Mətbuat Şurasında veteran jurnalist Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib MEDİA, Tv, Təbriklər 1 июля 2022 İyulun 1-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə veteran jurnalist, “Bakı” - “Baku” qəzetinin baş redaktor müavini Ənvər Məşədiyevin 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanda klassik jurnalistika dəyərlərinin yaşadılmasında müstəsna xidmətləri olan qələm adamları ilə bağlı toplantıların təşkilini ənənəyə çevirib. Belə söz sənəti sahiblərindən biri də 80 illik yubileyini qeyd edən Ənvər Məşədiyevdir. “Ənvər Məşədiyev ömrünü-gününü jurnalistikaya həsr etmiş fədakar həmkarımızdır. O, eyni zamanda fəaliyyəti dövründə yalnız bir mətbuat orqanında çalışması ilə də örnəkdir. 1971-ci ildə jurnalistikadakı əmək fəaliyyətinə “Bakı”-“Baku” qəzetindən başlayıb. Uzun müddət nəşrin məktublar şöbəsinə rəhbərlik edib. Hazırda baş redaktor müavinidir. Ənvər müəllim doğma qəzetinə o qədər sidq ürəklə bağlı olub ki, onun irsini yaşadan kitab da yazıb. “Bakı”, axşamın xeyir” adlı kitab ustad Nəsir İmanquliyev irsinə dərin ehtiramın qədirbilənlik nümunəsi kimi də mətbuat tariximizin öyrənilməsinə layiqli töhfədir”, - deyən Ə.Amaşov vurğulayıb ki, Ə.Məşədiyev ölkə ictimaiyyətinə özünün publisistik yaradıcılığı ilə də tanış simadır, müxtəlif mövzularda kitablar müəllifidir. MŞ sədri çıxışının sonunda yubilyar jurnalistə rəhbərli olduğu qurumun fəxri diplomunu təqdim edib.Toplantıda Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş direktor müavini, Əməkdar jurnalist Dağbəyi İsmayılov uzun illər bir yerdə çalışdığı həmkarı haqqında xoş sözlər deyib: “Ənvər “Bakı” qəzetinin ən sadiq əməkdaşlarından biri olub. Onun taleyinə ilk əmək fəaliyyətinə başladığı redaksiyadan pensiyaya çıxmaq nəsib olub. Təsadüfi deyil ki, hər dəfə onunla görüşəndə “Bakı” qəzeti, mətbuatımızın keçmiş ənənələri, gəncliyimizlə əlaqədar unudulmaz xatirələr yada düşür...”“Bakı-Baku” qəzetinin baş redaktoru Əməkdar jurnalist Ağahüseyn Hüseynov təcrübəli həmkarını öz peşəsinin vurğunu olan jurnalist, səmimi iş yoldaşı kimi xarakterizə edib, mehriban qonşuluq münasibətlərindən danışıb.“Bakı” və “Baku” qəzetlərinin tarixini araşdıran tədqiqatçı-jurnalist, filologiya elmləri doktoru Şərəf Cəlilli deyib: “Bu qəzetlər paytaxt həyatını ən müxtəlif rakurslardan işıqlandırmağa çalışırdı. Ənvər Məşədiyev Nəsir müəllimin təbirincə desək, “mis kimi cingildəyən” yazıları ilə tanınıb. O, nə yazıbsa, obyektiv olub, həqiqəti yazıb”.Əməkdar jurnalist Zemfira Məhərrəmli öz həmkarını ədalətli və obyektiv qələm sahibi olmaqla yanaşı, həm də çox xeyirxah, hamıya can yandıran, mehriban və səmimi iş yoldaşı kimi xarakterizə edərək deyib: “Həyatda Ənvər müəllimdən heç kim inciməyib. O, jurnalistik fəaliyyəti dövründə həmişə xeyirxah işlər görüb, öz yazıları ilə haqqı tapdananlara kömək edib”.Jurnalistlik fəaliyyətinə “Bakı” qəzetində başlayan, hazırda “Xalq qəzeti”ndə müxbir vəzifəsində çalışan İlqar Həsənov gənclərin hamisi kimi tanıdığı həmkarını belə səciyyələndirib: “O, daim gənclərin arasında olur, onların problemlərinin həllinə kömək edirdi. Redaksiyada bir növ cavanların “səlahiyyətli nümayəndəsi” idi. Nəsir müəllim də Ənvərin bu keyfiyyətlərini bilir və bir çox məsələlərin həllini ona