Əfsanəvi solmaz çiçək Köşə yazılar 16 ноября 2022 Səhv etmirəmsə 2022-ci il İyul ayının ortaları olardı. Bazar günü saat 1430 radələri idi. Adəti üzrə Buzovna qəsəbəsinin mədəniyyət sarayında keçirilən “Xəzər ədəbi məclisi”nə getmişdim. İcazə alıb içəri daxil olan zaman ciddi bir müzakirənin getdiyinin – əsasən məclisin sədri – şair-qəzəlxan Hacı Arif Buzovnalının mən deyərdim ki, bir az gərginliklə gənc şair həmkarlarını məzəmmət etdiyinin şahidi oldum. Söhbətə maraq kəsildikdən sonra anladım ki, qarşıda Arif müəllimin yubiley – ad gününün (50 yaşının) olacağı gözlənilir. Məclis üzvləri də məsləhətləşib qərarara gəliblər ki, ad günündə ona onun haqqında mətbuatda getmiş məqalələrdən, dostlarının və elm-sənət adamlarının onun haqqında söylədikləri xoş sözlərdən, eləcə də ona ithafən yazılmış şeirlərdən ibarət bir kitab nəşr etdirib, hədiyyə kimi ona təqdim etsinlər. Gənc şairlərin məşğul olduqları bu iş əslində çox əmək, məsulliyyət və vaxt tələb etdiyindən və bu işin gedişinin ləngidiyi səbəbindən, Arif müəllimin bu kitabın çapının yubiley gününə çatdırılması üçün gənclərə verdiyi məsləhətlər söhbətin mövzusu idi. Düzü o vaxta kimi Arif müəllimin yaşı ilə maraqlanmamışdim. Onu, qəzəllərdən ibarət ilk kitabının çıxdığı dövrdənqiyabi olaraq tanıyırdım. Sonralar Xəzər rayonunun bir ziyalısı kimi müxtəlif tədbirlərdə iştirakından və çıxışlarından xəbər tutardım. Azərbaycan televiziyasının müxtəlif kanallarında iştirakına, şeir və söhbətlərinə maraqla tamaşa edərdim. Bu illər ərzində onun şəxsiyyətinə və yaradıcılığına qarşı məndə xüsusi maraq oyanmışdı. Odur ki, onunla yaxından tanış olmaq istəyi ilə 2021-ci ilin Mart ayının – Bazar günlərindən birində “Xəzər ədəbi məclisi”nin keçirildiyi Buzovna qəsəbəsindəki mədəniyyət sarayına getdim. Saat 1300 radələri idi. Bu vaxt məclisin keçirildiyi otaqda hansı mövzu iləsə bağlı Arif müəllimdən müsahibə götürülürdü, çəkiliş gedirdi. Çəkiliş bitdikdən sonra Arif müəllimlə görüşüb tanış oldum və çapdan çıxmış ilk şeirlər kitabımın bir nüsxəsini ona təqdim etdim. O dövrdən başlayaraq “Xəzər ədəbi məclisinə” getməyə başladım və Arif müəllimin bir ziyalı, nurlu və cəmiyyət üçün necə xeyirli bir insan olduğunu öz gözərimlə gördüm, qəlbimlə hiss etdim. Noyabr 2022-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yuxarıda haqqında danışılan kitabın təqdimat tədbiri keçirildi. Tədbirdə iştirak edənlərə şairin 50 illik yubileyinə həsr olunmuş “Arif” adlı kitabı paylanıldı. Tədbiri giriş sözü ilə AYB-nin katibi yazıçı-dramaturq İlqar Fəhmi açıq elan edib şairin klassik ədəbiyyata olan sevgisindən və yaradıcılığından söhbət açdı. Tədbir bitənə kimi növbə ilə şairin dostlarına, elm-sənət adamlarına söz verdi. Onlar da öz növbələrində şairlə əlaqəli təəsuratlarını danışdılar və şairi 50 illik yubileyi münasibəti ilə təbrik edib, ona xoş arzularını bildirdilər. Sonda şairin özü də çıxış edib tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və yeni yazdığı 2 qəzəlini oxudu.Bu yazının əsas məğzindən uzaqlaşdım deyəsən. Yazının əvvəlinə qayıdaraq onu demək istəyirəm ki, 2022-ci ilin İyul ayında iştirakçısı olduğum məclisdən qayıtdıqdan sonra arzu etdim ki, Arif müəllim haqqında çap olunacaq