Gürcüstanda “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Qarayazı, Qaraçöp, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 16 июня 2024 1428 0 1 2 3 4 5 Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərin şagirdləri arasında unudulmaz soydaşımız - görkəmli dilçi-alim, tanınmış türkoloq və ictimai xadim, akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş “Ana dilimiz – varlığımızdır!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. ZiM.Az AZƏRTAC-a, Qafqazturk.com-a və 24news.ge-yə istinadən xəbər verir ki, müsabiqə Gürcüstanda fəaliyyət göstərən “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri və Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Maarif” qəzet-jurnalının baş redaktoru Ələddin Qarabağlının təşəbbüsü və təşkilatçılığı, Marneulidəki “Azərbaycan Evi”nin dəstəyi ilə həyata keçirilib. 2024-cü ilin mart ayından ictimaiyyətə elan olunan, may ayında birinci mərhələsi keçirilən 2 mərhələli İnşa yazı müsabiqəsinin ikinci mərhələsinə iyun ayının 5-də yekun vurulub, bu münasibətlə Marneulidəki “Azərbaycan Evi”ndə “Ana dilimiz – varlığımızdır!” adlı təntənəli tədbir keçirilib, müsabiqənin qaliblərinə sertifikatlar, mükafatlar və qiymətli hədiyyələr təqdim olunub.Əvvəlcə mərhum akademik Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov tədbiri açaraq, akademik Mədəd Çobanovun şərəfli ömür yolundan, zəngin elmi yaradıcılığından, pedaqoji və ictimai fəaliyyətindən söz açıb, unudulmaz alimin olduqca mənalı həyatının Tbilisi və Bakı dövrləri haqqında iştirakçılara geniş məlumat verib. Məhəbbət İmanov bildirib ki, bir il öncə dünyasını dəyişmiş mərhum akademik Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş müsabiqənin keçirilməsində əsas məqsəd şagirdləri ana dilimizi – Azərbaycan dilini daha yaxşı öyrənməyə həvəsləndirməkdir. Daha sonra “Maarif” qəzetinin baş redaktoru və “Gürcüstan Maarif Təşkilatı”nın rəhbəri, müsabiqənin təşəbbüskarı və təşkilatçısı Ələddin Qarabağlı çıxış edərək bildirib ki, diliçi alim, akademik Mədəd Çobanovun xatirəsinə həsr olunmuş 2 mərhələli İnşa yazı müsabiqənin birinci mərhələsində, Gürcüstanda Azərbaycan dilində fəaliyyət göstərən 116 məktəbdən (88-i sırf azərbaycandilli məktəbdir) 67-nin 160-a yaxın şagirdii iştirak edib. Onlardan 60 nəfəri ikinci mərhələyə vəsiqə alıb. İkinci mərhələdə isə həmin şagirdlərdən 20 nəfəri müsabiqənin qalibi seçilib. Ələddin Qarabağlı qeyd edib ki, müsabiqədə iştirak edən şagirdlərin ana dilimizlə bağlı yazdıqları çox maraqlı olub. Şagirdlər ana dilimizin zənginlikləri barədə fikirlərini bölüşüblər. Ələddin Qarabağlı belə müsabiqələrin davamlı olacağını və Gürcüstandakı bütün azərbaycandilli məktəbləri əhatə edəcəyini vurğulayıb. Ələddin müəllim böyük sevinc hissi ilə onu da diqqətə çatdırıb ki, müsabiqədə paytaxt Tbilisi, eləcə də Qardabani, Marneuli, Bolnisi və Dmanisi rayonlarının məktəbliləri ilə yanaşı, Qaxeti bölgəsindən gəlmiş şagirdlər də yüksək səviyyədə iştirak ediblər. Sonra söz Gürcüstan Azərbaycanlıları Konqresinin rəhbəri Hüseyn Yusubova verilib. Hüseyn müəllim öz çıxışında ana dilini öyrənməyin bir borc olduğunu, GAK-ın fəxri üzvü, professor Mədəd Çobanov irsini araşdırmağın, onu qorumağın və gələcək nəsillərə ötürməyin vacibliyini vurğulamışdır. Hüseyn müəllim müsabiqənin üç qalibindən dolayı, əslində iştirakçı olmuş bütün şagirdlərin mənəvi olaraq qalib olduğunu bildirmişdir. Çünki onlar ana dili uğrunda yarışmışlar. Axırda H. Yusubov bəzi mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra “Şərəf” ordenli yazıçı Əli Abbas, Gürcüstanın Əməkdar müəllimi, Dmanisi rayonunun Aşağı Oruzman kəndinin məktəb direktoru İslam Məmmədov, Azərbaycan dili və ədəbiyyat müəllimləri Fatma Əliyeva, Qazax Abdullayev, Abayat Qurbanova, Sevda Şahverdiyeva, Esmira Ələkbərli və başqaları çıxış edərək görkəmli diliçi alim, akademik Mədəd Çobanovun Azərbaycan dilinin öyrənilməsi və təbliği, inkişafı istiqamətində gördüyü işlərdən danışıb, akademikin yazdığı dərslik və kitabların ana dilimizin öyrənilməsində mühüm rol oynadığını bildiriblər.Mərasimdə çıxış edənlər unudulmaz alimimiz Mədəd Çobanovun əziz xatirəsinə həsr olunmuş bu cür tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, eyni zamanda, inşa yazı müsabiqəsinin də önəmindən söz açıblar, belə tədbirlərin davamlı olmasını arzulayıblar və şagirdlərə uğurlar diləyiblər.Onlar qeyd ediblər ki, son illərdə azərbaycandilli məktəblərdə oxuyan şagirdlərin bu cür müsabiqlərdə iştirakı və fəallığı ana dilimizin inkişafına yönəlib. Sonda müsabiqədə iştirak edən və müxtəlif nominasiyalar üzrə qalib olan şagirdlərin hər biri sertifikat və pul mükafatına layiq görülüblər. Belə ki, 1 nəfər 1-ci yeri qazanaraq 100 lari, 2 nəfər 2-ci yeri qazanaraq hər biri 75 lari, 3-nəfər 3-cü yeri qazanaraq hər biri 50 lari, 4 nəfər 4-cü yeri qazanaraq hər biri 25 lari, 5 nəfər 5-ci yeri qazanaraq hər biri 20 lari, 5 nəfər isə həvəsləndirici mükafat qazanmaqla yenə də hər biri 20 lari olmaqla pul mükafat ilə birlikdə diplom və sertifikatla da təltif olunublar. Qaliblərə, eləcə də, digər bütün iştirakçılara qiymətli hədiyyələr, müxtəlif kitablar və məktəb ləvazimatları da təqdim olunub. Tədbir iştirakçılarına həmçinin mərhum akademik Mədəd Çobanovun müəllifi olduğu, eləcə də, ona həsr olunan kitablar da paylanılıb, xatirə foto-şəkillər də çəkilib.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.