Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir... Gürcüstan, Qarayazı 21 октября 2022 Bəzən mədəni surətdə pambıqla baş kəsmirlər, birbaşa başı bədəndən ayırırlarSual olunur, 12 il ərzində şagirdlərə gürcü dilini öyrətməyi bacarmayanlar, 5-6 aya 60 yaşında müəllimə B1 səviyyəsində gürcü dilini öyrətməyi necə düşünürlər?Gürcüstanda təhsil sistemində dəyişikliklər kosmik sürətlə baş verir. Hətta, o qədər sürətlə ki, məsul şəxslərə sual ünvanlayanda özləri belə sual qarşısında aciz qalırlar. Gecə yatıb yuxuda gördüklərini, səhər ayılanda sistemdə tətbiq etməyə çalışırlar. Bir dəfə qərara gəldilər ki, müəllimlər üçün statuslar tətbiq etsinlər. Çox fikirləşdilər, çox fikirləşdilər sonda müəllimlər üçün “təcrübəçi müəllim”, “baş müəllim”, “aparıcı müəllim” və “mentor” statuslarını təyin etdilər. Sovet dövründə universiteti bitirmiş, 20, 30, 40 illik təcrübəsi olan müəllimlər “təcrübəçi müəllim” statusunu aldılar. Bir az qəribə səslənir, deyilmi? 30 illik iş stajı olan müəllim məktəbə təzə işə düzəlib təcrübəmi keçir ki, ona “təcrübəçi”, “praktikant” adını verək...Müəllimlərin statuslarının artması (təcrübəçi müəllim imtahan verib baş müəllim statusunu alır, baş müəllim aparıcı müəllim, aparıcı müəllim isə sonda mentor müəllim statusunu alır), onların maaşlarında da nəzərə çarpacaq dərəcədə artımın olması deməkdir. Çox gözəl, çox pakizə. Amma di gəl ki, sistem elə qurulub ki, bir çox müəllimlərimiz hələ ki, baş müəllim statusunu almaq üçün dəridən qabıqdan çıxırlar. O qədər süni maneələr yaradılır ki, kənardan müşahidə edənlərin də müəllim olmaq həvəsi itir, arzusu ürəyində qalır. Sonra da deyirlər ki, niyə müəllim olmaq istəyən yoxdur. Əvvəllər baş müəllim statusunu almaq üçün ümumilikdə 19 kredit toplamaq lazım idi (ixtisas fənndən imtahan – 10 kredit; ümumi bacarıqlar üzrə imtahan – 5 kredit; iki açıq dərsin keçirilməsi – 4 kredit). İxtisas fəndən maksimum, yəni 10 kredit toplamaq tələb edilirdi. Təsəvvür edin ki, Azərbaycan məktəblərində dərs deyən əksər etnik gürcülər öz ixtisasından, “Gürcü dili və ədəbiyyat”dan imtahan verib 10 kredit toplaya bilməmişdi. Narahat olmayın, halhazırda həmin müəllimlərin baş müəllim, hətta aparıcı müəllim statusları var. Necə? Çünki, nazirliyin məsul şəxslərinə yuxuda yenidən vəhy gəldi, qaydaları yenidən dəyişməyə qərar verdilər, ixtisas fəndən 1 kredit, eləcə də 10 kredit toplayanlar arasında fərq qoymadılar. 1 kredit toplayan da, 10 kredit toplayan da ixtisas fənn üzrə imtahandan keçmiş hesab edildi. Dərd burasındadır ki, bizim kifayət qədər çox savadlı müəllimlərimiz, öz ixtisas fənlərindən maksimum bal, yəni 10 kredit toplayan müəllimlərimiz uzun müddətdir ki, baş müəllim statusunu ala bilmirdilər, halhazırda da ala bilmirlər. Bilirsiz niyə? Çünki, ikinci mərhələdə ümumi bacarıqlar üzrə (el arasında məntiq deyirlər) imtahan gürcü dilində təşkil edilirdi. Nəticədə, öz ixtisasından yüksək bal toplayan 50, 60 yaşında olan müəllimlər baş müəllim statusu almaq üçün 2-ci mərhələni keçə bilmirdilər. Ədalət naminə onu qeyd edim ki, ixtisas fəndən müəllimlər öz ana dillərində imtahan verə bilirdilər. Ancaq 2-ci mərhələdə süni maneələrlə üzləşirdilər. Təhsil nazirliyinə imtahan təşkil olunarkən yaş qruplarının nəzərə alınmasını təklif etmişdik. Nisbətən yaşlı müəllimlərin ümumi bacarıqlar üzrə imtahanı Azərbaycan dilində verməsi üçün şərait yaradılmasını xahiş etmişdik. Sovetlər dövründə universiteti bitirənlər üçün ana dilində, müstəqil Gürcüstanda universiteti bitirən gənclər üçün isə gürcü dilində olmasını təklif etmişdik. Başqa bir təklif isə imtahanların ümumilikdə bir neçə dildə, ölkədə