Ruhun şad olsun, Ramiz Mirişli!..

Ruhun şad olsun, Ramiz Mirişli!.. Ruhun şad olsun, Ramiz Mirişli!..

Dünən nəğməkar şair, tanınmış alim,
filologiya elmləri doktoru,
professor Vüqar Əhmədin Ad günü ilə əlaqədar olaraq
ürək sözlərimi yazarkən məşhur bəstəkarımız,
Azərbaycanın Xalq artisti,
professor Ramiz Mirişlini xatırlayanda
heç ağlıma da gəlməzdi ki, cəmi bircə gün sonra - bu gün
mən Ramiz müəllim haqqında
keçmiş zaman şəklində danışacaqam...
Görünür bu da taleyin qismətiymiş...


Amma onu da deyim ki, həyatda elə adamlar da olur ki,
onlar haqqında keçmiş zamanda danışmaq olduqca çətin olur.
Ramiz Mirişli də məhz belə insanlardandır!..
Amma təəssüflər olsun ki, mənim üçün nə qədər çətin və ağır olsa da,
Ramiz Mirişli haqqında kecmiş zamanda danışmağa məcburam...
Mən onunla təxminən on beş il əvvəl AzTv-də redaktor işlədiyim illərdə tanış oldum.
Onda o, Musiqi baş redaksiyasının baş redaktoru idi. Kabineti də üçüncü mərtəbədə
Ədəbi dram verilişləri baş redaksiyasının baş redaktoru, tanınmış dramaturq,
Əməkdar jurnalist Mailə Muradxanlının kabineti ilə yanaşı idi.
Baxmayaraq ki, bizim Xalq yaradıcılığı redaksiyamız ikinci mərtəbədə yerləşirdi,
mən onların iş otaqlarına tez-tez gedərdim. Onları mən özümə müəllim-ustad hesab edir,
televiziya ilə bağlı bilmədiklərimi onlardan öyrənir, məsləhətləşir, tövsiyyələrini dinləyirdim...
Çox saq olsunlar, onlar da heç vaxt əllərindən gələn köməkliyi məndən,
eləcə də AzTv-də çalışan digər gənclərdən əsirgəməzdilər.
Çox sadə, olduqca təvazökar, səmimi, mehriban, qayğıkeş və xeyirxah insanlar idilər...

Onlarla bir neçə dəfə birlikdə işlərimiz də oldu, verilişlər hazırladıq,
hətta "Heydər ata", "İlham qardaşım" və digər bir sıra başqa mahnıların və tamaşaların yazılmasında,
müğənnilər və aktyorlar tərəfindən oxunmasında, həmin ifaların çəkilişində, montajında və
hətta efirə verildiyi zaman Ramiz müəllimin öz işinə necə də diqqətcil olduğunun,
hər bir xırda işə belə olduqca böyük məsuliyyətlə yanaşdığının şahidi oldum...

Yaxşı yadımdadır, bir dəfə AzTv-nin sədri, professor Nizami Xudiyevin kabinetində idim.
Televiziyada gənc müğənnilərdən biri bayağı mahnı oxuyurdu. Nizami müəllim əsəbləşdi,
bu bayağı mahnının necə efirə yol tapdığını araşdırmaq üçün
Musiqi baş redaksiyasının baş redaktoru Ramiz Mirişlini çağırtdırdı.
Ramiz müəllim gəldi və böyük təmkinliklə dedi:
- Nizami müəllim, mən tam məsuliyyətimlə deyirəm ki, bu veriliş
nə bizim redaksiyanındır, nə də ki mən belə bir mahnının efirə getməsinə heç zaman razılıq verə bilmərəm...
Araşdırıldı və məlum oldu ki, həqiqətən də həmin veriliş tamam başqa bir redaksiyanın verilişi imiş...

Ramiz müəllim həqiqətən də öz sənətinin və öz peşəsinin kamil bilicisi idi. Həmişə ciddi əsərlərə üstünlük verirdi.
Həyatda həmişə güzəşt etməyi xoşlasa da, musiqi sənətində güzəştə getməyi heç vaxt sevməzdi.
Deyərdi ki, şəxsən mənə nə məxsusdursa o məsələdə güzəşt edə bilərəm,
amma xalqın malı olan heç bir şeydə güzəştə getmək olmaz. Musiqi əsərləri də belədir,
doğrudur, biz onu yazırıq, yaradırıq, amma o musiqiçilər və müğənnilər tərəfindən ifa olunduqdan,
səsləndikdən, ekranda və ya efirdə canlandıqdan sonra biz onların sadəcə müəllifləri oluruq,
əsas sahibləri isə xalq olur, Xalqın malına isə xor baxmaq, tamaşaçı və dinləyicilərin zövqlərini korlamaq olmaz!...
Necə də gözəl sözlərdir!... Kaş ki... Bəli, kaş ki...