tapşırırdı”.Mərasimdə çıxış edən Bakı Dövlət Universitetinin professoru Mikayıl Cəfərov, "Ziya" qəzetinin və "ZiM*Az" saytının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı, yazıçı-publisist Xeyrəddin Qoca, tanınmış dramaturq və ssenarist Əmir Pəhləvan, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Süleyman Qaradağlı, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Tahir Aydınoğlu, “Ülfət” qəzetinin baş redaktoru Bəyalı Rzayev, Azərbaycan Jurnalist Həmrəyliyi İctimai Birliyinin rəhbəri Mədət Məmmədov, yubilyarın həmkarları Əlipənah Bayramov, Xanlar Məmmədov, Rauf Ağayev, Afaq Abdullazadə və başqaları “Tərəqqi” medallı, “Qızıl qələm” mükafatı laureatı yubilyarın yaradıcılıq və insani keyfiyyətlərindən danışaraq, həmkar, yaxın dost kimi Ə.Məşədiyev haqqında öz fikirlərini bölüşüblər. Onlar yubilyarı hər kəsin ərk edə biləcəyi, qayğıkeş, istiqanlı, prinsipial şəxs, gözəl təşkilatçı, həssas insan, nümunəvi ailə başçısı kimi xarakterizə edən cəhətlərə diqqət çəkiblər, xatirələrini bölüşüblər və ona uzun ömür, möhkəm cansağlığı arzulayıblar.Tədbirdə “Bakı” və “Baku” axşam qəzetlərinin Azərbaycan mətbuatı tarixindəki roluna, nəşrlərin qurucusu ustad qələm sahibi Nəsir İmanquliyevin jurnalistikamızda və ictimai fikir tariximizdəki müstəsna əhəmiyyət daşıyan missiyasına, ziyalılıq keyfiyyətlərinə geniş diqqət yetirilib. Mövcud xüsusda N.İmanquliyev məktəbinin məzunu olmuş Ə.Məşədiyev əsl jurnalist, peşəsinə sadiq həmkar olaraq dəyərləndirilib, yubilyarla bağlı səmimi istək və arzular dilə gətirilib.Qeyd olunub ki, onun əmək kitabçasına yalnız bir redaksiyanın - “Bakı” və “Baku” axşam qəzetlərinin adı yazılıb. O, 1971-ci ildə bu redaksiyada məktub qeydiyyatçısı kimi işə qəbul edilib. Görkəmli jurnalist, mətbuat təşkilatçısı, “Bakı” və “Baku” qəzetlərinin yaradıcısı və redaktoru Nəsir İmanquliyevin xeyir-duası ilə əmək fəaliyyətinə başlayan Ənvər Məşədiyev illər keçdikcə vəzifə pillələrində addım-addım irəliləyib - müxbir, şöbə müdiri, baş redaktorun müavini olub.Ənvər Məşədiyev 20 ilə yaxın redaksiyanın ən ağır və çox böyük məsuliyyət tələb edən daşıyan məktublar şöbəsinə rəhbərlik edib. O vaxtlar redaksiyaya ildə 20-25 min oxucu məktub daxil olurdu. Bu qədər məktubu oxumaq, onları qeydə almaq, cavablandırmaq və ya hansısa dövlət qurumuna göndərmək heç də asan məsələ deyildi. Onun “Bakı” qəzetinin səhifələrində “Felyeton”, “Satirik qələmlə”, “Qəribə əhvalatlar”, “Bir məktubun izi ilə”, “Şəhər mövzusunda”, “Jurnalistin düşüncələri”, “Elm adamları”, “Rəy və təkliflər” və başqa rubrikalarda dərc olunan yazıları böyük oxucu rəğbəti qazanıb.Yubilyar jurnalistin qələminin məhsulu olan “Yaddaşımın işığında”, “Ömür də bir yoldur”, “Elmimizin üç zirvəsi”, “Tale” kitabları ayrı-ayrı tanınmış alim və ziyalıların həyatı barədədir. “Bakı, axşamın xeyir!” kitabı isə onun bir qəzetçi kimi yetişməyində çox böyük zəhməti olan görkəmli jurnalist Nəsir İmanquliyevin ustad jurnalistika məktəbinin ənənələrindən bəhs edir.Sonda yubilyar Ənvər Məşədiyev çıxış edərək özü barədə söylənilən xoş sözlərə, yaradıcılığına verilən yüksək dəyər və qiymətə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.Biz də bir daha çox hörmətli Ənvər Məşədiyevi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.