“Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!.... 11 января 2024 2103 100 1 2 3 4 5 10 yanvar 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr edilmiş “Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir keçirilib. Tədbir Abdulla Şaiqin Mənzil-Muzeyinin təşkilatçılığı ilə baş tutub.Ülkər xanım Talıbzadənin rəhbərlik etdiyi Abdulla Şaiqin Mənzil-Muzeyi yubiley ilə əlaqədar silsilə tədbirlər keçirib. Növbəti “Məni Şaiqdən ayırmayın – Kamal Talıbzadə” adlı tədbir K.Talıbzadənin muzeyşünaslıq fəaliyyətinə, onun bir mədəniyyət xadimi kimi – Abdulla Şaiqin Mənzil-Muzeyinin yaradıcısı kimi təqdimatına həsr edilib. Tədbirdə görkəmli alimlər, tanınmış ziyalılar, elm və mədəniyyət xadimləri, incəsənət ustaları, müəllimlər, tələbələr, şagirdlər, bir sözlə, Kamalsevərlər iştirak ediblər... Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru akademik Kamal Talıbzadənin qızı Ülkər Talıbzadə qonaqları ürəkdən salamlayıb və belə bir tədbirə gəldiklərinə görə onlara təşəkkürünü bildirib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edib. O, bugünkü tədbirin baş tutması ilə bağlı iştirakçıları təbrik edərək bildirib: - Mənim Kamal müəllimdən öyrəndiklərim 30 ilə yaxın bir dövrü əhatə edir. Kamal müəllimi hələ orta məktəbdən tanıyırdım və Abdulla Şaiqin oğlu olduğunu bilirdim. İlk tanışlığım isə aspirantura imtahanı verdiyim gün olmuşdu. Kamal Talıbzadə sözün həqiqi mənasında klassik bir ziyalı idi. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı öz növbəsində tədbir iştirakçılarını təbrik edərək vurğulayıb ki, ona ilk xeyir duanı məhz Abdulla Şaiq ocağı, Kamal Talıbzadə verib: - Elm yolundakı ilk işığı yandırıb və mən bunu unutmaram. Kamal müəllimin elmi səmimiyyəti, müdrikliyi heç vaxt yadımdan çıxmır. O bizə həmişə hər hansı elmi məsələni incə dərinliklə başa salırdı. Kamal müəllim 26 yaşında olanda akademiyada şöbə müdiri idi. Bu yaşında şöbə müdiri olmaq bütövlükdə sovet məkanında mümkün deyildi. O insanda öz yaşını qabaqlayan müdriklik onu yaşıdlarından fərqləndirirdi.Kamal müəllim böyük mənada ədəbiyyat institutunun pasportu idi. Sanki ensiklopediya kimi bir adam idi. O, Şaiq muzeyini də yaratdı. İndi bu muzey ən dəyərli muzeylərdən biridir. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə deyib: Kamal Talıbzadənin "Ədəbi tənqidin tarixi" kitabını 90-ci illərin ortalarında oxudum. Baxmayaraq ki, artıq fəlsəfə doktoru idim, bu kitabı bir tələbə kimi qeydlərimi apararaq oxudum. Və Kamal müəllimin bu kitabı mənim üçün bir metodoloji mənbə oldu. Ədəbiyyatşünasliq əslində ədəbiyyat haqqında refleksiyadir. Sənətşünasliq incəsənətin refleksiyasıdır. Kamal müəllimin bu əsəri baxmayaraq ki, ədəbi tənqidə həsr olunub, bütövlükdə ədəbiyyatşünaslığı bir elm kimi əhatə edir. Kamal müəllimin elmi fəaliyyəti ədəbiyyatın elmi uğurlarını aşıb.Tədbirdə Xəzər Universitetinin təsisçisi, alim, yazıçı, ictimai xadim, professor Hamlet İsaxanlı çıxış edib. O, tədbir dəvətnaməsini alanda çox sevindiyini vurğulayıb: Hər şeydən əvvəl bu tədbirin adı məni cəlb elədi - "Məni Şaiqdən ayırmayın". Kamal müəllimi Şaiqdən ayırmaq mümkün deyil. Abdulla Şaiq ədəbiyyatımızda və müəllimlik sənətində olduqca böyük bir şəxsiyyət olub. Kamal müəllimlə tanış olduqdan sonra o dərəcədə dost olduq ki, təəssüf etdim, niyə mən onu əvvəlcədən tanımamışam. Onlarla ailəvi dostluğumuz, gediş-gəlişimiz var idi. Onunla çox gözəl, şirin söhbətlər edərdik. Amma söhbət zamanı mübahisələrimiz də olurdu. Bir dəfə Səməd Vurğunun "Aygün" poeması haqqında söhbət edəndə kiçik etirazımı bildirdim. Kamal dedi ki, tələbələrim mənlə mübahisə edəndə, deyəndə ki, "bəlkə belə yox, belə olsun", ləzzət alıram. Kamal müəllim müdrik olmaqla yanaşı, həm də çox şən və sadə adam idi. Onun dünyasında insanlar arasında yaş fərqi, rütbə fərqi yox idi.AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli qeyd edib ki, Kamal Talıbzadə böyük və dəyanətli əqidələri olan bir nəslin nümayəndəsidir. Abdulla Şaiq nəslinin Abdulla Şaiq turançılığı, türkçülüyü gətirmişdir Azərbaycana. Onun dərs dediyi tələbələr sonralar Azərbaycan ədəbiyyatında və mədəniyyətində xüsusi yerlər tutmuşlar.Ədəbiyyat İnstitutunun elmi mühitinin yetişməsində, formalaşmasında Kamal müəllimin birbaşa rolu olub. Abbas Səhhətin həyat və yaradıcılığı ilə bağlı dissertasiyasi dövrünün ən populyar ədəbiyyatşünaslıq əsərlərindən biri idi. Əsl alim dünyasını dəyişəndən sonra da səsi gəlməlidir. Kamal Talıbzadə elmin ən yüksək zirvəsi olan akademikliyi fəth etdi. Kamilliyi ilə zirvəyə ucaldi.Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov Abdulla Şaiqin "Yad et məni!" şeirini xüsusi ilhamla səsləndirib. Məclis iştirakçıları aktyorun çıxışını alqışla qarşılayıblar. Bakı Dövlət Universitetinin kafedra müdiri, şair Knyaz Aslan Kamal Talıbzadənin nə qədər səmimi, mehriban, sədaqətli bir insan olduğunu dedi, ona həsr etdiyi şeiri səsləndirib. Kamal Talıbzadəyə həsr olunmuş tədbirdə həmçinin Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlı, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Nəzakət Qafqazlı və başqaları da öz səmimi xatirələrini bölüşüblər.Daha sonra muzeyin əməkdaşı - uzun illər Kamal müəllimlə birlikdə işləmiş Arzu Hacızadə (Nuraliyeva) çıxış edib. O, Kamal müəllimlə bağlı xatirələrindən danışıb, onun necə gözəl bir insan olduğunu, öz isçilərinə əsl ata qayğısı ilə yanaşdığını deyib. Kamal Talıbzadəyə həsr etdiyi şeirlərini səsləndirib.Muzeyin əməkdaşı Elminaz Məmmədli "Kamal Talıbzadə və muzey" mövzusunda məruzə ilə çıxış edib. Kamal Talıbzadənin muzey fəaliyyəti haqqında ətraflı məlumat verib.Muzeyin əməkdaşı Fəridə Məmmədova Kamal müəllimin həyat yoldaşı Rəfiqə Talıbzadə həsr etdiyi "Gözəllik qocalmır" mənsur şeiri səsləndirib. Şeir auditoriya tərəfindən maraqla və alqışlar qarşılanıb.Tədbirin bədii hissəsində bir-birindən maraqlı ifalar səslənib. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova bəstəkar Zülfüqar Hacıbəyovun Abdulla Şaiqin eyniadlı əsərinə bəstələdiyi "Nüşabə" operasından Uvertüranı fortepianoda ifa edib. Respublika və beynəlxalq müsabiqələr laureatı Nigar Əsgərova (vokal) Abdulla Şaiqin sözlərinə bəstələnmiş iki romansı - Səid Rüstəmovun "Sevirəm səni" və Əşrəf Abbasovun "Oxu bülbülüm"ünü ifa edib. Fortepianoda Respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Aslanova müşayiət edib.3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Gülnarə Qurbanova və kiçik vokal ifaçıları Abdulla Şaiqin sözlərinə bəstələnmiş Cahangir Cahangirovun və Səid Rüstəmovun mahnılarını ifa ediblər. Tədbirin sonunda Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru akademik Kamal Talıbzadənin qızı Ülkər Talıbzadə bir bütün tədbir iştirakçılarına öz dərin təşəkkürünü bildirib.Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin hazırladığı Kamal Talıbzadənin fotolarından və kitablarından ibarət sərgi nümayiş etdirilib. Yubiley gecəsi boyu alimin həyatı və geniş elmi, ictimai-mədəni fəaliyyətini əks etdirən slayd-şou nümayiş etdirilib.***RUHUN ŞAD OLSUN, USTADLAR USTADI, BÖYÜK ZİYALI, UNUDULMAZ AKADEMİK və XEYİRXAH İNSAN - KAMAL TALIBZADƏ!...Müşfiq BORÇALI,ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.