Timuçin Əfəndiyev: "Akademiyanın buna çox böyük ehtiyacı var"

Timuçin Əfəndiyev: "Akademiyanın buna çox böyük ehtiyacı var" Bakı Xoreoqrafiya Akademiyasının rektoru,
əməkdar elm xadimi, professor
Timuçin Əfəndiyevlə müsahibə


- Timuçin müəllim, Bakı Xoreoqrafiya Akademiyası bir ildən artıqdır ki, tam qüvvəsi ilə fəaliyyət göstərir. Bu dövr ərzində görülən işlər barədə nə deyə bilərsiniz?

- Bildiyiniz kimi, Bakı Xoreoqrafiya Akademiyası Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 30 aprel 2014-cü il tarixli 419 nömrəli sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında yaradılmış, 26 dekabr 2014-cü il tarixli 432 nömrəli fərmanı ilə Akademiyanın Nizamnaməsi təsdiq olunmuş və Akademiya fəaliyyətə başlamışdır. Məlumdur ki, Şərq aləmində xoreoqrafiya təhsilinin əsası da ilk dəfə Azərbaycanda qoyulmuşdur. 90 il davamlı fəaliyyətdən sonra 2014-cü ildə Respublika prezidentinin müvafiq sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında altı təhsil (ibtidai, ümumi orta, tam orta, orta ixtisas, bakalavriatura, magistratura, doktorantura) pilləsini özündə birləşdirən Bakı Xoreoqrafiya Akademiyası (təhsil kompleksi) yaradılmışdır.

Respublika prezidentinin təsdiq etdiyi Nizamnamədə yeni yaradılmış Akademiya qarşısında qoyulan vəzifələrdən biri də Akademiyanın elmi potensialının gücləndirilməsi, xoreoqrafiya sənətinə dair sanballı tədqiqat əsərlərinin yazılmasıdır. Bununla əlaqədar Akademiya son bir il ərzində elmi potensialını möhkəmləndirmək məqsədi ilə onlarla fəlsəfə və elmlər doktoru, dosent və professor, həmçinin xoreoqrafiya sənətinin daha da yüksək səviyyədə tədris olunması üçün respublikanın məşhur səhnə xadimləri, xalq və əməkdar artistləri, əməkdar incəsənət xadimləri və s. təhsil müəssisəsinə cəlb olunmuşlar.

Akademiyanın qısa fəaliyyəti ərzində klassik rəqs üzrə müəllimləri Lyudmila Qutlyanskaya və Mayra Almaszadə əməkdar mədəniyyət işçisi adına layiq görülmüşlər.

Artıq Akademiyada Baletmeyster sənəti, Klassik rəqs, Milli rəqslər, Azərbaycan dili və ədəbiyyatı, İctimai fənlər kafedraları yaradılmış və ali idarəetmə orqanı olan Elmi Şura fəaliyyət göstərir.

Qısa vaxt ərzində Akademiyada "Sənət Akademiyası" adlı elmi-nəzəri jurnal tərtib edilmiş və 1-ci nömrəsi çapdan çıxmışdır. Jurnalda təhsilin bütün pillələri üzrə aktual pedaqoji və psixoloji məsələlərə, eləcə də xoreoqrafiya və musiqi sənəti, sənətşünaslıq və kulturologiya sahələrini əhatə edən mövzulara həsr olunmuş elmi məqalələr, tədrisin aktual məsələlərinə və təhsilin metodikasına dair qabaqcıl müəllimlərin iş təcrübəsini əks etdirən materiallar dərc edilir. Hazırda jurnalın 2-ci nömrəsi çapa hazırlanır.

Akademiyada xoreoqrafiya sənəti üzrə müxtəlif ixtisas və ixtisaslaşmalar üzrə tədris başlanmış, o cümlədən balet artisti, baletmeyster sənəti, balet pedaqogikası və teatr sənəti ilə bağlı bir sıra ixtisaslar açılmışdır.

