HEYDƏR ƏLİYEV VƏ MULTİKULTURALİZM Mədəniyyət 7 мая 2024 2666 0 1 2 3 4 5 Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi açaraq multikulturalizmin əhəmiyyətindən, Azərbaycan dövlətinin indiyədək multikulturalizm siyasəti sahəsində əldə etdiyi nailiyyətlərindən danışdı. Ulu öndər Heydər Əliyevin milli dəyərlərimizin və adət-ənənələrimizin, ölkəmizdə yaşayan digər millətlərin və xalqların da hüquq və adət-ənələrinin qorunmasında multikulturalizmi vacib sahələrdən biri kimi dəyərləndirdiyini, ümumdünya mədəniyyətinə və sivilizasiyasına yeni töhfələrin verilməsində dövlətin zənginliyini, məhz öz ərazisində yaşayan bir çox xalqların mədəniyyətinin qorunmasında gördüyünü iştirakçıların nəzərinə çatdırdı. Sonra sədr Anarın Azərbaycan Yazıçılar Birliyində başqa seksiyalar kimi əhəmiyyətli olan multikulturalizm məsələləri üzrə işin icrasını tanınmış şair Xatirə Fərəcliyə həvalə olunduğunu bildirdi və ona yeni işində uğurlar diləyərək təbrik etdi. Multikultural məsələlər üzrə məsul şəxs Xatirə Fərəcli ona göstərilən etimada görə birliyin sədri Anar müəllimə dərin minnətdarlığını bildirdi və dəyirmi masa arxasında tədbiri davam etdirdi. Xatirə Fərəcli ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixinin bir hissəsi olan ömür yolundan bəhs edərək onun xalqa bağlılığını, liderlik keyfiyyətinin bütün məziyyətlərinin hər kəsə bəlli olduğunu, öhdəsinə düşən, ömrünə yazılan missiyanı çox bacarıqla , xüsusi səriştə və ustalıqla, uzaqgörənliklə yerinə yetirdiyini vurğuladı. O çıxışında qeyd etdi ki, Heydər Əliyevin siyasi portretini bircə tezislə qeyd etmək kifayət edər ki, o ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə təmkinin itirməyən və dəqiq, əhəmiyyətli qərarlar verən bir lider idi. Ulu öndər multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edib və fəaliyyətinin bütün sahəsində olduğu kimi multikulturalizm sahəsində də nəinki Azərbaycana, hətta dünya siyasətinə öz töhfələrini vermişdir. Dəyirmi masa arxasına toplaşanlar ulu öndər Heydər Əliyevin və Vətən yolunda canını fəda etmiş bütün şəhidlərimizin xatirəsini əziz tutaraq bir dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlunun çıxışından sonra söz iştirakçılara verildi. Dəyərli ziyalılardan tarix elmləri doktoru, professor, Azərbaycanda kulturologiya elminin yaradıcısı Fuad Məmmədov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində şöbə müdiri Yadigar Məmmədli, ədəbiyyatşünas, tənqidçi Əsəd Cahangir, Azərbaycan Milli Konservatoriyasında Humanitar fənnlər kafedrasının müdiri Firudin Qurbansoy, AYB-nin kadrlar şöbəsinin sədri Arifə Əliyeva, İzrail-Azərbaycan Şahdağ Təşkilatının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri İsmayıl Zalov, Alban-Udi Azərbaycan Respublikasının Xristian İcmasının sədri Robert Mobili, “Milli dəyərlər üzrə maarifləndirmə” İctimai Birliyinin sədri, şair, jurnalist Gülşən Behbud, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri, ictimai xadim Zemfira Ağayeva, ETİ böyük elmi işçi, qəzəlxan şair Mahcamal Babayeva, “Dodo” qəzetinin redaktoru, yazıçı, jurnalist İradə Məlikova, “Dövlət və qanun” qəzetinin təsisçisi və baş redaktoru Yasəmən Möhübbətqızı, Dünya Axısxa Türkləri Birliyinin Azərbaycan təmsilçisi, Azərbaycanda yaşayan axısxa türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İstitutundan beynəlxalq əlaqələr şöbəsinin müdiri Vəfa Saleh, azsaylı xalqlar şöbəsinin müdiri Cəmilə Novruzova və Asiya Mirzəyeva, AYB və AJB-nin üzvü, şair Fəxrəddin Meydanlı, Zərəngiz Mansurova və b. mövzu ətrafında maraqlı çıxışlar etdilər. Natiqlər çıxışlarında Azərbaycanın dünyada multikulturalizm və tolerant ölkə kimi tanındığını bildirdilər. Tədbirdə Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri Rauf Aslanov, AYB Mətbuat Xidmətinin rəhbəri Xəyal Rzazadə, pedaqogika üzrə fəlsəfə doktoru, uzun illər Moskvada Hərbi Akademiyada və etnik Azərbaycan məktəbində dərs demiş Mehriban Abdullayeva, Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli, dəyərli qələm sahiblərindən Bəsti Əlibəyli, Şövkət Zarin, Giya Paçxataşvili, Vaqif Ağayev, Yaqoob Üsuli, Xəqani Abbasəli, Aygün Hacıyeva, Rəna İmanova, Narıngül Nadir, Şəmsiyyə Kərimova, Səkinə Qarayeva, Rafiq Ələkbərli, Gülnarə Məhəmmədqızı və başqaları da iştirak etdi. “Heydər Əliyev və multikulturalizm” mövzusunda keçirilən dəyirmi masa maraqlı və yaddaqalan oldu. RƏNA TƏBƏSSÜMAJB-nin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.