İSTEDADLI ŞAİR, FOLKLORŞÜNAS TƏDQİQATÇI - BƏHRAM MEHDİ

İSTEDADLI ŞAİR, FOLKLORŞÜNAS TƏDQİQATÇI - BƏHRAM MEHDİ
REDAKSİYAMIZIN ARXİVİNDƏN:

İSTEDADLI ŞAİR,
FOLKLORŞÜNAS TƏDQİQATÇI


Bəhram Mehdi 1943-cü il aprelin 12-də qədim Borçalı mahalının Bolus (indiki Gürcüstanın Bolnisi) rayonundakı
Həsənxocalı kəndində dünyaya göz açıb.

1964-cü ildə A.S.Puşkin adına (sonralar Sulxan Saba Orbeliani adına) Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib.

Uzun müddət orta məktəbdə müəllim işləyib və eyni zamanda «Gürcüstan» qəzetinin xüsusi bölgə muxbiri olub.

1961-ci ildən müntəzəm olaraq mətbuatda çıxış edən Bəhram Mehdinin yaradıcılığı həyatla sıx bağlıdır.
O, yalnız görüb duyduqlarını qələmə alır,
az sözlə daha çox fikir söyləməyə cəhd edir.

Şerləri «Çeşmə» (1980), «Dan ulduzu» (1987, 1989,1990), «Ağır elli Borçalı» (1990) və s. ədəbi məcmuələrdə işıq üzü görüb.
B.Mehdinin əsərləri arasında xalq yaradıcılığı ruhunda yazılmış şeirlər və nəğmələr xüsusi yer tutur.

Görkəmli ədəbiyyatşünas alim Əkrəm Cəfər yazır:
«B.Mehdinin «Qovrula-qovrula» başlıqlı şeiri şeir ilə nəğmə arasında sənətkaranə bir əsərdir. Oxucunun qəlbinə süzülür» («Sovet Gürcüstanı», 5 may, 1981):

Məhəbbətin yaxdı məni,
Yandım qovrula-qovrula.
İlk eşqim viran qaldı,
Andım qovrula-qovrula.

İlham susdu, göz qaraldı,
Qara saçım tez ağardı.
El dərdimi xəbər aldı,
Dandım, qovrula-qovrula.

Nələr etdin eşqinlə sən,
Gülüm qalıb məhəbbətdən.
Qartal idim göylərdə mən,
Endim, qovrula-qovrula.


Şair Bəhram Mehdininin bu səpkili şeirləri çoxdur. «Gülüm, sən gəlsən», «Bir gün səni görməyəndə», «Qəmlənmə, gülüm, qəmlənmə», «Yollar» və s. şeirləri oynaq və təsirli olduğundan nəğmələrə çevrilərək dillərdə gəzir.

Borçalım var, bəlliyəm mən,
Qoç Koroğlu əlliyəm mən.
Dədə, Ozan dilliyəm mən,
Kim deyir ki, yalanmışam.


Deyən şairin yaradıcılığında Ana Vətənimiz Azərbaycana, Müqəddəs Ata Yurdumuz qədim Borçalıya məhəbbət, doğma el-obaya bağlılıq güclüdür.
Bəhram Mehdi Borçalıya, müqəddəs torpağa və halal əməyə bağlı bir ziyalı olduğu üçün ömrünü bu torpaqdan kənarda hiss etmir.

Ay Zəlimxan, baharlanığ Borçalı,
Vələslidə yeni güllər açıb, gəl.
Yel dağına çıxıb Ayla şeirləş,
Əyriqarın süfrəsini açıb gəl.


Deyə Bakıda yaşayan eloğlularımıza müraciətən yazılmış «Gəl» şeiri, eləcə də həmçinin «Ürək», «Borçalıya», «Dağlar qızı» və s. şeirləri oxunaqlıdır, bu günümüzə səsləşir və oxucuda xoş duyğular oyadır.

