AŞIQ SONA HAMAMLI (1918-1988) "SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Başkeçid 14 апреля 2020 Aşıq Sona Hamamlı (Sona Qara qızı Əliyeva) - 1918-ci ildə Ulu Borçalımızın qədim Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Hamamlı kəndində dünyaya gəlmişdir.Hələ gənc yaşlarından Sona Qara qızı böyük qardaşı, Borçalıda adı bəlli zurnaçı Alı Qaraoğlunun sayəsində saza-sözə meyl salmışdı. Sonralar bu sahədə püxtələşərək, məşhur aşıq kimi müstəqil şəkildə ağır el şənlikləri aparmağa başlamışdı. Aşıq Sona ömrünü-gününü saza-sözə bağladığı üçün ailə qura bilməmişdi. Deyilənlərə görə, bu məşhur aşığın dərin məhəbbətlə sevdiyi o igid dağlar oğlu ilə Sonanın arasında sonuncu görüş belə tamamlanmışdı: " Ay Sona, ya məni seç, ya da sazı" . Sona çox götür-qoydan sonra canından artıq sevdiyi sazla vidalaşa bilməmiş və həyatını saza qurban verərək, ağır da olsa sevgilisindən ayrılmalı olmuşdur.Aşıq Sonanın nəinki Borçalı aşıq məktəbində, eləcə də bütün türk dünyası aşıqlıq sənətində böyük xidmətləri olmuşdur. Borçalı və Azərbaycan aşıq sənətində özünəməxsus xüsusi yeri olan Aşıq Vəkil Hamamlının bütün uğurları Aşıq Sona ilə bağlıdır. Aşıq Sonanın kiçik qardaşının oğlu - Aşıq Vəkil Hamamlı, bacısı nəvələri Aşıq Arif, Aşıq Hacımahmud, Aşıq Hacıəhməd və b. məhz onun yetirmələridir.Heç təsadüfi deyildir ki, bu gün çox böyük şöhrət qazanmış "Aşıq Pəri" məclisinin yaradılmasında Narınc Xatunla yanaşı, Aşıq Sonanın da böyük zəhməti var.Aşıq Sona Hamamlı 1988-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin.Aşıq Sona haqqında Borçalı aşıqlarının dilində əzbər olan məşhur "Vəkil-Sona" dastanı yaradılmış, haqqında bir çox məşhur şairlər, o cümlədən, Səadət Buta, Mədəd Coşğun şeirlər yazmışdır. Aşağıda həmin şeirləri dəyərli oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI,ZiM.AZ GEDİR(El sənətkarı aşıq Sonanın xatirəsinə).Şimşəklər çaxanda zirvə başındaDağların örpəyi, cunası gedir. Zalım ovçu qana qəltan edəndəKəkliyin ayaqdan xınası gedir.Sona bülbül idi, susdu nəğməsi,Daha gəlməyəcək ellərdən səsi,Nə oğlu, qızı var, nə də nəvəsi,Amma el-obanın anası gedir.Alı Qara kimi odan yanıbdı,Sənət meydanında mərd dayanıbdı,Son nəfəsdə Dilqəmini anıbdı,Sənətkar ömrnün mənası gedir.Təbiət ağlayır, hey yağış yağır,Bülbül boyun büküb olubdur fağır,Ay ellər bu itki ağırdır-ağır,Borçalının usta Sonası gedir.Mədəd COŞQUN,Başkeçid, 1 iyun 1988. ZİM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.