Kərəm Məmmədov Borçalı Cəmiyyətinin yeni sədri seçildi - YENİLƏNİB MEDİA, Gürcüstan, Borçalı, Başkeçid, "Borçalı" Cəmiyyəti 28 июня 2016 2016-cı il iyunun 25-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı - konfransı keçirilib. ZiM.Az bildirir ki, Borçalı ictimai Cəmiyyətinin ilk yaradıcıları və rəsmi təsisçiləri- təqdimata ehtiyac olmayan məşhur ağsaqqal şair-jurnalist Eyvaz Borçalı, professor Hidayət Nuriyev və tanınmış jurnalist Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 250 nəfərə yaxın nümayəndə - Borçalı əsilli ziyalı, elm adamı və tanınmış şəxslər iştirak edib. Ağsaqqal professorlar - Tahir Pənahov, Teymur İlyaslı, Həmid Vəliyev, Kərəm Hətəmoğlu Məmmədli, Razim Məmmədli, İsmət Əhmədov, Əsəd Təhləli (Əliyev), Vahid Qurbanov, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, Əməkar jurnalistlər İlyas Adıgözəlli, Rəşid Faxralı, imzalarını hamımızın yaxşı tanıdğımız Dəyanət Osmanlı, Müşfiq Borçalı, Dilsuz Musayev, Sərkərdə Sərxanoglu, Anar Həsənli, Arzuman Nəbiyev, Sədi Yaradanqulu, Firudin İsmayılov, Nazim Poluxov, Asif Bayramov, Həmzəli İlyas, İsaxan İlyazoğlu, Kamran Xəlilov, Sabir Mahmudov, Ziyadxan Budaq, Nizami Abbaszadə, Hacı Azadə-Taleh Abbasqızı, Nazilə Səfərli, Səadet Novruzqızı , Aşıq Aida Gulzar, Aşıq Ramin Qarayev, Xəlil Qaraçop, Təbriz İmanoğlu, Yaşar Qafqazlı, Elida Muxayeva və başqaları da konfrans iştirakçıları arasında idi. Konfransda həmçinin çoxsaylı qonaqlar, o cümlədən Gürcüstan Türkləri Konfederasiyasının, Azərbaycan Qarapapaq Türkləri İctimai Birliyinin və Gürcüstan Qarapapaq Türkləri Birliyinin təmsilçiləri, həmçinin Gürcüstan və Türkiyədən qonaqlar iştirak ediblər. Bu barədə mətbuata Borçalı Cəmiyyətinin təsisçisi Şərif Kərimli məlumat verib.Toplantıda cəmiyyətin son 7 illik fəaliyyəti (2009-2016) müzakirə olunub. Eyvaz Borçalı, Firuddin İsmayılov, Asif Ozan, Natiq Hümbətov, Hacı Azadə Taleh Abbasqızı, Nazilə Səfərli, Aşıq Aidə Gülzar və b. öz fikirlərini söyləyiblər.Çıxış edən şəxslərin hər biri ötən 7 il ərzində “Borçalı” Cəmiyyətinin öz nizamnaməsinə və mövcud qanunlara zidd fəaliyyət göstərdiyini qeyd ediblər. Onlar təşkilatın rəhbərliyini “Borçalı” Cəmiyyətini siyasi proseslərə və şəxsi maraqların təmin olunmasına alət etməkdə, o cümlədən Azərbaycan və Gürcüstan hakimiyyətinə qarşı əsassız yerə müxalifətçilik etməkdə ittiham ediblər. Bu səbəbdən də çıxış edən əksər ziyalılar cəmiyyətin sədri Zəlimxan Məmmədlinin fəaliyyətinə xitam verilməsini və qurumun icra orqanının yenidən formalaşdırılmasını təklif ediblər. Odur ki, çıxışların sonunda yığıncağın sədri Eyvaz Borçalı deyilən təklifləri nəzərə alaraq, sədrin fəaliyyətinə toplantı iştirakçılarının qiymət verməsini istəyib. Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı ictimai-siyasi məslələri müzakirə etdikdən sonra təşkilati məsələlərə baxıb. Nəticədə yekdilliklə Zəlimxan Məmmədlinin sədrlik fəaliyyətinə xitam verilib və “Borçalı” Cəmiyyətinin yeni rəhbərliyinin seçilməsi qərara alınıb. Cəmiyyətin yeni sədrliyinə 6 nəfərin – Kərəm Məmmədli, Vahid Qurbanov, Müşfiq Borçalı, Asif Ozan, Firuddin İsmayılov və Musa Nəbioğlunun namizədliyi irəli sürülüb. Adı çəkilən şəxslərdən 4 nəfər Kərəm Məmmədlinin xeyrinə seçkidən çəkilsə də, Vahid Qurbanov sədrlik uğrunda mübarizəni davam etdirib. Beləliklə, konfransda alternativ əsasla, açıq səsvermə zamanı yığıncaq iştirakçılarının əksəriyyətinin dəstəyi ilə tarixçi-antropoloq alim Kərəm Məmmədli “Borçalı” İctimai Cəmiyyətinin yeni sədri seçilib. Daha sonra cəmiyyətin 33 nəfərdən ibarət Ağsaqqallar Şurası, 21 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası formalaşıb. Cəmiyyətin Ağsaqqallar Şurasına və İdarə Heyətinə Borçalı əsilli tanınmış ziyalılar və ictimai-siyasi xadimlər seçiliblər.Yığıncağın yekununda ümumi qərar elan olunub.Qeyd edək ki, Borçalı İctimai Cəmiyyəti 1993-cü ildə Azərbaycanda yaradılıb. 1993-2009-cu illərdə Cəmiyyətə Eyvaz Borçalı, 2009-2016-cı illərdə isə Zəlimxan Məmmədli rəhbərlik edib.Borçalı İctimai Cəmiyyətinin yeni sədri Kərəm Hətəm oğlu Məmmədov 1965-ci il fevralın 22-də Başkeçid (Dmanisi) rayonunun Gəyliyən kəndində dünyaya göz açıb. 1982-ci ildə həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə qəbul olub. 1983-1985-ci illərdə Əfqanıstan Respublikasında hərbi xidmətdə olub.1987-ci ildə Təhsil Nazirliyi tərəfindən təhsilini davam etdirmək üçün Leninqrad Dövlət Universitetinin tarix fakültəsinə (Sankt-Peterburq Universiteti) göndərilib.1990-cı ildə Leninqrad Dövlət Universitetində tarix fakültəsinin antropologiya və etnoqrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1991-1993-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsinin Azərbaycanın qədim dövr və orta əsrlər tarixi kafedrasında baş laborant vəzifəsində çalışmış, 1993-1996-cı illərdə əyani aspiranturada təhsil almışdır.1995-ci ildən Bakı Dövlət Universititinin Tarix fakultəsində müəllim, 1996-cı ildən BDU Arxeologiya və etnoqrafiya kafedrasının müəllimidir, tarix elmləri namizədi, dosentdir.Aygün Paşayeva REDAKSİYADAN:Biz də, ZiM.Az-ın Yaradıcı Heyəti adından "BORÇALI" İctimai Cəmiyyətinin yeni rəhbərliyini ürəkdən təbrik edir və onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq!...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.