Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub Mədəniyyət, Arxiv 27 января 2016 Yanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurası ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin, eləcə də, qəzet və jurnal redaktorlarının iştirakı ilə respublika müşavirəsi keçirib.Zim.Az xəbər verir ki, müşavirə Azərbaycan Respublikası ərazisində dərc olunan mətbuatın (qəzet və jurnalların) və çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 oktyabr 2015-ci il tarixində imzaladığı və 21 noyabr 2015-ci ildə dərc olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunun icrası ilə əlaqədar qarşıda duran vəzifələrin müzakirəsi və Qanundan irəli gələn məsələlərin həlli məqsədilə təşkil olunub.Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkə başçısının respublikada fəaliyyət göstərən mətbu orqanların, nəşriyyat və poliqrafiya sahəsinin inkişafına göstərdiyi diqqət və qayğısından söz açıb. Ölkəmizdə kitab nəşrlərinin yüksək səviyyədə çap edilməsinə toxunan nazir qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi müvafiq qurumlar tərəfindən tam təmin edilmir. Problemin obyektiv və subyektiv səbəblərini diqqətə çatdıran nazir, yaranmış neqativ halların səmərəli və operativ həlli yollarından bəhs edib.Ə.Qarayev qeyd edib ki, mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri bundan sonra kitab işi dövriyyəsini qanunvericiliyin tələblərindən irəli gələn qaydalar çərçivəsində həll etməlidir. “Çap olunan müxtəlif kitabların Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən nüfuzlu kitabxanalara verilməsini təmin etməklə, həm də milli arxiv irsimizi gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq” – deyə, nazir bildirib.Daha sonra Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib ki, bu istiqamətdə qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə çoxsaylı uğur əldə etmək olar. Qəbul olunan qərarlar və görüləcək işlər milli mənəviyyatımızın gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və başqaları çıxış edərək,KİV-lərin də qeyd olunan mövzuda müvafiq qərarlara əməl etmələrinin vacibliyini vurğulayıb. Türkiyə, Almaniya, Fransa, Polşa arxivlərində ölkəmizə məxsus qəzet və jurnalların mövcudluğuna toxunan deputat bildirib ki, belə ənənələri ölkəmizə də gətirməliyik.Daha sonra qəzet və jurnal redaktorları ilə yanaşı, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin də qatıldığı müşavirədə bu sahədə mövcud vəziyyət müzakirə olunub və Sərəncamdan irəli gələn məsələlərin icrası yolları təhlil edilib. Millət vəkillərindən -"Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu və tanınmış jurnalist Elmira Axundova, eləcə də Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, "Dünya Ədəbiyyatı" dərgisinin baş redaktoru Səlim Babullaoğlu və başqalarının çıxışları da maraqla qarşılanıb.Müşavirəyə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yekun vurub.P.S.: Müşavirədə Zim.Az-ın yaradıcısı - "Borçalı" nəşriyyat-poliqrafiya müəssisəinin Baş direktoru, "Ziya" və "Şərqin səsi" qəzetlərinin Baş redaktoru Müşfiq Borçalı da iştirak etmişdir.Zim.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.