz oxucunun öz öhdəsinə buraxsaq daha münasib olardı. Əgər əziz oxuclarımız və ilk növbədə gənclərimiz bu qeydlərdən zərrə qədər də olsa razılıq edib bəhrələnsələr, mən də həmin qədər özümü unudlmaz Qarayazılılar qarşısında öz borcumdan çıxmış hesab edərdim. Şübhəsiz ki, bütün iradlar, giley-güzarlar, təklif və arzular mənim tərəfimdən böyük minnətdarlıqla qəbul ediləcəkdir..

QARAYAZINAMƏ

Bir tərəfi şəhri Tifliz, Candar göl,
Bir tərəfi dəli Kürlə Qara kol,
Gəz dünyanı, bu diyara bir də gəl,
Mərd insanlar ocağıdı bu yerlər!
Qaçaq Kərəm bu yerlərdən keçifdi,
İgiddər qavaxda köşdər köçüfdü,
Gələn gedən öz qismətin seçifdi,
Sirr-sirdaş bucağıdı bu yerlər!
Yağlıcadan Borçalıya gedəsən,
Min illərdən nişangahlar görərsən,
Səda gələr lal qayalar dinnəsən,
Şeyx Sənan sığnağıdı bu yerlər!
Ər igiddər olan yerdi bu Vətən,
Yağı düşmən ölən yerdi bu Vətən,
İmdad gəzib-görən yerdi bu Vətən,
Ulu türkün torpağıdı bu yerlər!
* * *
Düz yirmi il bu diyarda qaldım mən,
Pis günnəri, xoş günnəri gördüm mən,
Çox şeyləri öyrəndim mən, bildim mən,
Siz də bilin, mən nələri, görmüşəm!
Yada sallam keçənləri bir qədər,
Dedim yazım qalsın mənnən yadigar,
Çoxlarının boynumda minnəti var,
Dar günümə çatanları, görmüşəm!
Uşaxlığmız yaman günlərə düşdü,
Böyüklər çörəkçün çöllərə düşdü,
İgidlər havayı qannara düşdü,
Çox zülmdə qalanları, görmüşəm!
Mərd ürəkli sözü ötkün atalar,
Dostuna dost, yağya qənim atalar,
Əzab gördüz canım-gözüm atalar,
Mən sizlərdə dağ vüqarı, görmüşəm!
Kotan çəkdiz, daş yardınız bizimçün,
Yol getdiniz, ac qaldınız bizimçün,
Düşmənlərə qılınc çaldız bizimçün,
Sizdər gedən yol-cığırı, görmüşəm!
Siz ötərgi, gəldi-gedər deyildiz,
Elə arxa, torpağa sadiqiydiz,
İndi yaman hiss olunur yeriniz,
Sizdən sonra gələnləri, görmüşəm!
Balaceydik ağlımız nə kəsərdi,
Analarmız bizim üçün əsərdi,
Yaman gözdən ovsunnuyuf üfrərdi,
Üstdə sancaq gəzənnəri, görmüşəm!
Ataları əvəz edən analar,
Yer şumlayıb, taxıl yığan analar,
Özdəri aj bizə baxan analar,
Sizdə özgə dözümləri görmüşəm!
Yaman günün ömrü azdı deyərdiz,
Siz bizdəri ölüm-zülüm böyütdüz
Halallığa və zəhmətə öyrətdiz,
Laylanızla böyyənnəri, görmüşəm!
Üçkünc məktublar oxyardıq sizdərə,
Gilə-gilə yaş düşərdi üzdərə,
Ömrü boyu dua etdiz bizdərə,
Mən də sizə alqışları, görmüşəm!
Bir gün anam məni məktəbə gətdi,
Rəhmətlik Qulama dil-ağız etdi,
“Uşaqdan muğayat ol”, - deyib getdi,
Bu məktəbdə qayğıları, görmüşəm!
Məktəb dövrü bax beləjə başladı,
Həm pisinə, həm xoşuna başladı,
Gah ajına, gah toxuna başladı,
Biri yoxu, biri varı, görmüşəm!
Hər nə gördüm, diqqət etdim, öyrəndim,
Böyüklərin dediklərni dinnədim,
Doğru yoldan, oxumaqdan dönmədim,
Əyri yola gedənləri, görmüşəm!
Ədilgilin1 öylərinin dalında,
Bir balaca bazar vardı, mən orda,
“Vada, vada komu nada?”- çağranda,
Vedrədə su satanları görmüşəm!
Dərsdən sonra çilik-toxma oynardıx,
Alçı-toxan, qaçma-tutma oynardıx,
Sümük-sümük, dirə-döymə oynardıx,
Dağlanda yağılcaları, görmüşəm!
Ayaqyalın biz ötəşə durardıx,
Raqatqaynan sığırçınlar vurardıx,
Gedif Cinni qonaxlara2 çıxardıx,
Başdarında yuvaları, görmüşəm!
Gecə çöldə qışqırardıx: “Dınqır. çal.
Usuf dayı, birni sındır, birni çal”.
Çardax üsdə düşərdi bir qalmağal,
O çardaxda dünyaları, görmüşəm!
Kol-kosduxda koramaldan qorxardıx,
Kəpənəhlər arxasınca qaçardıx,
Tulamazdyıf porsuxları vurardıx,
Qanqallıxda çərtdəhləri, görmüşəm!
Noyruz günü tonqalları çatardıx,
Tez-tez üstə qaratikan atardıx,
Dalvadala üstündən hoppanardıx,
Belə gözəl adətləri, görmüşəm!
Qış gecələr yandırardıx tunc peçi,
Oxuyardıx: “Ala-bula boz keçi,
Getmə uzaq, ay qoşa buynuz keçi”,
Qurda urcah dıvrrarı, görmüşəm.
Şəngülümü Şüngülümə qatardıx,
Taxd üstündə balış-balış atardıx,
Mitəkkəni üzümüzə tutardıx,
Başa dəyən balışdarı, görmüşəm!
Eşdən səs gələrdi: “Kimdi?” - sorşardıx,
Xoxan gəldi bilif, yaman qorxşardıx,
Qaçıf yorğanın altda doluşardıx,
Xoxan gələn gejələri, görmüşəm!
Qar suyunnan əl-üzmüzü yuyardıx,
Aj qarna da məktəvə yollanardıx,
Gejkənnərə biz fışqırıx çalardıx,
Əldə çanta qaçannarı, görmüşəm!
Yemlik yeyif, ziyrimizi sürərdik
Tərriyəndə yüyrüf arxa girərdik,
Həm dərində, həm dayazda çimərdik,
Suya dərin cumanları, görmüşəm!
İlk qarda bəhməzdi xaşıl pişrərdik,
Yeyif qaçıf, qar oynuna gedərdik,
Qar topuynan gedənnəri vurardıx,
“Qara bax, qara” deyənnəri görmüşəm!
Məhlələrdən biz bir yerə yığşardıx,
Bir-birmizə ayamalar qoşardıx,
Tərəf-tərəf olub koppalaşardıx,
Tez də küsüf barşannarı, görmüşəm!
Dosdarımdan Arif, Tanqo, Nürəddin,
Şahmərdanla Əsəd, Qabo, Ələddin,
İsə3 , Çoydar, Tebo, Tabo, Xələddin,
Hamısında etibarı, görmüşəm!
Səsdiyərdik: “Kəklik otu, kək otu,
Gəl - dəəndə gəl, gəlməyəndə-bərk otu”,
Azım, Xarazm atdardan kimin atı?
Mətigildə boz atdarı görmüşəm!
Savağacan söz-söhbətdər olardı,
Biz oynardıx, qızdar çəpik çalardı,
Ortalığı Mahmud çızğa alardı,
O cızıxda vurhavuru, görmüşəm!
Biz deyərdik, “Taneş dayı, yeyin gəl,
Çomax götür, çarğı-çurğu geyin gəl,
Umnisəni qaçırtdılar, teylən gəl,
Hay-həşirə düşənləri, görmüşəm!
Mən deyərdim: “hazar hazara gedər”,
Əs4 deyərdi: “Hazar bezara gedər,
Ata 3 aylıx, oğlu, bazara gedər”,
Bazara gedən qarpızdarı görmüşəm!
Gülzar deyərdi: “Taxcadan düşdü tap”,
Gülxar deyərdi: “Qızxanım yedi happ”,
Məstan pişik tullanıb elədi, hopp”,
Deşyə girən siçannarı, görmüşəm!
Əkbər oxuyardı: “Eh, Natarazı”;
Çəkməyə nə daş vardı, nə tərəzi,
Kişin çürdər arvadın natarazı”,
Arvad da çürdən kişləri görmüşəm!
Bir də gördük damın dalı döylərdi,
Müşəfərim, Güləfərim gələrdi,
Məclis təzdən qızışıb şənnənərdi,
Tez də çıxıf gedənnəri, görmüşəm!
Hədik pişrif qarğıdalı qovrardıx,
Buğda yığıf yelliyərdik, sovrardıx,
Danaları çuvuxluyuf qovardıx,
Biçənəkdə naxırrarı, görmüşəm!
Aramızda xozular da varıydı,
Ən danbatı Löllüydü, Eldarıydı,
Əyinərində qəlferi şalvarıydı,
Sırıxlı da geyənnəri, görmüşəm!
Kəkələnif İslam mənə çığrardı,
Əslər onu əlüsdücə yıxardı.
Dumbuzduyuf dam-divara sıxardı,
Hər məhlədə qoçuları, görmüşəm!
Əmimgildən öyümüzə gələndə,
Usqugilin toylasının tinində,
Uzun Eldar toy qavağı kəsəndə,
Sarmasına yıxlannarı, görmüşəm!
Usta İbad uşaqları döyərdi,
Çığırardı, bağırardı, söyərdi,
Bağa girsəz öldürəjəm deyərdi,
Mən o bağda çəmənzarı görmüşəm!
Ayam hər gün bazarlığa gedərdi,
Zəhra xala tezcə qayıt deyərdi,
Yadımdadır kim İsığa neynərdi,
Yazğı lağa qoyannarı, görmüşəm!
Öylərimizi çiy kərpişdən tikərdik,
Çəpərmizi çır-çırpıynan hörərdik,
Təzəkləri qurudardıx, düzərdik,
Təzək iynə dözənnəri görmüşəm!
Kəndimizə qaraçılar gələrdi,
Yaş söyüddən şuvurtular kəsərdi,
Gül səvətdər, qarzinkalar hörərdi,
Səvətdərdə naxışdarı görmüşəm!
Hürü nənə yağlı kökə pişrərdi,
Birni mənə, birni Usva verərdi,
Qurban olum, aj qalmayın,-deyərdi,
Qəbri nurla dolanları görmüşəm!
Moccu Göhər yolda məni saxladı,
Üzmü öpüb kəkliyimi sığalladı,
“Ay maşallah, daha yekəldin”-dedi,
Can sadağa gedənnəri görmüşəm!
Axşam üstü Teymurgilə gedərdik,
Zərniyarla, Ələddini görərdik,
Kor Tağarın sazını dinnəyərdik,
Mən onlarda həm də tarı görmüşəm!
Asdanpaşa, Ənvər bizə gələrdi;
Niyar mama xurcunda pay gətrərdi,
Zərnişangil bizdən razı gedərdi,
Xonça tutan gül əlləri, görmüşəm.
Anaxanım günaşırı bizdeydi,
Xumar gedər, sonra Pəri gələrdi,
Samavarmız axşamacan qaynardı,
Şirin süfrə açannarı, görmüşəm!
Şoş yolunda baqqal dükanlar vardı,
Həbib kişi xoruz-kanfet satardı,
Kimisi də malı-mala qatardı,
Xırım-xırda alannarı, görmüşəm!
