DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 3 июня 2023 2047 0 1 2 3 4 5 Sosial şəbəkədə Azərbaycan ictimaiyyətinə və elminə ağır it-kinin üz verməsi xəbərini oxudum. Professor Mədəd Çobanov bu gün (03.06.2023) 86 yaşında vəfat etmişdir. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Mədəd Namaz oğlu Çobanov görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas, toponomist alim və Borçalı elinin ağsaqqalı idi. Mədəd Çobanov 1937-ci ildə Borçalı mahalında – Gürcüstanın Bolnisi rayonunun Darvaz kəndində anadan olmuşdur. 1960-cı ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin Azərbaycan şöbəsini, 1971-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AMEA) dissertanturasını bitirib. 1994-cü ilədək Tbilisi Dövlət Pedaqoji İnstitutunda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik (fəlsəfə doktoru), 1992-ci ildə doktorluq (elmlər doktoru) dissertasiyalarını müdafiə edib. 1976-cı ildə dosent, 1992-ci ildə professor elmi adlarını almışdır. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində "Dillər" kafedrasının müdiri, Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin Baş direktoru vəzifələrində çalışıb. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Texniki Universitetində mühazirələr oxuyub. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmlər üzrə Ekspert Şurasının, Azərbaycan Alimlər İttifaqının, "Azərbaycan onomologiyası" Mərkəzinin İdarə Heyətinin və Türkiyə Dil Qurumunun üzvü olmuşdur.80-ə yaxın kitab, 30-a yaxın tədris proqramlarının, 600-ə yaxın elmi məqalələrin müəllifidir.Professor Mədəd Çobanovu ilk dəfə qiyabi olaraq 1990-cı illərdə - tələbəlik illərimdə oğlu Müşfiq Borçalı vasitəsilə tanımışam. Həmin vaxt mən ADPU-nun tarix, Müşfiq müəllim isə filologiya fakültəsində oxuyurduq. Müşfiq müəllim həm də universitetimizin "Gənc müəllim" qəzetinin əməkdaşı idi və "Müşfiq Mədədoğlu", "Müşfiq Çobanlı" imzaları ilə tanınırdı. Sonralar "Kredo" qəzeti vasitəsilə Mədəd müəllimlə şəxsi tanışlığımızın əsası qoyuldu. Belə ki, 2012-ci ildə "Kredo" qəzeti səhifələrində Mədəd Çobanov və Müşfiq Borçalının həmmüəllifliyi ilə "Borçalı toponimləri" başlıqlı silsilə yazılar dərc olunurdu. Yaşadığım bölgənin tədqiqi ilə məşğul olduğumdan və xüsusilə toponimika sahəsinə daha çox maraq göstərdiyimdən müəlliflərlə əlaqə saxlayıb, "Borçalı toponimləri"nin kitab halında çap olunub-olunmamasını, əgər çap olunubsa, həmin kitabdan birinin mənə göndərilməsi fikri beynimdə dolaşırdı. Həmmüəllif Müşfiq Borçalının tələbə yoldaşım Müşfiq Mədədoğlu (Müşfiq Çobanlı) yox, başqası olduğunu düşünürdüm."Təhsil Problemləri" qəzetində Müşfiq Borçalının Azərbaycan Texniki Universitetinin Mətbuat Şöbəsinin müdiri olduğunu oxuduqdan sonra Müşfiq Borçalıya məktubla müraciət etdim. İki gündən sonra Müşfiq Borçalı zəng edərək məktubumu aldığını, bir neçə günə kitabın yenidən nəşrə gedəcəyini və ondan bir nüsxəsini böyük məmnuniyyətlə mənə göndərəcəyini bildirdi. Danışıq əsnasında həm də bəlli oldu ki, Müşfiq Borçalı elə Müşfiq Mədədoğlu imiş.Çox keçməmiş Müşfiq müəllim əlavələr olunmuş və yenidən işlənmiş "Borçalı toponimləri" kitabının IV nəşrini (B., 2012) mənə göndərdi. Müşfiq müəllimə yazdığım məktubun kitaba daxil edilməsi (səh. 326) sevincimə sevinc qatmış oldu.Məktubum "Borçalı toponimləri"ni "Kredo" qəzetindən oxuyuuq" başlığı altında professor Mədəd Çobanov tərəfindən özünün "Həyatnamə" kitabına (B., 2012, səh. 154) da daxil edilmişdir.Mədəd Çobanovun 2017-ci il iyulun 12-də Bakıda, Atatürk Mərkəzində keçirilən 80 illik yubileyində də iştirak etmiş, professor "Azərbaycan antroponimiyasının əsasları" (B., 2017) kitabını da mənə hədiyyə etdi. Həmin kitabı oxuyubb, haqqında yazdığım resenziya - "Yubilyardan hədiyyə" sərlövhəsi ilə "Şərqin səsi" qəzetinin 31 iyul 2017-ci il tarixli sayında dərc edilmişdir.Professor Mədəd Çobanovun "Borçalı toponimləri", "Həyat-namə", "Azərbaycan antroponimiyasının əsasları" kitabları şəxsi kitabxanamın "qızıl fond"una daxildir. Toponimlərlə bağlı nəsə yazarkən ədəbiyyat kimi "Borçalı toponimləri" və "Azərbaycan antroponimiyasının əsasları" kitablarından da istifadə edirəm.Professor Mədəd Çobanovun vəfatı Azərbaycan elm ictimaiyyəti üçün ağır itkidir. Allah Mədəd müəllimə qəni-qəni rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!Mədəd müəllimin vəfatı münasibətilə əziz qardaşım, dostum Müşfiq Borçalıya və yaxınlarına dərin hüznlə başsağlığı verir, başınız sağ olsun deyirəm!İldırım ŞÜKÜRZADƏ,Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi, Bələdiyyə və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatıZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.