kitabda mən də onu təbrik üçün bir şeirimlə çıxış edim. Bu fikirlə 5 bənddən ibarət, hər bəndi 5 misra olan bir şeir yazdım. Şeirin bəndlərindəki son iki misra hər bənddə təkrarlanırdı:“Yurdumuzun fəxri, həm mayağı Hacı Arif,Ədəbi irsimizin dayağı Hacı Arif”.Məclisə növbəti gedişimdə yazdığım şeirin çap şəklini adı çəkilən kitabın hazırlanması ilə məşğul olan gənclərdən birinə verdim. Sonrakı dövrdə məclisin keçirilməsinə tətil elan olunduğundan şeirin kirtaba düşüb-düşməyəcəyindən xəbərim olmadı. Bu yaxınlarda məclisə gedərkən öyrəndim ki, şeir zəif hesab edildiyindən kitaba düşməyib . Kitab isə hazırda çapdadır. Şeirin zəif qəbul edilməsi səbəbindən biri kimi mənə şairi məcazi mənada mayağa bənzətməyim ilə əlaqədar idi. Bu ifadəni isə mən şairin gənc yazarlara örnək olması, onlara yaracılıq yollarında yol göstərməsi ilə, kömək etməsi ilə əlaqədar yazmışdım. Çox təəssüfləndim. Nə isə. Mən şeirə yenidən “əl gəzdirdim”. Alınmış şeiri siz oxuculara təqdim edirəm. HACI ARİFŞeir, şair-qəzəlxan Hacı Arif Buzovnalıya ithaf edilmişdir.Sevimli insan kimi əzizsən elimizdə,Kitabların özünə yer tapıb əlimizdə.Layiqsən, şüar edək, ay Hacı dilimizdə,Yurdumun ziyalısı, qəzəlxan Hacı Arif,Ədəbi irsimizə şərəf, şan, Hacı Arif.Şeyriyyat aləmində öz xüsusi çəkin var,Qəzəllərin mükəmməl, yoxdur sənintək yazar.Sorağını eşidən hər kəs səni arzular,Bütün türk dünyasında tanınan, Hacı Arif,Ədəbi irsimizə şərəf, şan, Hacı Arif.Yazdığın qəzəlləri oxuyub doymaq olmur,Onlar elə güldür ki, heç vaxt saralıb solmur.Təkcə mənim gözlərim fərəh hissilə dolmur,Çoxdur pərəstişkarın hər zaman, Hacı Arif,Ədəbi irsimizə şərəf, şan, Hacı Arif.Çıxışların bəzəyir hər tədbiri, məclisi,Səni dinləmək üçün hər kəsin var həvəsi,Ünvanına deyirlər: «həmişə gəlsin səsi»,Sənə: «Xoş gəldin» deyir hər məkan, Hacı Arif,Ədəbi irsimizə şərəf, şan, Hacı Arif.Allah hər bir işində olsun, Hacı, sənə yar,Hələ çox şairlərin sənə ehtiyacı var.50 il nə yaşdır ki, 100 il yaşa bəxtiyar,Söylənən arzulara var imkan, Hacı Arif,Ədəbi irsimizə şərəf, şan, Hacı Arif.Şeiri şair dostlarımdan birinə oxudum və münasibət bildirməsini xahiş etdim. Dedi ki, yaxşıdır. Amma bir yerdə həddən artıq ifrata varmısan. Onu düzəltsən yaxşı olar. Hansı yerdə olduğunu soruşduqda mənə dedi ki, lap başlanğıcda Müqəddəs insan kimi əzizsən elimizdə, misrasında “müqəddəs” sözünü dəyişsən yaxşıdır. Onun fikrini qəbul edib “müqəddəs” sözünü “sevimli” sözü ilə əvəz etdim. Noyabrın 3-ündə AYB-də keçirilmiş “Arif” kitabının təqdimat tədbirində fəxarət hissi keçirərək çox duyğulandım və evə qayıtdıqdan sonra bu yazını hazırladım. Yazımı tamamlayaraq bir daha istedadlı qəzəlxan-şairimizi 50 yaşı tamam olması münasibəti ilə ürəkdən təbrik edir, ona həyatda ən gəzəl nemət olan cansağlığı, sonsuz yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, əsrlər keçməsinə baxmayaraq Məhəmməd Füzuli qəzəllərini bir xəzinə kimi qəbul etdiyimiz tək Hacı Arif Buzovnalının yazdığı qəzəllər də neçə 100 illər keçsə də öz təravətini itirməyəcək, əfsanəvi solmaz bir çiçək kimi seviləcək, ədəbiyyat sevənlər tərəfindən ədəbi xəzinə kimi qəbul olunacaqdır. Şair Əli Zirəli05.11.2022-ci il.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.