TANINMIŞ GÜRCÜ ŞAİRİ BESİK XARANAULİNİN BAKIDA KİTABI ÇAP OLUNUB Fond, Yeni nəşrlər, Ədəbi əlaqələr, Bədii Tərcümə, Tiflis 3 февраля 2018 Bu günlərdə Bakıda “Professor Mədəd Çobanov adına XEYRİYYƏ FONDU” tərəfindən tanınmış gürcü şairi Besik Xaranaulinin “Xoşbəxtlik anı” adlı şeirlər və poemalar kitabı nəfis şəkildə çap olunaraq oxuculara təqdim olunub.Bu barədə mətbuata Fondun icraçı direktoru Dr. Müşfiq Borçalı məlumat verib. O, bildirib ki, Fondun sayca 12-ci nəşri olan bu kitabı gürcü dilindən Gürcüstanın qədim Qarayazı (indiki Qardabani) rayonundakı qədim Təhlə kəndində yaşayıb-yaradan tanınmış soydaşımız, Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin rəhbəri, istedadlı şair-tərcüməçi Allahverdi TƏKLƏLİ (Əhmədov) çevirib.Bakıdakı “Borçalı” nəşriyyatında işıqüzü görən kitabın redaktoru Etimad BAŞKEÇİD, naşiri Müşfiq BORÇALIdır. Kitabda görkəmli gürcü şairi Besik Xaranaulinin doxsana yaxın şeiri ilə yanaşı həm də “İki məqam”, “Vaja Pşavelanın qatır belində Çarqalidən Tbilisiyə gedişi və yol boyu xanımıyla söhbəti” və “Biz kartof çıxarırıq” adlı poemaları verilmişdir. 1939-cu il təvəllüdlü Besik Xaranauli gürcü ədəbiyyatının 60-cı illər nəslinin tanınmış nümayəndələrindən biridir. Heç kimə bənzəməyən üslubu, təhkiyəsi və şeirlərinin formasıyla yenilikçi imzaların başında gələn Besik Xaranauli gürcü ədəbi mühitinin ən novator yaradıcılarından sayılır. Şota Rustaveli və İlia Cavçavadze adına mükafatların laureatıdır. 2010-ci ildə Nobel mükafatına namizədliyi irəli sürülmüşdür. Kitaba tanınmış tənqidçi, esseist, ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, 2010-cu ildən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü olan Rüstəm Kamal “Şairin müdrükliyi və azadlığı...” sərlövhəli ön söz yazıb.Aşağıda həmin ön sözü ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik.Aygül ÇOBANOVA,ZiM.Az Şairin müdrükliyi və azadlığı... Besik Xaranauli çağdaş modern gürcü poeziyasının 70-cilər nəslinin ən maraqlı nümayəndələrindən biridir. Gürcü dilini bilmədiyim üçün onun poetikasından danışmağım xeyli çətinlik törədir. Poetika deyəndə, adətən, sabit poetik jestlər sistemi nəzərdə tutulur, yəni bununla bir mətni başqasından fərqləndirirsən. Söz gəlişi, onu da deyim ki, Besik Xaranaulinin şeirlərini 80-ci illərdə "Liternaturnaya Qruziya" jurnalının səhifələrində oxumuşdum. O zaman, T.Çanturiya adlı bir şairin imzası da diqqətimi çəkmişdi.Besik Xaranauli poeziyasının dilimizə Azərbaycanın dəyərli şairi Allahverdi Təhləlinin tərcüməsində maraqlı ədəbi-hadisə hesab edirəm. Heca vəzninin sınağından ləyaqətlə çıxmış bir şairin sərbəst vəznə girişməsi təqdirə layiq təcrübədir. Burda dili bilmək azdır, başqa xalqın verlibrini milli sərbəst şeirin havasında kökləmək bacarığı lazımdır. Allahverdi Təhləli bu çətin və məsuliyyətli işin öhdəsindən gələ bilmişdir. Adama elə gəlir ki, Besik Xaranaulinin misraları həm də sənindir, sənin üçündür:Səninlə ilk rastlaşdığım yeriunutmayım gərək.canavargüllələndiyi yeriunutmadığı tək.Besik Xaranauli bütövlükdə ömür və kədər təcrübəsi ilə əsl gürcü şairidir. Onun ömrü ilə poeziyası vəhdətdədir : şairin ömrünə və sözünə inanırsan. Deyilənlərə görə, Besik Xaranauli ucqar bir dağ kəndində sadə kəndli ömrü sürür və şeirlərini yazır. Bu informasiyanı dəqiqləşdirmək imkanı yoxdur. Amma poeziyası məndə bu qənaəti