Şaiqi nəğmələrində yaşadan bəstəkar MEDİA, Köşə yazılar 26 декабря 2015 Azərbaycanın əməkdar incəsənət xadimi, qabaqcıl maarif xadimi, tanınmış bəstəkar, pedaqoq və ictimai xadim Rəşid Şəfəq Azərbaycan mədəniyyəti tarixində özünün çoxşaxəli fəaliyyəti ilə görkəmli yerlərdən birini tutur. Uşaqların sevimlisi... 20 noyabr 2015-ci il Abdulla Şaiqin Mənzil Muzeyində daha bir yadda qalan tədbirə imza atıldı. Tədbir gözəl anları, unudulmaz saatları və ən əsası poetik və musiqili dəqiqələri ilə iştirakçıların yaddaşına əbədi həkk olundu. Tədbirin aparıcısı Abdulla Şaiqin Mənzil Muzeyində çalışan Günel Əsədova idi. Günel Əsədova bəstəkarın Şaiqi daim öz nəğmələrində yaşatdığını və onun Şaiq ocağına çox doğma olduğunu vurğulayaraq tədbiri açıq elan etdi: “Toplaşmağımızın səbəbi Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar, ictimai xadim, pedaqoq, uşaqların sevimlisi Rəşid Şəfəqin yubileyidir. Bəstəkar nə az, nə çox – bu gün ömrünün 75-ci baharını qeyd edir”. Və ilk söz Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadəyə verildi. Ülkər xanım Rəşid Şəfəq haqqında öz xatirələrini bölüşərək, onun Azərbaycan musiqisində əvəzsiz yeri olduğunu vurğuladı. Ülkər xanım onu da qeyd etdi ki, böyüklərin dilini, musiqi zövqünü başa düşmək asandır, Rəşid Şəfəq isə bütün hissiyyatını, mənəviyyatını ortaya qoyaraq çox çətin və şərəfli bir işin – uşaqlarla öz dillərində danışmağın öhdəsindən gəlmişdir. Ülkər xanım babası Şaiqi öz nəğmələrində yaşatdığına görə Rəşid müəllimə öz təşəkkürünü də bildirdi. Onu da qeyd etdi ki, bir Şaiq ailəsi olaraq, Şəfəqə olan hörmətimiz sonsuzdur. Tədbirə Uşaq Filarmoniyasının ifaçıları da qatılaraq tədbiri daha da yadda qalan etdilər. Uşaq filarmoniyasının “Şəms” uşaq xorunun solistləri Əlfiyə Muradova və Fərid Hüseynovun ifasında Rəşid Şəfəqin Abdulla Şaiqin sözlərinə bəstələdiyi “Kəpənək” mahnısı tədbir iştirakçılarının alqışları ilə qarşılandı. Daha sonra söz alan muzeyin əməkdaşı Humay Teymurova bəstəkar ömrünə qısa bir səyahət etdirdi tədbir iştirakçılarını. Zərin qədrini zərgər bilər. Bəstəkar haqqında ən dəqiq kəlmələri bir musiqi xadiminin, musiqişünasın dilindən eşitmək daha düzgün olar. Elə buna gör də söz Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarovaya verildi. Zemfira xanım da öz növbəsində R.Şəfəqin Azərbaycan musiqisində öz dəsti-xətti, əvəzsiz yeri və mövqeyi olduğunu vurğuladı. Və qocaman bəstəkara uzun və bəhrəli ömür arzuladı. Daha sonra Üzeyir Hacıbəyli adına BMA-nın professoru Ceyran Mahmudova R.Şəfəq haqqında öz ürək sözlərini bölüşərək tədbiri davam etdirdi: “Rəşid Şəfəq haqqında danışarkən, iki kəlməni işlətmək yerinə düşər – istedad və zəhmət. İstedad tanrının lütfüdür. Zəhmətsiz istedad heç nədir. İnsanın zəhmət çəkməyib öz istedadını puç etməsi sulanmayan ağacın çürüməsinə bənzəyir. Rəşid müəllim isə olduqca zəhmətkeş bir insan olduğundan musiqidə ən çətin sahələrdən biri olan uşaq yaradıcılığını seçdi...” Rəşid müəllimin bəstələri hər zaman sevilmiş və dinləyiciləri tərəfindən qiymətləndirilmişdir. Tədbirdə unudulmaz sənətkarımız Şövkət Ələkbərovanın ifasında Rəşid Şəfəqin “Nə gözəlsən, ey Vətən!” mahnısı səsləndirilmiş və dinləyicilərə xoş dəqiqələr bəxş etdirilimişdir. Ömrünün ən gözəl çağlarını, ən çılğın və enerjili illərini, saçının qara tellərini müəllimlik sənətində 190 saylı orta məktəbdə ağartdı Rəşid müəllim. 75 illik yubileyini təbrik etməyə bu gün şagirdləri də buyurmuşdur. Söz alan şagirdlər özlərini tanrının sevimli bəndələri hesab etdiklərini söylədilər. Çünki onlar Rəşid müəllim kimi bir müəllimdən, ən əsası yüksək pedaqoji ustalığa malik olan bir insandan dərs alıblar. Tədbirdə Rəşid müəllim yenə də piano arxasına keçərək öz balaca dostlarını sevə-sevə müşayiət etdi. Dövlət televiziyası uşaq triosunun üzvləri Abdul Solmaz, Hüseynova Alsu və Mürsəliyeva Səfurə qocaman bəstəkarla səs-səsə verərək “Ana yurdum Azərbaycan!”, “Kosmanavtlar nəğməsi”, “Hər yerdən vətən yaxşı” mahnılarını ifa edərək tədbirə rəng qatdılar. Daha sonra söz təhsil şurasının sədri, şair-publisist, professor Əjdər Ağayevə verildi. Əjdər müəllim də Rəşid müəllimi təbrik edərək daha çox mahnılar yazmasını və barmaqlarının pianodan ayrı düşməməsini arzuladı. Tədbirdə sözlərdən çox Rəşid müəllim musiqi ilə təbrik edildi.Rəşid müəllimin balaca sirdaşları üçün Abdulla Şaiqin sözlərinə bəstələdiyi “Bahar nəğməsi”, Əjdər Ağayevin sözlərinə bəstələdiyi “Payız” mahnıları səsləndirildi. Mahnıları Abdulla Şaiqin Mənzil Muzeyinin əməkdaşları Musazadə Sevinc, Teymurova Humay və Məmmədli Elminaz həzin və məlahətli ifaları ilə qonaqlara təqdim etdilər. Tədbiri öz məzəli ifaları ilə balaca dostlarımız Əlfiyə Muradova, Etibar Bağırzadə, muzeyin əməkdaşları Musazadə Sevinc, Teymurova Humay və Məmmədli Elminaz R.Şəfəqin Teymur Elçinin sözlərinə bəstələdiyi “Pişik və siçan balası” mahnısını oxuyaraq davam etdirdilər. Yenidən söz yaşlı olsa da, qəlbən cavan, qəlbi yazıb-yaratmaq eşqi ilə çırpınan bəstəkarımıza verildi. Rəşid müəllim də öz növbəsində təşrif buyuran qonaqlara minnətdarlığını bildirib, yaradan ona nə qədər ömür veribsə, uşaq və gənclər üçün yeni-yeni əsərlər bəstələyəcəyi barədə danışdı.. Biz də Rəşid müəllimə uzun və sağlam ömür arzulayırıq. Rəşid müəllim 75 illik ömründə bir əsgər kimi öz zəngin yaradıcılığı ilə Azərbaycan musiqi mədəniyyətinə xidmət etdi. Bundan sonra da xidmətini davam etdirməsi diləyi ilə ad gününüz mübarək, Rəşid Şəfəq!Elida Muxayeva. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.