Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!.. Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar 1 февраля 2016 Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli alim, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru Cəlal Əlirza oğlu Əliyev 2016-cı il fevralın 1-də ömrünün 88-ci ilində vəfat etmişdir. Cəlal Əliyev 1928-ci il iyun ayının 30-da Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1942–1944-cü illərdə Naxçıvan Müəllimlər İnstitutunun təbiətşünaslıq-coğrafiya fakültəsində oxumuş, 1946–1951-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsində ali təhsil almışdır. Cəlal Əliyev 1951–1954-cü illərdə bitki fiziologiyası ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının aspirantı olmuşdur.Əmək fəaliyyətinə 1954-cü ildən etibarən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Əkinçilik İnstitutunun bitki fiziologiyası şöbəsində kiçik elmi işçi kimi başlayan Cəlal Əliyev burada böyük elmi işçi və laboratoriya müdiri, 1962-ci ildən ömrünün sonunadək şöbə müdiri vəzifələrini tutmuşdur. O, eyni zamanda, Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda 1971-ci ildən yaradıcı qrupun rəhbəri və laboratoriya müdiri işləmiş, 1990-cı ildən məhsuldarlıq prosesinin molekulyar-genetik əsasları şöbəsinə rəhbərlik etmişdir. Alim 1981–1990-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi olmuşdur.Cəlal Əliyev bitki fiziologiyası ixtisası üzrə 1955-ci ildə namizədlik, 1971-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. O, 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir.Akademik Cəlal Əliyev fundamental araşdırmaları və əldə etdiyi nailiyyətləri ilə respublikada elmin inkişafına sanballı töhfələr vermişdir. Onun tədqiqatları ölkədə yeni istiqamətlər müəyyənləşdirməklə biologiya elmi qarşısında duran bir sıra aktual problemlərin həllinə xidmət etmişdir.Öz məktəbini formalaşdırmış alimin yaradıcılığının əhəmiyyətli qismi taxılçılığın inkişafına yönəlmişdir. Bu tədqiqatların nəticələrinin məqsədyönlü seleksiya işlərində kompleks şəkildə həyata keçirilməsi ilə Cəlal Əliyev yüksək məhsuldarlığa malik qiymətli sortlar yaratmışdır. Alimin rəhbərlik etdiyi laboratoriyalarda alınan nəticələr bir çox beynəlxalq kənd təsərrüfatı mərkəzlərinin tədqiqat proqramlarında rəğbətlə qarşılanmışdır.Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini daim diqqət mərkəzində saxlayan alimin Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çoxsaylı beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi strategiyasının işlənib hazırlanmasında mühüm xidmətləri vardır. Cəlal Əliyevin inkişaf etdirdiyi elmi istiqamətlərdən biri də torpaq-bitki sisteminin radioaktiv parçalanma məhsullarının çirklənməsinin müəyyənləşdirilməsi ilə bağlıdır. Onun bu problemlə əlaqədar fundamental əsərləri beynəlxalq miqyasda çox yüksək qiymətləndirilmişdir.Akademik Cəlal Əliyevin elmi təşkilatçılığı sayəsində müxtəlif sahələrdən istedadlı tədqiqatçılar molekulyar biologiya və biotexnologiyanın aktual problemlərinin həllinə cəlb edilməklə elmin yeni istiqamətləri üzrə sanballı nəticələr əldə olunmuş və müasir kadr potensialı formalaşdırılmışdır. Alimin rəhbərliyi ilə 100-ə yaxın fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Cəlal Əliyevin yetirmələri ölkəmizin və dünyanın aparıcı elm mərkəzlərində və universitetlərdə bu gün də uğurla çalışırlar.Cəlal Əliyevin çoxillik axtarışlarının nəticələri Azərbaycanda və xaricdə nəşr olunmuş 600-dən artıq elmi əsərdə, o cümlədən onlarla monoqrafiya və kitabda öz əksini tapmışdır. Müxtəlif ixtiralara görə aldığı çoxsaylı patentlər alimin gərgin əməyinin məhsuludur. Cəlal Əliyev bir sıra beynəlxalq elmi qurumların, o cümlədən xarici ölkələrin kənd təsərrüfatı akademiyalarının, nüfuzlu elmi şuraların üzvü kimi təqdirəlayiq fəaliyyət göstərmişdir. O, iştirakçısı olduğu mötəbər simpozium, konqres və forumlardakı dolğun çıxışları ilə Azərbaycan elmini layiqincə təmsil etmişdir.Akademik Cəlal Əliyevin elmi və ictimai mühitdə qazandığı böyük hörmət onun taleyüklü məsələlərdə nümayiş etdirdiyi yüksək prinsipiallığı ilə bağlıdır. Ölkəmizdə XX əsrin axırlarında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə o, əsl vətəndaş mövqeyi tutmuş, milli mənafelərin müdafiəsi işinə sanballı töhfələr vermişdir. Cəlal Əliyevin 1995–2015-ci illərdə ictimai xadim kimi fəaliyyəti Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlı olmuşdur.Cəlal Əliyev əldə etdiyi elmi nailiyyətlərə görə bir çox beynəlxalq mükafatlar almış, xarici ölkələr tərəfindən təltif edilmişdir. Onun Azərbaycanda elmin inkişafı sahəsində çoxillik zəngin və məhsuldar fəaliyyəti daim yüksək qiymətləndirilmişdir. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “İstiqlal”, “Şərəf” ordenlərinə və müxtəlif fəxri adlara layiq görülmüşdür.Görkəmli alim və tanınmış ictimai xadim Cəlal Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində hər zaman yaşayacaqdır.Allah rəhmət eləsin!İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Vasif Talıbov, Elçin Əfəndiyev, İsmət Abasov, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Heydər Əsədov, Akif Əlizadə, Əhliman Əmiraslanov,İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev, İsmayıl Hacıyev, Siddiqə Məmmədova, Ədilə Namazova,Böyükkişi Ağayev, Məhərrəm Babayev,Validə ƏlizadəDünya şöhrətli alim, akademik Cəlal Əliyev son mənzilə yola salındıFevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Azərbaycanın ali dövlət mükafatlarına - “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyev ilə vida mərasimi keçirilib.AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərhumun AMEA-nın binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.Salonda həzin matəm musiqisi səslənirdi.Akademik Cəlal Əliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış bioloq alim Cəlal Əliyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda biologiya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, alim bu sahədə elmi məktəb yaradıb, bütün mənalı ömrünü biologiya elminin inkişafına həsr edib. Akademik Cəlal Əliyevin simasında Azərbaycan elmi böyük bioloq alimi itirib.AMEA-nın rəhbəri qeyd etdi ki, görkəmli alimin elmi fəaliyyətinin 65 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.Bildirildi ki, görkəmli alimin əldə etdiyi bir sıra elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik C.Əliyevin bu istiqamətdə apardığı tədqiqatlar ona dünyada böyük nüfuz qazandırmışdı. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğdanın genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.AMEA-nın rəhbəri vurğuladı ki, 600-dən çox məqalənin müəllifi olan Cəlal Əliyevin elmi işləri dünyanın nüfuzlu impakt faktorlu jurnallarında yer alıb. Onun rəhbərliyi ilə 80-dən çox elmlər namizədi, 10-dan çox elmlər doktoru hazırlanıb. Biologiya elmində böyük bir məktəb yaradan alimin molekulyar biologiya, fotosintez, fototənəffüs və digər istiqamətləri əhatə edən araşdırmaları daim xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyətlərini uğurla davam etdirirlər. Dünya şöhrətli alim, təvazökar və səmimi insan C.Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.Vida mərasimində çıxış edən akademiklər Əhliman Əmiraslanov, Məhərrəm Babayev, Böyükkişi Ağayev, AMEA-nın müxbir üzvü Validə Əlizadə C.Əliyevin biologiya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi, ictimai-siyasi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar, alimlə bağlı xatirələrini bölüşdülər.Çıxış edənlər görkəmli alimin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işləri diqqətə çatdırdılar. Bildirildi ki, ömrünün yarıdan çoxunu Azərbaycan biologiya elminin inkişafına həsr edən akademik Cəlal Əliyevin irsi gələcək nəsillərə layiqli mirasdır. Akademikin bu sahədə hazırladığı kadrlar beynəlxalq elmi qurumlarda biologiya elmini yüksək səviyyədə təmsil edirlər. C.Əliyevin həyat və fəaliyyəti, eyni zamanda, Azərbaycan dövlətinə, elminə layiqli xidmət nümunəsidir. O, Milli Məclisin elm və təhsil komitəsinin üzvü kimi, elm sahəsində mütərəqqi qanunların yaradılmasında mühüm xidmətlər göstərib.Mərhumun tələbələri adından çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov da görkəmli alimlə bağlı xatirələrini dilə gətirdi. Qeyd etdi ki, Cəlal Əliyev həm Azərbaycanda, həm də dünyanın müxtəlif aparıcı elmi mərkəzlərində və universitetlərində müvəffəqiyyətlə çalışan layiqli tələbələr yetişdirib.Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.Allah rəhmət eləsin!... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.