Bununla yanaşı, bu dövr ərzində Akademiyada respublika əhəmiyyətli bir neçə elmi konfrans, o cümlədən "Böyük Vətən müharibəsi və Azərbaycan incəsənət xadimləri", "Xoreoqrafiya sənətinin aktual problemləri" və "Heydər Əliyev və Azərbaycan incəsənəti" mövzusunda elmi-nəzəri və elmi-praktik konfranslar keçirilmiş, konfrans materialları nəşr olunmuşdur. Akademiyada çalışan professor-müəllim heyəti tərəfindən müvafiq tədris proqramları yenidən işlənmiş, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar tərtib olunaraq, çap edilmişdir.

Son aylar ərzində Akademiya respublikanın ictimai və mədəni həyatında fəal iştirak edərək, profilinə uyğun tədbirlər, anım mərasimləri, yubiley və yaradıcılıq gecələri, sərgilər, konsertlər və digər mədəni-kütləvi tədbirlər keçirmişdir.
Böyük ustad sənətkarlar Qəmər Almaszadə və Əlibaba Abdullayevin 100 illik yubileyləri Akademiyada yüksək səviyyədə qeyd olunmuşdur.

Akademiyanın tələbələri müntəzəm olaraq xaricdə keçirilən müxtəlif rəqs və balet müsabiqələrində iştirak edir, Azərbaycan bayrağını böyük konsert salonlarında dalğalandırırlar.

Timuçin Əfəndiyev: "Akademiyanın buna çox böyük ehtiyacı var" - Bakı Xoreoqrafiya Akademiyası olduqca unikal təhsil ocağıdır. Burada elm, təhsil və sənət vəhdət təşkil edir. Bu cür nəhəng elm, təhsil və yaradıcılıq prosesini idarə etmək, yəqin ki, çox maraqlıdır?!

- Əlbəttə, incəsənətin hər bir sahəsi böyük maraq kəsb edir. Lakin sənət sahələrinin tədrisi daha maraqlıdır. Çünki sənət adamları pedaqoji fəaliyyətlə məşğul olan zaman həm öz yaradıcılıq axtarışları ilə məşğul ola bilir, həm də öz təcrübəsini tələbələrinə öyrədə bilir. Bakı Xoreoqrafiya Akademiyası özündə bədii-yaradıcılığı və elmi düşüncələri cəmləşdirən bir təhsil və sənət ocağıdır. Sənətlər arasında nəcib incəsənət növü kimi tanınan xoreoqrafiya sənəti və onunla bağlı bütün fəaliyyətlərlə məşğul olmaq nəinki maraqlı, eyni dərəcədə məsuliyyətlidir. Çünki 90 illik tarixi olan Azərbaycan xoreoqrafiya məktəbinin zəngin ənənələri, yüksək professionallığı və miqyaslı fəaliyyəti artıq çoxdan beynəlxalq aləmə bəllidir.

- Timuçin müəllim, yeri gəlmişkən, Akademiyanın beynəlxalq əlaqələri nə vəziyyətdədir?

- Biz fəaliyyətə başladığımız ilk gündən çalışmışıq ki, Akademiyamızın beynəlxalq əlaqələri genişlənsin. Akademiyanın buna çox böyük ehtiyacı var. Bu gün təkcə keçmiş ənənələrlə qidalanaraq sənəti inkişaf etdirmək mümkün deyil. Bugünkü dünyamızda hər bir sahədə olduğu kimi, sənət sahəsində də təkamül, yeniləşmə gedir və bugünkü tamaşaçının tələbi 30 il bundan öncəki tamaşaçının tələbindən tam fərqlidir. Odur ki, biz milli ənənələri qorumaqla yanaşı, beynəlxalq əlaqələri genişləndiririk, dünyanın ən məşhur xoreoqrafiya akademiyaları ilə işbirliyi qurmaq üçün müqavilələr imzalamışıq və dünya şöhrətli balet ustaları Alkademiyaya ustad dərsləri keçmək üçün dəvət olunurlar. Misal üçün, Almaniyanın Höte İnstitutunun müasir rəqs üzrə xoreoqrafı Sussane Graunun, dünya şöhrətli amerikalı xoreoqraf Mark Morrisin, məşhur xoreoqraf, Rusiya Federasiyasının xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim Dikalu Muzakayevin, tanınmış rusiyalı quruluşçu baletmeyster, Sankt-Peterburq Dövlət Teatr Sənəti Akademiyasının müəllimi və Belarus Respublikası Akademik Böyük Opera və Balet Teatrının quruluşçu baletmeysteri Aleksandra Tixomirovanın, Litva Milli İncəsənət Məktəbinin klassik rəqs üzrə müəllim-xoreoqrafı Petras Skirmantasın və Niderlandın Haaqa Kral Konservatoriyasında rəqs departamentinin direktor müavini çalışmış, xalq səhnə rəqsləri üzrə peşəkar müəllim-xoreoqraf Tom Bosmanın ustad dərslərini göstərmək olar.

Bununla yanaşı, Moskva Dövlət Xoreoqrafiya Akademiyası, Sankt-Peterburqdakı Vaqanov adına Rus Baleti Akademiyası, Moskva Dövlət Mədəniyyət İnstitutu, Litvanın Çurlyonis adına İncəsənət Məktəbi ilə də əməkdaşlıq müqavilələri imzalanmış, hazırda Qazaxıstanın Jurgenov adına Qazax Milli İncəsənət Akademiyası ilə əməkdaşlıq haqqında danışıqlar aparılır.
Akademiyanın müəllimləri, əməkdar artistlər Rimma İskəndərova və Eteri Cəfərova Çurlyonis adına İncəsənət Məktəbinin yubiley tədbirlərində, əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya Həştərxan vilayətində, prezident təqaüdçüsü Akif Kərimli Gürcüstanda keçirilən festivallarda, tələbələr isə müsabiqələrdə iştirak ediblər.

Bundan əlavə, Akademiyada əcnəbi tələbələr də təhsil alırlar. Akademiyanın unikallığını və təcrübəsini nəzərə alaraq, burada ilbəil əcnəbi tələbələrin sayının daha çox olacağına əminik.

Gələcəkdə biz öz müəllimlərimizi də dünyanın aparıcı xoreoqrafiya, rəqs və balet akademiyalarına ixtisasartırma kurslarına göndərməyi planlaşdırırıq. Bu, Akademiyada təhsilin yüksək keyfiyyətinə və səmərəliliyinə xidmət edəcəkdir.
Beynəlxalq münasibətlərin qurulması və inkişaf etdirilməsi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsinin bariz nümunəsi bu yaxınlarda təntənəli şəkildə keçirdiyimiz Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqə oldu. Müsabiqə nəinki Şərq aləmində, həm də MDB məkanında klassik və milli rəqs istiqamətlərini əhatə edən ilk belə müsabiqədir. Qısa müddət ərzində Akademiyanın uğurları sırasında bu müsabiqə xüsusi əhəmiyyət kəsb edir.

Müsabiqənin məqsədi milli və klassik rəqs irsinin, o cümlədən dünya xalq rəqslərinin qorunaraq nəsildən-nəslə ötürülməsi və təbliği, yetişməkdə olan gənc istedadların tanınması və bacarıqlarının nümayiş etdirilməsi, milli balet və xalq rəqsləri məktəbinin respublika və beynəlxalq arenada təbliğidir. Paytaxt və regionlarla yanaşı, müsabiqədə ABŞ, Rusiya, Litva, Ukrayna, Qazaxıstan kimi ölkələrin nümayəndələri də iştirak etmişdir. 200-dən artıq rəqqas kiçik və böyük yaş kateqoriyalarında, milli və klassik rəqs istiqamətləri üzrə iştirak etmək üçün müsabiqəyə qatılmışlar. Üç gün davam edən müsabiqə iki turdan ibarət idi. May ayının 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutmuş qala-konsertdə müsabiqə qalibləri mükafatlandırılmışdır. Müsabiqənin əsas mükafatına, Grand Prix-yə Cəmilə Kərimova layiq görülmüşdür. Müsabiqənin münsiflər heyətinə Azərbaycanın görkəmli incəsənət xadimləri ilə yanaşı, Rusiya və Litvadan peşəkar xoreoqraflar daxil olmuşlar.

Müsabiqə bir daha sübut etdi ki, o tam olaraq beynəlxalq tələblərə cavab verir və bu sahədə gələcək perspektivlərin müəyyənləşməsinə xidmət edir. Bu ənənələrin qorunub saxlanılması üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqə Bakı şəhərində iki ildən bir keçiriləcəkdir.

- Timuçin müəllim, hazırda Akademiya qarşısında dayanan ən ümdə məqsəd və vəzifələr nədir?

- Hazırda Akademiya qarşısında duran ən vacib məsələ ilk növbədə xoreoqrafiya sənətinin beynəlxalq səviyyəyə qaldırılması, bunun üçün həm təhsil, həm də sənət baxımından təxirəsalınmaz tədbirlərin görülməsidir. Bu istiqamətdə biz öz tərəfimizdən imkanlarımız daxilində bir sıra tədbirlər görürük. Qeyd edim ki, təkcə bu il Akademiyada məşhur əcnəbi xoreoqrafların ustad dərslərinin keçirilməsi, tədris və metodiki vəsaitlərin günümüzün tələblərinə uyğun hazırlanması, Akademiyanın spesifikasına uyğun struktur islahatlarının aparılması və nəhayət professional elmi və pedaqoji kadrların Akademiyaya cəlb olunması tədris prosesinə müsbət təsir göstərib. Artıq kafedralara tapşırıq verilmişdir ki, milli xoreoqrafiya sənəti tarixi və xoreoqrafiya sənətinə dair dərsliklərin və metodik vasitələrin hazırlanması təmin olunsun. Akademiyanın böyük Elmi Şurasında cari məsələlərlə yanaşı, sənətin bu və digər problemlərinə dair elmi məruzələr də dinlənilir.

Planlaşdırmışıq ki, müəllimlərimizi və imkan olduqca tələbələrimizi müasir rəqs cərəyanlarını öyrənmək üçün xaricdə olan xoreoqrafiya akademiyalarına uzun müddətə ezam edək.

- Timuçin müəllim, milli xoreoqrafiya sənətini beynəlxalq səviyyəyə çatdırılması yolunda, yəqin ki, müəyyən çətinliklərlə də üzləşirsiniz?

- Şübhəsiz ki, problemlər də az deyil. Əvvəla onu qeyd edim ki, maddi-texniki bazamız Akademiya tələblərinə cavab vermir. Əlbəttə, Akademiya fəaliyyətə başlayandan sonra keyfiyyətli təhsil və zəruri yaradıcılıq prosesin təmin edilməsi məqsədi ilə Akademiyanın maddi-texniki bazası cüzi də olsa gücləndirilmiş, bir korpusunun auditoriyaları təmir edilmiş və müəyyən standartlara uyğun olaraq təchizatla təmin edilmişdir.

Qeyd etməliyəm ki, ulu öndərimiz Heydər Əliyevin tapşırığı və bilavasitə iştirakı ilə tikilən gözəl memarlıq abidəsi olan Akademiya və onun ayrılmaz tərkib hissəsi olan Tədris teatrı ötən əsrin 80-ci illərinin əvvəllərində istifadəyə verilmişdi. O vaxtdan bəri Akademiyanın binası bir dəfə də təmir olunmamışdır. Əvəzinə Akademiyanın Tədris teatrı üçün inşa edilmiş müasir tələblərə cavab verən gözəl binasını barbarcasına sökərək yerində çoxmərtəbəli yaşayış binası tikmişlər.

Bundan başqa, Akademiyanın ərazisinə düşən sahələrdə qonşuluqda yerləşən kommersiya şirkətləri xüsusi avtomobil dayanacaqları kimi istifadə edir. Bu da fövqəladə vəziyyət (yanğın və s.) yarananda onun qarşısının alınmasında böyük təhlükələr törədə bilər.

Akademiyanın ərazisi imkan verir ki, tələbələrin səhnə təcrübəsi üçün əlahiddə rol oynayan Tədris teatrının inşası, özündə çoxpilləli təhsili ehtiva edən təhsil kompleksi üçün əlavə tədris korpusu, xaricdən və regionlardan olan tələbələr üçün müasir tələblərə cavab verən yataqxananın tikilərək istifadəyə verilsin.

Bir daha qeyd etmək istərdim ki, Bakı Xoreoqrafiya Akademiyasının mütləq tədris teatrı olmalıdır, çünki müəllimlərin də, tələbələrin də ən əsas yaradıcılıq laboratoriyası tədris teatrıdır. İstər diplom, istərsə də kurs tamaşaları, imtahanlar tədris teatrında keçirilməlidir.

Bir məsələnin də qeyd olunmasını vacib bilirəm. Məlumdur ki, ali təhsil sistemində maliyyələşmə adambaşı prinsipi ilə həyata keçirilir. Yaxşı haldır ki, rəssamlıq, heykəltəraşlıq, bəstəkarlıq, instrumental ifaçılıq və s. qabiliyyət tələb edən ixtisaslar üzrə adambaşı maliyyələşmə 5000-8000 manat arası dəyişir. Lakin qəribədir ki, qeyd olunan ixtisaslardan daha çox xərc tələb edən xoreoqrafiya ixtisası üzrə təhsil alanların adambaşı maliyyələşməsi 1300 manat təşkil edir. Halbuki, xoreoqrafiya sənəti üzrə təhsil alan hər bir kəsə puanta, rəqs ayaqqabıları, kostyumlar və bu kimi digər geyim və aksesuarlar tələb olunur. Görünür ki, bu məsələyə baxılarkən xoreoqrafiya sənətinin spesifik xüsusiyyətləri nəzərə alınmayıb. Biz bu barədə artıq müəyyən təşkilatlara müraciət etmişik. Ümidvaram ki, bu məsələ də yaxınlarda öz müsbət həllini tapacaq.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə 1-ci tədris korpusunun əsaslı təmir edilməsindən sonra digər korpusların da tam şəkildə təmir edilməsi hal-hazırda təxirəsalınmaz məsələdir. Bunlarsız orta, orta-ixtisas və ali təhsil pillələrində tədris prosesini lazımi səviyyədə qurmaq çətin olacaqdır. Buna görə Bakı Xoreoqrafiya Akademiyasının spesifik xüsusiyyətlərini nəzərə alsaq, onun xüsusi dövlət qayğısına ehtiyacı vardır. İnanıram ki, yaxın zamanlarda bu problemlər də öz həllini tapacaqdır.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

Tbilisidə azərbaycanlılar üçün teatr məktəbi fəaliyyətə başlayır

"Varlıq", Tiflis
Müsabiqə qalibləri mükafatlandırılıb

Müsabiqə qalibləri mükafatlandırılıb

Nazirlik, Kolleclər
AzTU-da “Cisco” şəbəkə akademiyası fəaliyyətə başladı

AzTU-da “Cisco” şəbəkə akademiyası fəaliyyətə başladı

AzTU

"KÖHNƏ BAKI" VƏ "XƏZRİ" RƏQS QRUPLARININ UĞURLARI

Mədəniyyət, "Şərqin səsi"
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Digər ali məktəblər
AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

AMEA-da uğurlu elm siyasəti davam etdiriləcək

Elm, Digər bölmələr
AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU “Cisco” şirkəti ilə əməkdaşlıq edəcək

AzTU
AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

AMEA-da Rusiyanın “Poisk” qəzetinin nümayəndəsi ilə görüş keçirilib

Elm
AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib

AzTU
General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur

AzTU
AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

AMEA-nın Direktorlar Şurasının növbəti iclası keçirilib

"Zirvə"
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm, "Zirvə"
Bu gün “Vikipediya” onlayn ensiklopediyasının yaradılmasının 23 ili tamam o ...

Bu gün “Vikipediya” onlayn ensiklopediyasının yaradılmasının 23 ili tamam o ...

Digər bölmələr
Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

Müstəqilliyimizin 25 illik yubileyi münasibətilə sanballı elmi əsərin yarad ...

"Zirvə"
Elm və təhsilin uğurlu inteqrasiyası

Elm və təhsilin uğurlu inteqrasiyası

Digər bölmələr

"Sarvan" folkor ansabılı Türkiyədə 15-ci Dənizli Beynəlxalq Rəqs Festival ...

Gürcüstan, Tiflis
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
AMEA-da magistraturanın təşkili təhsillə elmin vəhdəti deməkdir

AMEA-da magistraturanın təşkili təhsillə elmin vəhdəti deməkdir

Elm
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
Rəy yazın: