Şuşa Kənd Təsərrüfatı Texnikumunun İqtisadiyyat və Qazax Müəllimlər İnstitutunun İbtidai Təhsilin Metodikasi fakültələrini bitirib.
Hazırda Laçın rayonunun Şəlvə kənd Uşaq Musiqi məktəbində müəllim işləyir.
Hələ uşaqlıqdan şeirə həvəs göstərib, kiçik şeirlər yazmağa başlayıb.
Şeirləri 1980-ci illərdən dövri mətbuatda, jurnallarda və çoxsaylı qəzetlərdə çap olunur.
"Bir aği de, ay Ana", "Yolçu hara gedirsən" və
"Ağam alidi" adlı təcnislər kitabının müəllifidir.
Sinəsi dolu olan şair gözəl saz ifaçısıdı.
130-a qədər saz havasını bilir və ifa edir.
Çoxlarının bilmədiyi elə saz ifalarını bilir ki, bəlkə də başqaları bilmir. Həmin havalardan "Zəngəzur gözəlləməsi"
və "Laçin gülü" havalarını misal gətirmək olar.
2012-ci idə özü ilə tələbəsi Təşəkkül Əmralıyevin ifasında
"YUNESKO"nun milli mədəni irs siyahısına daxil edilmişdir.
Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin və
"Sazlı-sözıü Borçalı" Ədəbi Məclisinin üzvüdür.
ƏL DƏ
Səni gözlədiyim ilə yaxındı,
Dönməynən paxıla, cığala, gəl də.
Yığginən yollardan şairin gözün,
Alqışa, əhsənə, sağola gəl də.
Qalsa da gəncliyim girov Laçında,
Yaşadım eşqinin ehtiyacında.
Gəl gəzsin əllərim ipək saçında,
A quzu ceyranım, sığala gəl də.
Yox bizə danışan, yox dinənimiz,
Hələ alovluyuq, yox sönənimiz.
Qayıt gəl, qayıt gəl qoy dünənimiz,
Dönsün əfsanəyə, nağıla, gəl də.
Qoyma yolda qala araba, qoyma,
Var qohum, var elat, var oba, qoyma.
Yıxıb qəlb evimi xaraba qoyma,
Qoyma ki, iç dünyam dağıla, gəl də.
Adiləm, ta səbrim olub bir tikə,
Ömrüm tükə bənddi, sənsiz bir tükə.
Mən elə qısqancam, qayıtsan bəlkə,
Ürəyim dincəlib ağ ola, gəl də.
YENƏ DÜŞDÜN YADIMA SƏN
Yenə düşdün yadıma sən,
Yenə xatırladım səni.
Sənə səndən danışım gəl,
Sənə xatırladım səni.
Mən bir sevda sərxoşuyam,
Gözüm beşi iki sayır.
Səhərəcən gecə özüm,
Gündüz təbim sayıqlayır.
Mən illərlə su görməyən,
Gün qovurmuş bir səhrayam.
Arzuların qumsayağı,
Yel sovurmuş bir səhrayam.
Çölümdə bir kölgəlik yox,
İçimdə ilan mələyir.
Saçımda bir vəhşi külək,
Uvertüra bəstələyir.
Dönüb qısır bir buluda,
Gözlərimin suyu axmır.
Kipriklərim quraq çəkir,
Su yanağım boyu axmır.
Gəl ay sevgi dastanımda,
Sətir kimi bitən qadın.
Ömrüm kimi axıb gedən,
Gəncliyimtək itən qadın.
BİR DARIXMAQ ƏYLƏŞİBDİ İÇİMDƏ
Bir darıxmaq əylşibdi içimdə,
Gecə - gündüz darıxdırır könlümü.
Sillələyir sifətimi sənsizlik,
Karıxdırır, karıxdırır könlümü.
Qamçılayır vüsalımı hicranın,
Arzum qalıb yarı yolda at kimi.
Təpiyibdi dil - dodağım, özün bax,
Maddım - maddım hey baxıram mat kimi.
Yazı yazmır, ta qan qusur qələmim,
Paxır basıb ilhamımı qazantək.
Danışmağa qalmayıbdı məndə dil,
Vallah, nə də heç yazmıram yazantək.
Getdiyin yol vahimədi gürzətək,
İlki təhlükədi, sonu təhlükə.
Həstətinin dəqiq sayı yoxdu, yox,
Beşi təhlükədi, onu təhlükə.
Dayanmadan çarpışıram özümlə,
Öz yaxamdı, öz əlimdi, öz başım.
Çox ağladım sənin üçün, özümə
Ta qalmadı ağlamağa göz yaşım.
UŞAQMI SANIRSAN ŞAİR ADİLİ
Uşaqmı sanırsan şair Adili,
Adil bir ərəbdi, dəvəsi ölən.
O deyil hər sözdən inciyən, küsən,
Hər bir adi işdən həvəsi ölən.