inandırır.Bu şeirləri yalnız Saman Yolunun (Ağ Yol) bir kənarında olan adam yaza bilər. Tənhalığa xas olan şübhələr, ümidsizliklər, sorğu- suallar şairi ömrü boyu müşayiət edib. Şeirləri oxuyursan – tənha adamın səsini eşidirsən, şairin psixobioqrafiyasını dərk edirsən. Bu şeirlər susmağı bacaran insanın ümidlərinin izharı və təhtəlşüur gizlinlərinin bəyan edilməsidir. Bu zaman M.Prişvinin sözünə haqq qazandırırsan ki, şeirlər şairin yaradıcılıq davranışının bilavasitə nəticəsidir.Besik Xaranaulinin poeziyası fikrin və duyğu təcrübəsinin görüşdüyü, qovuşduğu nöqtənin təsdiqidir. Şeir sanki onun üçün bu dünyada, bu həyatda var olmaq üsuludur, təkamül – kamilləşmə vasitəsidir. Söz həqiqətə - mütləq mənaya çatmaq imkanı olur. Bəlkə Besik Xaranaulini müdrik edən də elə budur.Nə bir qurtum suyum,nə qəpik-quruşum,nə saman küləşim, nə zorum – zorbam,nə də ağlımla ,təkcə göz yaşımla sizdən varlıyam.Besik Xaranaulinin ustalığı ondadır ki, düşüncənin fasiləsiz, fraqment axınını sözdə ifadə edə bilir və poeziyaya çevirə bilir. Yalnız Tanrının və şairin özünün eşidə biləcəyi səsləri yazıya alır. Fraqmentlilik Besik Xaranauli `verlibrinin səciyyəvi cəhətidir. Fraqmentləri bir bütövlük içindədir. Mediativ (zikretmə) mıqamlar kimi yazıya alınmış təhtəlşüur axını səni mistik dünyaya bağlayır. Hər şeir bir ömürlük monoloqun səs parçalarıdır, söz fraqmentləridir. O, düşüncələrinin metafizik tarixini bizə danışır. Ürəyində düşündüyü, dilinin və qələminin ucuna gətirdiyi, kağıza etibar etdiyi sirləri, könül etiraflarıdır. Sərbəst şeir nəfəsin "göründüyü" mətndir. Tərcüməsi şairin ritmdə gerçəkləşən nəfəsini, şeirin ritmik strukturunu çatdıra bilmişdir. Bildiyim qədər, modern gürcü poeziyası gerçəkliyin, reallığın mümkün dəqiqliyinə cəhd edir. Sözün ilkin əsilliyini, dəqiqliyini qaytarmağa çalışır – bu da hadisələri, "hal – qəziyyəni" doğru – dürüst görməklə mümkündür. Ənənəvi metaforizmdən qaçmaq cəhdi də bu üzdəndir. Bunun üçün şair ənənəvi metaforik obrazların, hadisələrin mahiyyətinə dərindən varmalıdır.Ağır xəstəlikdən təzəcə ayağa duran adam,çimib, saçları daranandan sonrailk kəz havaya çıxanda...Günəqarşıda oturanda ilk kəzəllərini dizlərinə söykər,göz gəzdirər yaşıllığa...Sonra da ustuf-ustuf ağacların boyunu sığayar baxışları,qaçar uzaq dağlara,dibsiz göylərə sarı...Ustad R.M.Rilkenin "Malte Laurids Briggenin qeydləri" romanında oxuyuruq ki, "şeirlər heç də duyğuların ifadəsi deyil, təcrübədir. Bir şeirin xətrinə çoxlu şəhərlər insanlar və əşyalar görməlisən, heyvanlar anlamağın, quşların uçuşunu yaşamağın lazımdır, çiçəklərin səhər vaxtı açılmasını hiss etməyin lazımdır."Bu şeirlərdə azadlığını və sevgisini aydın görürük. Besik Xaranauli Gürcüstanın ən azad şairlərindən biridir. Onun müdrikliyi də azadlıqdan və sevgidən yoğrulubdur.Bu axşam sizə gəldim,amma nə sən vardın evinizdə,nə də eviniz bu şəhərdə.Və bir şəhər belə yox idibu yer üzündə.Çjuan – Çzı yazırdı ki, göylə yer arasında insanın həyatı Ağ atın qaya yarığında tullanmasına oxşayır: bir anda – görünməsi ilə gözdən itməsi bir olur. Bu həyatda hər şey qəfil, gözlənilmədən, sürətli baş verir, nəzərə çarpmadan, sakitcə də həyatından çıxıb gedir. Müdrük Besik Xaranauli işi – gücü ömründə qəfil zühur edən və yoxa çıxan anları yazıya almaqdır. Rüstəm KamalZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.