Gürcüstanda GAXA.ge adlı yeni sayt fəaliyyətə başlayıb Gürcüstan » Borçalı 6 октября 2017 TƏBRİK EDİRİK!.. Bu günlərdə Gürcüstanda yaşayan soydaşlarımıza xidmət etmək, onları Gürcüstanda və dünyada baş verən ictimai-siyasi hadisələrlə gündəlik və müntəzəm olaraq tanış etmək, məlumatlandırmaq məqsədilə "Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi" adlı daha bir informasiya vasitəsi və “GAXA.ge” adlı yeni bir sayt fəaliyyətə başlayıb.Bu barədə ZiM.Az-ın Gürcüstan bürosuna “GAXA.ge” – (Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi) saytının təsisçisi və baş redaktoru, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin rəhbəri, Azərbaycanın Əməkdar jurnalisti Nizami Məmmədzadə məlumat verib. O deyib:"-Saytımız 2017-ci ildə bir qrup jurnalist tərəfindən yaradılıb. Ən başlıca məqsədimiz Gürcüstanda yaşayan azərbaycanlıları dünyada və ölkəmizdə baş verən informasiyalarla operativ olaraq yaxından tanış etmək, azərbaycanlılar yaşayan bölgələrdə yaranan informasiya boşluğunu doldurmaq və onlara baş verən ictimai-siyasi hadisələr, dövlətin həyata keçirdiyi mühüm tədbirlər haqqında xəbərləri çatdırmaqdır.Saytımız müstəqil fəaliyyət göstərəcək, bütün təbliğat resurslarından istifadə edəcək.Sayt heç bir siyasi gücü və yaxud partiyanı dəstəkləməyəcək, lakin onlara saytın səhifələrində söz demək imkanı verəcək. “GAXA. ge” saytının əsas və başlıca məqsədi Gürcüstanda baş verən siyasi hadisələri maksimum gücü ilə obyektiv və operativ, həmçinin qərəzsiz şəkildə işıqlandırmaq olacaq. Ən başlıca məqsədimizdən biri də kökü qədimlərə söykənən gürcü və Azərbaycan xalqının tarixi dostluğunu, dövlətçilik əlaqələrini daha da möhkəmləndirmək, dərinləşdirmək və inkişaf etdirməkdir. Saytın üzərində jurnalistlər, dizaynerlər, proqramçılar, Gürcüstandan və Azərbaycandan olan qələm sahibləri işləyir. Sayt hər gün yenilənir. Saytımızda “siyasət”, “iqtisadiyyat”, “cəmiyyət”, media və digər mühüm xəbərlər lent xətti ilə yayımlanır. Saytın səhifələrində məşhur jurnalistlər, siyasətçilər, həmçinin içtimai xadimlər, parlamentin üzvləri və elm və təhsil işçiləri, yazıçılar, din xadimləri müxtəlif janrlarda obyektiv olaraq şərhlərlə çıxış edə bilər. Hər bir oxucu saytımızda çıxış etdiyi yazının və xəbərin müəllifi ola bilər. O, iştirakçısı olduğu hər bir tədbir barədə saytımıza düzgün, operativ xəbər və müasir situasiyalar haqqında öz fikir və rəyini yaza bilər."Qeyd edək ki, Nizami Məmmədzadə həm də ZiM.Az-ın Gürcüstan bürosunun rəhbəridir.Biz də həmkarımız - “GAXA. ge” saytının baş redaktoru Nizami Məmmədzadə qardaşımız başda olmaqla, Gürcüstanda yaşayıb-yaradan həmkarlarımızın hamısını yeni bir saytın fəaliyyətə başlaması münasibətilə ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.