Bəhram Mehdi həm də tədqiqatçı alimdir. O, bədii yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşğuldur. O, artıq «Borçalı el şairləri» mövzusunda apardığı elmi tədqiqat işini tamalayıb, həmçinin folklor inciləri toplanmış məcmuəni Bakıdakı «Yazıçı» nəşriyyatına təhvil vermişdir.
Bir sıra el şairlərinin üzərə çıxarılmasında Bəhram Mehdinin böyük əməyi olmuşdur.
Onu da qeyd edək ki, 1987-ci ildə Tbilisidə işıq üzü görmüş «Dan ulduzu» ədəbi məcmuəsində özünə yer tapmış, 32 el sənətkarlarını yaradıcılığından nümunələr toplanmış
«El boxçasından» bölməsinin materiallarını da B.Mehdi hazırlamışdır.

İSTEDADLI ŞAİR, FOLKLORŞÜNAS TƏDQİQATÇI - BƏHRAM MEHDİ Çağdaş Borçalı ədəbi məktəbinin ən istedadlı nümayəndəlirindən olan Bəhram Mehdiyə
bədii və elmi yaradıcılığında uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
1994.

(Bax: Müşfiq ÇOBANLI. Çağdaş Borçalı ədəbi məktəbi. Bakı, «Azərbaycan» nəşriyyatı, 1994,
səhifə 122-124.)



P.S.:

Çağdaş Borçalı ədəbi məktəbinin ən istedadlı nüma­yən­­­dəlirindən olan Bəhram Mehdinin "MƏNİM MƏHƏBBƏTİM" adlı şeirlər kitabını 2008-ci ildə anadan olmasının 65 illik yubileyi münasibətilə Bakıdakı "Borçalı" nəşriyyatında
hədiyyə olaraq çap edib oxucuların ixtiyarına verdik.
(Naşiri: MÜŞFİQ BORÇALI, Redaktoru: Əli ABBAS)

Bu gün isə Bəhram müəllimin 68 yaşı/color] tamam olur.
Onu da qeyd edək ki, BƏHRAM MEHDİ hazırda "Yeni Azərbaycan""Şərqin səsi" qəzetlərinin
Gürcüstan üzrə xüsusu bölgə müxbiridir.

Bəhram müəllimi doğum günü münasibətilə bir daha ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində,
eləcə də bədii və elmi yara­dı­cı­lığında yeni-yeni uğurlar arzulayırıq!


Aşağıda isə Bəhram Mehdinin "MƏNİM MƏHƏBBƏTİM" adlı şeirlər kitabında dərc olunmuş
bir neçə şeirini oxucularımızın nəzərinə çatdırırıq!..

Müşfiq BORŞALI,
"ŞƏRQİN SƏSİ" qəzeti,
Mart, 2021.


BORÇALIYA

Saz yurdunun sazı susub,
Dönüş yenə Borçalıya.
Dədə Əmrah sorağıyla,
Ölüm yenə Borçalıya.

Dil-dodağım paralanıb,
Qəm dağ olub sıralanıb.
Dəli könlüm havalanıb,
Enim yenə Borçalıya.

Saraclıya verin xəbər,
«Koroğlu»suz ömrüm bitər.
Dərd anlayan hoya yetər,
Sinim yenə Borçalıya.

Xan Kamandar tez ol hoydu,
Çoxu məni nakam qoydu.
Telli sazlı elim toydu,
Gəlim yenə Borçalıya.

Bəhram qəmə bata bilməz,
Telli sazsız yata bilməz.
Aman Allah, çata bilməz,
Əlim yenə Borçalıya.

İyun, 1987


BORÇALININ BALASIYAM

Yad ellərdə gözüm yoxdur,
Yad torpaqdan istəyim.
Azadlığın keşiyində,
Dayanmaqdır diləyim.
Vərəqliyin tarixləri ,
Nələr edib köməyim.
Bu eldə də yağılardan,
Qisasımı alasıyam.
Azad elin əsgəriyəm,
Borçalının balasıyam.

Qan tökməyə gəlməmişəm,
Bu torpaqda açsın güllər.
Nə edim ki, xain əllə,
Dinmək istər hey güllələr.
Şahid olsun qoy bu torpaq,
Şahid olsun bütün bəşər.
Bu andımdır: Azadlıq üçün
Mayaq kimi yanasıyam
Azad elin əsgəriyəm,
Borçalının balasıyam.

Əfqan qızı göz eyləmə,
ceyran kimi gözəlim var.
Etibarlı, sədaqətli,
Vəfalıdır Borçalılar.
Xram mənə nəğmə qoşub,
Tez gəl deyir o Əyriqar.
Bu dostluğu ömrüm boyu,
Hey yadıma salasıyam.
Azad elin əsgəriyəm,
Borçalının balasıyam.

Gözlərimdən çəkilməyir,
Nə Babakər, nə Yağlıca.
Qoca Şindi, Sənəkuçan,
Bu dağlardan çox - çox uca.
Qarayazı, Başkeçidə,
Tərlan könlüm istər uça.
Darıxmayın anam, bacım,
Tezliklə gələsiyəm.
Azad elin əsgəriyəm,
Borçalının balasıyam.

Avqust, 1986


BORÇALI TALEYİ ÖMRÜMƏ YANĞI

Borçalı taleyi ömrümə yanğı,
Ocağa həsrətdir, külü istəyir.
Qanımla gül açan daşı, torpağı,
Ənəlhaq deyimli dili istəyir.

Babəkli qılıncım yurduma bayraq,
Koroğlu nərəli Ozanım hanı.
Kərəmli dağlarım düşübdür oyaq,
Yazılar qənimi Qazanım hanı.

Qərib inildəməz vüsal çağında,
Bir ovuc torpaq da bəsimdir, qardaş.
Alovla sulandım od yatağında,
Əmrahlı dünyamız səsimdir qardaş.

«cəngi»li, «Kərəm»li harayım mənim,
Torpağım kəfəndir, gorum çartlayar.
Təbrizli, Aranlı hər ayım mənim,
Gülşənim qarsıyıb, gorum çatlayır.

Yanıram bəxtimə sazda tel kimi,
Tellər od qoparır, dərd düyünlənir.
Arazlı dünyamız bəsim deyilmi,
Vüsalsız həsrət də şeh tək ələnir.

Sentyabr, 1985


BAŞKEÇİD HƏSRƏTİ

Gedim Başkeçidə kövrəlim bir az,
Dumanlı dağların qərib çağında.
Deyirsən qar basıb bulaq tapılmaz,
Gözündə yaş donub Daş bulağın da.

Hanı Sona bulaq, hanı Qırx gözüm,
O toylu-büsatlı binələr hanı.
Bu qara od salar bir çimdik gözüm,
Başlayar dağların dəli leysanı.

Şor-şor şoruldamır, gavlar sürüsü,
Şindi ağ çalmalı qocaya dönüb.
Əyriqar üstünə qoy tapım bir iz,
Deməsin Bəhramın ağaya dönüb.

Sarf dərə, Koroğlu qayası hanı,
Yoxsa Çənlibelə daşmı lazımdı.
Qoruqçu Mahmudun dəyəsi hanı,
Binə düşürməyə döşmü lazımdı.

Niyə gileylənir, gileyli dağlar,
Elin həsrətimi əyib belini.
Məcnunu gözləyən bu Leyli dağlar,
Bir köç nəğməsinə açsın əlini.

Fevral, 1987

DƏRYALIN

Zirvələr qatar-qatar,
Göydə durna cərgəsi.
coşan, çağlayan Terik,
Dağ eşqli nəğməsi-Dəryalın.

Buludlar həsrət-həsrət,
Onu ziyarət edir.
Küləyi də hayqırıb ,
Qarlamı söhbət edir, Dəryalın?!

Şimşəyi buludların,
Ahımı, naləsimi.
Dərələrə enən çən,
Yoxsa şəlaləsimi, Dəryalın.

Qövsi-qüzeh bu yerdə,
Zirvələrə taz olur.
Dildə gəzən gözəli,
Sanki burda doğulur, Dəryalın.

Bulud, göylər xalçası,
İlk sirdaşın deyilmi.
Üstümüzə çilənən,
Vüsal yaşı deyilmi, Dəryalın?!

Fevral, 1968


İSTEDADLI ŞAİR, FOLKLORŞÜNAS TƏDQİQATÇI - BƏHRAM MEHDİ SARAÇLI MEŞƏSİNDƏ

Qatar dağlar, dərin dərə,
Mehli hava, xoş mənzərə.
Göy bitişib yoxsa yerə,
Saraclı meşəsində.

Hər qalada dinir arzu,
Mahnı deyir dərədə su.
Duydum cənnət olduğunu,
Saraclı meşəsində.

Zildə gedir «Dəşti» oğlan,
Xorla dinir dağlar bu an.
Səs asılır hər budaqdan ,
Saraclı meşəsində.

Quzu əti, soyuq bulaq,
Olarmı de, bundan doymaq.
Yolçu qardaş, gəl ol qonaq,
Saraclı meşəsində.

Aprel, 1968.


VƏTƏN QARŞISINDA AND

Qarşısında diz çöküb and içmədim,
Andlamı bağlıdır oğul anaya, Vətənim mənim.
Hazır dayanmışam əmr et gedim,
Bircə işarənlə, söylə haraya, Vətənim mənim.

Noyabr, 1970.


BAHAR ELÇİSİ

Gəldinmi, qaranquş,
İlin mübarək.
Bülbüldən xəbər,
Söylə, bir görək.

Yeni nəğməsi,
Yenə güləmi?
Bu uzun qışdan,
Küsüb, eləmi?

Bahar elçisi,
Deyirlər sənə.
Bizdən bülbülə,
Elçi getsənə.

De ki tez gəlsin,
Gözləyir ellər.
Birdən gecikər,
İnciyər güllər!

Aprel, 1976.

ƏYRİQARDI

Dağdan yazan çox öyünmə,
Dağlar gözü Əyriqardı.
Kəklikləri daşa həmdəm,
Şeirin özü Əyriqardı.

Qırx gözü, Kür bulağı,
Ləngidibdir çox qonağı.
Toy evidir axşamçağı,
Dərdin azı Əyriqardı.

Əfəndinin bulağı gur,
Sona bulaq axır gur - gur.
Sarf dərədən qartal uçur,
Şair sözü Əyriqardı.

Şor - şor bulaq şor - şor axır,
Biçənəkdən maral baxır.
Gavı dolu sürü, naxır,
Ömrün sazı Əyriqardı.

Binələri tala-tala,
Qışın qarı qışa qala.
Heyrət etmə bu suala,
Ömrün yazı Əyriqardı.

İyun, 1978, Əyriqar yaylağı.


GƏL

Ay Zəlimxan, baharlaşıb Borçalı,
Vələslidə yeni güllər açıb, gəl.
Yel dağına çıxıb boylan dağlara,
Əyriqarda süfrəsini açıb gəl.
Teymura de o vəfasız gözəli,
Şindidən də gor harasa qaçıb gəl.

Qoca səngər Elxan deyə haraylar,
Qoşa bulaq Tənəkliyə baharlar.
Saraçlıda sayrışanda saraylar,
Elə bil ki, ulduzlardı saçıb gəl.
Əflatunsuz şad günləri sevinməz,
Çox pöhrələr o ümmandan içib, gəl.

Sorağına nəğmə qoşur gur Xram,
Bu torpaqda becərilir ehtiram.
Eyvaz gəlsə Əmrah ilə mən varam,
Aşıqlarla söhbətimiz bişib gəl.
Hüseyinlə Kamandarın davası
El yanında, saz üstündə düşüb gəl.

Arifə de xəbər versin Abbasa,
O gəlməsə ellər batar bil yasa.
Köhlən üstə göy dağlarda çapmasa,
Başkeçiddə dillənərmi bayatı.
Kim səsləyər gələcəyə elatı.

Gör nə yazır şairlərin İsası,
Boçalının ilk laureat balası.
Aya, günə ucalsada sədası,
Kur üstündə məşəl olub bir ocaq.
O duymasa onu kimlər yazacaq,

Dağıstandan qayıtdımı Vilayət,
Gül açırmı Rəsul ruhlu bir sənət.
De baş çəksin Muğanlıya, nəhayət,
Qoca çinar durub yola boylanır.
Kölgəsində neçə qoca yaylanır.

Aprel, 1984.


AY HARAY

(ZƏMANƏMİZİN QÜDRƏTLİ SAZ USTADI
DƏDƏ ƏMRAHA)


Dədə Əmrah, insaf eylə ömrümə,
Kərəmin oduna yandım, ay haray.
Dilqəmi qərq etdin yenə dəryada,
Özümü yanınıda sandım, ay haray.

Əmrah «Sarı teli» Məkkəm, Mədinəm,
Qaldım məzhəbimi görən nə dinəm.
Belə «Qaraçıya» durub, nə dinəm,
Köhnə «Yurd yerini» andım, ay haray.

Çalsana nazlana o, «Göyçə gülü»
Qərib dilə tuta ötən bülbülü.
Əmrah-Qoç Koroğlu, saz-Çənlibeli,
Niyə dəmləri dandım, ay haray.

Bir də «Mansır»ını gəl çəkmə zilə,
Bülbül fəğan eylər, qan düşər gülə.
«Qaytarma» «Bəhməni» dinməyib hələ,
«Dübeyti», «Müxəmməs» qandım, ay haray.

Bəhramın ömrünü gəl şam eyləmə,
«cəngi»ı nin üstündə qovma, teyləmə.
Sənə bir sirr açım, yada söyləmə,
Yanan Kərəm deyil, məndim, ay haray.

Yanvar, 198

İSTEDADLI ŞAİR, FOLKLORŞÜNAS TƏDQİQATÇI - BƏHRAM MEHDİ SƏNSİZ SAZIM ZİNƏTLƏNMİR

(BÖYÜK HÖRMƏT VƏ EHTİRAMLA
USTAD AŞIQ HÜSEYN SARAÇLININ
ƏZİZ XATİRƏSİNƏ)


Ustad, sənsiz məclislərdə,
Qoç Koroğlu şöhrətlənmir.
Ərzuruma getmir Kərəm,
Məhəbbəti qüdrətlənmir.

Qərib qalıb yad şəhərdə,
Şahsənəmi qəm - qəhərdə.
Unudulub şah Qəmər də,
Ərəbzəngi qeyrətlənmir.

Viran olub sanki Dərbənd,
Kürdoğlunda yoxdur qeyrət.
Dəmirçioğlu, Bəlli Əhməd,
Ona baxıb heyrətlənmir.

Nə «Bəhməni» nə «Dilqəmi»
Unutdurmur bizə qəmi.
Şəyirdlərin sənsiz məni,
Yada salıb ibrətlənmir.

Bəhramın yüksələr ahı,
Çənə düşüb saz sabahı.
Ay sazın - sözün Allahı,
Sənsiz sazım zinətlənmir.

15 aprel 1989, Saraclı kəndi.


QOVRULA - QOVRULA

Məhəbbətin yaxdı məni,
Yandım, qovrula - qovrula.
İlk eşqim viran oldu,
Andım, qovrula - qovrula.

İlham susdu, göz qaraldı,
Qara saçım tez ağardı.
El dərdimi xəbər aldı,
Dandım, qovrula - qovrula.

Nələr etdin Bəhrama sən,
Külüm qalıb məhəbbətdən.
Qartal idim göylərdə mən,
Endim qovrula - qovrula.

Yanvar, 1975.


BİR DÜNYA GÜLÜŞ

Qızım Sevincə


Körpəm gülümsəyir günəş gözündən,
Qəlbimə, ruhuma sevinc süzülür.
Körpəm gülümsəyir işə bax ki, sən,
Anından günümə illər düzülür.

Bir körpə gülüşü - bir dünya sevinc,
Bir körpə gülüşü - bir dünya çiçək.
Deyirəm, ay ellər əl - ələ verib,
Bir dünya yaşadaq bir dünya gülək.

Mart, 1972, Lelinqrad.


MƏNİM MƏHƏBBƏTİM

Mənim məhəbbətim - kövrək bir quzu,
Üzünə baxmasan mələyər, durar.
Mənim məhəbbətim - yanar bir şimşək,
Göyləri yerlərə ələyər durar.

Mənim məhəbbətim- axan şəlalə,
İllərlə nəğməsi tükənməz, çağlar,
Mənim məhəbbətim - od rəngli lalə,
Bağrı qara xallı min dərdlə ağlar.

Mənim məhəbbətim - nəğməli dünyam,
İstəyi mavi rəng aydın bir səma.
Mənim məhəbbətim - Jaləli qönçə.
Sevinclə güləcək bütün cahana.

Avqust, 1979


XƏYAL TƏRLAN KİMİ
SÜZÜR ÇATMAYIR


Xəyal tərlan kimi süzür çatmayır,
Əl çatmaz-ün yetmez asimanımsan.
Könül usanmayıb öz cəfasından,
Sənsə etdiyinə peşimanmısan?

Bir ürək tovlayıb könül yandırdın,
Bir eşqi doyurdun, lap usandırdın.
Sirr sözü əğyara niyə qandırdın,
Nakam eşqinə də düşmanmısan .

İndi xatirələr aşiqiyəm mən,
Ötən bir sevdanın aşiqiyəm mən.
Ölən məhəbbətin işığıyam mən,
Yeni eşqinəsə de qurbanımsan.
Oktyabr, 2006

NƏĞMƏSİZ QALAN QIZIM

Qızım Jaləyə


Pəncərədən boylanır,
Bağçalara, çəmənə.
Kəpənəyə quş deyir,
Babasız qalan nəvə.
Baban vardi, ay qızım,
Babasızlar babası.
Bayatıydı, nağıldı,
Sözlərinin yarısı.
Bir bayatı oxu, gəl,
Gözlərimdə ay qızım.

Baba istəyin yanır,
Göz yerimdə ay qızım.
Əzizinəm, o tamı,
O ləzzəti, o tamı
Xəstə şəfa arzular,
Mən yazıqsa, atamı.
Belədir atan qızım,
Hara gəldi, kimsəsiz,
Uzanıb yatan qızım.

Nənə deyə gülürsən,
Hər ağbirçək qarıya.
Nələr keçir qəlbimdən,
Dözürəm bu ağrıya.
Anan işə gedəndə,
Üzündə yaş damlası.
Qaynanasız gəlinin,
Ay tək qalan balası.
Pəncərə arxasında,
Kövrəlib dolan, qızım.

Bir acı da qəlbimdə,
Susa - susa kövrəlir.
Onu kimə söyləyim,
Düzü, dilim gəlməyir.
Əzizinəm, anasız,
Düşünəsiz anasız.
Anam anasına getdi,
Məni qoydu anasız.
Səni qoydu nənəsiz,
Nənəsiz qalan qızım.
Nəğməsiz qalan, qızım.

Aprel, 1978


KƏRƏM EYLƏ

Qeyrətli balam Nərgizə


Dərd dil açıb, qəm mələyir,
Gözlərimə qor ələyir.
Yaralarım nə diləyir
Sorma, qardaş Kərəm eylə.

Od oğluyam odlanıram,
Yadlarımdan od alıram.
Bildin niyə qocalıram
Yorma, qardaş, Kərəm eylə.

Qala idim sökülmüşəm
Oymaq-oymaq tökülmüşəm.
Əyilməzdim, bükülmüşəm,
Qırma qardaş, Kərəm eylə.

Sar alıbdır oylağımı,
Zəncirləyib ayağımı.
Yad əlinə bayrağımı
Vermə qardaş, Kərəm eylə.

Gor nə deyir səsim, ünüm,
Qəm qaynadır qara günüm.
Qerətini topla görüm,
Durma qardaş, Kərəm eylə.


KÜSMƏ MƏNDƏN

İş çoxalıb, baş qaralıb,
Küsmə gülüm, küsmə məndən.
Quru yanıb, yaş alışıb,
Küsmə gülüm, küsmə məndən.

Ala gözlər, gözə həsrət.
Bir mehriban üzə həsrət.
Ürəyimdə sözə həsrət,
Küsmə məndən, küsmə gülüm.

Bülbül qonar, gül sevinər,
Aşıq gələr, el sevinər.
Gün xoş gələr, il sevinər,
Küsmə gülüm, küsmə məndən.

Sənsiz günüm, ilim xəstə,
Məlhəmin qoy yaram üstə.
Xoş günümü məndən istə,
Küsmə gülüm, küsmə məndən.

Noyabr, 1979.


BİR GÜN SƏNİ GÖRMƏYƏNDƏ

Günəş göydən od ələyər,
Göy alçalar yerə dəyər.
Xan çinarda boynun əyər,
Bir gün səni görməyəndə.

Baharım sərt qışa dönər,
Ömrüm köysüz quşa dönər.
Arzum donub, daşa dönər,
Bir gün səni görməyəndə.

Dağlar çayı göl - göl olar,
Qəlbim içi min yol olar.
Gözüm yaşı gur sel olar,
Bir gün səni görməyəndə.
Oktyabr, 2002.


GÜLÜM, SƏN GƏLSƏN

Göydən ulduzları yerə ələrəm,
Gülüm, sən gəlsən.
Gəldiyin yolları gülə bələrəm,
Gülüm, sən gəlsən.

Nəğməmi Günəşdə, Ayda çalaram,
Dünyada ilkin qayda çalaram.
Sənə layiq olan toyda çalaram,
Gülüm sən gəlsən.

Buludu əlimdə yaylıq bilərəm,
Ömrümdə ürəkdən dinib gülərəm.
Dünyanın qışını bahar elərəm,
Gülüm sən gəlsən.

Aprel, 1979.


SƏNİ GÖZLƏYİR

Çəmənlər çiçəkdən döşəyib xalı,
Yarpızlı bulaqlar səni gözləyir.
Hər məclis üstündə bir ömür kamı,
Gileyli qonaqlar səni gözləyir.

Nə olsun çəmənə ələnir jalə,
Saqilər əlində dönür piyalə.
Yetmək çətin olar belə vüsalə,
Hicranlı oylaqlar səni gözləyir.

Şindinin zirvəsi duman, çən, boran,
Əyriqir olarmı dərdimə dərman.
Gur bulaq, Qırx göz, Şorşordur yalan,
Qaysıyan dodaqlar səni gözləyir.

Qızlar bulaq üstə hay - həşir salır,
Çiyələk utanır, rəngi allanır.
Gözəllər içində yarış başlanır,
O gülən yanaqlar səni gözləyir.

Avqust, 1979, Əyriqar yaylağı.



Öldü Dədə Əmrah

Öldü Dədə Əmrah, susdu saz səsim,
«Sarı tel» saralıb solacaq indi.
Bir də gülməyəcək o «Göyçə gülü»
«Sultanı» «Qatardan» qalacaq indi.

Gözün aydın olsun ay Qara kişi,
Kərəmin vay günü başlayır daha.
Xotkara, paşaya xəbər çatdır ki,
«Koroğlu» cəngisi qaldı Allaha.

Xınalı gəlinim, gözün dolmasın,
Dağıtma qəlbimdə olub qalanı.
Mən Dədə Qorğuda nə cavab verim
Deyəjək dünyamın Əmrahı hanı.

Bülbül qanlı yaşlı, göy üzü leysan,
Deyən açılmazdı bu ilki yazım.
Qorqudun yurdunda başlayıb xəzan,
Əmrahsız Borçalım nəyimə lazım.



Sonra get

A məndən inciyib küsən gedənim,
Söylə günahımı, bilim, sonra get.
Taleyi çığnanmış zəlil bəxtimə
Ağlaya-ağlaya gülüm, sonra get.

Layiq olmasa da saf məhəbbətim,
Ömrünü bəzədə sözüm-söhbətim.
Gözümdə qalmasın bu ziyarətim
Kəbə səcdəsinə gəlim, sonra get.

Güldürmə dünyanı, güldürmə mənə,
Gədalar güləcək Bəhram sevginə.
O ki, istəyirsən sən ayrıl yenə
Viranə eşqimlə ölüm, sonra get.


P.S.: P.S:
Hörmətli qələm dostumuz Mirzə Məmmədoğlu vaxtilə Gürcüstan Radiosunda işləyərkən
Borçalıda yaşayıb-yaradan şairlərin öz ifasında şeirlərini bir qayda olaraq lentə almağı
özünə borc bilirdi. O, 1999-cu ildə Bəhram Mehdinin də öz ifasında bir neçə şeirini lentə almışdı.
Həmin şeirlər “Poeziya dəqiqələri” silsiləsindən dəfələrlə efirdə səslənib.
Poeziya həvəskarlarının marağını nəzərə alaraq Mirzə müəllimin şəxsi arxivində qoruyub saxladığı
həmin lent yazısını ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.


Müşfiq BORÇALI,
ZiM.Az






.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: