“Sabahın alimləri” V Respublika Müsabiqəsinə start verilib Əsas xəbər, Nazirlik, "Zirvə" 11 февраля 2016 Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Sabahın alimləri” V Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.Müsabiqənin əsas məqsədi yuxarı sinif şagirdlərinə öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı vermək və onların arasından ABŞ-da hər il keçirilən Intel ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsidir.Tədbir iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, dünyanın yeni çağırışları və ölkədə yüksək biliyə malik cəmiyyətin qurulması zərurəti Azərbaycan gəncliyi qarşısında tamamilə yeni tələblər qoyur. Ölkəmizin ümumi təhsil müəssisələrində həyata keçirilən islahatların əsas hədəfləri sırasında gənclərdə yetkin düşüncə tərzinin, vətəndaşlıq mövqeyinin formalaşdırılması və onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsi xüsusi yer tutur.Son illərdə respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin sayının artdığını deyən nazir elmin populyarlaşdırılması istiqamətində görülən işlərdən danışıb, ali məktəblərin elmi uğurlarının qiymətləndirilməsi mexanizminin hazırlandığını vurğulayıb. AMEA-nın prezidenti Akif Əlizadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, “İntel” korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva müsabiqənin gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətini qeyd ediblər.2013-cü ildə “Sabahın alimləri” müsabiqəsinin qalibi olan, hazırda Kanadanın Vaterloo Universitetində turizm sahəsi üzrə təhsil alan Murad Əlizadə müsabiqədə qazandığı təcrübəni bölüşüb, əldə etdiyi uğurlardan danışıb.“Sabahın alimləri” müsabiqəsində ölkəmizin 11 şəhər və rayonunun ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri 129 elmi layihə ilə iştirak edir. Onlardan 87-si kollektiv, 42-si isə fərdi layihədir.Bir sıra universitetlər tərəfindən elmi dəstək verilən müsabiqə 8 kateqoriya üzrə keçirilir. Riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərindən ibarət Münsiflər heyəti yaradılıb. Müsabiqəyə yeni elmi ideyası, eksperimentin, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.Müsabiqə üç gün davam edəcək. Müsabiqənin ikinci günündə Münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi aparılacaq, eyni zamanda müsabiqənin Təlim Akademiyası fəaliyyət göstərəcək. Günün sonunda isə ölkəmizin görkəmli alimləri ilə şagirdlərin görüşü keçiriləcək. Fevralın 13-də isə günün birinci yarısında elan olunacaq “Açıq qapı” saatlarında Bakı şəhərindəki məktəblərin şagirdləri və müəllimləri, eləcə də media nümayəndələri layihələrlə tanış olacaqlar. Günün ikinci yarısında isə qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir.Müsabiqə qaliblərinə təşkilatçılar tərəfindən təsis edilmiş pul mükafatı, diplom və medal təqdim olunacaq. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək imkanı qazanacaqlar.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.