CAN qardaşım, XAN adaşım əzizim ZƏLİMXAN YAQUB!.. Allah dərgahında ruhun ŞAD olsun... Bolus, Nekroloqlar 11 января 2017 Xalq şairi Zəlimxan Yaqub aramızda olmasa da, heç vaxt “Zəlimxan ölüb” demədim. Sadəcə olaraq “dünyasını dəyişib” fikrini hey beynimdə dolaşdırıram.O, bəşəriyyətdən-yazıb yaratmaq dünyasından, SÖZ qoşub SAZ ifa etmək dünyasından, natiqlik dünyasından əbədi ayrılıb AXİRƏT dünyasına köçdü. Onun köç karvanının yaraları Zəlimxansevərlərin qəlbini parçalayıb qövr edir. Zaman keçdikcə insan həyatında baş verən belə dəhşətli və qorxunc yaraları vaxt SAĞALTMASA da üzünü qaysaqlayır, ağrı-acını ovudur. Doğma-əzizlər, dost-tanışlar hər an Zəlimxan ayrılığının dözülməz sızıltı və iniltilərini, qəm-qüssəsini, dərd-qəmini duyub için-için yanan qəlblərində daşıyırlar.Çağdaş Türk xalqlarının SAZ–SÖZ dünyasının neçə-neçə deyilməmiş, ifa olunmamış sənət İNCİLƏRİNİ Xalq şairi Zəlimxan Yaqub özü ilə apardı. Əcəl aman vermədi ki, şair bu incilərə nəfəs, can verib insanlara ərmağan eləsin.Zəlimxan Yaqubun gözəlliyi, istedadı, bacarığı və böyüklüyü onda idi ki, “özüm üçün” prinsipi ilə deyil, “izim üçün” arzusu ilə yazıb yaratdırdı. Məhz bu dünyada onun YOLU, İZİ və bir də əbədiyaşar ÖZÜ ilə şirin xatirələri qaldı.Dünyaya sahib olmaq iddiası ilə yaşayıb “mənəm-mənəm” deyən, lakin ömürlərinin son günlərində ölümün qarşısında diz çöküb, əl açıb, dil töküb AMAN diləyən hökmdarlardan fərqli olaraq Zəlimxan Yaqub ÖLÜMÜN gözünə dik baxaraq GƏL, GƏL deyirdi.Zəlimxan Yaqub fitri istedad və dahiliyinə, sənətkarlıq bacarığına, natiqlik məharətinə, vətənpərvərlik sevgisinə, ağsaqqal müdrikliyinə və kamilliyinə görə sevilən, hörmət edilən, xalqa daha yaxın olan ictimai xadim idi. Onun dünya malında, var-dövlətdə, şan-şöhrət və vəzifədə gözü olmamışdı. Yoxsul kəndli ailəsində böyüsə də mənəvi saflığı, daxili mədəniyyəti, dünya görüşü və ləyaqəti ilə seçilirdi.Zəlimxan Yaqub yaşadığı ömrü mənalı və sanballı yaşadı. “Ağır oturub, batman gəldi”. Davranışına fikir verər, hər addımını ölçüb-biçər, danışığını götür-qoy edər, sözünün-söhbətinin, eləcə də ÖZÜNÜN yerini bilərdi.Allahın sevimli bəndəsi olan Zəlimxan Yaqub “Aydan arı, sudan dur”, təmiz və saf qəlbi həsəd və paxıllıqdan, kin-küdurətdən, pislik və bədxahlıqdan uzaq idi. Bacardığı qədər insanların işinə yarıyar, qulluğunda durar, işini düzəldər, xahişini yarinə yetirər, imkanı daxilində yaxşılıq edər, hörmət və xeyirxahlıq göstərərdi.CAN qardaşım, XAN adaşım Zəlimxan Yaqubun ANIM GÜNÜNÜ ailəmizdə video yazılarına sükut içində, ürək ağrısı ilə baxıb YAD etdik.Allah Sənə RƏHMƏT eləsin. Yerin CƏNNNƏT, Allah dərgahında ruhun ŞAD olsun, əzizim ZƏLİMXAN! Rahat yat! Biz özümüz də bilmədən, yada salmadan, düşünmədən günbəgün Sənə tərəf addımlayırıq. Əlixan YƏHYAOĞLU,Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri və"Ümid" qəzetinin Baş redaktoru.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.