ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI: "AZƏRBAYCAN VƏ TÜRK DÜNYASININ DƏYƏRLİ ALİMİ - MƏDƏD ÇOBANOV" Gürcüstan, Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 28 февраля 2024 1806 0 1 2 3 4 5 Qədim Borçalı mahalının şöhrətli kişiləri, alimləri, aşıqları, ağsaqqalları həmişə mənim diqqətimi çəkib, bu qədim türk diyarına marağımı artırıb. Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Kamandar, Xındı Məmməd, akademik Zahid Xəlilov, professor Dədə Camal və b. bu torpağın ziynəti olan İnsanlardan idilər.Bu nadir İnsanlar cərgəsində həmişə görkəmli türkoloq, tanınmış dilçi, onomastikaşünas və toponomist alim, Nyu-York Elmlər Akademiyasının akademiki, Türkiyə Dil Kurumunun üzvü, filologiya elmləri doktoru, 80-dən çox elmi, bədii-publisist kitabın müəllifi, professor Mədəd Namaz oğlu Çobanov da, doğulduğu mahalın şöhrətinə şöhrət qatan ən tanınmış alimlərindən biri kimi diqqətimi çəkib. Onun sakit, təvazökar görkəmi, zəngin elmi-pedaqoji fəaliyyəti, gənc alimlərə diqqət və qayğısı həmişə örnək olub, haqqında yaxşı sözlər eşitmişəm. Mədəd Çobanov - 1937-ci ildə qədim Borçalı mahalında – indiki Gürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində anadan olub.A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunu bitirib və 1994-cü ilədək həmin institutda müəllim, dosent və professor vəzifələrində çalışıb. 1973-cü ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. 1993-cü ildə professor seçilib. 1994-cü ildən elmi və pedaqoji fəaliyyətini Bakıda davam etdirib. Azərbaycan Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidənhazırlanması İnstitutunda dekan, Azərbaycan Elitar Universitetində rektor vəzifələrində çalışıb.Uzun illər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində “Dillər” kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olub. Müxtəlif illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində və Azərbaycan Texniki Universitetində mühazirələr oxuyub.Onlarla alimin yetişməsində böyük əməyi olub. Onun yetirmələri içərisində ən görkəmli yeri oğlu və davamçısı Müşfiq Borçalı tutur. Bu ata-oğul, mənim zənnimcə həqiqi bir Azərbaycan ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən simvoldur desəm, yanılmaram. İstər ustad-şagird, istər də ata-oğul münasibətlərində hər kəsə örnək olan bu insanlar haqqında nə qədər çox tərifli söz desəm, elə bilirəm ki, az demişəm! Mədəd Çobanov öz elmi davamçılarını da mənəvi övladları kimi sevib, qoruyub. Onların bir neçəsinin elmi rəhbəri, məsləhətçisi, opponenti və ya rəyçsi olub.Azərbaycanda, Türkiyədə, Rusiyada, Gürcüstanda və Orta Asiya ölkələrində keçirilmiş Beynəlxalq qurultaylarda, elmi-nəzəri konfranslarda, simpoziumlarda, elmi-praktik seminarlarda məruzələrlə çıxış edib. Onlarla elmi məqalələri və kitabları həmin ölkələrdə çap olunub.Azərbaycan Respublikası "Təhsil" Mərkəzininin Baş direktoru olub. Müxtəlif qəzet və jurnalların redaksiya heyətlərinin üzvü seçilib.Bu görkəmli alimin haqqında çox kitablar yazılıb, məqalələr çap olunub, filmlər çəkilib, radio və televiziya verilişləri hazırlanıb.Uzun illərin, yuxusuz gecələrin bəhrəsi olan "Azərbaycanşünaslığın əsasları", "Azərbaycan onomastikası", "Azərbaycan antroponimiyasının əsasları", "Borçalı toponimləri", "Borçalı şivələrinin leksikası", "Mətnin linqvistik təhlili", "Pedaqoji məsələlər", "Türk dillərinin ədəbi birliyinə doğru", "Dədə Qorqud - Qəhrəmanlıq dastanı, "Ədəbi düşüncələr", "Dilçilik məsələləri", və s. monoqrafiyaları, dərslik və dərs vəsaitləri, müxtəlif mövzulu kitabları görkəmli alimlər və məşhur mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib.Dəfələrlə Fəxri fərman, medal və müxtəlif mükafatlarla təltif olunub. Ən əsası isə Mədəd Namaz oğlu Çobanov ürəklərdə, yaddaşlarda özünə əbədi bir heykəl qoyub, gedib. Mən onun Azərbaycan elminə, Türk dünyasına miras qoyduğu irsin əbədiyaşarılığına inanıram. Mən bu böyük almə həsr etdiyim şeirimi sizlərə təqdim edirəm.YAŞA ÜRƏKLƏRDƏ, MƏDƏD ÇOBANOV!Oğuldan qalası, sözdən bayrağı,Sinəsi hikmətin, elmin bulağı,Yaxına, uzağa çatdı sorağı,Yaşa ürəklərdə, Mədəd Çobanov!Arzu diləklərdə, Mədəd Çobanov!Elmin sorağını ucaltdın hər an,Nəfəsin dirilik suyu-çağlayan, Sən daim yaşarsan, unutmaz zaman,Yaşa ürəklərdə, Mədəd Çobanov!Arzu diləklərdə, Mədəd Çobanov!Əllərinlə güllər əkdin sənətdə,Nəfəsin duyuldu çox məmləkətdə,Olmadı bir kimsə sən cəsarətdə,Yaşa ürəklərdə, Mədəd Çobanov!Arzu diləklərdə, Mədəd Çobanov!Kitablardan qala qurdun möhtəşəm,Yaraşır adına şöhrət, ehtişam,Elm bayrağını ucaldan adam,Yaşa ürəklərdə, Mədəd Çobanov!Arzu diləklərdə, Mədəd Çobanov!Elmin keşiyində əzmlə durdun!Kəhkəşan yaratdın, sülalə qurdun,Səninlə fəxr edir alimlər ordun,Yaşa ürəklərdə, Mədəd Çobanov!Arzu diləklərdə, Mədəd Çobanov! ZƏRƏNGİZ DƏMİRÇİ QAYALI,Beynəlxalq Mahmud Kaşğari Mükafatı laureatı,Prezident təqaüdçüsüZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.