Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm” Gürcüstan » Borçalı 16 октября 2017 Ruslan Hacıyev: “Gürcü arzusu” da əhalisinin çox hissəsi azərbaycanlı olan rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü hesab edib” Qonşu Gürcüstanda oktyabr ayının 21-i yerli özünüidarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilər olduqca önəmlidir və nəticələri ölkənin siyasi ab-havasında ciddi təsirə malikdir. Biz də seçki ərəfəsində Gürcüstandakı soydaşlarımızın kompakt yaşadığı Kvemo Kartli bölgəsindəki ümumi ab-havayla maraqlandıq. Məlum oldu ki, partiyaların təqdim etdiyi namizədlərin arasında soydaşlarımız da namizəd kimi təqdim olunmaqdadır. Onlar həm iqtidar həm də müxalifət partiyalarının siyahılarında yer alırlar. Tarixdə ilk dəfə hakim "Gürcü azusu” partiyası namizəd olaraq gənc və perspektivli azərbaycanlı Temur Abbasovu irəli sürüb. Marneulidə ümumi seçki ab-havası, soydaşlarımızın siyasi fəallığı, hakim partiyanın seçki platforması və gələcək planlarla bağlı "Kaspi”nin suallarını Gürcüstan parlamentinin deputatı, "Gürcü azusu” partiyasının Marneuli nümayəndəliyi üzrə rəhbəri Ruslan Hacıyev cavablandırır. - Ruslan müəllim, Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası və bu proseslərdə iştirakını necə qiymətləndirirsiniz?- Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin tamhüquqlu vətəndaşı olaraq bütün imtiyazlardan istifadə edir, vətənimizin taleyinə aid olan hər bir prosesdə fəallıq göstərirlər. Buraya onların seçib seçilmək hüququ da daxildir. Bu gün azərbaycanlılar demək olar ki, hər partiyada təmsil olunurlar. Onların öz siyasi baxışları və mövqeləri var. Bu mövqedən həm namizəd, həm də seçici kimi tam sərbəstliklə istifadə edə bilirlər. Seçim azadlığı, seçilmə hüququ ən vacib demokratik prinsiplərdir. Bu prinsiplər təmin olunur. Eyni zamanda, vətəndaşlar namizədlərlə görüşlərdə fəal şəkildə iştirak edirlər. Bütün seçicilərimiz, eləcə də azərbaycanlı seçicilər, namizədlər bu seçkilərə böyük ümidlə baxırlar. - Keçirdiyiniz seçkiöncəsi görüşlərin görüntülərinə baxarkən çoxsaylı insanların iştirakını gördük. Gürcüstan ictimaiyyətinin namizədlərlə görüşlərə bu cür maraq göstərməsini nə ilə əlaqələndirirsiniz?- Seçki prosesi olduqca məsuliyyətli və ölkənin gələcəyini həll edən prosesdir. Ölkənin parlaq gələcəyi, onun vətəndaşlarının yaxşı yaşamasının qarantıdır. Vətəndaşlar da bunu dərk edərək, seçkiyə olduqca məsuliyyətlə yanaşır, maksimum şəkildə prosesdə iştirak edirlər. Bunu biz, əhali ilə görüşlərdə müşahidə edirik. Seçkidən seçkiyə namizədlərlə görüşlərə gələnlərin sayı artır. Bu o deməkdir ki, xalqla hakimiyyət, məmurlar və namizədlər arasında heç bir subordinasiya, maneə və ya əlçatmazlıq yoxdur. Əhali sərbəst şəkildə öz iradlarını, problemlərini bizlərə çatdırıb onların həlli istiqamətində aparılan işlərlə maraqlanır. Eyni zamanda, bunu onunla əlaqələndirmək olar ki, ötən seçkilər zamanı verilən vədlər və qaldırılan problemlər öz həllini tapıb. Statistika aparırıq, araşdırırıq və məlum olur ki, ötən seçkilərdən bu günədək kəndlərdə və regionda qaldırılan önəmli problemlər öz həllini tapıb. Bunu xalq görür və inamla bizimlə görüşlərə gəlir. Biz xalqın güvənini qazanmışıq və onlara sübut etmişik ki, bu görüşlər görüntü və səs istəmək üçün deyil. Bu görüşlər gələcək iş strategiyamızı qurub, qaldırılan problemləri aradan qaldırmaq üçündür. Çünki, dövlət xalq üçündür. - Əsas seçki platformanız nədən ibarətdir?