Marneulinin ilk meri Temur Abazov səlahiyyətlərinin icrasına başlayıb Gürcüstan » Borçalı 13 ноября 2017 Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda yeni seçilən mer - Rayon İcra Hakimiyyətinin (RİH) yeni başçısı Temur Abazov bu gün səlahiyyətlərinin icrasına başlayıb. ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri bildirib ki, yeni mer ilk iş gününə yerli özünü idarəetmə rəhbərləri və əməkdaşlar ilə görüşdən başlayıb. Temur Abazovu tədbirin iştirakçılarına Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatları Tamaz Naveriani və Ruslan Hacıyevtəqdim ediblər və onlar yeni icra başçısına fəaliyyətində uğurlar arzulayıblar.Temur Abazov öz növbəsində İcra Hakimiyyətinin əməkdaşlarını salamlayıb, onu dəstəkləri üçün təşəkkür edib, ona göstərilmiş etimadı doğruldacağını bildirib, gələcək planlar haqqında məlumat verib, kadr dəyişikliyi barədə danışıb və hamıya uğurlar arzulayıb:“Hələlik onlarla tanış olmalıyam, iş zamanı hər şey müəyyən olunacaq. Bundan başqa yeni merlik sistemi mövcuddur və yerdəyişmələr, struktur dəyişikliklər olacaq. Bunun əsasında da tərkibi komplektləşdirəcəyik.”“Marneuli” radiosunun müxbirinin "Mer köməkçilərinin kimlər olacağı" barədə sualına cavab olaraq Temur Abazov müavin və əməkdaşlarla tanış olmadan bu barədə qərar verə bilməyəcəyini bildirib:"Bildiyiniz kimi, bu gün ilk dəfədir ki, gəlmişəm, müvafiq olaraq, müavinləri və əməkdaşları tanımadan bu barədə qərar qəbul edə bilməyəcəyəm. Bizə mütləq təcrübəli kadrlar, bilikli insanlar lazımdır ki, bu da bizim bələdiyyə üçün çox-çox vacibdir."Marneulinin ilk meri üzərində işləməyi planlaşdırdığı prioritet məsələlərdən də danışıb:"Bildiyiniz kimi, əhali ilə görüşlərdə suvarma suyu və içməli su, daxili yollar, küçələrin işıqlandırılmasını və s. vəd etmişdik, bunlardan başlamağı planlaşdırırıq."“Hesab edirəm ki, hər bir peşəkar əməkdaşın vacib faktoru odur ki, o, meriyanın uğurlarına çalışsın. Biz fəal çalışacağıq və seçkilərdən öncə əhaliyə verdiyimiz vədləri uğurla yerinə yetirəcəyik. Biz bu gün bir komandayıq və hesab edirəm ki, bütün gücümüzlə xalqımızın və ölkəmizin rifahı naminə çalışacağıq,” - deyən yeni mer T.Abazov görüşdən sonra meriya binasına baxış keçirib.Görüşdə Marneuli bələdiyyə rəhbərinin vəzifələrini icra edən Zaur Tabatadze və bələdiyyə üzvü, Bələdiyyə Məclisi rəhbərliyinə namizəd Amiran Giorqadze də iştirak edib.Xatırladaq ki, 2017-ci il oktyabrın 21-də Gürcüstanda keçirilmiş yerli özünüidarəetmə orqanlarına seçkilərdə T.Abazov 69,71 faiz səslə qalib gələrək Marneulinin ilk meri seçilib. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.