yaşayan etnik azlıqların dillərində olmasını və müəllimlərin imtahan verərkən dil seçimində azad olması idi. Axı biz, “tolerant”, “multikultural”, Avropa dəyərlərinə doğru iməkləyən bir ölkədə yaşayırıq. Yenə də çox fikirləşdirlər, çox fikirləşdilər sonda belə bir qərara gəldilər ki, əgər 50-60 yaşında olan müəllim ümumi bacarıqlar üzrə imtahanı gürcü dilində verə bilmirsə, o zaman biz bu 2-ci mərhələni də bir neçə yerə bölək və baş müəllim statusunu almaq prosesini bir qədər də uzadaq. Yenə də, çox düşündülər, çox düşündülər, sonda belə qərara gəldilər ki, əgər Sovet dövründə universiteti bitirən, öz ixtisas fənindən maksimum bal toplayan, çox savadlı 50-60 yaşında olan müəllim gürcü dilində təşkil olunan ümumi bacarıqlar üzrə imtahanı verə bilmirsə, elə isə gəlin 1-ci gürcü dilini öyrədək (B1 səviyyəsində), sonra isə ümumi bacarıqlar üzrə gürcü dilində 48 saatlıq treninqlərə cəlb edək, treninqlərin keçirildiyi müddətdə 60 yaşında müəllimi məcbur edək ki, gürcü dilində müəyyən ev tapşırıqlarını yerinə yetirsin, treninqin sonunda isə test versin. Evrika! Necə də məntiqli bir qərardır. 50-60 yaşında bir müəllimdən B1 səviyyəsində gürcü dilini öyrənməyi tələb etmək gülüncdür. Müəllim nə qədər hazırlaşıb, əzbərləyib imtahanı versə belə 1 həftədən sonra öyrəndiyi yenidən yadından çıxacaq. Çünki yaşadığı mühit, işlədiyi müəssisədə işlətdiyi dil ancaq Azərbaycan dilidir. Məktəblərdə keyfiyyətli kadrlar elə də çatışmır. Çox savadlı, yaşlı müəllimin məktəbi tərk etməsi məktəb üçün böyük itkidir. Çox təcrübəli və savadlı müəllimin baş müəllim ala bilməyib az maaşa, qəpik-quruşa işləməsi isə ədalətdizlikdir. Baş müəllim statusunu almaq müəllimin maaşında ikiqat artım olması deməkdir. Təhsil nazirliyi büdcədən xeyli pul ayırır, etnik azlıqlar üçün A1, A2, B1 səviyyəsində gürcü dilini tədris edəcək müəllimlərə, eləcə də 48 saatlıq treninqləri keçənlərə xeyli maaş verir. A1, A2, B1 səviyyəsində gürcü dilini öyrədən isə nə Azərbaycan dilində danışa bilir, nə də rus dilində. Nəticədə 50-60 yaşında olan müəllim bu kurslara qatılmaqla heç nə öyrənə bilmirlər. Bütün bu proses boş-boşuna büdcədən xərclənən pul və vaxt itkisidir. Ancaq kağız üzərində, hesabatda çox gözəl görsənir. Real nəticə, keyfiyyət isə sıfır səviyyəsindədir. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan məktəblərində 12 il ərzində hər gün gürcü dili fənni keçirilir. Sual olunur, 12 il ərzində şagirdlərə dil öyrətməyi bacarmayanlar, 5-6 aya 60 yaşında müəllimə B1 səviyyəsində gürcü dilini öyrətməyi necə düşünürlər? 12 il ərzində şagirdlərə gürcü dilini öyrədə bilmirlər, amma düşünürlər ki, 5-6 aya 50-60 yaşında müəllim gürcü dilini B1 səviyyəsində öyrənəcək, sonra da bu müəllim gürcü dilində 48 saatlıq treninqlərə qatılacaq, gürcü dilində ev tapşırıqları edəcək və sonda gürcü dilində test yazacaqmış. Boş-boşuna xərclənən pul və vaxt itkisidir. Gəlin yenə qayıdaq, bizim kosmik sürətlə dəyişən təhsil nazirliyinə. Bu ilin yanvar ayından ixtisas fəndən 10 kredit toplayanlara birbaşa baş müəllim statusu verdilər. Yaz aylarında yağış yağdı, bərk külək əsdi, bu ayları birtəhər yola verdik, qızmar yay günlərində baş şişdi, çox fikirləşdilər, çox fikirləşdilər sonda belə qərara gəldilər ki, öz ixtisasından 10 kredit toplayanlara və diplomunda ancaq “müəllim” yazılanlara baş müəllim statusu verək. İxtisas fəndən 1, 3, 7 kredit toplayanlar gürcü dili üzrə A1, A2, B1 səviyyələrini keçməli və 48 saatlıq treninqlərə qatılmalıdır. İxtisas fəndən 10 kredit toplayan, diplomunda “müəllim” yazılmayan da gürcü dili üzrə səviyyələri, eləcə də 48 saatlıq treninqləri keçməlidilər. Qızmar yay günlərini yola verdik, sərin payız fəsli gəldi, çox düşündülər, çox düşündülər sonda belə qərara gəldilər ki, fərq etmir ixtisas fəndən 1 və ya 10 kredit toplamısan, fərq etmir diplomunda “müəllim” yazılıb ya yox, əgər Azərbaycanda universiteti bitiribsəndə mütləq və mütləq surətdə gürcü dili üzrə A1, A2, B1 səviyyələrini keçməli və 48 saatlıq treninqlərə qatılmalısan. Bir neçə ayda nə qədər qaydaları dəyişmək olar? Yanvar ayında baş müəllim statusu alanların bəxti gətirdi, yoxsa ki, 10 ildir sertifikatlaşdıma imtahanlarında iştirak edə bilməyən “Azərbaycan dili və ədəbiyyat” müəllimlərinin bəxti qaradır? Elə bilirsiz bununla da məsələ bitmiş hesab olunur? Xeyr! Azərbaycanda təhsilini başa vuran müəllimlər baş müəllim statusunu almaq üçün təzədən diplomlarını təsdiqlətməlidilər. Görəsən, 30 il ərzində məktəbdə hansı diplomla dərs deyirdi? İşə qəbul ediləndə diplom təsdiq edilməmişdimi? Müəllim 20, 30, 40 ildir ki, məktəbdə dərs deyir, onun diplomunda nə yazıldığı təzəmi yada düşdü? Bu müəllimlər hələ baş müəllim statusu almaq üçün dağa-daşa düşüblər. Aparıcı müəllim, mentor müəllim statuslarının alınmasından heç söhbət belə getimir. Dövlət dilini bilmək vacibdir, mühümdür, önəmlidir. Sovetlər dövründə, eləcə də Sovetlər dağılandan sonra “keçid dövrü”ndə Azərbaycan məktəblərində gürcü dili normal tədris edilmirdi, ən zəif keçirilən fənn idi. Gürcü dilini keçən müəllim jurnalı stolun üstünə qoyub, 45 dəqiqəni “semiçka” çırtlamağa sərf edirdi. 90-cı illərin əvvələrində, çox çətin bir dövrdə yaşayırdıq. Qaz yox, işıq yox, su yox. Hər sahədə korrupsiya, rüşvətxorluq, kriminal hökm sürürdü. Qamsaxurdiya, eləcə də Şevernadzenin prezidentliyinin ilk dövrlərində ölkədə yaşayan etnik azlıqlara divan tutulurdu. Borçalı boşalırdı, sürətlə hamı ölkəni tərk edirdi. Gələcəyini Gürcüstanla bağlamaq ümidi sönürdü. Tbilisidə universitetdə oxuyanların sayı 2-3 nəfər olar, ya olmazdı. Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq çox çətin bir dövrdə öz dəstəyini əsirgəmədi. Bəlkə də ən böyük dəstəyi təhsilə etdiyi investisiya oldu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların 5 illik təhsil haqlarını qarşıladı (1 il gürcü dili hazırlığı, 4 il bakalavr). Nəticədə Gürcüstanın ali təhsil ocaqlarında təhsil alan, gürcü dilini mükəmməl bilən, Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya edən, öz gələcəyini Gürcüstanda görən gənclərimizin sayı minlərlə oldu. Bu gənclərdən gürcü dilində treninqlərə qoşulmağı, B1 deyil, C1 səviyyəsində də gürcü dilini bilməyi tələb etmək olar. Ancaq 50-60 yaşında olan, öz ixtisasını çox gözəl bilən, öz ixtisasından yüksək bal toplayan müəllimdən gürcü dilini B1 səviyyəsində bilməyi tələb etmək, 20-30 illik təcrübəsi olan müəllimi “təcrübəçi” müəllim statusu altında çox az maaşa işləməyə məcbur etmək çox böyük ədalətsizlikdir, hətta təhqirdir. 90-cı illərdə, ən çətin dövrdə bu müəllimlər ölkəni tərk etmədilər, Azərbaycan məktəblərinin bağlanmasına imkan vermədilər. Kupona işlədilər, aldıqları 1 aylıq maaşa 1 çörək almaq mümkün idi. Bütün çətinliklərə sinə gərdilər, məktəbləri tərk etmədilər, elin, obanın gənclərini elmsiz, təhsilsiz, ziyasız qoymadılar. Bu müəllimlərin etdikləri fədakarlıqları heç unutmaq olarmı? Məhz bu fədakar müəllimlərin sayəsində dövrün çətinliklərini aşa bildik, məktəblərimiz tamamilə bağlanmaq təhlükəsindən sovuşdu. Məktəblərimizi yaşadan müəllimləri, bu gün biz də yaşatmalı, dəyər verməli, dəstək olmalıyıq. Ədalətin bərpa olunması diləyi ilə...yola davam!Aygül İsayeva, İqtisadiyyat üzrə fəlsəfə doktoru ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.