- Platformamızın bir çox sahə üzrə nəzərdə tutulmuş iş planı var. Bu iqtisadiyyatın yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, mədəniyyət, təhsil, gənclər və idman, kənd təsərrüfatının inkişafı və sair kimi sahələri əhatə edir. Son bir neçə il ərzində bu sahələr üzrə bir sıra layihələr həyata keçirilib, problemlər aradan qaldırılıb. Bu dövr isə artıq növbəti mərhələyə start veriləcək. Bilirsiniz ki, Marneuli kənd təsərrüfatı bölgəsidir. Əsas hədəfimiz məhsulların artırılması və kəndlərdə insanların işlə təmin olunması üçün işlərin aparılmasıdır. Bu sahə prioritetdir. İnfrastrukturun gücləndirilməsi, gənclərin asudə vaxtının səmərəli təşkili üçün idman komplekslərinin, stadionların, məktəb və uşaq bağçalarının tikintisi və sair kimi işlərin reallaşdırılması da nəzərdə tutulur. Bununla yanaşı, "Gürcü arzusu”nun xarici siyasətdəki hədəfləri daxili siyasətə və vətəndaşlarını rifahına da təsir edəcək. Əsas hədəf Avropaya inteqrasiyadır. Avropa ailəsinin üzvü olaraq biz bir çox sahədə uğur əldə etmə şansı qazanacağıq. Buna görə də bu kursu tutaraq ildən-ilə irəliləmək hər bir vətəndaşın əlindədir. - Tarixdə ilk dəfədir ki, bir çox partiyalar Marneulidə merliyə namizəd olaraq milliyyətcə azərbaycanlını təqdim ediblər. Hakim partiya ilk dəfədir ki, bu qərara gəlib. Sizcə, bu, nə ilə əlaqəlidir?- Düşünürəm ki, siyasətdə irq, millət və sair kimi çərçivələr əsas rol oynamamalıdır. Hər bir işdə əsas odur ki, peşəkar və vicdanlı insan olsun, işinin məsuliyyətini dərk etsin. "Gürcü arzusu” da əhalisinin çox hissəsi milliyyətcə azərbaycanlı olan bir rayonda namizədin azərbaycanlı olmasını məqsədyönlü hesab edib. Buna görə də gənc, perspektivli və işinin peşəkarı olan namizədlər təklif edilib. Bu, əhali tərəfindən olduqca müsbət qarşılanıb. Qeyd olunanlar bir daha sübut edir ki, "Gürcü arzusu”nun yürütdüyü siyasət demokratik prinsiplərə və Avropa dəyərlərinə söykənir. - Temur Abbasovun digər namizədlərlə müqayisədə seçilmə şansını necə dəyərləndirirsiniz?- Şəxsən öz adımdan bütün namizədlərə uğurlar arzulayıram. Tam səmimiyyətimlə söyləyə bilərəm ki, Temur Abbasova rəqib görə bilmirəm. Bunu vətəndaş olaraq deyirəm. Keçirdiyimiz görüşlərdə, əhali ilə apardığımız söhbətlərdən belə nəticəyə gəlmişəm. Bu etibar və inam partiyamızın apardığı islahat və işlərdən irəli gəlir. Temur Abbasovun tərcüməyi-halı, görüşlər zamanı çıxışları və xalqla davranışı onun namizəd kimi xalq tərəfindən sevildiyinə, seçkilərdə qalib gələcəyinə böyük ümid və inam yaradır. - Qarşı tərəfin apardığı seçkiöncəsi təbliğat-təşviqat kampaniyasına münasibətiniz necədir?- Hər bir namizədin və partiyanın seçkiöncəsi görüşlər keçirib təbliğat aparmaq hüququ var. Lakin qanun çərçivəsində. Bəzən çıxışlarda təxribatlara yol verən namizədlər olur. Amma xalq yerindəcə haqqı və nahaqqı seçir, qeyri-peşəkar amalların qarşısını alır. Məşhur bir atalar sözündə qeyd edildiyi kimi, xalqın gözü tərəzidir. Bizim xalq neçə ildir ki, layiqli seçimini edir. Biz də çalışırıq onların o dəyərli səslərini sözdə deyil, əməldə doğruldaq. Ona görə də hər seçkidə alını açıq yenidən xalqın dəstəyini istəyirik.Rufik İSMAYILOVZİm.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.