Uşaqmı sanırsan şair Adili,
Ki, vəd verəcəksən, aldadacaqsan.
Adilin beş əsr yaşı var, oxu,
Bəlkə də artıqdı, biraz da çox san.
Uşaqmı sanırsan şair Adili,
Ustad dərsi alıb, babalar görüb.
Ən ali qonaqlar yola salıbdı,
Məclislər, elatlar, obalar görüb.
Uşaqmı sanırsan şair Adili,
Çox ağır zərbələr dəf eyləyibdi.
Elə vaxtlar olub, əfv olunubdu,
Elə vaxtlar olub, əfv eyləyibdi.
Uşaqmı sanırsan şair Adili,
İnanma qarşında çöküb əyiləm.
Yanlış fikirlərə düşmə, a bala,
Sənin düşündüyün Adil deyiləm.
BU GECƏ YUXUMA GİRMİŞDİ KƏNDİM
Gördüm yerindədi evim, eşiyim,
Atam düzəltdiyi taxta beşiyim.
Atılıb düşürdü məstan pişiyim,
Bu gecə yuxuma girmişdi kəndim.
Atımın ipinə, mıxına kimi,
Kola çəpişimin qığına kimi,
Bağçasına kimi, bağına kimi,
Bu gecə yuxuma girmişdi kəndim.
Arı həminkiydi, beçə həminki,
Palaz həminkiydi, keçə həminki.
Döngə həminkiydi, küçə həminki,
Bu gecə yuxuma girmişdi kəndim.
Bizim evimizin yolağınacan,
Bozdar itimizin yalağınacan,
Ala danamızın zolağınacan,
Bu gecə yuxuma girmişdi kəndim.
Nənəmin asılmış nehrəsinəcən,
Lap yun darağından, cəhrəsinəcən,
Babamın ovxarlı dəhrəsinəcən,
Bu gecə yuxuma girmişdi kəndim.
Sürüsündən tutmuş, naxıra kimi,
Qonşu bizə gələn cığıra kimi,
Buzov bağladığım axıra kimi,
Bu gecə yuxuma girmişdi kəndim
Enişindən tutmuş yoxuşunacan,
Qaratoyuqların oxuşunacan,
Kəndin girişindən, çıxışınacan,
By gecə yuxuma girmişdi kəndim.
Atamın biçənək qoruğunacan,
Zirincindən tutmuş moruğunacan,
Bahadur kişinin çarığınacan,
Bu gecə yuxuma girmişdi kəndim.
Adiləm, mindiyim yəhərə kimi,
Lap boz eşşəyimdən, kəhərə kimi,
Keçmişi yaşadım səhərə kimi,
Bu gecə yuxuma girmişdi kəndim.
Bu gecə yuxuma girmişdi kəndim.
DƏRİNDƏN
Dayazda olanın duzu qalmayıb,
Çıxartmaq lazımdı sözü dərindən.
Dərs alım, oxuyum, öyrənim gərək,
İdrakı dərindən, özü dərindən.
Yükü ağır olsa, qırılar çatı,
Vardır hər bir şeyin görünməz qatı.
Axtarmaz dayazda, cəvahiratı,
Seçər aqillərin gözü dərindən.
Dilində əzbərsə bir şeyin adı,
İtəcək axırda o sözün dadı.
Cəfakeş, yanarı kül altındadı,
Eşələyib çıxart, közü dərindən.
QALIB
Fırlada bilmədi iyi bu cəhrə,
Ay aman, hardasa kirişim qalıb !
Eşq adlı hanamın kirkidi sındı,
Bir qucaq arğacım, ərişim qalıb !
Danışdım, dedilər kiri yarımçıq,
Xırda yarımçıqdı, iri yarımçıq.
Biri tamamlanıb, biri yarımçıq,
Üst - üstə tökülüb, hər işim qalıb.
Artiq boş - boşuna gəzən veyiləm,
Qupquruyam, yox heç nəyim yeyiləm.
Mən indi sən görən Adil deyiləm,
Bircə o gördüyün yerişim qalıb.
ASILIB
Həsrət kəndiriylə baş barmağımdan,
Ümidə uzanan əlim asılıb.
Sənə deyilməmiş sözlərim qalıb,
Ağzımın içində dilim asılıb.
Kimlərinsə nəyə lazım bilməsi,
Gəl toxu, bu eşqin artsın ilməsi.
Dilinin ucundan bir yox kəlməsi,
Titrək dodağından bəlim asılıb.
Gəl, göz yaşlarını yu qəlb evimdə,
Təmizdi, durudu su qəlb evimdə.
Göndər də eşqini, bu qəlb evimdə,
Xalça döşənibdi, kilim asılıb.
Eşqindən söz adlı zəmim məst olub,
Kəmim lal dayanıb, cəmim məst olub.
Adil Cəfakeşəm, bəmim məst olub,
Sazımın telindən zilim asılıb.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.