Amma təəssüflər olsun ki, bu gün mən Ramiz müəllim haqqında keçmiş zaman şəklində danışmağa məcburam...
Görünür bu da taleyin qismətiymiş...
Amma onu da deyim ki, Ramiz Mirişli haqqında nə qədər keçmiş zamanda danışsaq da,
o, bizim qəlbimizdə daim əbədi olaraq yaşayacaq!..
Çünki bu Əbədiyyəti Ramiz Mirişli özü - öz işi və xeyirxah əməlləri ilə qazanıb...

***
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərindəki orta məktəbi bitirdikdən sonra 1952–1954-cü illərdə Asəf Zeynallı adına musiqi məktəbində oxumuşdur. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında 1956–1962-ci illərdə bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Radio-informasiya İdarəsində musiqiçi kimi başlayan Ramiz Mirişli 1962-ci ilədək respublikanın müxtəlif musiqi məktəblərində müəllim işləmişdir. O, 1962–2005-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində musiqi baş redaksiyasında böyük redaktor və baş redaktor vəzifələrində çalışmış, həmçinin 1987–1995-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasında mahnı və rəqs ansamblının bədii rəhbəri vəzifəsini tutmuşdur.
Ramiz Mirişli 1978–1998-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan şöbəsinə rəhbərlik etmişdir.Yaradıcılığını uzun illər ərzində pedaqoji fəaliyyətlə sıx əlaqələndirən Ramiz Mirişli 1972-ci ildən indiki Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, 2005-ci ildən ömrünün sonunadək Azərbaycan Milli Konservatoriyasının professoru olaraq yeni musiqiçilər nəslinin yetişdirilməsi üçün zəngin bilik və bacarığını əsirgəməmiş, peşəkar musiqiçi kadrların formalaşdırılması işinə dəyərli töhfələr vermişdir.Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən lazımınca bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir. O, ən müxtəlif janrlara müraciət etmiş, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələmişdir. Ramiz Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə xüsusən aydın təzahürünü tapmışdır.Ramiz Mirişlini məhsuldar bəstəkar kimi daha çox tanıdan və sevdirən onun mahnı yaradıcılığı idi. Məşhur Azərbaycan şairlərinin sözlərinə yazdığı həmin çoxsaylı mahnılar sənətsevərlərin böyük rəğbətini qazanmışdır. Kompozisiya bütövlüyü, dərin lirizm, təbiilik, səmimiyyət və emosional təsir gücü onları səciyyələndirən başlıca cəhətlərdir. Ramiz Mirişlinin mahnıları görkəmli ifaçıların repertuarında özünəməxsus yer tutaraq, ölkəmizdə və onun hüdudlarından kənarda müəllifinə şöhrət gətirmişdir. Bu əsərlər doğma yurda məhəbbət və milli dəyərlərə ehtiram aşılamaqla gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir.Azərbaycan musiqi mədəniyyətinin inkişafında Ramiz Mirişlinin xidmətləri layiqincə qiymətləndirilmişdir. Ölkəmizdə musiqi sənəti sahəsində nailiyyətlərinə görə o, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Onu da qeyd edək ki, Ramiz Mirişli həm də tanınmış bəstəkarlar Nazim Mirişlinin və Yusif Mirişlinin atasıdır.

***
Bu gün - aprelin 18-də Bakı Musiqi Akademiyasında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mirişli ilə vida mərasimi keçirilib.
Vida mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Tədbirdə çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Ramiz Mirişlinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Nazir bildirib ki, bəstəkar Azərbaycan musiqisi tarixində dərin izlər qoyub. Onun sözlərinə görə, musiqinin müxtəlif janrlarında yazan R. Mirişli bir çox musiqi əsərlərinin, romansların və digər əsərlərin müəllifidir: “Onun əsərləri daim yaşayacaq. Ramiz Mirişli Azərbaycan musiqisinin inkişafına böyük töhfələr verib ”.  
Bəstəkar Arif Məlikov çıxışında bu günün ağır gün olduğunu qeyd edib. R. Mirişli ilə dost olduqlarını xatırladan A.Məlikov onunla bağlı xatirələrini bölüşüb. 
Vida mərasimində bəstəkar Siyavuş Kərimi, xalq artisti Azər Zeynalov, İctimai Televiziyanın direktoru Cəmil Quliyev də mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər. 
Bəstəkarın oğlu Nazim Mirişli hər kəsə təşəkkür edib. O bildirib ki, atasının hələ səslənməyən bir çox əsəri var, zamanla ictimaiyyətə təqdim ediləcək. 
Vida mərasimi başa çatdıqdan sonra bəstəkar I Fəxri xiyabanda torpağa tapşırılıb...

Allah rəhmət eləsin, Ruhun şad olsun, Ustad...

Dərin hörmət və ehtiramla:
Müşfiq BORÇALI,
ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: