Arıxlı Alı Ağa Borçalı, Bolus, Tarix 30 марта 2019 XIX yüzildə Borçalı mahalında və onun hüdudlarından kənarlarda öz igidliyi və cəsarəti ilə ad-san qazanmış qarapapaq ağalarından biri mahalın Arıxlı kəndinin sakini Alı ağa Eyyub ağa oğlu olmuşdur. Ömrünün erkən gənclik illərində məşhur qaçaq olmuş Alı ağa Gürcüstanda mülki işlər üzrə idarəçi, Əlahiddə Qafqaz Korpusunun komandanı general A.P.Yermolov tərəfindən əfv olunduqdan sonra hökumətin xidmətinə keçmiş, 1826-28-ci illər Rus-Qacar və 1828-29-cu illər Rusiya-Osmanlı savaşlarında çar ordusu sıralarında döyüşmüşdür. 1843-cü ilin kameral siyahısından praporşik Alı ağanın Eyyub ağa (1815-ci il təvəllüdlü), Mustafa ağa (1819-cu təv.), Məmməd ağa (1821 təv.), Emin ağa (1825 təv.), Abdulla ağa (1828-ci təv.), Məmmədalı ağa (1833-cü təv.) və Süleyman ağa (1838-ci təv.) adlı 7 oğlu olduğu məlum olur. Onlardan Emin ağa praporşik, Mustafa ağa isə ştabs-kapitan rütbəsiylə 1873-cü ildə Lori pristavlığında dövlət qulluğunda olmuşlar. Mənbələrdən bəlli olur ki, 1850-ci ilin yazında Borçalıya səyahət edən çarın Qafqazdakı canişini general M.S.Vorontsovun yolçuluğu Borçalı çökəyinin Sarvan-Sadaxlı və Şüləver-Arıxlı yolu üstündəki qarapapaq kəndlərindən düşür. Knyaz Vorontsovu bu səfərdə müşayiət edən tanınmış gürcü publisisti və etnoqrafı Luka İsarlov (1814-1893) onu «yerli mülkədar, keçmişin şöhrətli qaçağı Arıxlı Alı ağa» və onun 5 oğlu ilə tanış edir. Alı ağanın həyatına dair yuxarıda qeyd olunan bəzi önəmli məqamlar barədə məlumatı da elə L.İsarlovun ilk dəfə rusdilli “Kavkaz” qəzetinin 1874-cü il 123-124-cü saylarında dərc etdirdiyi bir məqaləsindən əldə etmək mümkün olmuşdur. Alı ağanın mərdliyini, qorxmazlığını ortaya qoyan və onun bir gürcü knyazının xanımını əsirlikdən azad etmək üçün həyata keçirdiyi uğurlu əməliyyatını təcəssüm etdirən bu məqaləsinin tərcüməsini oxucuda maraq doğuracağını nəzərə alıb tam şəkildə, olduğu kimi təqdim edirik: «General Yermolovun vaxtında Cənubi Qafqaz diyarında vəziyyət ağır olaraq qalırdı. İndiki Axalsıx (Axalsixe) və Axalkələk qəzaları Türkiyə tərkibində paşalıq idilər. Axalsıx paşası qaçaqlara, ləzgilərə və ümumən bizim dağlılara himayədarlıq edərək sığınacaq verir və onların vasitəsilə bizim o zamankı sərhəd kəndlərimizi narahat edirdi. «Qaçaqlar» dəstələrlə bizim oradakı sakinlərimizə hücum edib çoxunu əsir götürərək Türkiyədə, bizim qaçaqların sığınacaq tapdıqları Axalsıxda satırdılar. Yuxarı Kartliyə və yaxud Qori qəzasına Suram istiqamətindən edilmiş belə hücumlardan birində soyğunçuların əsir götürdükləri sakinlərin arasında knyaz P.