Boçqaçı Əhməd pulsuz su verməzdi,
Posdalçı İslam xatasız qalmazdı,
Zakon Məhəd tuduğnu buraxmazdı,
Korafəhm də olanları, görmüşəm.
Düdükçü Tafdıx düdyün çalardı,
Yərdən bir də çıxardardı, silərdi,
Kim tək oynar, kimsə yallı gedərdi,
Yapıncında baxannarı, görmüşəm!
Əsəbəli telli sazda çalardı,
Hola Vəli nəmər salın deyərdi,
Deyin görək dəli Qarıf neynərdi,
Civə nəmər qoyannarı, görmüşəm!
Sara xala vızqonunu çalardı,
Böyük-kiçik hamı heyran qalardı,
Kim vızqona kalağayı bağlardı,
Kalağayda gül xalları, görmüşəm!
Qarmonçu Əbzər qarmonunu buraxdı,
Başı ponpul göyərçinnərə baxdı,
Neyniyəsən bu da bir cür maraxdı,
Çox marağa düşənləri görmüşəm!
Avı kişi at üstündə gəzərdi,
Yetim Söyün söz deməmiş küsərdi,
Yetim Gülü qazan divi pusardı,
Çömçədə pay çəkənləri, görmüşəm!
Bu diyarda gözəl bir qayda vardı,
Qoca-cavan öz yerini tanyardı,
Başqa cürə kimin nə həddi vardı,
Ağıl ağldan üstünnəri, görmüşəm!
Halal olsun, qulluğunda Əliyə5
Hasan Əmyə6, Abbas dayya7, Vəliyə8,
Ötkəmlikdə söz olmazdı Mirəlyə,
Xalxa tərəf duranları, görmüşəm!
Hajı Bayramın dəyrmanında Rustam,
Dən üydərdi şahat alardı xalxdan,
Çoxlarını yola saldı dəyirman,
Dəhnəsində buğda, darı, görmüşəm!
Eşitdim ki, Hüseynovkil varıymış,
Sayınqallı9 İsmayılgil varıymış,
Ağacannan, Xocayevgil varıymış,
Həzilərlə, Qaralları, görmüşəm!
Mən görəndə çullu Mədəd çulluydu,
Yahya kasıf, Bala Məmməd pulluydu,
Vəzifədə Murtuzuydu, Quluydu,
Qəbulunda duranları görmüşəm!
İrazıydıq günnərimiz ötürdü,
Allah bizim urzumuzu yetirdi,
Başımıza şeytan bəla gətirdi,
Dərdə düçar olanları görmüşəm!
Qəfil bizi yandırdılar, yaxdılar,
Başımıza ildırımlar çaxdılar,
Evimizi yaman yerdə, yıxdılar,
Xalxı zülmə salanları, görmüşəm!
37-də “sekretni” hökmü-qərar verildi,
Seçilif say-seçmələr öldürüldü,
Qalanlar da Sibirə göndərildi,
Gözüylə gor görənləri, görmüşəm!
Məhsətilər zülm ilə sürüldü,
Gejəikən ilim-ilim itrildi,
Birciyni də gördüm deyən olmadı,
Bax beləjə tufannarı, görmüşəm!
Meçidmizi uçurtdular, yıxdılar,
Mollaların axırına çıxdılar,
Şəriəti başımıza qaxdılar,
Dinimizi danannarı, görmüşəm!
Aşurada şaxsey-vaxsey gedənnər,
Zəncir vuruf sinəsinə döyənnər,
Matəm günü əmmaməsin geyənnər,
Bir-bir yoxa çıxannarı, görmüşəm!
İllər keçdi yaralarmız soymadı,
Baş cəlladsa heç də qannan doymadı,
50-də, 51 -də Azərbaycannı qoymadı,
Bir gejədə sürlənnəri, görmüşəm!
Aydan-arı, sudan-duru sakinlər,
Təhləndilər pərən-pərən oldular,
Gül balalar saraldılar, soldular,
Ana deyə çığrannarı görmüşəm!
Yollarımız çiskin oldu, çən oldu,
Çox gözlədik yuxlarımız çin oldu,
Əzrail cəlladı çaynağna saldı,
Öz yurduna qaydanları görmüşəm!
Bir zamanlar ağalarmız sağıydı,
Seyiddərmiz, koxalarmız sağıydı,
Elə arxa atalarmız sağıydı,
Yağya zoddu olannarı, görmüşəm!
İsmarardıq yaxın dostlar gələrdi,
Yaman gündə bizə hayan olardı,
Fərəhlənib könlümüz açlardı,
Qürrələnif öynənnəri, görmüşəm!
Zeynav oğlu10 heç nainsaf döyüldü,
Mərd kişilər xeyir-şərdə sayıldı,
Hayıf, çoxlarnın da zəhməti zay oldu,
Çox da fərsiz evladları görmüşəm!
Dedilər ki, Mirzələmi naxoşdu,
Bilənmədik nə aparaq nə xoşdu.
Xavar gəldi, lazım döyül ta köşdü
Çox zülmdə qalanları görmüşəm!
Şəhniyarın körpüsündən keçəndə,
Sevinərdik indi çatırıq kəndə,
Dırda Ziyəddini hamdan irəlidə,
Gerdə qalan yorğunnarı görmüşəm!
Günnərimiz tər tökməkdə keşdi hey,
İndi deyrlər həmən günnər heşdi hey,
İndikilər yüngül yollar seşdi hey,
Kef damaxda olannarı görmüşəm!
Alatoran briqadirlər gələrdi,
Əldə matrax yoğun səslə çığrardı,
Camahatı işləməyə çağrardı,
Yuxdan tezcə qalxannarı görmüşəm!
Mığı qovub miçəktənnəri örtdük,
Kirkirədə qarğıdalı üyütdük,
Cad çörəhnən alnı açıq böyüdük,
Çox mərdana kasıbları görmüşəm!
Yadımdadır Pəlləverin11 şələsi,
Qaracoğlun köhnə yurdu, yuvası,
Süleymanın çırıx-cındır çuxası,
Çoxlarında yamaxları görmüşəm!
Pasax Əli qara tutdan çırpardı,
Qandeş Usuf pərpətöyün yığardı,
Sonra otruf pişrərdi, tıxardı,
Tək tut altda yazıxları görmüşəm.
Gör kimləri yola saldı, o Tək tut,
Kimlərə də kölgə saldı, o Tək tut.
Köçən köşdü, nişan qaldı, o Tək tut,
O nişanda yadgarları, görmüşəm!
Posdalçılar, poşdalyonlar, suçular,
Qaleyçilər, papxçılar, çöpçülər,
Dəmirçilər, kömürçülər, yolçular,
Qarayolda durannarı görmüşəm!
Neçə-neçə iraykomlar gəldilər,
Neçə-neçə ispalkomlar getdilər,
Qantorlarda ermənilər, gürçülər,
Türkə ziyan vuranları görmüşəm!
Qaraxaça kimlər getdi, deyin siz,
Yaylaxlarda kim kef etdi, görəsiz,
Mənzər arvad kalış bişdi biləsiz,
Əli civdə gəzənnəri görmüşəm!
Karastılar, kərəntilər, şətələr,
Kərənnəri divdən yıxan baltalar,
Dımrıx, yava, buruntaxda çatılar,
Hoya yetən yaraxları, görmüşəm!
Mən söylüyüm bircə-bircə yazın siz,
Düz deməsəm, qələm çəkin, pozun siz,
Kür qırağı, Çar derevo, Qara düz,
Yazda deset əkənnəri görmüşəm!
Bığlı Söyün əldə tüfənk qaçardı,
Qarqarteldə oğruları tapardı,
Əllərinnən baltaları qapardı,
Palıddıxda Talfannarı görmüşəm!
Köhnələrdən qara Qurvan varıydı,
Molla Murad, Seyid Hasan varıydı,
Nalvənd12 kimi kənddə qanan varıydı,
Rəncbərrərdə mən Tağarı görmüşəm!
Fərq eyləməz Aranda, ol, düzdə ol,
Qasım oğlu Məhəmmədtək sözdə ol,
Kəlməmməd oğlu Hasantək üzdə ol,
Dosta sadiq oğulları, görmüşəm!
Ziyəddin elmliydi, Sədrəddin qoçax,
Yunus baş götürüf olmuşdu qaçax,
Demişdi hayfım qyamata qalajax,
Hayfa-hayıf alannarı, görmüşəm!
Çatmada dolu harava batmışdı,
Kar Əziz öznü boyunduruğa atmışdı,
Zorun verif, qanırıf çıxartmışdı,
Belə zorda olannarı, görmüşəm!
Şamxal ağa hökkəsini danmazdı,
Cəlal ağa sakitiydi, dinməzdi,
İsabala möhkəmiydi, sınmazdı,
Ürəklərdə yaşyannarı, görmüşəm!
Arada, bir Rəşid pəhlvan gələrdi,
Klubda, sdadyonda oyun göstərərdi,
Cavannarı güləşməyə səsdərdi,
Güləşməyə çıxannarı, görmüşəm!
Nur yağırdı Seyid Abasın üzündən,
Kim çıxardı Əlirzanın sözünnən,
Vay düşəydin Kürdoğlunun gözünnən,
Sultanda da bu vüqarı, görmüşəm!
Atam Söyün çox kamallı kişiydi,
Dostu Məmməd isdiqannı kişiydi,
Hajı dayı13 qohum cannı kişiydi,
Elə cannan yanannarı, görmüşəm.
Şəymən xala bizdən qatıx isdərdi.
Macal Əsgər kor Humayı pisdərdi,
Hər ailənin öz dərd, səri, vardı,
Turş qatığa möhtajdarı görmüşəm!
Şamı dayı, aşıx Meyti, Kalvasan,
Kalvayı tat, Məmmədəli, Məmmədxan,
Candar Paşa, qurtdu Qarıf, kar İman,
Kişilərdə əl qavarı görmüşəm.
Qapı-qapı Şərif nalox yığırdı,
Mantyor Məcid işıxlara baxırdı,
Kor Məhəmməd hündür taya yığardı,
Taya üsdə çıxanarı, görmüşəm!
Gördüklərim çayçı Alıydı, Əliydi,
Tat Əsəddi, Piralıydı, Vəliydi,
Əzigildə ən üstün Zilfəliydi,
Kənddə gözəl nəsilləri, görmüşəm!
Hayıf oldu malay Söyün, Pirməmməd,
Tötə Kərim, Məhər dayı, Şahvələt,
Namaz, Rəşid, Zahit, Qədir, Yarəhmət,
Çıra kimi sönənnəri, görmüşəm!
Melsə Salman, ferma Mahmud, Bədrəddin,
Çolax Osman, Qəsəb Əli, Sədrəddin,
Qulu kirvə, dəllək Hasan, Nəsrəddin,
Baş daşında yazıları, görmüşəm!
Malax, Vərqa, Xıdır, Camal, tat Hasan,
Cuar Zeynal, çolax Şəmil, Şəmistan,
Şeypur Əsgər, gecə köçən Süleyman,
Hərəsində bir qərarı, görmüşəm!
Tötə Musa, Bayraməli, Xanəhməd,
Keçəl İsə, Məşə Vəli, Güləhməd,
Kosa Kazım, Çapıx İslam, Gülməmməd,
Olarda da bu qərarı, görmüşəm!
Əmir, Ənvər gör nə günnərə qaldı,
Qoçu İrzə otuz beş il yaşadı,
Tanrıqulu, İrzaqulu yaddadı,
Öncə yaxşı, pis axırı görmüşəm!
Soruşuram: “Heydərəli nejoldu?”»
Çorpa Xalıl, Abbasəli nejoldu?
Dıdı Avdılla, Abdıləli nejoldu?
Ağ kəfəndə uyyannarı, görmüşəm!
Yazıx Süsənbər bir xoş gün görmədi,
Geyinmədi, keçinmədi, gülmədi,
Toya-şana çağrılmadı, gəlmədi,
Səs-səmirsiz köçənnəri, görmüşəm!
Kür axanda Mahizərmiz boğuldu,
Səməngülün ömrü gültək az oldu,
Ana, bajı dərd əlindən qojaldı,
Yasa, qəmə batannarı, görmüşəm!
Bir gün əjəl bizdəri də yaxlıyar,
Aman verməz yerindəjə saxlıyar,
Sorğu-sual qıl körpüdə yoxluyar,
Fatə, dua oxuyannarı, görmüşəm!
Fani dünya gözqırpınca dəyişir,
Gül üzdərə bircə anda xal düşür,
Kim quruda, kimsə yaşda sürüşür,
Atdan yıxlıb keçənnəri, görmüşəm!
Köç eylədi çox zəhmətdi insanlar,
Böyük-kiçik, xətir-hörmət qanannar,
Yer-yetimin qayğısına qalannar,
Elə arxa durannarı görmüşəm!
Mən Sadığı, Ziyəddini, Astanı,
Şəmistanı, Dursunəlini, Hasanı,
Mustafanın böyük oğlu Musanı,
Çox mərfətli cahalları, görmüşəm!
Tay-tuşlardan Zilimxanı, Vahidi,
Ərdəfili Elmixanı, Zahidi,
Xanağanı, Məsmalını, Xalidi,
Başqa-başqa yoldaşları, görmüşəm!
Ulxan, Mayıl, Sayad, Sədi, Ələhvər,
Qurban, Bayram, Aydın, Hidi, Ələsgər,
Dünyamalı, Valeh, Mirzə, Mirəsgər,
Yaşda böyük-kiçikləri, görmüşəm!
Üçcə namaz, dördcə Almaz, kor Binnət,
Bircə dürmək, on İvraham, kor Əhəd,
Beşcə Alı, on bir Əhməd, bir Nəğmət,
İkicə də Ratxannarı, görmüşəm!
Bir Oyçunu, bir Villini tanyırdım,
İki İmran, bir Eyməni tanyırdım,
Maldar, Malyar, Mürtdələni tanyırdım,
Qonşuda da Maxsuddarı, görmüşəm!
Yekələrdən Topuş da yadımdadı,
Kiçiklərdən Liqoş da yadımdadı,
Söyünlərdən Qantuj da yadımdadı,
Sorun neçə Paşaları, görmüşəm!
Bilirdim ki, Şamo, Söyün biriydi,
Müseyif, Cabbar, Şəmşəddin biriydi,
Haley, Məcid, Noyruz, Aydın biriydi,
Bir-birinə simsarrarı, görmüşəm!
Lələ köşdü, karvan keşdi, yurd qaldı,
Mərd olannar axıracan mərd qaldı,
Paxılların ürəyində dərd qaldı,
Baş aşağı, baş yuxarı, görmüşəm!
Heç görmədim mərd kişilər öyünə,
Filan işə, filan sözə deyinə,
Bu timsalda kim çatardı Söyünə,
Camahatla xoş rəftarı, görmüşəm!
Əlabbasın qara qaloşu vardı,
Allahverdi xuram çəkmə geynərdi,
Aj uşaqlar jmıx, saqqız çeynərdi,
Gör kimlərlə, gör nələri görmüşəm!
Gördük yolda Məşdi kirvə gedirdi,
Lələm dedi: səsdən, səsdədim ger döndü,
Dırmaşıf əlüstü daçqıya mindi,
Yolda yəəx gedənnəri, görmüşəm!
Muxtar14 mənə xətt tökməyi öyrətdi,
Heydər mənə at sürməyi öyrətdi,
Əsgər mənə fənd etməyi öyrətdi,
Bax beləcə həvəskarrar görmüşəm.
Çolax Pavlik yaxşı şahmat oynardı,
Nərman15, Yaquf16, amma onu udardı,
Qorxmazsa17 hamını mat edərdi,
Patda oluf qalannarı, görmüşəm.

(Davamı "Qarayazınamə"-2-də)
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: