Təhsil fədaisinin portretinə cizgilər MEDİA » "Təhsil" EİM 17 декабря 2015 Müstəqil Azərbaycan təhsilinin inkişafında xidmətləri olan insanlar barədə düşünərkən Azərbaycan "Təhsil" Cəmiyyəti İdarə Heyətinin Sədri, AzTU-nun dosenti, t.e.n. Nuqay Əliyevin adını çəkməmək mümkün deyil... Hətta cəsarətlə söyləmək olar ki, onun bu sahədə misilsiz xidmətləri vardır və çox təəssüf ki, geniş təhsil ictimaiyyəti bu haqda heç də kifayət qədər məlumatlı deyil...Bunun səbəblərindən biri odur ki, Nuqay müəllim özü çox təvazökar insandır. O, hər hansı bir işdə adının hallanmasını qətiyyən istəmir. Nuqay Əliyev hesab edir ki, heç bir fövqəladə iş görmür... Hər bir azərbaycanlı ziyalısının görə biləcəyi və ya görməli olduğu işlərlə məşğul olur...Digər bir səbəb isə odur ki, Nuqay müəllim və elə onu əhatə edən insanlar da hesab edirlər ki, biz Azərbaycan təhsilinə hələ çox borcluyuq. Nuqay müəllim deyir ki, biz Nəcəf bəy Vəzirovun, Əbdürrəhim Haqverdiyevin və ya Üzeyir bəyin etdiklərindən qat-qat az edirik... ...İstəyirəm Nuqay Əliyevlə tanış olduğum illərə qayıdam... Elə bilirəm, bu keçən əsrin 90-cı illərinin ortalarına təsadüf edirdi... Onda N.Əliyev bir qrup görkəmli Azərbaycan ziyalıları ilə artıq Təhsil Cəmiyyətini təsis etmişdi. Mən bu barədə ancaq dövrü mətbuatdan məlumat almışdım... O vaxt müstəqil Azərbaycan təhsilində təbəddülatlı, həm də tərəddüdlü bir dövr idi. Təhsilimiz hansı yolla getməlidir? Müstəqil Azərbaycanın təhsil sistemi hansı dəyərlərə söykənməlidir? Təhsilin idarə edilməsi hansı prinsiplərlə həyat keçirilməlidir?O vaxtlar qüvvədə olan Təhsil Qanununun işlək mexanizmlərinin yaradılması üçün Təhsil Cəmiyyəti ətrafında toplanmış ziyalılar nə qədər müzakirələr keçirir, diskussiyalar və fikir mübadiləsi aparırdılar... Yadımdadır, belə tədbirlərin əksəriyyəti məhz N.Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında həyat keçirilirdi...Həmin vaxtlar (yəqin ki, 1995-2000-ci illər) Təhsil Cəmiyyətində ölkənin ictimai həyatının ən mühüm problemləri ətrafında dəyirmi masalar, seminar və konfranslar keçirilirdi. Həm də bu müzakirələrə çox mötəbər təşkilatların, dövlət və özəl qurumların nümayəndələri dəvət edilirdi. Belə konfranslarda “qara işi” görən bir “məsul katib” kimi, deyə bilərəm ki, çox səviyyəli, çox işgüzar, obyektiv və prinsipial müzakirələr aparılırdı...Demokratik mühit və fikir müxtəlifliyi hökm sürürdü. Belə müzakirələrin hökmən yekun sənədi hazırlanırdı və müvafiq dövlət və özəl strukturlarına təqdim edilirdi. Şübhə etmirəm ki, Təhsil Cəmiyyətinin fəalları tərəfindən işlənmiş bir sıra əhəmiyyətli təklif və tövsiyələr sonradan mühüm dövlət proqramlarının işlənməsi və reallaşdırılması üçün əsas ola bilərdi...Yadımdadır, “Metallurgiya – ölkənin iqtisadi qüdrətinin əsasıdır” mövzusunda dəyirmi masa necə böyük marağa səbəb olmuşdu. Onda N.Əliyev deyirdi ki, biz ölkənin sənaye potensialını dirçəltmək üçün ayrı-ayrı sənaye sahələrinin problemlərini ardıcıllıqla müzakirəyə çıxarmalı, dövlət və özəl qurumlara elmi əsaslandırılmış təkliflər verməliyik.Nuqay müəllim deyirdi ki, biz energetikanı dirçəltməliyik, sonra onun bazasında metallurgiya və maşınqayırmanı inkişaf etdirməliyik. Bunlar lokomotiv rolunu oynamalıdır, sonra elm və texnologiya tutumlu sahələri yaratmalıyıq... Bunların hamısının başında mükəmməl təhsil sisteminin hazırladığı ixtisaslı kadrlar durmalıdır...N.Əliyevin böyük diqqət yetirdiyi məsələlərdən biri regionların sürətli inkişaf etdirilməsi məsələsi idi. Nuqay müəllim hesab edirdi ki, regionların inkişafı təbii, coğrafi, əhalinin məşğulluq səviyyəsi, hətta etnik tərkibi, adət və ənənələri kimi amillər nəzərə alınmaqla xüsusi proqramlar əsasında aparılmalıdır. Yadımdadır, Nuqay müəllim tez-tez bizə özü tərtib etdiyi Azərbaycanın regional inkişaf xəritəsini göstərirdi... Burada hər bir region, rayon, şəhər və kəndlərin xüsusiyyətləri əsasında inkişafı proqnozlaşdırılırdı...Ümumiyyətlə, Nuqay müəllim iri miqyaslı, geniş, əhatəli düşüncə tərzinə və bilgilərə malik bir insandır. O elmimizi, dinimizi, mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı dərindən bilir, sevir və daim təbliğ edir. Nuqay müəllim antik dövr fəlsəfəsindən, Sokrat, Aristotel, Bəhmənyar, Nizamidən tez-tez iqtibaslar edir, dövrün böyük sərkərdələri, hökmdarları, mütəfəkkirlərin ibrətamiz fikir və hərəkətlərini təhlil etməyi çox sevir.Ümumiyyətlə, N.Əliyev analitik və sistemli düşüncə tərzinə malikdir. Onu dünyanın dünəni də, bu günü də, gələcəyi də çox düşündürür. İnsanın təbiətə vurduğu ziyanlar, bəşəriyyətin taleyi Nuqay müəllimi daim düşündürür, onun “yuxusunu ərşə çəkir”. İnqilablar, müharibələr, xalqların düçar olduğu bəlalar eyni dərəcədə Nuqay Əliyevi narahat edir...Xalqımızın Qarabağ savaşı, yaşadığımız faciələr isə Nuqay Əliyevin bağrında sağalmaz izlər buraxmışdır. Mən Qarabağ dərdi, Şuşa nisgilini onun qədər yandırıb-yaxan ikinci ziyalı tanımıram. Nuqay müəllim bu faciələri həm də bir şəxsi faciəsi kimi yaşayır, çünki bu ağrı-acılar onu bəlkə hamıdan çox incidir. Səbəbi isə aydındır. Nuqay müəllim elinə, obasına, torpağına, xalqına, millətinə çox yanıb-dönən bir ziyalıdır......Deyəsən mətləbdən uzaq düşdüm... 1999-cu il idi. Təhsil Cəmiyyəti fəallarından biri, prof. Valeh Baxşəliyev mənimlə görüşdü və Təhsil Cəmiyyətinin beş seriyalı “Bilgi” dərgisi nəşr etdirmək niyyətində olduğunu mənə bildirdi. Valeh müəllim dedi ki, Nuqay müəllim mənimlə bu məsələni müzakirə etmək istəyir. Bu mənim Nuqay müəllimlə, necə deyərlər, ilk rəsmi görüşüm idi...Yadımdadır, Nuqay müəllim Təhsil Cəmiyyəti, onun missiyası, məqsədi və vəzifələri barədə mənimlə azı iki saat söhbət etdi. Onda mən onun nə qədər işıqlı məqsədlərə xidmət etdiyinin şahidi oldum və həmin vəzifələrin həyata keçirilməsində ona yardımçı olacağıma söz verdim.Beləliklə, 1999-cu ilin sonunda biz əl-ələ verib, “Bilgi” dərgisinin bütün seriyalarının 1-ci sayının işıq üzü görməsinə nail olduq. N.Əliyevin sevincinin həddi-hüdudu yox idi. Yadımdadır, o jurnalın beş seriyalı dəstini daha kimə göndərmədi: kitabxanalara, universitetlərə, dövlət qurumlarına.O vaxt bu hadisə elm və təhsil ictimaiyyətində böyük rezonansa səbəb oldu. Jurnalın redaksiya heyətlərində Azərbaycanın ən görkəmli alimləri təmsil olunurdu: redaktorlar Rasim Əlizadə, Ramiz Qurbanov, Fikrət Babayev, Akif Abbasov, Maqsud Əliyev, Rasim Əfəndiyev, Rövşən Quliyev; məsul katiblər: Nizami İsmayılov, Ramiz Həsənli, Valeh Baxşəliyev, Zəki Vəliyev və b.Təhsil Cəmiyyətinin sədri olaraq Nuqay müəllim heç vaxt redaksiyaların işinə müdaxilə etmirdi, əvəzində onların rəvan işləməsi üçün bütün maddi-texniki və maliyyə məsələlərinin həllinə dəstək verirdi.Jurnallarla yanaşı Cəmiyyət “Təhsil” qəzetini buraxırdı. Qəzet o vaxt təhsil sisteminin ən aktual məsələlərinə peşəkar nüfuz edirdi. Qəzetdə birgə fəaliyyətimizi indi də böyük ehtiramla xatırlayıram: peşəkar jurnalistlər Müşfiq Borçalı, Qurban Tələtoğlu, Xanlar İmanov və başqaları.Ümumiyyətlə, Təhsil Cəmiyyətinin çoxsaylı qurumlarında (Hüquq Mərkəzi, Beynəlxalq Əlaqələr Mərkəzi, Poeziya Məktəbi, Jurnalistlər Məktəbi və s.) nə qədər istedadlı gənclər toplanmışdı. Onlar burada ilk iş və idarəçilik məktəbi keçirdilər... Hazırda onların çoxu bir çox mötəbər dövlət və özəl qurumlarında çalışır: İradə Əliyeva, İlhamə Həsənova, Elxan Mədətli...Bütün bu qurumlar şəxsən N.Əliyevin təşəbbüsü ilə yaradılmışdı və bilavasitə onun rəhbərliyi altında işləyirdi.Təhsil Cəmiyyətində ölkənin görkəmli ziyalılarının təmsil olunduğu Ağsaqqallar Şurası fəaliyyət göstərirdi. Burada Nuqay müəllim demişkən, “millətin qaymağı” toplanmışdı. Cəmiyyətin İdarə Heyəti isə onun “döyünən ürəyi” idi. Burada tanınmış pedaqoqlar Əjdər Ağayev, Nurəddin Kazımov, Rəhim Hüseynov, Maqsud Əliyev, Rafiq Əliyev kimi simalar təmsil olunurdu....Təhsil Cəmiyyətində əməkdaşlıq etdiyim az qala 10 il müddətində az qala hər həftə hansısa bir mötəbər tədbirin, dəyirmi masa və konfransların iştirakçısı, təşkilatçısı ya da məruzəçisi olurduq. Mövzular isə çox əhatəli idi və hər bir Azərbaycan ziyalısını münasibət bildirməyə çağırırdı... Təhsilimizin bu günü və sabahı... Təhsil Akademiyası lazımdırmı? Muğam – xalqın milli sərvətidir və s.Bu müzakirələr içində bir neçə ən yadda qalanlarına bir daha qayıtmaq istərdim. Səhv etmirəmsə, 2000-ci il idi. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərində iştirakı gündəmdə idi. Onda Təhsil Cəmiyyəti “İpək yolu” Beynəlxalq Konfransını keçirdi. Nəhəng tədbir idi. Yüksək səviyyədə keçdi. Mən Konfransının məsul katibi idim. Nümunəvi təşkilatçılığa görə Diplom və Mükafata layiq görülmüşdüm. Sonra bu Konfransı ilbəil keçirmək qərara alındı...“Şuşa – 250” Beynəlxalq Konfransı Akademik Milli Dram Teatrının binasında keçirilirdi. Nə qədər ölkə ziyalısı bu tədbirə qatıldı, necə çıxışlar oldu... Həyəcanla xatırlayıram. Həm də bu tədbirlərin hamısının çəkilişi aparılırdı...Özü də o vaxt bu işləri görmək çox çətin idi. Amma Nuqay müəllim insanları inandıra bilirdi ki, bunu etməliyik... Bu tədbirlərin əksəriyyətinin sənədləri ingilis, rus, fransız, alman dillərinə tərcümə edilirdi... Dünya ölkələrinə, diaspor təşkilatlarına yayılırdı. Bir çox hallarda bu təşəbbüslər ölkənin Təhsil, Mədəniyyət, Xarici İşlər Nazirlikləri tərəfindən dəstəklənirdi......O vaxtlar Təhsil Cəmiyyəti ilə Təhsil Nazirliyi arasında yaranmış işgüzar əməkdaşlıq mühitini xüsusi qeyd etməyi lazım bilirəm. Təhsil Nazirliyinin ən mötəbər vəzifəliləri Cəmiyyətin tədbirlərində iştirak edir, fikir və mülahizələrini söyləyirdilər. Buna səbəb o vaxt nazir Misir Mərdanovla Nuqay Əliyev arasında qarşılıqlı etimadlı münasibətlərin olması idi. “Təhsil” qəzetinin bütün buraxılışları isə nazirlikdə izlənilir, müzakirə edilir, bu və ya digər problemlərin həlli üçün tədbirlər görülürdü... Sonralar isə...bu əlaqələr zəiflədi.Daha bir tədbir yadımda qalıb. Ermənilər işğal olunmuş ərazilərdə milli mədəni və tarixi abidələrimizə qarşı vandalizm hərəkətləri törədirdilər. Cəmiyyət mötəbər bir konfrans keçirdi, ciddi tədqiqatçılar cəlb edildi, məruzələr üç dildə (azərbaycan, rus və ingilis) çap edildi. Yekun Sənəd hazırlandı və xarici səfirliklərə, diaspor təşkilatlarına göndərildi. Xarici İşlər Nazirliyi belə vacib problemi aktuallaşdırdığına görə Təhsil Cəmiyyətinə təşəkkür məktubu ünvanlamışdı...Muğamımızın taleyi ilə bağlı bir tədbir xatirimdədir. Onda muğamın tənəzzül dövrü idi. Böyük sənətkarların iştirakı ilə Cəmiyyət mötəbər bir dəyirmi masa keçirdi. Orada korifeylər fikir və mülahizələrini söylədilər. Təklif və tövsiyələr Mədəniyyət Nazirliyinə göndərildi... İndi Muğamımız intibah dövrünü yaşayır...Cəmiyyət nəzdində elm və təhsildə nailiyyətlərə görə Mükafat Komitəsi fəaliyyət göstərirdi. Buraya uzun müddətli elmi-tədqiqat və tədris-metodiki işin nəticələrini əks etdirən sanballı əsərlər təqdim edilirdi. Mükafat Komitəsi əsərləri seçir və müzakirə edirdi. Əsərlər rəyə göndərilir, sonra da obyektiv, prinsipial və gizli səsvermə əsasında qaliblər müəyyən edilir və nəticələr geniş ictimaiyyətə təqdim edirdi...O vaxtlar nə qədər görkəmli ziyalı, nə qədər sanballı əsərlər təhsil ictimaiyyətinin dəstəyini, dərin və hörmət və etimadını qazandı və məşhurlaşdı...Yadımdadır, 90-cı illərin sonunda təhsil sistemində islahatların qızğın dövrü idi... Avropa təhsil məkanına inteqrasiya yolunda ilk addımlar atılırdı. Problemlər içində çabalayırdıq. Bəs təhsildə yığılıb qalan elmi, təcrübi, metodiki problemlərin həlli ilə kim məşğul olmalıdır...Aparılan müzakirələr nəticəsində Cəmiyyət Təhsil Akademiyasının yaradılması haqqında Təhsil Nazirliyi qarşısında təşəbbüslə çıxış etdi...Digər bir təşəbbüs ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı idi. Yadımdadır, N.Əliyevin tapşırığı ilə biz bir qrup fəal “təhsilçi” ali məktəblərin akkreditasiyasına dair təkliflər hazırlayıb, Təhsil Nazirliyinə təqdim etdik. İndi akkreditasiya meyarları barədə qaldırılan bir çox məsələlər oradakı təkliflərdə əksini tapmışdı...N.Əliyev təklif edirdi ki, hər bir ali məktəb nəinki dövlət, eləcə də ictimai akkreditasiyadan keçməlidir. Yəni ali məktəbin nüfuzu nəinki onun tədris binaları, laboratoriyaları, cihaz və qurğuları, tələbə və müəllimlərinin sayı, eləcə də məzunlara tələbat, başqa sözlə cəmiyyətin və işəgötürənlərin məmnunluğu ilə ölçülməlidir. Təklif olunurdu ki, universitetlərin reytinqi hesablanarkən müəllim heyətinin fəallığı, xaricdə dərc olunmuş məqalələrin və onlara istinadların sayı da nəzər alınsın...Qeyd etməyi lazım bilirəm ki, xatırladığım işlər çox vaxt, necə deyərlər, təmiz entuziazm hesabına aparılırdı. Təhsil fəalları yorulmaq bilmədən çalışırdılar. Nuqay müəllim özü çox həvəsli idi ki, biz təhsilimizi dünya səviyyəsinə qaldıracağıq... O bizi də buna inandıra bilirdi...