-nin (knyaz Palavandovun və ya knyaz Pavlenovun – F.V-H.) xanımı knyaginya Maya da var idi. Qaçaqlar onların hamısını Borjom yolu ilə Axalsıxa apardılar. Bu hadisə 1818-ci ildə baş vermişdi. Paşa knyaginya Mayanı özünə arvad edib hərəmxanasına götürdü və müvəqqəti olaraq pravoslav dininə etiqad etməyə icazə verdi. Onun əri knyaz P. və qohumları bu hadisəylə bağlı çox kədərlənirdilər və nəhayət əsir xanımı müsəlmanların əlindən ərinə qaytarmaq üçün hökumətin yardım göstərməsi xahişi ilə general Yermolova müraciət etdilər. Açıq-aşkar qüvvə ilə Axalsıxa hücuma keçib paşanı knyaginyanı azad etməyə məcbur edə bilməməsi Yermolova çox ağır gəlirdi. Buna görə də o, orijinal bir üsula əl atdı. O zamanlar Borçalı distansiyasının Arıxlı kəndinin sakini Alı ağa qaçaq düşmüşdü. O, əməlləri üzərində cinayət işi aparıldığı vaxt Tiflis həbsxanasından qaçmışdı və Borçalıda Məngilis və Pəmbək (Aleksandropol qəzası) ətrafında, eləcə də Qars paşalığının hüdudları çərçivəsində qarət və soyğunçuluqla məşğul olurdu. Yerli polisin və distansiya pristavlarının ciddi axtarışlarına baxmayaraq heç cür ələ keçirilə bilmirdi. Bütün yerli sakinlər qoçaq qaçaq kimi ondan qorxurdular. O həqiqətən ucaboylu, dolu bədənli, zirək minici, cəld və yaxşı nişançı, cəsur və çox güclü idi. Alı bilirdi ki, onu tutsalar ya asacaqlar, ya da ki, Sibirə katorqaya göndərəcəklər, sonuncu tatarların (Azərbaycan türklərinin – F.V.-H.) o dövrdəki düşüncələrinə görə daha ağır cəza hesab edilirdi . General Yermolov onun arxasınca öz müvəkkilini göndərdi ki, Alı ağa şəxsən, xüsusi işlə əlaqədar gizlicə yanına gəlsin. Alı ağa müvəkkil ona sərdarın əmrini çatdırdıqda təəccübləndi. Borçalı tatarının qüruru baxımından Yermolov kimi böyük sərdarın onunla şəxsən, həm də gizlicə görüşüb danışmaq istəyi böyük fərəh idi. Alı ağa sərdarın onu aldadıb belə ləyaqətsiz üsulla cəzalandırmayacağından əmin olduğu üçün bir dəqiqə belə düşünmədən cəsarətlə Yermolovun yanına getdi. Öz dəstəsinə isə əlverişli bir iş üçün getdiyini elan edib, onu şərtləşdikləri məlum yerdə gözləmələrini tapşırdı. Alı ağa silahlı vəziyyətdə sərdarın qarşısında dayananda onun boy-buxunu, cəsur görkəmi və Alı ağanın igidlik simasını daha da artıran sakit təvazökarlığı özü də mərd olan Yermolovu heyrətə gətirmişdi. Yermolov dedi: Salam, Alı ağa. Alı ağa heç bir cavab vermədi, diyarın ənənəsinə uyğun olaraq əlini ürəyinə qoyub əmr gözləyən insan görkəmini alaraq qurşağına qədər tənzim etdi. «Sən bilirsənmi, Alı ağa, deyə Yermolov sözlərinə davam etdi, mən bilirəm sən nə ilə məşğul olursan. Bu əməllər sənin kimi igidə yaraşmır. Sən mənim tapşırığımı yerinə yetirsən mən səni əfv edəcəm, yox, əgər yerinə yetirməsən mən səni asacam! … Eşidirsən? Mən səni tanıyıram, sən də məni; mən öz sözümü yerinə yetirəcəm. Bax iş nə yerdədi: knyaginya Maya P. soyğunçular tərəfindən əsir götürülüb və indi