Məşhurların övladları: Eldar Mahmudovun yazar qızı Köşə yazılar 22 марта 2015 Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.Budəfəki təqdimatımız Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızı Xuraman Mahmudova barəsindədir.59 yaşlı Eldar Mahmudov 1978-ci ildə Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş E.Mahmudov 1980-2004-cü illərdə Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.1993-cü ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat - Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak edib.Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülüb.Ölkə prezidentinin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib.16 mart 2005-ci il tarixində nazir general-leytenant, 27 mart 2014-ci il tarixində isə general-polkovnik hərbi rütbəsinə layiq görülüb. Xuraman Mahmudova milli təhlükəsizlik nazirinin üç övladından biridir. Xuraman xanım 1988-ci ildə Bakı şəhərində doğulub. O, universitetdə təhsil almaq üçün İsveçrəyə gedib, orada maliyyə ixtisası üzrə bakalavr və magistr dərəcəsi alıb. Xuraman Mahmudova maliyyə mütəxəssisi kimi ilk addımlarını atmaqla yanaşı, bir məşğuliyyət kimi əsərlər yazmağa başlayaraq 2010-cu ildə “Sehrli Səyahət” adlı ilk yazdığı hekayəni tamamlayıb. Sonrakı beş il ərzində, o, uşaqlar üçün yaxın gələcəkdə nəşr edilməli olan bir çox digər hekayələr üzərində işləyib və onları nəşrə hazırlayıb.2015-ci il martın 13-də İçərişəhərdə yerləşən "Muğam-klub"da gənc yazar Xuraman Mahmudovanın "Sehrli Səyahət" kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə dövlət və ictimaiyyət xadimləri, diplomatik korpusun nümayəndələri, müəllifin ailə üzvləri, qohumları və dostları iştirak ediblər. Xuraman Mahmudovanın uşaq ədəbiyyatında yeni söz olan "Sehrli Səyahət" kitabı planlaşdırılan böyük layihənin bir hissəsidir. Müəllif deyir ki, bu kitab Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş uşaqların istifadəsinə veriləcək böyük kitabxananın yaranmasının başlanğıcıdır. Bu kitabxanada məşhur əsərlərlə yanaşı, müasir Azərbaycan uşaq ədəbiyyatının nümunələri də olacaq. "Sehrli Səyahət" İçərişəhəri uşaqlığa xas xəyallar dünyası ilə reallıq arasında körpü kimi təsvir edən nağıldır. Yay axşamı Bakının qədim məkanı olan İçəri Şəhərdə baş verən əhvalat Novruz bayramı ərəfəsinə təsadüf edir. Nağılda balacalara vətənpərvərlik ruhu, torpaqlarımızın düşmənlərdən qorunmasının vacibliyi aşılanır, qələbənin bizim olacağına əminlik ifadə olunur. A.Qorxmaz. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.