Çox görkəmli pedaqoq və ziyalıların dilindən eşitmişdim ki, Nuqay müəllimin təşəbbüsləri ilk baxışdan “əlçatmaz” görünür, amma sonra onlar reallaşdıqca, həmin işlərin nə qədər faydalı və vacib olduğuna inanmışıq...Yaxşı yadımdadır... Bir dəfə Nuqay müəllim məni və Valeh Baxşəliyevi çağırıb dedi ki, Açıq Cəmiyyət İnstitutu üç aylıq menecment kursları təşkil edir. Kurslara bazar günləri getmək lazım idi... Biz Valeh müəllimlə bu kursları keçdik... Kursun sonunda layihələr işlədik və beynəlxalq təşkilatların qrantlarını udduq...Belə layihələrdən ikisi haqda danışım. Birinci layihə jurnalistlərin təhsil sahəsində peşəkarlığının yüksəldilməsinə həsr olunmuşdu. Biz ölkənin mötəbər KİV-lərini təmsil edən 30-dək jurnalistə təhsil sisteminin xüsusiyyətlərinə dair üç ay seminar keçdik. Təhsil problemlərini araşdırmağın özəlliklərini öyrətdik......Digər bir layihəmiz “Ömür boyu təhsil” konsepsiyasına əsaslanırdı. Almaniya Xalq Universitetləri Birliyinin qrantı ilə işlədiyimiz bu layihə nəticəsində Azərbaycanda əlavə təhsilin əsası qoyuldu. Milli Məclisə qanun layihəsi təqdim edildi. Bu işdə Nuqay Əliyevlə yanaşı Fuad Muradov və Valeh Baxşəliyevin səylərini də qeyd etməyi borc bilirəm...Daha bir layihəmizin ideya müəllifi Rövşən Quliyev idi. Layihədə Azərbaycan Universitetlərinin Bolonya prosesinə adaptasiya məsələlərinin həlli hədəf qoyulmuşdu. Yadımdadır ki, o vaxt bir çox təhsil mütəxəssisləri Bolonya prosesini, təhsildə mobilliyi, təhsil kreditlərini hələ dərindən dərk etmirdilər. Bizim seminarlar bir çox universitetlərin Avropa təhsil məkanına inteqrasiya yollarını göstərirdi. O vaxt prof. Həsən Hüseynovun seminarları böyük marağa səbəb olurdu...Nuqay müəllim daim təkrar edirdi ki, təhsil islahatlarını çox ehtiyatla aparmaq lazımdır... Avropada tətbiq olunmuş bir sıra yeniliklər bizdə fayda verməyə bilərdi. Elə bilirəm, bu sözlərdə böyük həqiqət vardır. Bu gün Universitetlərimiz Bolonya prinsiplərin tətbiq etməkdə obyektiv çətinliklərlə üzləşirlər...Əlbəttə, Nuqay Əliyev və onun yaratdığı Təhsil Cəmiyyətinin gördüyü işlər və birgə fəaliyyət göstərdiyimiz az qala on il ərzində keçirdiyimiz müxtəlif tədbirlər barədə bundan daha çox yazmaq olar.Lakin, önəmlisi odur ki, bu gün təhsilimizdə qazandığımız uğurların bir çoxunun əsası həmin qızğın müzakirələrdə qoyulmuşdur və nə yaxşı ki, təhsil sistemində yenə də N.Əliyev kimi fədailər və bu gün də səmərəli fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT) vardır.Yeri gəlmişkən QHT Forumunun o vaxtlar bizə göstərdiyi dəstəyə görə indi millət vəkili Azay Quliyevə, o vaxtlar onun müavini Dilarə xanıma minnətdarlıq etməyi özümə borc bilirəm. Bu yazının ərsəyə gəlməsində göstərdiyi səylərə görə Mirələkbər müəllimə təşəkkür edirəm.Bir də, elə bilirəm, macal tapsam, bu yazıları davam etdirmək lazımdır. Çünki müstəqil Azərbaycanın təhsil sisteminin keçdiyi çətin və şərəfli yollarıa nəzər salmaq, təhsil fədailərinin əməyinə qiymət verməklə, biz bu günkü uğurlarımıza zəmin yaradırıq.Nizami İsmayılovtexnika elmlər doktoru, professor Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.