Gürcüstanda Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi bina qeydiyyata alınıb Borçalı, Tarix 30 октября 2017 Azərbaycanın görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyev ötən əsrin ikinci onilliyində bir il yarım qədim Borçalı qəzasının müvəkkili vəzifəsində çalışıb. Həmin vaxt qəzanın idarəsi indiki Gürcüstanın Marneuli rayonundakı Şulaver (hazırda əsasən ermənilər yaşayan bu kənd sonralar “Şaumyan” adlandırılıb) kəndində yerləşib. ZiM.Az saytının məlumatına görə, görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyev fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilib. 1917-ci ildə baş verən fevral inqilabından sonra mart ayında Əbdürrəhim bəy Borçalı qəzasına müvəkkil təyin olunub və məlumata görə, qəzanın idarəsi Şulaver kəndində yerləşib. Onu da qeyd edək ki, Ə.Haqverdiyevin katibi məşhur Borçalı şairi, Marneulinin Kirəc Muğanlı kəndindən olan mollanəsrəddinçi yazar Həsən Məcruh olub. “Şulaver” sözünün etimalogiyası türk mənşəlidir və “Şüləni ver” kəlməsindən yaranıb. Kəndlidən o zaman toxuduğu şüləni töycü əvəzinə alıblar deyə, Şulaver kəndinin adı bu sözdən əmələ gəlib. 1872-ci illərdən sonra Şulaveri - Sadaxlı dəmiryolu xətti çəkildikdən sonra Şulaver kəndinin sakinləri dəmiryol stansiyasına köçürlər və sonralar sovet dönəmində Qarabağdan köçən erməniləri həmin boş qalan Şulaver kəndinə yerləşdirir və kəndin adını Şaumayan qoyurlar. İndiki Şulaveri adlanan kənd ilə Şaumyan kəndinin arası 10 kilometrdir. Şaumyan kəndində sırf ermənilər yaşayır və Marneuli-Sadaxlı magistral yolu kənarında salınan Şulaveri kəndində isə 2005-ci ilədək 17 millətin nümayəndəsi yaşayıb və sonralar burada yaşayan müxtəlif millətlərin nümayəndələri başqa ölkələrə köçüblər. Hazırda Şulaveri kəndində azərbaycanlılar və ermənilər çoxluq təşkil edir.Hazırda Ə.Haqverdiyevin işlədiyi keçmiş Borçalı Qəza İdarəsində erməni şagirdlərinin təhsil aldığı Şaumyan kənd orta məktəbi fəaliyyət göstərir. (Fotoda həmin məktəb - Ə.Haqverdiyevin işlədiyi Borçalı Qəza İdarəsi).Məktəb rəhbərliyi vaxıilə bu binada çalışan görkəmli yazıçı barədə onlarda məlumatın olmadığını bildirib. Sakinlər Ə.Haqverdiyev barədə məlumat verməyi xahiş ediblər. Məktəb direktoru bildirib ki, Azərbaycanın görkəmli yazıçı və dramaturqu Əbdürrəhim bəy Haqverdiyevin işlədiyi Borçalı Qəza İdarəsinin keçmiş binası hazırda mühafizə olunmaq üçün Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi nazirliyi tərəfindən qeydiyyata alınıb. Nizami Məmmədzadə, ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.