Əməkdar Mədəniyyət İşçisi ELXAN OCAQOV (1954) Mədəniyyət, Bolus 14 июля 2022 Ocaqov Elxan Rüstəm oğlu 1954-cü il fevral ayının 6-da qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olmuşdur. 1970- ci ildə kənd orta məktəbini bitirmiş.1970-1971-ci illərdə “Kolxozlararası tikinti” birliyində fəhlə, 1971-1972-ci illərdə Bolnisidə “Gürckəndtextəchizatın” rayon birliyində 6-cı dərəcəli motorçu-çilingər işləmişdir.Ocaqov Elxan Rüstəm oğlu 1976-cı ildə Tbilisi Dövlət Pedaqoji İnstitutunun «Filologiya» fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir.Həmin illərdə paralel olaraq Tibilisi Düvlət Universitetinin foto-kino müəllimi fakültəsinin axşam şöbəsini uğurla bitirmiş, “Tibilisi axşamları” adlı sənədli film çəkmişdir. İnstitutu bitirdikdən sonra 1976-1980-ci illərdə Kəpənəkçi kənd orta məktəbində müəllim işləmişdir. 1980-cı ildən Bolnisi Rayon Komsomol Komitəsinin raykom hüquqlu təşkilatında katib, 1983-cü ildə Komsom komitəsində katib işləmişdir. 1984-cü ilin may ayından 1989-cu ilin avqust ayına qədər «Sovet Gürcüstanı» qəzetində xüsusi müxbir işləmiş, 1985-ci ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. Bu illərdə “Sənət dünyasına açılan qapı”, “Ömür yolu”, ”İş insanın cövhəridir”, ”Bahar mövsümü”, “Əllərin qüdrəti” və s. oçerklərin, “Mollanın sərgüzəştləri”, ”Qatır gəlsə dırnaq salar,maşın gəlsə amartizator”, ”Kənd məktəbinin fəryadı”, və s. felyotonların, onlarla reportaj və müsahibələrin müəllifi olmuşdur. “ XIX əsr rus mətbuatında Azərbaycan folklor nümunələri” “Nizami Gəncəvi məktəbi və dünya ədəbiyyatında “Xəmsə” mövzusu” adlı elmi məqalələrin müəllifidir. “Qara Nər ocağı”, “İlan əfsanəsi” kimi əfsanələrin, “Özümün nağılı”, “Qız Alının nağılı” kimi nağılların toplayanı və tərtibatçısıdır.1989-cu ilin avqust ayından Gürcüstanda milli zəmində baş vermiş ictimai siyasi hadisələrlə bağlı Bakıya köçmək məcburiyətində qalmışdır. Həmin ildən Bakı Bələdiyyə «Tənqid-Təbliğ» teatrında direktor müavini, işləmişdir. 1996-cı ildən 2006-cı ilə qədər Azərbaycan Dövlət Musiqili Komediya teatrında sərəncamçı direktor , 2006-2008cı illərdə teatrda direktor vəzifəsində çalışmışdır. 2008-ci ilin may ayından 2018-ci ilə qədər direktor müavini kimi teatrda fəaliyyətini davam etdirmişdir. 2018-ci ildə şəxsi təşəbüsü ilə təqaüdə çıxmışdır. Kadrların seçilməsində və yerləşdirilməsində, istedadlı gənclərin teatra cəlb edilməsində və onlara qayğı və diqqətin artırılmasında, Zəngin və məzmunlu operetta və musiqili komediyaların repertuara cəlb edilməsində, hazırlanan tamaşaların bədii-estetik səviyyəsinin yüksək olmasında, tərtibat və təşkilatı işlərdə, kütləvi tədbirlərin uğurla keçirilməsində, teatr sənətinin, milli mədəniyyətin , milli mənəvi dəyərlərin geniş təbliği istiqamətində böyük xidmətləri olmuşdur. 1999-2007-ci illərdə Dövlət İncəsənət Universitetində aktyorluq və rejissorluq fakültələrində dərs demiş, səhnə texnikası, səhnənin işıqlanması və səhnə tərtibatı ilə bağlı ilk dəfə dərslik hazırlamışdır. Elxan Ocaqov teatrda işlədiyi dövrlərdə yaradıcılıq fəaliyyətini də davam etdirmişdir. O, "Şirbalanın məhəbbəti" filminin prodüseri və redaktorudur. “Talelər qovuşanda" operettasının (musiqi Rauf Hacıyev) libretto müəllifi, “Amerikalı kürəkən” tamaşasında (musiqi Ramiz Mirişli) mahnıların sözlərinin müəllifidir. Bundan başqa Respublikanın görkəmli bəstəkarları Emin Sabitoğlu, Faiq Sücəddinov, Sərdar Fərəcov E.Ocaqovun şeirlərinə musiqilər bəstələmişdir. Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvüdür. Onun fəaliyyəti yüksək qiymətləndirilərək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2006-cı ildə «Respublikanın Əməkdar Mədəniyyət İşçisi» fəxri adına layiq görülmüşdür.Biz də dəyərli soydaşımıza yeni-yeni uğurlar arzulayırıq!ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.