Axalsıx paşasının hərəmxanasındadır; sən onu ərinə qaytarmaq üçün oradan mənim yanıma gətirməlisən! Eşidirsənmi, Alı ağa?» Sonra əlini Alı ağanın çiyninə qoyaraq (bu sonuncu üçün böyük şərəf idi), Yermolov sözlərinə davam etdi: «Bax, Alı ağa! Sən bunu mənim üçün etməlisən və inanıram ki, yerinə yetirəcəksən». Alı ağa tərcüməçi ona sərdarın sözlərini çevirdiyi zaman səssiz dururdu. Sonra o sərdara dərin tənzim edib dedi: Sərdar! Mənim həyatım sənin əlindədir, ona görə də mən sənin əmrini yerinə yetirmək üçün başımı qoyacam. Ancaq mənə əsirlikdə olan xanımın ərinin kiçik bir məktubu lazımdır ki, mən Axalsıxda olanda kimliyimə və nə üçün ora getdiyimə inansın. Halal olsun, bu düzdür! deyə Yermolov cavab verdi... Alı ağaya knyaz P.-nin məktubunu verdilər və o, Tiflisdən yox oldu. Bütün bunlar məxfi baş verirdi. Alı ağa onu gözləyən dəstəsinin yanına getdi və bu dəstəylə bir yerdə bizim türk sərhədindəki Zalqa kəndlərinə guya ki, uğursuz olan bir neçə hücum etdi, oralarda hay-küy salıb guya onu izləyən ruslardan yaxasını qurtarmaq üçün Axalkələyə, sonra da Axalsıxa qaçdı. Orada o, ruslardan qaçmış və sünni, yəni Axalsıx türkləri ilə eyni məzhəbdən olan bir adam kimi tezliklə diqqət mərkəzində oldu. O, çevik və fədakar minici kimi ona cıdır yarışlarında ən hirsli və sürətli atlar gətirən o dövrdəki cəsur yeniçərilər arasında tez məşhurlaşdı. Onun minici və atların bilicisi təki şöhrəti paşaya da çatdı. Paşa onu hərəmi ilə birgə yaşadığı qalaya mehtər təyin etdi və özünün atlarının hamısını və tövlə işçilərini ona tapşırdı. Alı ağa həqiqətən də paşanın bütün atlarını, xüsusilə də ərəb atlarını miniyə, qoşquya öyrədirdi. Çünki paşanın özü bu zaman onlara baxıb zövq alırdı və Alı ağanı buna görə hərdən bir mükafatlandırırdı. Alı ağa beləliklə paşanın etibarını qazanıb ondan xahiş etdi ki, qala qapılarında duran gözətçilərə onu atlarla birlikdə suvata həm gündüz, həm də gecə buraxmalarını əmr etsin və bunu atlar başqa-başqa ölkələrdən göndərildiyi üçün onların hər birini xüsusiyyətindən asılı olaraq çaya müxtəlif vaxtlarda aparmaq zərurəti ilə izah etdi. Paşa Alı ağanın sözlərinə inandı və onun qaçaq düşdüyü üçün ruslar tərəfə keçə bilməyəcəyini, həmçinin, Türkiyədə gizlənəməyəcəyini yəqin edərək gecənin və gündüzün istənilən vaxtında onu atlarla birlikdə qalanın xaricinə və geri, daxilinə buraxmaq əmrini verdi. Bununla belə günlər ötürdü, Alı ağa isə paşanın arvadlarının heç birini görə bilmirdi. Çünki onlar cəmi həftədə bir dəfə, cümə günləri bayıra çıxaraq hamısı eyni cür çadraya bürünüb kənizlərin və qoruqçuların əhatəsində məscidə gedirdilər. Bu zaman heç kəs qadınların üzlərinə baxmağa belə cəsarət etmirdi, çünki Quranda bu, qadağan olunurdu. Ona görə də Alı ağa cümə günləri paşanın arvadları çıxmamışdan bir az qabaq qoşqu öyrətmək bəhanəsiylə qala qapıları yanında bir neçə at gəzdirməyi və eyni zamanda, knyaginya Mayanın qaçırılmasının təfərrüatlarını, onun ərinin və qohumlarının kədərini, onun arxasınca sadiq bir insanın göndərildiyini nəğmə ilə tərənnüm etməyi düşündü. Bu nəğmələrin Qafqazda nadir olmayan əfsanələrdən biri olduğunu zənn etdiklərindən ona heç kəs fikir vermirdi, ancaq Maya çadra altında olub paşanın digər arvadları ilə birgə gəzsə də, anladı ki, söhbət ondan gedir və tərənnümçü-nəğməkarı müşahidə etdi. Öyrənəndə ki, tərənnümçü Gürcüstandan qaçaq düşüb Maya anlaya bilmirdi o, kimdir və bu nəğmələri nə üçün oxuyur. Yay yaxınlaşırdı. Paşanın arvadları hərdən bir gəzintiyə çıxırdı. At üstündə gerçəkləşdirilən belə gəzintilərdən birində Alı ağa paşanın mehtəri kimi xanımların mindikləri atlara diqqət yetirərək onları uzaqdan müşahidə edirdi, ancaq yaxınlaşmağa cəsarət etmirdi. Paşanın arvadlarından biri necə oldusa da şəhəri çıxanda dəstədən ayrıldı və mehtərə yaxın düşdü. O, onu müşayiət edən qadına yorğunluğunu bəhanə gətirərək dayanmağı, mehtəri isə çağırıb aşağı enməsi üçün atı tutmağı əmr etdi və bu zaman tələsik, astaca verdiyi suala cavab alıb sakitləşdi və əmin oldu ki, mehtər onun arxasınca göndərilib. Növbəti gəzintilərdə də Alı ağa mehtər kimi paşanın arvadlarını müşayiət edirdi və bir gün knyaginyanı yaylığından tanıyaraq ona gizlicə ərinin məktubunu verdi. Yağışlı və gurultulu gecələrdən birində əvvəlcədən qərarlaşdırıldığına uyğun olaraq, qalada hamı yatanda knyaginya Maya tək başına hərəmdən çıxdı və öncədən şərtləndirildiyi kimi, şam yanan tövləyə sarı getdi. Alı ağa artıq onu gözləyirdi. O, Mayanı ən yaxşı ərəb atına otuzdurdu, özü də sürətli bir at seçib birini də ehtiyyat üçün götürdü və ənənəsinə sadiq olaraq, köhnə yapıncıya bürələnmiş knyaginyanı tövlə qulluqçusu kimi atları yaxşı tutmağa vadar edərək qala qapıları tərəfdən qalanı tərk etdi. Qarovullar buna fikir vermədilər, çünki Alı ağa əvvəllər də gecə vaxtı atları Posxov çayına suvata aparırdı. Onlar Axalsıxdan Xertvis yolu ilə üçüncü atla çıxdılar və Trialetlə Məngilisi keçib Tiflisə gəldilər. Alı ağa knyaginya Mayanı general Yermolova təqdim etdi və ən yaxşı cinsdən olan ərəb atı sərdara hədiyyə etdi. Knyaginyanın ərinə bu xəbəri verən kimi o, sevincindən az qala uçaraq Yermolovun hüzuruna gəldi. Sərdar dedi: Mən əvvəllər eşitmişdim ki, sən qoçaqsan, Alı ağa, ancaq sənin bu dərəcədə igid dəliqanlı olduğunu bilmirdim. Sənə çox minnətdaram, Alı ağa, sənin bütün günahlarını bağışlayıram. İnnən belə yaxşı insanlar kimi öz «ocağında» (evində) doğru-dürüst yaşa. Bu gündən sən mənim himayədarlığım altında olacaqsan. Sən sadiq və təmiz qulluqçu olmalısan! Alı ağa sərdarın sözlərindən vəcdə gəlib dərin minnətdarlıq və sədaqət əlaməti olaraq diz üstə çökərək onun əlini və sürtüyünü (uzunətəkli pencəyini) öpüb dedi: «Bundan sonra mənim başım, həyatım sizə və padşaha aiddir, sərdar. Yerinə yetirdiyim bu tapşırıq heç nədir, bəli, mən mərhəmət qazanmaq üçün padşaha və sizə qulluq etməliyəm. Siz əmr edin, sərdar, mən həmişə padşahın yolunda canımdan keçməyə hazıram». Sonra isə üzünü əsirlikdən azad etdiyi knyaginya Mayaya tutub duyğulanaraq «Sizin vasitənizlə sərdarın mərhəmətinə layiq görülüb artıq adam kimi yaşayacağım üçün, xanım, sizə təşəkkür edirəm, yoxsa mən həmişəlik məhv olardım», deyə sözlərinə davam etdi. Belə qoçaq və mərd adamın bu səmimi sözləri general Yermolovun çox xoşuna gəldi. O, Alı ağanı oxşadı, ona çuxalıq mahud parça və pul bağışladı, mülki-qubernator general-mayor Xovenə və Borçalı distansiyasının pristavına bildirdi ki, Alı ağa əfv olunub və öz yaşayış yerində, Arıxlı kəndində yaşayacaq. Ona bizim sərhədləri Türkiyə tərəfdən qaçaqların hücumlarından qorumağı həvalə etdilər. O, həqiqətən sərhədləri elə qoruyurdu ki, vaxtaşırı qaçaqları bizim hüdudlara göndərən türk kəndlərinin qorxusuna çevrilmişdi. O dövrdəki türk qaçaqlarının və biz tərəfdən qaçaq düşmüşlərin heç biri bizim sunurda, Alı ağanın nəzarətindəki ərazilərdə görünməyə cəsarət etmədi. O, onları hər yerdə axtarırıdı və rəhm etmirdi. Sonralar, 1826-1829-cu illər türk və İran kampaniyalarında (1826-1828 Rus-Qacar və 1828-1829-cu illər Rus-Osmanlı müharibələri nəzərdə tutulur F.V.-H.) Alı ağa, öz dəstəsi ilə iranlılara və türklərə etdiyi partizan həmlələriylə həmişə seçilirdi, onların kiçik dəstələrini vahiməyə gətirirdi. Buna görə də o, general Yermolovun xələfi general-feldmarşal Paskeviç-Erivanskinin inamını və rəğbətini qazanmışdı». Canişin tərəfindən əfv olunduqdan sonra Alı ağa Osmanlı qaçaqlarının Rusiya tabeliyindəki ərazilərə hücumlarının və üsyankar şahzadə Aleksandrın bu ərazilərə keçməsinin qarşısını almaq üçün yaradılmış xüsusi dəstədə qulluq edir. 1818-ci ilin sentyabrında general-leytenant A.A.Velyaminov Başkeçiddə olan polkovnik P.A.Ladinskiyə yazırdı: «Mənə çatan şayələrə görə 100 nəfər tatar atlısı ilə Toparvana kəndi yaxınlığında gözətçi mövqedə duran Baydar sultanı ondan 100 sajen məsafədən keçmiş şahzadəni (Aleksandr Mirzəni - F.V.-H.) öz dəstəsiylə bərabər görüb və bilə-bilə ki, bu şahzadədir onun ələ keçirilməsi üçün heç bir cəhd göstərməyib. Mən sizə sultanın bu hərəkətini ədalətlə araşdırmağı və mənə məlumat vermənizi tapşırıram». Ladinski isə cavab raportunda bildirirdi ki, Baydar sultanı Almas sultan bəlkə də tək və ya 5-6 adamla olub şahzadəni görsə onu təqib etməzdi, ancaq onun yanında öz adamlarından başqa general-mayor Sısoyevin alayından 3 kazak və 2 «tatar» kəndxudası Qaracalar kəndxudası Mirzalı ağa və knyaz Aqotişvilini həbs etmiş Alı ağa Eyyub ağa oğlu da var idi. Və əgər Almas sultan şahzadəni təqib etmək istəməsə belə, kazaklar və bu «tatar» kəndxudaları onu izləyərdilər. Arxiv sənədlərindən bəlli olur ki, Alı ağa Rusiyanın daxili quberniyalarından Borçalı ərazisinə köçürülmüş almanlar içərisində də böyük nüfuz və hörmət sahibi idi. Bunu təsdiq edən faktlardan ikisini təqdim edirik: 1826-cı ildə Rusiya-İran hərbi dövründə Borçalının Yekaterinenfeld alman koloniyasından 170 kolonist iranlılar və kürdlər tərəfindən əsir aparılır və onlardan bir hissəsi Türkiyəyə keçirilir. Kolonistlərdən Georgi Valxer Tiflis Mülki Qubernatoruna məktub yazıb əsirləri azad etmək üçün onunla birgə Türkiyəyə kolonistlər arasında öz «xeyirxahlığı və halallığı ilə tanınan» Arıxlı Alı ağa Eyyub ağa oğlunun getməsinə icazə verilməsini istəyir. Məktubunda o, Alı ağanın ona yol yoldaşı olmağa razı olduğunu da bildirir. 6 sentyabr 1845-ci ildə Yekaterinenfeld koloniyasının sakini Yakov Kyummerle Polkovnikli kəndindən öz koloniyasına qayıdanda Daşlıqullar və Kosalar kəndləri arasında yerləşən Gödəkli kəndi yaxınlığında ona 3 nəfər silahlı atlı «tatar» hücum edir və üstündə olan əşyaları və 3 atını əlindən alıb uzaqlaşır. Kolonist Y.Kyummerle Yekaterinenfelddən başqa 5 kolonisti və 1 «tatar»ı yanına alıb əvvəlcə hadisə yerinə, oradan da kömək üçün Arıxlıya Alı ağanın evinə gedir. Məsələ ilə ətraflı tanış olan praporşik Alı ağa bu işin ətrafda yerləşən Daşlıqullar və ya Kosalar kəndinin sakinləri tərəfindən törədilə biləcəyini güman edir və «Daşlıqullarlılar təbiətcə sakit insanlar olduğu üçün» suçluları Kosalarda axtarmağı lazım bilir (Yeri gəlmişkən qeyd edək ki, o dövrdə Daşlıqullar kəndxudası Mustafa Molla Şıxı oğlu idi). O, kolonistlərlə birlikdə birbaşa Kosalar kəndinə Eyyub Ulukişi oğlunun evinə gəlir. Bu zaman Ulukişi oğlu evdə olmur... Məhkəmədə Eyyub Ulukişi oğlu suçsuz olduğunu, qarət baş verən gün Faxralıda olduğunu və həmin gün Faxralıdan oğlu Mehdini odun arabasıyla günahlandırılanlar içində adı hallanan İmirhasan sakini Məşədi Qaraca gilə göndərdiyini deyir. Onu da əlavə edək ki, arxiv bəlgələrindən Arıxlı Alı ağanın böyük oğlu Eyyub ağanın digər Arıxlı sakinləri və Dəmirçihasanlı qarapapaqları ilə Qars yaylalarında yaylaqladıqları və bu zaman Mağazberd qalasının sahibi, yerli qarapapaqlar arasında nüfuz sahibi olan Şərif ağayla gediş-gəlişlərinin olduğu aydın olur. Fəxri VALEHOĞLU-HACILAR,tarix üzrə elmlər doktoru Mənbə: “Qarapapaqlar” elmi-kütləvi dərgisi, 2008, № 16, səh. 8-11.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.