Həsən Seyidovun 85 illik yubileyi qeyd olunub Borçalı, UNUTSAQ, UNUDULARIQ!.... 16 сентября 2017 2017-ci il Sentyabrın 16-da Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneuli şəhərində ictimai-siyasi xadim Həsən Seyidovun anadan olmasının 85 illik yubileyi qeyd edilib. ZiM.Az-ın Gürcüstandakı müxbiri xəbər verir ki, tədbirin iştirakçıları əvvəlcə Həsən Seyidovun anadan olduğu Qaçağan kəndində olublar. Onun anadan olduğu evə baş çəkilib, kəndin mərkəzindəki büstü önünə gül dəstələri qoyulub.Sonra tədbir Marneuli şəhərində davam edib. Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev və başqaları çıxış edərək Həsən Seyidovun həyat yoluna nəzər salıblar.Bildirilib ki, Həsən Seyidov 1932-ci il avqustun 16-da Marneuli rayonunun Qaçağan kəndində anadan olub. O, 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini fərqlənmə diplomu ilə bitirib və elə həmin ildən əmək fəaliyyətinə başlayıb. Müxtəlif vəzifələrdə çalışan Həsən Seyidov qabiliyyəti, bacarığı ilə daim seçilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və Nazirlər Sovetinin sədri vəzifələrində işlədiyi zaman xalqa şərəflə xidmət edib. Bununla da o, Azərbaycan xalqının böyük hörmət və məhəbbətini qazanıb.Qeyd olunub ki, Həsən Seyidov Gürcüstanda yaşayan soydaşlarımızı da diqqətdə saxlayıb. O, borçalılıların Azərbaycan Televiziyasını izləyə bilmələri üçün ötürücü stansiya tikdirib, Qaçağan kəndinə qaz və su kəmərləri çəkdirib. Onun Gürcüstan hökumətindən xahişi ilə Qaçağan kəndində müasir tipli üçmərtəbəli məktəb binası inşa edilib. Həsən Seyidovun xidmətləri layiqincə qiymətləndirib, o, “Lenin” ordeni, üç dəfə “Qırmızı Əmək Bayrağı” ordeni və digər medallarla təltif olunub.Tədbirdə Həsən Seyidovun qardaşı Elbrus Seyidov çıxış edərək qardaşının xatirəsinin yad olunmasına görə ailəsi adından minnətdarlığını bildirib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.