Filologiya elmləri namizədi Akif Nuriyev (1937-2001) TDPİ-nin Azərbaycan bölməsi, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!.... 19 марта 2020 ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!..Filologiya elmləri namizədi Akif Nuriyev (1937) Gənc yaşlarından dilçilik sahəsində elmi axtarışlar apararaq, filologiya elmlər namizədi adına layiq görülən dəyərli müəllimimiz mərhum Akif Nuriyevin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edirik. Akif Gülməmməd oğlu Nuriyev - 1937-ci il aprel ayının 10-da Tbilisinin qədim məhəllələrindən biri olan Meydanda ziyalı ailəsində anadan olmuşdur. Atasını erkən yaşlarında itirən və əslən qədim Qarayazının Soğanlıq kəndindən olan balaca Akif, Başkeçiddə bibisinin ailəsində böyüyərək, elə orada da orta məktəbə getmişdir. Akif Nuriyev orta məktəb illərindən Azərbaycan dili və ədəbiyyatı fənninə olduqca böyük maraq göstərmişdir. Orta təhsilini başa vuran Akif, gələcək kariyerasını qurmaq məqsədilə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnsitutunun filologiya fakultəsinə qəbul olur. 1961-ci ildə ali təhsil ocağını müvəffəqiyyətlə başa vuran Akif Nuriyev dədə-baba yurdu qədim Soğanlıq (indiki Qardabani rayonunun Ponicala) kəndindəki orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi ilk əmək fəaliyyətinə başlayır. Akif müəllim yüksək peşəkarlıqla şagirdlərin təlim-tərbiyəsilə məşğul olsa da, Azərbaycan dilinin zənginliyinin və rəngarəngliyinin sirləri ona rahatlıq vermir. Beləliklə də Akif müəllim bu istiqamətdə axtarış və tədqiqat işləri aparmağa başlayır və bunun da müsbət nəticələrini əldə edir. 10 illik pedaqoji fəaliyyətindən sonra, 1971-ci ildə Akif Nuriyev məzunu olduğu ali məktəbə işə dəvət olunur. O, eyni zamanda, Gürcüstan Müəllimlərin Təkmilləşdirmə İnstitutu ilə də əməkdaşlıq edir. Belə ki, Akif müəllim bölgədə fəaliyyət göstərərək, Azərbaycan dili və Ədəbiyyatı fənlərini tədris edən müəllimlərlə bir başa təmasda olur, Azərbaycan dili fənni üzrə ixtisasartırma kurslarına rəhbərlik edir, mühazirələr oxuyur və həm də Azərbaycan dilinin tədrisi metodikası üzrə müəllimlərə yaxından köməklik edir. Əziz oxucular! Onu da bildirim ki, vaxtı ilə mənə də Akif Nuriyevlə birlikdə işləmək nəsib olmuşdur. Onun tədris etdiyi fənnə necə məsuliyyətlə yanaşmasını qeyd etməyim yerinə düşərdi. Belə ki, Akif müəllim Azərbaycan dili haqqında söhbət edən zaman, biz həmkarları özümüzü sanki yeni bir dünyada hiss edirdik. Akif Nuriyev dilçilik sahəsində elmi axtarışları, yeni bir elmi istiqamətin ana xəttini “Türk və Qafqaz- İber dili” arasında qarşılıqlı leksik əlaqələr mövzusunu təşkil etmişdir. Onun dilçilik sahəsində əldə etdiyi bu yenilik Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan əməkdar elm xadimi Afat Qurbanov və Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmlər doktoru, professor Zərifə Budaqova bu mövzuda ona elmi oponent olmaları haqda razılıq verdilər. Eyni zamanda, həmin vaxt Akif Nuriyevin işlədiyi bu mövzu gürcü filoloqların da marağını cəlb etmişdir. Gürcüstanın məşhur dilçi alimi, filologiya elmlər doktoru, professor Zurab Çumburidze də bu mövzuda oponentliyə öz razılığını bildirir. İllər boyu aparılan tədqiqat, yuxusuz gecələr, 1983-cü ildə Akif Nuriyevin “Azərbaycan və Gürcü dillərinin qarşılıqlı leksik əlaqələri” disertasiya mövzusu ilə nəticələnir. Beləliklə də, bunun nəticəsi olaraq, bu elmi iş müdafiə olunaraq Ümumittifaq Ali Attestassiya Komissiyasına təqdim olunmuş və yekdilliklə bəyənilərək, Akif Gülməmməd oğluna filologiya elmlər namizədi adı verilmişdir. Akif müəllim bu nailiyyətləri ilə kifayətlənməyərək, Azərbaycan diliçiliyi sahəsində yenə də öz axtarışlarını davam etdirir. O, bir müddət Poniçala orta məktəbində tədris işləri üzrə direktor müavini, sonralar isə Azərbaycanda H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji institunun Qazax filialında Azərbaycan dili və onun tədrisi kafedrasının dosenti vəzifəsində çalışmışdır. Akif Nuriyev həm də gözəl ailə başçısı olmuşdur. O, həyat yoldaşı Ramilə xanımla birlikdə 4 övlad böyüdərək, hamısına ali təhsil verməyə də müvəffəq olmuşdur. Qızları Vəzifə və Mivarid filoloqdur, oğulları Nəsimi riyaziyyat, Rasim isə xarici dil müəllimidir. Akif Gülməmməd oğlu Nuriyev 2001-ci ilin iyul ayının 27-də, ömrünün 64-cü yaşında vəfat etmişdir. Allah rəhmət etsin!Qəhrəman Musayev73 saylı Tbilisi şəhər ictimai məktəbinin müəllimi "Müəllim" qəzeti, N:02 (28), Tbilisi, 28.02.2020-ci il. Biz də Gürcüstanda yaşayan soydaşlarımız arasında böyük hörmət və nüfuz sahibi olmuş unudulmaz müəllimimiz, mərhum dəyərli ziyalımız, tanınmış dilçi-alım, filologiya elmləri namizədi Akif Nuriyevə allahdan rəhmət diləyirik.Allah rəhmət eləsin. Ruhu şad olsun.Müşfiq BORÇALI, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.